Выбрать главу

50 SÖZ

KİTABÇADA İSTİFADƏ OLUNAN ŞƏRTİ İŞARƏLƏR

Əsər elmi-kütləvi üslubda yazıldığına görə dilçilik elmində işlədilən bir sıra şərti işarələrdən burada istifadə edilməmişdir.

Bu kitabçada istifadə olunan şərti işarələr isə aşağıdakı mənalardadır:

'   '

Haqqında danışılan dil vahidləri apostrof arasına alınmışdır: 'ağ', 'da' ...

"   "

Belə vahidlərin mənasını bildirən söz və ifadələr dırnaq arasına alınmışdır: 'qaf', yəni "dağ"; 'pi' cəm şəkilçisi; yəni "-lər | -lar" ...

|

Eyni vahidin fonetik variantları arasında mail xətt qoyulmuşdur: 'çın | çin', '-lıq | -lik', '-luq | -lük' ...

||

Fonetik uyğunluq və ya əvəzlənmə qanunu əsasında fərqlənən vahidlər arasında müvazi şaquli xətt qoyulmuşdur: 'beş || bes', 'ş || l', 'z || r' ...

Sözün hissələri arasında defis qoyulmuşdur: 'A-tar' ...

Ox işarəsi sözün ilkin formasından törədiyini göstərir: 'a → an', 'li → lik' ...

+

Üstəgəl işarəsi sözün formalaşmasında qovuşmuş ilkin müstəqil söz hesab olunan vahidlər arasında qoyulmuşdur: al+ban ...

( )

a) Müəyyən sözün, şəkilçinin başqa bir əlifba ilə yazılmış şəkli və ya əksinə, azəri əlifbası ilə yazılmış sözün, şəkilçinin başqa yazı növü ilə yazılışı yanındaca mötərizə arasında verilir: آذرآبادكان (Adzerabadkan), 'qarındaş' (قرنداش) ...;

b) bəzən mənası verilmiş başqa bir dilə mənsub sözün başqa dildəki yazılışı da mötərizə arasında verilir: "yuxarı qalxmaq" (الصعود) ...;

c) bəzən əvvəlcə adı çəkilmiş bu və ya digər əsərdən götürülmüş söz və ya cümlələrin yanında mötərizə arasında həmin əsərin səhifələri qeyd olunur;

ç) bəzən ümumiləşmiş halda haqqında bəhs olunmuş şəxsiyyətin və ya əsərin adı da mötərizədə qeyd olunur;

d) bəzən yada salmaq üçün verilən misallar və xatırladıcı izahat da mötərizə arasında verilir.

Bəzi sözlərin yazılışında işlənilmiş 'dz' hərfi tərkibi təqribən cingiltili 'ц' səsini, yəni ərəb əlifbasındakı 'ذ' hərfi ilə göstərilən səsi bildirən şərti-hərfi işarədir.

İLK SÖZ

Dilsiz insan cəmiyyəti ola bilmədiyi kimi, sözsüz də dil ola bilməz: söz dilin cövhəridir.

Hər bir sözün müəyyən mənası olduğu kimi, müəyyən də tarixi vardır.

Buna görə də hər bir söz həmin sözdən istifadə edən cəmiyyətin — qəbilənin, tayfanın, xalqın və millətin həm maddi, həm də mənəvi tarixi ilə üzvi surətdə bağlı olan bir vahiddir.

Söz insanın varlığı necə dərk etdiyini əks etdirən bir güzgüdür.

Söz, həmin sözdən istifadə edən xalqın tarixində baş vermiş bu və ya digər bir hadisənin xəbərçisidir. Buna görə də sözün tarixi — törənişi və inkişafı bir çox sirlərin, izi itmiş naməlum hadisələrin öyrənilməsi çox zəruri olan məsələlərin tədqiqində istifadə olunan ən mötəbər və zəngin mənbələrdəndir, daha doğrusu, demək olar ki, söz sirlər xəzinəsinin açarıdır.

Məhz belə bir baxımdan yanaşdıqda, belə nəticəyə gəlmək olur ki, sözün törənişi, inkişafı məsələlərinin "dil və tarix", "dil və şüur", "dil və psixologiya" kimi çox ciddi problemlərlə əlaqədar olduğunu söyləyən alimlər tamamilə haqlıdırlar.[1]

Məhz buna görə də hər kəs öz adının, doğma kəndinin, şəhərinin, ölkəsinin adının və eləcə də dilində işlətdiyi sözlərin ilkin mənasının necə törədiyini, necə formalaşdığını, mənşəyini öyrənmək istəyir. Şəxsən mənə belə suallar çox verirlər və mən, aydındır ki, belə sualların bir qisminə az-çox dəqiq cavab verə bilsəm də, bir qisminə cavab verməkdən imtina edirəm, çünki belə sözlərin bir qisminin izi heç qalmamış, bir qisminin izi çox qədim dövrlərlə və mənbələrlə bağlıdır, bir qisminin isə izi canlıdır, göz önündədir.

Buradan çıxarılacaq nəticə budur ki, dilimizdə olan sözlərin törənişinin, inkişaf tarixinin tədqiqi müasir dilçiliyimizin qarşısında duran ən vacib və çox dərin axtarışlar tələb edən problemlərdəndir.

Oxuculara təqdim olunan bu kitabça, demək olar ki, bu sahədə aparılmış ilk tədqiqat təcrübəsinin ilk nümunəsidir.

Burada müxtəlif sözlərin törənişi, formalaşması haqqında söylənilən mülahizə və fikirlərin bir qismi elm aləmində məlum və məqbul mülahizələrdir ki, bunlardan bəziləri eynən verilmiş, bəziləri isə yeni materiallar əsasında daha da dəqiqləşdirilmiş və aydınlaşdırılmışdır. Bəzi sözlərin törənişi haqqındakı mülahizələr isə apardığımız tədqiqatın nəticələrindəndir.

Əlbəttə, bu əsərdə material kasadlığından, mənbə müxtəlifliyindən və daha bir sıra obyektiv səbəblərdən doğan nöqsanlarla yanaşı, subyektiv mahiyyətli nöqsanlar da ola bilər. Belə nöqsanları xeyirxahlıqla göstərənlərə təşəkkürümüzü qabaqcadan bildirməyi özümüzə borc hesab edirik.

YER VƏ TAYFA ADLARINDAN BİR NEÇƏSİ HAQQINDA

***

Müasir azəri dilində xüsusi isimlər halında işlənilən yer adları çox rəngarəngdir. Belə adlardan bir qisminin hansı mənanı ifadə edən sözlər əsasında formalaşdığını xüsusi olaraq araşdırmaq lazım gəlmir: məs., 'Göygöl', 'İstisu', 'Çuxuryurd', 'Təzəkənd' və s. Lakin bir sıra yer adları da var ki, bunların ya qismən, ya bütövlüklə hansı mənada, hansı sözdən düzəldiyini başa düşmək üçün az-çox axtarış lazım gəlir. Doğrudur, bəzi yer adlarının törənişini aydınlaşdırmaq üçün axtarışı dərinləşdirməyə o qədər də ehtiyac olmur: məs., 'Lökbatan' yer adının mənasını aydınlaşdırmaq üçün 'lök' sözünün vaxtilə "dəvə" mənasına işlənilmiş bir söz olduğunu bilmək kifayət edir və belə nəticəyə gələ bilərik ki, bu yerlər bataqlıq olduğundan həmin sahədə bir məkan 'Ceyranbatan' adlandığı kimi, digər məkan da "dəvə batan yer" mənasına 'Lökbatan' adlanmış. Lakin yer adlarından bəzisinin törənişini müəyyənləşdirmək üçün çox gərgin və dərin axtarış tələb olunur: məs., 'Azərbaycan', 'Alban', 'Midiya' kimi adlar bu qəbildəndir.

Qeyd etməliyik ki, belə yer adları bu və ya digər şəkildə qədim dövrlərin tarixi hadisələri ilə, qəbilə və tayfa adları ilə də əlaqədardır. Buna görə də yer adlarının tədqiqi ilə yanaşı bir sıra qəbilə və tayfa adlarının da öyrənilməsi zəruri olur. Doğrudan da Azərbaycanda bir sıra yer adları var ki, bunlar qədim tayfa adları əsasında formalaşmışdır: məs., 'Xaldan', 'Gilan', 'Qıpcaq' və. s.

Ümumiyyətlə tədqiqat göstərir ki, yer adları ilə qəbilə, tayfa və xalq adlarının formalaşmasında qarşılıqlılıq üsulundan həmişə istifadə olunmuş və hətta indi də bu üsul əsasında belə adlar yaradılır. Məsələn, müasir azəri dilində işlənilən 'Ermənistan', 'Gürcüstan' kimi yer-ölkə adları 'erməni', 'gürcü' xalq adları əsasında formalaşdırılmışdır; beləcə də 'Ukraina' əsasında xalq adını bildirən 'ukrainalı' və 'ukrainalılar' sözləri yaradılmışdır.