Выбрать главу

«Mannatmas hunena qutis», yəni "xərac mənə verirdilər", daha doğrusu "mənə xərac verirdilər"[31].

Buradakı 'mannatmas' sözünün əsası 'mannat'-dır və buna bitişmiş -'mas' şəkilçisi isə feildən isim düzəldən bir şəkilçidir. Bu sözün "vergi", "xərac" mənasına işlənildiyini həmin cümlənin parsi variantında ("mana bajim abaranta" cümləsində) 'mannatmas' əvəzinə 'bajim' sözünün işlənilməsi də təsdiq edir[32]. Buradakı 'bajim' sözünün əsası olan 'baj' | 'bac' sözü fars dilində və buradan keçərək azəri dilində məhz "vergi", "xərac" mənasına işlənilmişdir. Bu cəhətdən Füzulinin aşağıdakı beytində 'bac' və 'xərac' sözlərinin sinonim kimi işlənilməsi də diqqəti cəlb edir:

Səbzə gülə verdi müşk bacın, Gül səbzəyə mülkün xəracın[33].

Beləliklə aydın olur ki, ilk dövrlərdən Elam dilində 'mannat' sözü, pars dilində 'baj' sözü "vergi", "xərac" mənasına işlənilmişdir.

Bəs 'mannat' sözü həm mənaca, həm də formaca dəyişilərək indiki 'manat' sözünə necə çevrilmişdir?

Bu suala cavab vermək üçün bir qədər ekskursiya lazımdır. İnsan cəmiyyətinin tarixindən belə məlumdur ki, hələ pul ixtira edilənə qədər ilk sinifli cəmiyyətdə vergi (xərac, bac) müxtəlif əşya, heyvan, hətta insan (qul və s.) ilə ödənilirdi və belə verginin hamısı isə bir sözlə 'bac', 'mannat' adlanırdı. Lakin pul ixtira ediləndən sonra, yəqin ki, vergi, xərac, bac öz maddi qiymətini, öz təzahür şəklini dəyişməli olmuşdur; belə ki, vergi, xərac daha qul ilə, məhsul və ya başqa əşya ilə deyil, bunların dəyərini əvəz edən müəyyən vasitə ilə, yəni pul ilə ödənilmişdir. İş burasındadır ki, pul ilə olsa da, öz mahiyyəti etibarilə bu yenə vergidir, xəracdır, bac və ya mannatdır. Daha doğrusu belə halda təzahür vasitəsi dəyişmiş olur, lakin bu və ya digər əşyanın ictimai qiyməti, vəzifəsi dəyişməmiş qaldığı üçün, eyni məqsədlə əvvəl istifadə olunan vasitənin, əşyanın adı, həmin məqsədlə istifadə etmək üçün sonradan meydana çıxmış olan, ixtira edilmiş predmetə, vasitəyə verilir; daha doğrusu ad köçürülür.

Daha aydın olmaq üçün 'tüfəng' və 'ox' sözlərini nəzərdən keçirək.

Bu gün müharibə meydanında ən çox insan öldürməkdən ötrü istifadə olunan müxtəlif növlü tüfənglər üçün işlənilən bu ad, yəni 'tüfəng' sözü, əvvəllər, M. Kaşğarinin verdiyi məlumata görə, ancaq quş atmağa məxsus, qamışdan və ya boru kimi içi çıxarılmış söyüd ağacından qayrılma bir silahın adı olmuşdur[34]. Deməli 'tüfəng' o dövrdə dəmirdən, poladdan və ya başqa metaldan qayrılmış bir yaraq deyil, sadəcə qamış və ya ağaçdan qayrılmış bir yaraq adı kimi işlənmişdir. Lakin sonradan ixtira olunan və yəqin ki, ilk növbədə heyvanlarla mübarizə üçün işlənilən yeni metal tüfəng qamış tüfəngi əvəz etmiş və buna görə də, əvvəlki yarağın adı əvəzedici yeni yarağın adına çevrilmişdir.

Eyni yol ilə 'ox' sözünün də köçürüldüyünü görürük. Ümumiyyətlə 'ox' adlanan alət ilk dövrlərdə ucu şiş qarğı ya ağacdan ibarət bir silah olmuş, sonralar ucuna dəmrən, yəni şiş dəmir bitişdirilmiş, və dəmrənli bu silah yenə də ümumi şəkildə 'ox' adlanmış. Nəhayət, 'ox' tamamilə istemaldan düşmüş; 'yay', 'ox' adlanan bu yaraqlar 'tüfəng' və 'güllə' ilə əvəz olunmuş, bu zaman türk xalqlarından oyrot və şorlar 'ox' sözünü "güllə" mənasına işlətməyə başlamışlar, yəni 'ox' adını oxu əvəzedici yeni vasitəyə vermişlər.

Deməli vəzifəcə əvvəlki əşyanı, aləti əvəz edən sonrakı əşyaya, alətə əvəz olunan əvvəlki əşyanın adı verilir. Buna görə də "vergi", "bac" mənasına Elam yazılarında işlənmiş olan 'mannat' sözünün pul ixtira ediləndən sonra pulla ödənilən vergini bildirən və buradan da pulu bildirən bir söz kimi işlənilməsi tamamilə qanuni və təbiidir. Nəhayət, belə konkretləşmə nəticəsində əvvəllər "ümumiyyətlə pul" mənasına işlənilmiş olan 'manat' sözü sonralar pulun müəyyən vahidinin adına çevrilmişdir. Buradan aydın olur ki, dilimizdəki 'manat' sözü 'monet' sözündən deyil, bəlkə əksinə 'monet' sözü 'manat', daha doğrusu Elam yazılarında işlənilən 'mannat' sözündəndir.

Elə buna görə də bu söz ilk dəfə ərəb əlifbası əsasında yazılarkən Avropa yazılarına uyuşdurularaq مونه ت، مُنت، مونت (monet) kimi deyil, əslinə uyğun olaraq منات (manat) yazılmışdır.

Bu sözü Roma ilahəsi 'Yuno'-nun ləqəbi 'Moneta' sözü ilə əlaqələndirmək sadəcə Antik dünya əfsanələrindən irəli gələn bir nəticədir. Sözün həqiqi mənasına əsaslanaraq əksinə düşünmək daha doğru olar, çünki latınca 'monitio', 'monitum' şəklində "xatırlayıcı", "saqındırıcı" mənalarında işlənən bu sözlər mənaca və fonetik qabığına görə 'mannat' sözünün izini saxlayan sözlərlə bağlıdır. Bu mənalar isə "qadağan etmək", "cərimələmək", "bac almaq" mənaları ilə qohumdur. Buna görə də düşünmək olar ki, romalılar bu sözü ya elamlardan, ya midiyalılardan, ya da onlarla əlaqədar olan başqa tayfalardan, çox ehtimal ki, assurilərdən alaraq öz allahlarından birisinə ləqəb verməklə bərabər, qohum mənalarda və müxtəlif şəkillərdə işlətmişlər. Buradan da bu söz bütün Avropa xalqlarının dillərinə yayılmışdır.

BİR NEÇƏ QAB-QACAQ VƏ ALƏT ADI HAQQINDA

***

Qab-qacaq və alətlər məişətlə doğrudan-doğruya bağlı olan vasitələrdir, həm də çox dəyişkəndir. Bununla belə qabların, alətlərin bəzisi əsrlər boyu məişətin əsas vəsaiti kimi saxlanır və istifadə olunur. Əgər diqqətlə nəzərdən keçirmiş olsaq, görərik ki, qab-qacaqda da, istehsal alətlərində də xalqın tarixi öz əksini tapmışdır. Son zamanlarda arxeoloji qazıntılar nəticəsində əldə edilən qab-qacağa, köhnə evlərin rəflərinə düzülmüş qab-qacağa, nəhayət, bufet və şkaflardakı qab-qacaq komplekslərinə nəzər saldıqda bu tarix göz qabağında canlanır. Bu qab-qacağın və alətlərin adlarında da tarix öz izini saxlayır, həm də bu adlardakı izlərlə bu qab-qacağın, alətlərin nə zaman azərilərin məişət vəsaiti kimi işlənildiyini də təqribən müəyyənləşdirmək mümkün olur. Məsələn, müasir azəri dilində işlənilən 'stəkan', 'samovar' adları ilə tanıdığımız qabların azərilər arasında XIX əsrdən əvvəl işlənilmədiyini və son əsrlərdə Rusiyadan gətirildiyini məhz həmin qabların adları sübut edir. Buna görə də qab-qacaq adlarını da diqqətlə öyrənmək, bu adların necə düzəldiyini, hansı dildəki sözlərlə bağlı olduğunu, ilk dəfə hansı mənada düzəldilmiş bir söz olduğunu müəyyənləşdirmək, yəni belə sözlərin etimolojisini aydınlaşdırmaq həm xalqın tarixini, həm də dilin tarixini öyrənmək nöqteyi-nəzərindən çox zəruridir.

Müasir azəri dilində işlənilən qab-qacaq və alət adlarını etimoloji baxımdan iki qrupa bölmək olar:

1. Hansı sözdən, necə və hansı mənada formalaşdığı nisbətən aydın olanlar: duzqabı, yağqabı, nəməkdan, çaydan, süddan, qənddan, çaynik, samovar, bıçaq, bıçqı, kürək, xəkəndaz və b. k.