2. Hansı sözdən, necə və hansı mənada formalaşdığı aydın olmayanlar: bardaq, cürdək, qazan, dopu, küpə, qulp, satıl, badya, ütü, şadara və b. k.
Birinci qrupa daxil olan adların bir qismi azəri dilinin öz sözləri əsasında qurulmuş (duzqabı, bıçaq), bir qismi isə fars dilindən (nəməkdan, xəkəndaz...), bir qismi rus dilindən (çaynik, samovar) alınmadır, bir qismi də azəri sözü ilə başqa bir dilə məxsus sözün, şəkilçinin tərkibindən düzəldilmişdir (süddan). Buna görə də belə adların etimolojisi haqqında geniş bəhs açmağa lüzum yoxdur.
Lakin ikinci qrupa daxil adların etimolojisini aydınlaşdırmaq üçün xüsusi tədqiqat tələb olunur.
Biz burada hələlik bu adlardan bir neçəsi haqqında, daha doğrusu 'bardaq', 'cürdək', 'ütü', 'şadara', 'qulp' sözləri haqqında danışacağıq.
Bardaq
XIX əsrin sonralarında rus dilində yazılıb nəşr olunmuş iki lüğətdə bu sözün rus dilində "кружка", "кувшин" adlanan qabların adı olaraq bir sıra türk dillərində işlənildiyi qeyd edilirsə də, azəricədə işlənildiyi göstərilmir[35].
Son zamanlarda nəşr olunmuş "Azərbaycan dilinin izahlı lüğəti"-ndə isə bu söz haqqında belə bir izahat verilmişdir: «Su və ya başqa mayelər tökmək, yaxud içində piti bişirmək üçün saxsıdan, çinidən və s.-dən qayrılmış qulplu və ya qulpsuz darboğaz qab; səhəng, сürdək»[36].
Göstərilən lüğətlərdə 'bardaq' sözünə dair verilmiş izahatdan belə aydın olur ki, bu söz bir qabın adıdır, həm də bu qab su və ya başqa maye üçündür. Lakin buradaca qeyd etməliyik ki, 'bardaq' xüsusi quruluşlu, həcmli su-maye qabıdır və 'krujka', 'kuvşin', yaxud 'səhəng', 'cürdək' adlanan qablardan fərqlidir. Bundan əlavə, bardaqda piti bişirilməz; piti bişirmək üçün xüsusi quruluşlu piti qabı, yaxud piti dopusu vardır; ümumiyyətlə bardaqda piti bişirmək olmaz, çünki o, darboğaz qabdır.
'Bardaq' sözü quruluşca iki hecadan ibarətdir ('bar-daq') və bu sözdə, yuxarıda qeyd olunduğu kimi, iki məfhum birləşməsi ifadə olunur: "maye" və "qab".
Ümumiyyətlə bir çox qabların adlanmasında qabın nə üçün olması əsas fərqləndirici əlamət təşkil edir və qablar bu yolla da adlanır. Müasir azəri dilnidə belə hallar indi də vardır, məsələn: duzqabı, yağqabı, gülqabı, külqabı. Belə sözlərin bir qismi də başqa dildən eynilə alınaraq işlənir: çaynik, nəməkdan, şəkərdan və s.
Dünya dillərinin hamısında belə faktlara rast gəlmək mümkündür. Məhz belə faktlara əsaslanaraq yoxlamanı dərinləşdirdikdə 'bardaq' sözünün də həmin yolla formalaşdığını müəyyənləşdirmək mümkün olur.
Qədim türkdilli mənbələrdən məlum olur ki, "mey”, "şərab" mənasına 'bor' sözü işlənilmişdir. Bu söz hətta XV əsrdə cığatay yazılı ədəbi dilində və eləcə də orta əsrlərdə monqol dilində işlənilmişdir.
Lakin bir sıra faktları nəzərə aldıqda belə bir nəticəyə gələ bilərik ki, 'bor' sözü də öz ilkin mənasından uzaqlaşıb "ümumən şirə, mey, şərbət, şərab" mənalarına işlənilən bir sözə çevrildiyi kimi, fonetik tərkibcə də azacıq dəyişikliyə uğramış, yəni 'o' səsi 'a' ilə əvəzlənmiş və nəticədə 'daq' sözü ilə həm birləşmiş, həm də uzlaşmışdır; beləliklə də 'bardaq' sözü formalaşmışdır. Deməli bu sözün birinci hissəsini təşkil edən 'bar' hecası əslən "şirə", "şərab" mənasını ifadə edən 'bor' sözünün dəyişmiş şəklidir.
Bəs bu sözün ikinci hissəsini təşkil edən 'daq' nədir və haradandır?
Ümumiyyətlə Ural-Altay dillərində ən qədim zamanlardan "yer", "məkan", "məskən" mənalarına 'tax' | 'dağ' | 'tanq' | 'toq' | 'tıq' | 'dək' | 'dəy' | 'day' | 'dav' | 'dan' kimi müxtəlif fonetik variantlarda sözlərin işlənilməsi və hətta bu vahidlər əsasında "məkan", "məskən" mənaları ilə əlaqədar bir sıra söz və şəkilçilərin də formalaşmış olması bu sahələrin mütəxəssislərinə əsasən məlumdur[37]. Məhz əşya məskəni sayılan "qab" mənasına da bu sözdən düzəldilmiş 'doq' sözünün gürcü dilində "saxsı dolça" adı kimi işlənilməsi[38], azəri dilinin İlisu şivəsində "çəllək", "boçka" adı kimi 'daqa' sözünün, Mingəçevir yaxınlığında olan Gülövşə kəndində su içmək üçün kiçik saxsı qab adı 'duqqu' sözünün işlənilməsi də sübut edir ki, 'daq' sözu çox qədim zamanlardan xüsusən gildən qayrılmış qabın — su qabının ümumi adı olmuşdur. Lakin sonralar bu qabdan müxtəlif məqsədlə istifadə edilmiş, hətta bu qablar quruluşca da müxtəlifləşmişdir. Məhz buna görə də 'daq' sözünə əlavə məna ifadə edən söz və ya şəkilçi bitişdirilmiş və beləliklə də müxtəlif 'daq' adları formalaşdırılmışdır. Məhz belə müxtəlif adlardan biri də 'bardaq'-dır ki, "üzüm şirəsi" ("mey" | "şərab") mənasına qədim türk dilində işlənilən 'bor' sözü ilə "qab" mənasına olan 'daq' sözünün birləşdirilməsindən "mey qabı" mənasına müəyyən qab növü anlayışını ifadə edən mürəkkəb bir ad kimi 'bor-daq' → 'bardaq' sözü yaradılmışdır. Müasir azəri dilində isə bu ad bir kökdən ibarət sadə bir söz sayılır.
Cürdək
Müasir azəri dilində işlənilən qab adlarından biri də 'cürdək'-dir. Quruluşuna görə 'cürdək' sözü də 'bardaq' sözü kimi iki hecadan ibarətdir ('cür-dək') və bu sözün ikinci hecası ilə 'bardaq' sözünün ikinci hecasında müəyyən oxşarlıq nəzərə çarpır. Doğrudan da azəri dilinin ahəng qanununu nəzərə aldıqda belə nəticəyə gəlmək olur ki, '-daq' | '-dək' eyni dil vahidinin iki cür fonetik təzahürüdür, yəni müasir azəri dilində 'aldıq', 'gəldik' feillərindəki '-dıq' | '-dik' eyni mənalı dil vahidlərinin fonetik variantları olduğu kimi, '-daq' | '-dək' də belədir. Buradan çıxarılacaq nəticə isə budur ki, 'daq' "saxsı qab" mənasına işlənilən bir söz olduğu kimi, 'dək' də həmin məfhumu bildirən bir sözün fonetik şəraitdən asılı olaraq dəyişmiş şəklidir. Deməli 'cürdək' sözünün ikinci hissəsini təşkil edən 'dək' ünsürü də 'qab' məfhumunu ifadə edir, yəni "qab" deməkdir.
Bəs bu sözün birinci hissəsini təşkil edən 'cür' nə deməkdir?
Bu sualın cavabını tapmaq üçün 'cürdək' adlanan qabın nədən ötrü istifadə edildiyini yada salmalıyıq.
Azərbaycanda 'cürdək' adı ilə tanınan qab əsasən su doldurmaq və saxlamaq üçün istifadə olunan bir qabın adı kimi işlənir. Bəzi şivələrdə (məsələn, Şəki şivəsində) bu söz 'cürdək' deyil 'cirdək' şəklində tələffüz olunur və 'səhəng' (yaxud 'sənək') adlanan su qabı ilə, demək olar ki, eyniləşdirilir. Lakin bəzi rayonda 'səhəng' sözü 'cürdək' adlanan su qabından həcmcə azacıq böyük olan su qabının adı kimi işlənir. Belə faktlar göstərir ki, 'cürdək' sözü "su qabı" mənasında formalaşmış bir addır. Yoxlama nəticəsində belə məlum olur ki, bu sözün birinci hissəsi ermənicə "su" mənasına olan 'cür' sözündəndir və çox qədim zamanlardan bu söz güman ki, 'cür' şəklində (bəlkə də 'cir' şəklində) işlənilmiş və fonetik tərkibdə də buna 'daq' sözü bitişdirildiyindən, ahəng qanununa əsasən bu mürəkkəb söz müasir azəri dilində işlənildiyi kimi 'cürdək' (və ya 'cirdək') halında "su qabı" mənasına formalaşmışdır.