Qulp
Ümumiyyətlə qablarda, xüsusən saxsı qablarda əl ilə tutmaq üçün məxsusi hissə düzəldilmiş olur ki, qabların belə hissələrinə 'qulp' deyilir. Müasir azəri dilində belə mənada farscadan alınmış 'dəstək', 'dəstə' sözü və bəzən də 'sap', 'sapalaq' sözləri də işlənir.
Bu sözün haradan və hansı mənada işlənilmiş bir sözlə əlaqədar olduğunu düzgün müəyyənləşdirmək üçün istiqamətverici bəzi məsələləri yada salmaq lazımdır.
Artıq dilçilik aləmində şüurla dil əlaqəsi sahəsində aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, əşyaya ad verərkən əsasən ya əşyanın quruluşu, ya nədən düzəldilməsi, ya da nə üçün düzəldilməsi ibtidai dövrlərdən nəzərə alınmış, hətta indi də düzəldilmiş yeni bir əşyaya ad verərkən həmin prinsipdən istifadə olunur.
Diqqətlə yoxladıqda aydın olur ki, əşyanın "qulp" adlanan hissəsinə ad verərkən bir sıra xalqlarda da həmin prinsipdən istifadə olunmuşdur. Əşyanın bu hissəsi "əl ilə tutmaq üçün" olduğundan farslar 'dəstə', ruslar 'ruçka' | 'rukoyatka', əfqanlar 'lastan' sözlərini işlədirlər ki, bunların əsası "əl" mənasını bildirən sözlərdəndir.
Tədqiqat nəticəsində aydın olmuşdur ki, 'qulp' sözü də ümumiyyətlə qədim azərilərlə bağlı olan bir sıra tayfaların dilində "əl" mənasına işlənilən 'qar' | 'qur' | 'qol' | 'qul' sözü ilə bağlıdır. Məhz buna görə müasir şivələrimizin bəzisində həmin sözün qədim variantı 'qarp | qurp' sözləri də işlənir ('Qarpmaq' feili bəhsinə bax).
Bu sözün ilk nümunəsinə Elam dilində yazılmış mixi yazılarda rast gəlirik; orada 'qarpi' | 'qurpi' şəklində işlənilmiş bu sözün "əl" mənasına olduğunu həmin sözün əvəzinə fars dilindəki tərcüməsində 'dasta' yazılması sübut edir.
Bu sözün cəm bildirən '-pi' şəkilçisini qəbul etmiş 'qur' | 'qar' kökündən olduğunu nəzərə alaraq 'qurpi' | 'qarpi' sözünün "əllər" mənasına işlənildiyini düşünmək olar, lakin bir çox dillərdə cüt əşyanın cəm şəklində, tək mənasına işlənildiyini (məs., rusca 'çulki', 'noski', dilimizdəki 'göz', 'diz', 'umuz', 'köks' və s.) nəzərə alaraq, bu sözün də "əllər" deyil, sadəcə "əl", daha doğrusu "qoşa əl" mənasına işlənilmiş olduğunu düşünmək mümkündür.
Lakin bizi maraqlandıran budur ki, 'qurpi' | 'qarpi' əvəzinə nə üçün 'qulp' fonetik tərkibi üstün tutulmuş və belə də ümumiləşmişdir. Burada güman etmək olar ki, iki səbəb təsiri belə nəticə vermişdir:
1. Ümumiyyətlə türk dillərində, bu cümlədən azəri dilində bəzən söz sonunda və son hecada 'r' samiti 'l' samiti ilə əvəzlənir. Xüsusən 'rp' tərkibinin tələffüz çətinliyi də belə əvəzlənməyə təsir göstərir.[39]
2. Çox güman ki, qədim zamanlardan 'qol' | 'qul' | 'qal' sözü "əl" mənasında da işlənildiyindən "qabın əl tutan yeri" yaxud "qabın qolu" mənasına 'qurp' əvəzinə 'qulp' işlətməyi daha müvafiq bilmişlər.
Belə dəyişikliyə baxmayaraq sözün sonunda 'p' səsinin qalması məhz bu sözün qədimliyinə, həqiqətən 'qarpi' | 'qurpi' əslindən olaraq "əl" yaxud "əllər" mənasına işlənən sözdən düzəldiyinə şahidlik edir.
Şadara
Hər bir xalqın formalaşmasında müxtəlif tayfaların bu və ya digər dərəcədə iştirakı olduğu kimi ümumxalq dillərinin formalaşmasında da tayfa dilləri müxtəlif şəkildə iştirak edir. Belə hadisənin şahidlərindən biri də müasir azəri dilində təsərrüfat aləti adı kimi işlənilən 'şadara' sözüdür.
İlk baxışda bu sözü heca quruluşuna görə iki hissəyə ayırmaq olur və ümumən türk dillərinin quruluş sistemini nəzərə aldıqda burada iki söz əsası olması ehtimalı yaranır. Bu ehtimalın doğru nəticə ilə bağlı olduğunu aydınlaşdırmaq məqsədilə 'şadara' adlanan alətin nə üçün olduğunu yada salmaq və bu əsasda məfhumları ifadə edən sözləri tapmaq lazımdır.
Müasir azəri dilində 'şadara' adlanan alət torpağı (qumu, gili) təmizləmək (yəni irisini xırdasından ayırmaq) üçündür. Buna bənzər daha iki alət də var ki, bunlardan biri 'ələk' (əsasən un təmizləmək — ələmək üçün), digəri 'xəlbir' (əsasən taxıl-buğda, arpa təmizləmək — xəlbirləmək üçün) adlanır. Bu alətlər həcmcə 'şadara' adlı alətdən hər cəhətdən kiçikdir; bu alətlərin əsasını təşkil edən tor hissəsinə görə 'ələk' çox xırda, 'xəlbir' isə azacıq iri deşikli olur. Bunlardan fərqli olaraq 'şadara' iri həcmli bir alətdir və onun tor hissəsi iri deşikli, adətən göz qarası həcmində olduğundan, onun toru məcazi mənada "iri gözlü tor" kimi təsvir edilir. Ümumiyyətlə, demək olar ki, bu alət torpağın, qumun irisini xırdasından ayırmaq, təmizləmək üçün, daha doğrusu dərmək, arıtmaq üçün istifadə olunan bir alətdir. Buna görə də çətinlik çəkmədən belə nəticəyə gəlmək olur ki, 'şadara' sözünün ikinci hissəsini təşkil edən 'dara' ünsürü 'dərmək' | 'daramaq' (yəni "dərib-arıtmaq") sözündəndir.
Bəs bu sözün birinci hissəsini təşkil edən 'şa' ünsürü hansı sözdəndir?
Türk dillərində bu ünsürün izini tapa bilmirik. Buna görə də bu ünsürü aydınlaşdırmaq üçün Azərbaycanın, daha doğrusu Alban adlanan ərazisinin tayfa dillərinə və bu dillərin bəzi ünsürlərini özündə saxlayan udin dilinə müraciət etməli oluruq. Axtarış nəticəsində aydın olur ki, hazırda Vartaşen və Qurtqaşen rayonlarında yaşayan udinlərin danışığında "qum", "toz" mənasına 'şa' sözü işlənir. Buradan isə biz belə bir nəticəyə gələ bilirik ki, 'şadara' sözü "qum, torpaq dərən | darayan" mənasına 'şa dərən' yaxud 'şa darayan' birləşməsindən 'şa-dərən' → 'şa-dərə' → 'şadara' tərzində formalaşmış bir isimdir.
Ütü
Müasir məişət tələbləri ilə əlaqədar olaraq çox və geniş dairədə istifadə olunan alətlərdən birinin adı kimi hamının işlətdiyi sözlər sırasında 'ütü' sözü də diqqəti cəlb edir. Rus dilində 'утюг' sözünü nəzərə alaraq bəzən belə düşünürlər ki, bu söz dilimizə son zamanlarda rus dilindən keçən sözlərdəndir.
Əlbəttə, rus dilindəki 'утюг' sözü ilə dilimizdəki 'ütü' sözü bir kökdəndir.
Bəs bu sözün kökü hansı dildəndir və hansı mənada olan sözlə bağlıdır?
Bu suallara cavab vermək üçün rus və türk dilləri ilə əlaqədar bəzi mənbələri nəzərdən keçirək.
1940-cı ildə nəşr olunmuş "Rus dilinin izahlı lüğəti"-ndə 'утюг' sözünün tatarcadan 'ötök' sözündən olduğu göstərilir[40]. Buna görə də bu sözün əslini tapmaq üçün tatar dilinin də əlaqədar olduğu türk dillərinin ilkin mənbələrini nəzərdən keçirmək zəruridir.
XI əsrin məşhur dilçisi Mahmud Kaşğarinin "Türk dillərinin divanı kitabı"-nın birinci cildində 'ütük' sözünə rast gəlirik. M. Kaşğari həmin sözü izah edərək yazır:
«'Ütük' — qapaqlı dəmir alətdir, içərisinə od tökub qızdırırlar və bununla paltarın qatlarını, tikiş xətlərini hamarlayırlar, sığallayırlar»[41].
Buradan aydın olur ki, 'ütük' adlanan alət təqribən min il bundan əvvəl türkdilli xalqlar arasında olmuş və bu alətin adı da məhz türk dillərinə mənsub sözdən yaradılmışdır. Bu alət əsasən isitməklə paltarı-parçanı hamarlamaq və onun tikiş qatlarını sığallamaq üçün istifadə olunan bir alətdir. Türk dillərində və bu cümlədən azəri dilində bu sözün əsasını təşkil edən 'üt' sözünün azacıq dəyişmiş variantlarda izlərinə rast gəlmək olur. Biz hələlik çox da uzağa getmədən azəri dilindəki izini yada salmaqla kifayətlənmək istəyirik. Azəri dilində həmin sözün əsasını təşkil edən 'üt' sözündən "oda tutmaq", "qarsalamaq", "odla hamarlamaq" mənalarına 'ütmək' sözü işlənir.