Выбрать главу

Bəzi şivələrdə (Ağdaş, Mingəçevir ətrafı şivələrində) 'ütmək' sözü "kösöv" mənasında, 'ütmə' sözü "odda isidilərək bərkidilmiş çubuq-çomaq" adı kimi işlənir. Nəhayət, "başyaq qovurduq" mənasında "tonqalda başyaq üttük" cümləsi işlənir ki, burada da 'üttük' sözü "isitdik, qovurduq" mənasına işlənilmiş sözdür və bunun da əsası 'üt'-dür. Buradan isə aydın olur ki, 'üt' sözü əslində 'od' sözü ilə bağlı bir sözdür və türk dilləri qaydasına görə bu sözdən '-ük' şəkilçisi ilə "isidici" məfhumuna müvafiq "ütük" adı düzəldilmiş; beləliklə də isidici alətin adı 'ütük' yaradılmışdır. Bu söz rus dilinə keçib əslinə müvafiq halda saxlanılmışdır, lakin xüsusən türk dillərinin şərq qrupunda özünü mühafizə edən qapalı hecalılıq azəri dilində açıq hecalılıqla əvəz olunduğuna görə 'qapıq' sözü 'qapı', 'sarıq' sözü 'sarı', "təmiz" mənasına, 'arıq' sözü 'arı' şəklində işlənildiyi kimi, 'ütük' sözü də həmin qanuna uyğun olaraq azəricədə 'ütü' şəklinə düşmüşdür.

BƏZİ QUŞ ADLARI HAQQINDA

***

Azərbaycan ərazisində quşlar çox və növbənöv olduğu kimi, azəri dilində də quş adı çoxdur. Bu quş adları isə obyektlərin adlandırılması məsələsi ilə əlaqədar olaraq həm dil və şüur, həm də sözlərin formalaşması kimi çox mühüm problemləri aydınlaşdırma nöqteyi-nəzərindən olduqca maraqlıdır.

Müasir azəri dilindəki quş adlarını nəzərdən keçirdikdə ümumiləşmiş halda belə bir nəticəyə gəlmək olur ki, quşlara adlar onların bu və ya digər fərqləndirici xüsusiyyətini, əlamətini təsvir edən, bildirən sözlər əsasında verilmişdir. Məsələn: 'qara quş', 'qızıl quş' adları həmin quşları rəngə görə fərqləndirici adlardır; 'ağacdələn', 'çalağan' adları həmin quşların "ağac dəlməsi" işinə görə, öz ovunu sürətlə tutmasına, çalmasına görə digər quşlardan fərqlənmələrini bildirən adlardır. Beləcə də 'gecəquşu', 'çöltoyuğu' adları həmin quşların əsasən hansı zamanda, hansı məkanda olmalarına görə; 'cücə', 'qarğa', 'qırğı', 'qu-quşu', adları isə əsasən bu quşların səslənmələrinə görə (yəni cücə adətən ci-ci..., cü-cü..., cö-cö..., cip-cip... tonunda, qu-quşu adətən qu-u... tonunda, qarğa da qa-qa..., qırğı isə qır...ğı...qı...qı tonunda səslənmələrinə görə) sövti təqlid əsasında düzəldilmiş adlardır. Belə adları düzəltmək üçün istifadə edilmiş dil vahidləri bu gün də işlək olduğundan, belə adların əsas mənasını və tərkib hissələrini də heç bir çətinlik çəkmədən müəyyənləşdirə bilirik, mənalarını da əsasən başa düşürük. Lakin müasir azəri dilində işlənilən bir sıra quş adları da var ki, bunların haradan olduğunu, hansı mənada işlənilmiş dil vahidlərindən hansı qayda əsasında qurulduğunu müəyyənləşdirmək üçün xüsusi tədqiqat tələb olunur.

Biz burada belə adlardan bir neçəsinin necə yaradıldığını — törənişini aydınlaşdırmağa çalışacağıq.

Müasir azəri dilində işlənilən quş adlarından bir neçəsi 'çın' | 'çin' hecası ilə bitir: göyərçin, bildirçin, sığırçın, laçın. Bunlardan başqa bəzi mənbələrdə borçın, balıqçınbayırçın kimi quş adlarının da digər türk dillərində olduğu qeyd edilir.

Nümunələrdən də göründüyü kimi bu adların hamısı iki hissədən, daha doğrusu iki sözün birləşməsindən düzəldilmiş adlardır və hamısının ikinci hissəsi eyni sözün fonetik variantıdır. Həmin variantların hansı mənada işlənilmiş və necə qurulmuş sözdən olduğunu tapmaq üçün, əvvəlcə, bu adların birinci tərəfini təşkil edən vahidləri müəyyənləşdirmək vacibdir. Bu məqsədlə də həmin adları tək-tək nəzərdən keçirək.

Göyərçin

Bu sözün sonuncu hissəsini, yəni digər quş adlarında da işlənilərək ümumilik təşkil edən 'çin' hissəsini ayırdıqda, qalan hissəsi 'göyər' sözü müasir azəri dilində işlənilən 'göyər' | 'gögər' feilinə oxşayır ki, onun da 'göy' | 'gög' kökündən düzəldiyi məlumdur. Müasir azəri dilində 'göy' | 'gög' sözünün iki əsas mənası vardır: "göy rəng", "səma"; bunlardan başqa, bu söz "göyərti" mənasında da geniş dairədə işlənir. Bu sözün ən əvvəlcə hansı mənada yarandığını qətiləşdirmək olduqca çətindir: ümumiyyətlə rəng bildirən sözlərin həmin rəngdə olan ilk maddi varlıq adlarından törəməsi prinsipinə görə bu sözün başlanğıçda ya "göyərti — otluq", ya da "səma" mənasına formalaşmış olduğunu güman etmək lazım gəlir. Lakin bəzi faktlar belə gümanları zəifləşdirir; məs., qədim türk dili abidələrindən olan Orxon-Yenisey kitabələrində 'göy' sözü "səma" mənasında deyil, məhz "səma" mənasında olan 'tanrı' sözünün təyini vəzifəsində "göy rəng" mənasında işlənilmişdir: «Üzə gög tanrı asra yağız yir qılındıqda»[42]... (yəni "üstdə göy səma, aşağıda quru yer yarandıqda"). Buradan belə bir nəticəyə gəlmək olar ki, "göy" sözü təqribən iki min ildir ki, "göy rəng" mənasında işlənilir.

'Göyərçin' adında bu sözün hansı mənada işlənildiyini müəyyənləşdirmək üçün biz həmin quşun başqa dillərdəki adından da istifadə edə bilirik.

Məlum olduğu üzrə 'göyərçin' rus dilində 'qolub', fars dilində isə 'kabutar' adlanır ki, hər iki dildə "göy rəng" mənasına da həmin adların əsası (rus dilində 'qoluboy', fars dilində 'kabud' sözləri) işlənir. Belə görünür ki, həmin xalqlar, onların əcdadları da göyərçini rənginə görə adlandırmışlar. Məhz bu faktlar, yəni 'göyərçin' adlanan quşun əsasən "göy çalarlıqlı" rəngi bu quşun farsca 'kabutar', rusca 'qolub' adlanması üçün əsas olmuşdur və belə bir əsasda da azəricə "göy çalarlığında" mənasına 'göyər' sözünə 'çin' bitişdirilib 'göyərçin' (yəni "göyrəng çalarlıqlı çin") adı yaradılmışdır.

Bildirçin

Bu adla tanınan quşun səslənməsini nəzərə aldıqda, tərəddüd etmədən belə bir nəticəyə gəlmək olur ki, bu adın birinci tərəfini təşkil edən 'bildir' hissəsi həmin quşun özünəməxsus bir çalarlıqda səslənməsini, yəni 'pil-pil'..., 'bil-bil'..., 'bil-tir'..., 'bil-dir'... kimi fonetik tərkiblərə bənzər səslənməsini insan nitqində əks etdirmək üçün sövti təqlid yolu ilə düzəldilmiş sözdür. Həmin söz 'çin' ünsürü ilə birləşdirilərək məhz belə səslənməsi ilə fərqlənən-xüsusiləşən quşun adı, yəni 'bildirçin' sözü yaradılmışdır.

Burada belə bir faktı da qeyd etmək maraqlıdır ki, həmin quşun rusca adı — 'perepel' sözü də əslində 'pel-pel' kimi səslənməni xatırladır; güman etmək olar ki, bildirçinin rusca adı 'perepel' | 'perepelka' sözü də "pel təkrarlayan", yəni "pel-pel edən", yaxud "təkrar-təkrar səslənən" mənasına formalaşmış bir sözdür.