Выбрать главу

XI əsrin məşhur türkoloqu M. Kaşğari bu sözün 'bamuq' ('pamuq') şəklində işlənildiyini və oğuz dilinə mənsub olduğunu qeyd etmişdir[50].

Burada belə bir faktı da qeyd etmək lazımdır ki, bəzi mənbələrdə göstərildiyi kimi, 'pambıq' sözü özbək ədəbi dilinin başlanğıc mərhələsi olan cığatay ədəbi dilində də 'mamuğ' şəklində, hətta türk dillərindən qazaq və qırğız dillərində də 'mamıq', 'mamuq' şəklində işlənilmişdir[51]. Lakin bu söz indi Orta Asiya türk dillərində ümumi şəkildə işlənilmir və bunun əvəzinə əsasən 'paxta' sözü işlənir.

(Bumaqa). Məşhur türkoloq V. V. Radlovun lüğətində[52] 'mamuq' sözünün cığataycada və bəzi türk dillərində "хлопчатая бумага" mənasında işlənildiyi qeyd olunur ki, bu da rus dilindəki 'bumaqa' sözünün də məhz 'bamuq', daha doğrusu 'bambaq' sözündən olduğunu söyləmək üçün bizə inandırıcı əsas verir.

(Pampax). Nəhayət, azəri dilinin bəzi şivələrində, məs., Şəki şivəsində "aciz", "müqavimətsiz", "möhkəm deyil, çox yumşaq adam" mənasına 'pampax' sözü işlənir ("Pampax adamdı", "Çox pampaxsan").

Bu sözü məcazilik mənasında işlənilən bir söz kimi yoxladıqda aydın olur ki, 'pampax' sözünün belə bir mənada işlənilməsi üçün "pambığın yumşaqlığı" əsas olmuşdur. Burada diqqəti cəlb edən cəhət 'pampax' sözünün əslinə daha çox uyğun saxlanılmasıdır. Buradan isə belə bir nəticəyə gəlmək olur ki, 'pambıq' və 'pampax' kəlmələri azərilərin hələ Sasanilər dövründə pəhləvicədəki 'pambaq' ismi əsasında düzəldib işlətdikləri sözlərdir.

Tum

Müasir azəri ədəbi dilində 'toxum' və 'tum' sözləri işlənilir. Bu sözlərin hər ikisinin də fars dilindən alındığını və ikinci sözün birinci sözdən təhrif və ya, necə deyərlər, təxfif edilərək, yəni bəsitləşdirilərək düzəldiyini söyləyirlər. Əlbəttə bu sözlərin hər ikisi də alınmadır, lakin burada heç bir "təxfif" və ya "təhrif" yoxdur. Bu sözlər sadəcə ayrı-ayrı dövrlərdə eyni dil ailəsinə mənsub müxtəlif qəbilə və ya tayfa dilləri əsasında qurulmuş yazılı İran dillərində eyni mənaya işlənən eyni sözün müxtəlif şəklidir ki, dilimizə, şübhəsiz, müxtəlif mənbələrdən ayrı-ayrı zamanlarda keçmişdir. Bu söz Zend yazılarında 'taoxma', sanskrit yazılarında 'tıgm', pəhləvi yazılarında və ərəb əlifbasında olan yeni farscada 'toxm' şəklində işlənmişdir. Bu söz dilimizə yeni fars dilindən islamiyyətdən sonramı, yoxsa pəhləvi dilindən Sasanilər dövründənmi daxil olmuşdur? Bunu təyin etmək bir o qədər çətin deyil, çünki azəri ədəbi dilinin ilk yazılı mənbələri ərəb əlifbasında olmuş. Ərəb əlifbasında yazılmış bütün mənbələrdə bu söz əsasən fars imlasına uyğun olaraq تخم ('toxm') şəklində yazılmışdır.

Lakin bu söz, güman ki, ilk dövrlərdən yazıda olmasa da canlı danışıqda dilimizin tələbinə əsasən (iki samitin yanaşı gəlməməsi üçün) 'toxum' şəklində tələffüz edilərək azəriləşdirilmişdir. Lakin qədim fars dilində haxamaniş mixi yazılarında bu söz, bu məfhum  belə mixi əlamətlər tərkibi ilə ifadə edilmişdir. Bəzi mütəxəssislər bu tərkibi 'tauma', 'tahuma' yaxud 'tauhma' tərzində oxumaqla, bu sözlə, bu sözün sonrakı şəkilləri arasında bir sövti eyniyyət olduğunu sübut etmək təşəbbüsünə düşmüşlərsə də, sözün qədim fonetik tərkibini dürüst müəyyənləşdirə bilməmişlər.

Məlum olduğu üzrə, bəzən bir sözün qədim şəkli yazılı abidələrdən daha dürüst bir halda canlı dildə, hətta qonşuluqda yaşamış olan başqa bir xalqın dilində saxlanılmış olur. Buna görə də heç bir təfsirə ehtiyac olmadan bu mixi hərfi əlamətləri öz əsil hərfi mənasında oxumaq daha doğru olar, yəni  əlamətini 't',  əlamətini 'u' | 'o', əlamətini 'm',  əlamətini isə 'a' səslərini ifadə edən işarələr kimi tanıyaraq, bu tərkibi 'tuma' şəklində oxumaq lazım gəlir ki, bunun da izini dilimizdə işlənən 'tum' sözündə görürük. Bu söz, yəqin ki, daha əvvəllərdən, yəni Midiya dövründən qədim fars (pars) dilindən azərilərin dilinə keçərək işlənildiyi üçün, sonradan (ya Sasanilər dövründə, ya da islami dövrdə) dilimizə daxil olan eyni mənalı 'toxm' ('toxum') sözü ilə müvazi işlənə bilməmiş və mənaca bir az məhdudlaşmışdır; yəni toxumun ancaq bir qismini, "çəyirdək" adlanan qismini bildirən bir söz olmuşdur.

'Tum' sözü bəzi şivələrdə "nəsil", "əsil" mənasında da işlənir ki, bu haxamaniş yazılarındakı mənaya daha uyğundur. Məs., həmin yazılardakı 'amaxam tuma' ifadəsini Kossoviç "nostra stirps" kimi tərcümə etmişdir ki, "bizim nəslimiz" deməkdir. Bu ifadədəki 'tuma' sözü "nəsil" mənasına işlənilmişdir. Bu da həmin sözün müasir azəri dilində "nəsil" mənasına işlənilməsinin qədimliyini sübut edir.

Beləliklə aydın olur ki, müasir azəri ədəbi dilində və şivələrdə əsasən "meyvələrin, qarpız, yemiş, qabaq qəbilindən olan bitkilərin çəyirdəyi" mənasına, bəzən də "nəsil" mənasına işlənilən 'tum' kəlməsi çox qədim zamanlardan qədim fars (yəni pars) dilindən alınan bir sözdür.

BİR NEÇƏ FEİL HAQQINDA

***

Azəri dili feillər sisteminə görə zəngin dillərdən biridir. Azəri dilində müxtəlif iş, hərəkət, hadisə və s. proseslərin ifadəsi üçün kifayət qədər söz və bu sözləri müxtəlif məna çalarlığında formalaşdıran vasitələr də vardır. Diqqətlə yoxladıqda aydın olur ki, varlıqlarla əlaqədar olan bu və ya digər işi, hərəkəti, hadisəni ifadə edən feillər və bunların morfoloji vahidləri müvafiq anlayışları ifadə edən isimlərlə, xüsusən konkret varlıqların adları ilə bağlıdır və bunlardan bir çoxu hətta konkret varlıqları ifadə edən isimlərdən düzəldilmişdir. Belə feillərin bir qismini (dişlə, başla, gözlə, dağla...) düzəltmə sözlər kimi kök və şəkilçilərə ayırmaq, hətta hansı sözdən düzəldiyini müəyyənləşdirmək üçün xüsusi axtarış-tədqiqat lazım gəlmir. Lakin belə feillərin bir qismi çox qədim zamanlarda formalaşdığından, bir qismi isə vaxtilə canlı, lakin indi işlənilməyən, ölmüş sayılan sözlərlə əlaqədar olduğundan, belə feillərin hansı əsldən törədiyini aydınlaşdırmaq üçün xüsusi tədqiqat işi aparmaq lazım gəlir. Müasir azəri dilində də belə feillər az deyildir, lakin biz hələlik bunların bir neçəsindən bəhs edəcəyik.