Qarpmaq
Müasir azəri dilində və müasir türk dillərinin bir qismində işlənilən məhsuldar feillərdən biri də 'qarpmaq' məsdərinin əsasını təşkil edən 'qarp' sözüdür.
Bu sözün necə və hansı əsldən — sözdən törədiyini aydınlaşdırmaq üçün müxtəlif üsullardan istifadə olunur ki, bunlardan ən mötəbəri məzmun və forma vəhdəti əsasında yoxlama üsuludur. Buna görə də əvvəlcə 'qarp-maq' sözünün və bu söz əsasında formalaşmış sözlərin mənalarını, məna çalarlıqlarını nəzərdən keçirmək zəruridir.
Müasir azəri dilində işlənilən 'qarpmaq', 'qapmaq', 'qapışmaq', 'qarpışdırmaq', 'qarmaşmaq' sözlərini və eləcə də 'qarmalamaq', 'qamarlamaq' kimi başqa fonetik variantda formalaşdırılmış sözlərin mənasını nəzərdən keçirdikdə, belə bir fakt diqqəti xüsusilə cəlb edir ki, bu sözlərin hamısının mənasında əl ilə əlaqədar, hətta əllərin iştirakı ilə bağlı olan iş, hadisə, hərəkət — ümumən proses ifadə olunur. Bu haqda daha aydın təsəvvürə malik olmaq üçün "Azərbaycan dilinin izahlı lüğətində" bu sözlərdən bəzilərinə dair verilmiş izahatı nəzərdən keçirək:
'Qarpmaq' | 'qapmaq' — "Birdən əlini uzadıb cəld götürmək" (s. 425, 444).
'Qarpışmaq' — "Tutuşmaq, dalaşmaq, vuruşmaq" (s. 444).
'Qarmalamaq' — "Tez-tələsik tutub götürmək, qapmaq, yapışmaq, tutuşmaq, qamarlamaq" (s. 442).
'Qamarlamaq' — "... əlləri ilə şeydən bərk-bərk yapışmaq" (s. 410).
'Qamarlamaq' — "Tez-tələsik iki əlli götürülmək..." (s. 442).
'Qapışdırmaq' — "... bir-birinin əlindən qapıb almaq..." (s. 425).
Belə nümunələri başqa lüğətlərdən də köçürmək olar, lakin biz ancaq V. V. Radlovun lüğətindən aşağıdakı sözlərə dair müxtəsər izahatı buraya köçürməklə kifayətlənirik.
'Qapmaq' — "хватать, брать руками" (tutmaq, əllərlə götürmək), II c., s. 403.
'Karmala' — "... шарить руками, ощупывать" (əl ilə yoxlamaq, əlləşdirmək), II c., s. 218.
Belə faktların sayı artdıqca 'qarp' sözünün bu və ya digər bədən üzvü adı əsasında formalaşan feillərdən olması, daha doğrusu "əl" mənasını ifadə edən bir sözdən törəmiş feil olması gümanı daha da inandırıcı mahiyyət kəsb edir. Buna görə də məzmun meyarı baxımından bu ehtimalın doğruluğunu təsdiq etmək üçün həmin sözlərin mənalarını və məna çalarlıqlarını qənaətləndirici hesab etmək olar.
Bəs bu məzmunu ifadə edən belə bir sözə formaca da müvafiq olan bir dil vahidinin izini saxlayan faktlar varmı, əgər varsa, hansılardır?
Axtarışı genişləndirdikcə, dərinləşdirdikcə belə izləri özündə saxlayan bir sıra sözlərlə də rastlaşmaq olur.
Belə izləri tapmaq üçün biz yenə V. V. Radlovun lüğətini vərəqləyək:
'Qar' (qırğız, kaşğar dillərində) — "верхняя часть руки" (əlin yuxarı hissəsi), II. c., s. 132.
'Qarağ' (cığataycada قاراغ) — "руки, локоть" (əl, dirsək), II c., s. 150.
'Qaraca' (osmanlıcada قراجه) — "верхняя часть руки" (əlin yuxarı hissəsi), II. c., s. 162.
('Qarış'). Bunlardan başqa həm azəri dilində, həm də bir sıra türk dillərində[53] "açıq əlin baş barmağı ucundan çəçələ barmağın ucuna qədər olan məsafə”[54], daha doğrusu "əl uzunu" anlayışını ifadə edən bir ölçü adı kimi işlənilən 'qarış' ('karıs') sözünü də bu faktlar sırasına əlavə etmək lazımdır.
Diqqətlə nəzərdən keçirdikdə belə nəticəyə gəlmək olur ki, 'qarış' sözünün də əsası "əl" mənasını ifadə edən 'qar' sözüdür. Bunu "əl" mənasına monqol dilində 'qar' (və ya 'ğar')[55], uyğur dilində 'karı' sözünün[56], cığatay dilində isə 'qarış' əvəzinə 'karı' və 'qarşılamaq' əvəzinə 'krılamaq'[57] sözünün işlənilməsi də təsdiq edir.
'Qar' sözünə bitişdirilən 'ş' isə "boy", "uzunluq", "qədər", "miqdar" məfhumlarından birini bildirən bir söz və ya şəkilçinin qalığıdır. Həmin sözün mənası da bu ehtimalı təsdiq edir. Əlbəttə, "-ış" ünsürünün hansı əsldən olduğunu daha dəqiq surətdə müəyyənləşdirmək üçün tədqiqat işini davam etdirmək zəruridir. Beləliklə aydın olur ki, 'qar' sözü ya qədim Ural-Altay ailəsinə mənsub dillərdən birində, ya da onunla müxtəlif tarixi şəraitdə əlaqədar olan başqa bir dildə məhz "əl" mənasına işlənilmiş bir sözün izidir.
Bizim bu ehtimalımızı daha da qüvvətləndirən izlərdən biri də məhz 'qarp' sözündəki 'p'-dir.
Bundan əvvəlki bəhslərdə 'qaspi' və 'qulp' sözləri ilə əlaqədar olaraq verilmiş məlumatda '-pi' ünsürünün Elam dilində cəm şəkilçisi olduğu, 'qar' | 'qur' sözünün isə 'əl' mənasına işlənilən bir söz olduğu aydınlaşdırıldığı üçün, burada əlavə izahat verməyi lazım bilmirik. Məhz həmin dəlillərə və yuxarıda nümayiş etdirdiyimiz digər faktlara əsasən belə nəticəyə gəlirik ki, 'qarp' sözü 'qar' və 'pi' hissələrindən ibarət olaraq əslində "əllər" mənasına formalaşıb işlənilmiş bir sözdəndir. Elə buna görə də 'qarpmaq', 'qapışmaq', 'qarpışdırmaq' sözlərinin mənasında əsasən bir əl ilə deyil, iki əl ilə, daha doğrusu "əllərin aktiv iştirakı ilə baş verən proses" ifadə olunur. Deməli ilk dövrlərdə "əl" mənasına işlənilən 'qar' sözü cəm şəkilçisi ilə 'qarpi' şəklində işlənilmiş, sonralar isə axırdakı 'i' saiti düşərək 'qarp' sözü formalaşmış, buradan da bəzən 'p', bəzən 'r' düşərək 'qapmaq', 'qapışmaq', 'qarmalamaq', 'qarmalaşmaq' kimi bir sıra feillər düzəldilmişdir. Əslində bunlar 'qarp' və 'qar' kökünə türk dillərinə məxsus olan şəkilçilərin bitişdirilməsi ilə formalaşmış sözlərdir.
Qaşımaq
Türk dillərinin bir qismində, xususən azəri dilində işlənilən 'qaşımaq' feili də əməliyyatda istifadə olunan əsas vasitənin adından törəmə sözlərdəndir. Lakin bu söz də, demək olar ki, əslini itirmiş və həm mənaca, həm də fonetik tərkibcə müasir azəri dilində işlənilən heç bir söz kökü ilə doğrudan-doğruya bağlanmayan sözlərdəndir. Buna görə də 'qaşımaq' sözünün əslini tapmaq, hansı sözdən törədiyini müəyyənləşdirmək üçün bunun əsas və əlavə mənalarını, fonetik qabığını-quruluşunu qanunauyğunluqlar əsasında, müxtəsər də olsa, izləmək zəruridir.
XI əsrin dilçisi M. Kaşğarinin "Divan"-ında 'qaşıdı', 'qaşıttı', 'qaşımaq', 'qaşıtmaq', 'qaşıtur' kimi müxtəlif şəkillərdə 'qaşı' feilinin nümunələri verilmişdir. Bu nümunələrin izahından — ərəbcə tərcüməsindən aydın olur ki, bu söz əsasən müasir azəri dilindəki mənada işlənilmişdir[58]. V. V. Radlovun lüğətində bu sözün mənasını izah etmək üçün verilmiş məlumat diqqəti daha çox cəlb edir. Belə ki, burada həmin sözün bir sıra variantları ilə əlaqədar olaraq məna çalarlıqlarına dair də çox maraqlı faktlar verilmişdir. Bu cəhətdən 'qaşınmaq', 'qaşımaq' sözlərinin izahına əlavə edilmiş aşağıdakı nümunələr maraqlıdır.