Выбрать главу

«Qaşınacaq dırnaq istər», «dırnaq ilə xarumal etmək» (II c., səh. 394).

İndi də "Azərbaycan dilinin izahlı lüğəti"-ndə 'qaşımaq' sözünün izahını nəzərdən keçirək:

«Bədənin gicişən yerini dırnaq və ya sərt bir şey ilə sürtmək, cırmaqlamaq, dırnaqlamaq»[59].

Buradan aydın olur ki, qaşımaq işi əl ilə, daha doğrusu əlin barmaqları və barmaqların ucundakı dırnaqlarla aparılan bir əməliyyatdır. Buna görə də düşünmək olar ki, 'dillənmək' sözü 'dil' əsasında, 'gözləmək' sözü 'göz' əsasında yaradıldığı kimi 'qaşımaq' sözü də barmaq və ya 'dırnaq' mənasına işlənilən 'qaş' | 'qoş' kimi fonetik tərkibə malik bir söz əsasında formalaşmışdır.

İndi belə bir sözü axtaraq.

Saylardan bəhs edərkən göstərildiyi kimi 'l | ş' əvəzlənmə qanunu əsasında yoxladıqda belə nəticəyə gəlmək olur ki, 'qaş' | 'qoş' əvəzinə 'qal' | 'qol' variantı da ola bilər. Bu faktı yalnız formaca deyil, məzmunca da yoxladıqda məsələ aydınlaşmış olur. Yəni məntiqi surətdə gəldiyimiz nəticəni dil faktları da təsdiq edir ki, 'ş' qrupuna mənsub dillərdə vaxtilə "qol”, "əl" mənasına 'qaş' sözü işlənilmiş və buradan da əlin müəyyən hissəsini, xüsusən 'qaşımaq' prosesində əsas vasitə kimi istifadə olunan "barmaq" mənasına işlənilən bir sözə çevrilmişdir. "Əl" mənasına işlənilən bir sözdən "barmaq" mənasını ifadə edən sözün formalaşmasının qanuni olduğunu monqol dilində "əl" mənasına işlənilən 'qar' | 'ğar' əsasında "barmaq" mənasına işlənilən 'qurun' | 'qurğan' sözünün düzəldilməsi faktı da təsdiq edir.

Nəhayət, bu mülahizəmizi təsdiq edən faktlardan biri də budur ki, 'qaş' sözü məhz "barmaq" və "dırnaq" mənalarını ifadə edən bir isim kimi Azərbaycanın qədim tayfalarından — albanlardan olan udinlərin dilində saxlanılmışdır.

Beləliklə aydın olur ki, 'qaşımaq' sözü, lüğətlərdə də izah edildiyi kimi, "dırnaqlamaq" prosesini ifadə etmək üçün "barmaq”, "dırnaq" mənasına işlənilən 'qaş' sözü ilə "proses" məfhumunu ifadə edən '-ı | -i | -a' şəkilçisindən (yaş — yaş + a + maq, yer — yer + i + mək, zar — zar + ı + maq, turş — turş + u + maq sözləri kimi) düzəldilmiş bir sözdür.

Qalamaq

Müasir azəri dilində 'qalamaq' feili iki əsas mənada və müxtəlif məna çalarlığında işlənilən omonim tipli sözlərdəndir. Bu söz bir çox lüğətdə, bu cümlədən "Опыт словаря тюркских наречий" (II c., səh. 225) və "Azərbaycan dilinin izahlı lüğəti" (I c., səh. 404) adlı lüğətlərdə izah edildiyi kimi "bir-biri üstünə yığmaq, qalaq-qalaq yığmaq, toplamaq, komalamaq" və "yandırmaq, alovlandırmaq, odlamaq, alışdırmaq" mənalarında işlənilir. Mənalardan da aydınca görünür ki, burada bir söz yox, iki omonim söz vardır. Buna görə də qabaqcadan demək olar ki, bu sözlər müxtəlif mənşəlidir.

Bu sözün "qalaq-qalaq yığmaq" mənasında işlənilməsindən aydınca görünür ki, 'qalaqlamaq' sözündən müxtəsərləşmə yolu ilə əsasən həmin mənada 'qalamaq' sözü formalaşmışdır. Biz burada 'qalamaq' sözünün "qalaqlamaq" mənasında işlənilməsini və bunun əsasını təşkil edən 'qalaq' sözünün haradan, hansı ilkin mənada işlənilmiş sözdən törədiyini aydınlaşdırmaq fikrində deyilik; bu işi gələcəyə saxlayırıq.

Burada "yandırmaq", "odlamaq" mənasına işlənilən 'qalamaq' sözünün əslini müəyyənləşdirmək niyyətindəyik. Bununçün isə, yenə yuxarıda qeyd etdiyimiz prinsiplə, məna-forma uyğunluğunu və 'qalamaq' feilində ifadə olunan prosesin əsasən hansı əşya ilə bağlılığını nəzərə almaq prinsipi ilə, bu sözü yoxlamalıyıq.

Lüğətlərdə bu sözün mənasına dair verilmiş izahatdan aydınlaşır ki, 'qalamaq' feilində ifadə olunan proses "od ilə, atəş ilə" əlaqədar surətdə baş verən, törəyən bir prosesdir. Buna görə də 'qalamaq' sözü "odlamaq" anlayışına tam uyğun gəlir və belə bir prosesi, demək olar ki, təsviri şəkildə ifadə edir. Buradan isə belə nəticə çıxarmaq olar ki, 'qalamaq' sözü dilimizdəki 'od' ismi əsasında düzəltdiyimiz 'odlamaq' sözünün tərcüməsidir. Lakin bu tərcümədəki şəkilçi dilimizin özünə məxsus və 'odlamaq' sözündə də işlənilmiş '-lamaq' şəkilçisidir.

Buna görə də 'qalamaq' sözünün ikinci hissəsi haqqında bəhs etməyi lazım bilmirik.

Bəs bu sözün əsası kimi ilk hissəni təşkil edən 'qa' hansı dildə "od" mənasına işlənilmiş bir sözdür və nə münasibətlə türk dillərinə, bu cümlədən azəri dilinə bu söz gətirilmişdir?

Yoxlama nəticəsində aydın olur ki, bu sözün əsası monqol dilində "od" mənasına işlənilən 'qal' | 'ğal' sözüdür[60]. Belə görünür ki, 'od-la-maq' sözündə olduğu kimi bu söz də əvvəllər həmin mənada 'qal-la-maq' şəklində formalaşmış, lakin burada iki 'l' yanaşı gəldiyindən tələffüzdə yüngülləşmə — asanlıq tələbatına uyuşaraq bir 'l' ixtisara düşmüşdür; beləliklə də 'qallamaq' sözü 'qalamaq' şəklində və "odla" mənasına, "qalla" sözü də 'qala' şəklində sabitləşmişdir.

İlk baxışda belə bir sual da verilə bilər ki, 'qalamaq' sözü "odlamaq" mənasını ifadə edirsə, bəs nə üçun 'od qalamaq' ifadəsi işlənir?

Bunun iki səbəbi var: birincisi budur ki, müasir dövrdə 'qalamaq' sözünün birinci hissəsini təşkil edən 'qal' kökünün "od" demək olduğunu heç kəs bilmir; ikincisi budur ki, bizim dilimizdə belə qoşalıq müstəsna hal olmadığı kimi, qeyri-qanuni də sayılmır. Bununçün Dədə Qorqud dastanlarında işlənilmiş "av avladı, quş quşladı" ifadələrini və müasir dilimizdə işlənilən 'ot otlayır', 'su sulayır', 'yazı yazır' kimi ifadələri yada salmaq kifayətdir.

(Manqal), (Tonqal). Burada 'qal' sözünün "od" demək olduğunu bildikdə xüsusən dilimizdə indi də işlənilən iki söz yada düşür: 'manqal', 'tonqal'.

Birinci söz — 'manqal' — od saxlamaq üçün dəmirdən, misdən düzəldilmiş bir qabın adıdır. İkinci söz — 'tonqal' — həyətdə, meydanda, çöldə, düzənlikdə, ümumən açıqlıqda odlanmış ağac, taxta, çirpi, quru ot yığımından ibarət kuma-toplantı mənasına işlənilən bir sözdür.

Hər iki sözün mənasında "od" ilə əlaqədar anlayış olduğundan, tərəddüd etmədən deyə bilirik ki, bu sözlərin ikinci hissəsini təşkil edən 'qal' ünsürü monqolca "od" mənasına işlənilən 'qal' sözüdür. Bu sözlərin birinci hissəsini təşkil edən 'man' və 'ton' ünsürlərinin hansı sözlərdən olduğunu isə tədqiqat göstərəcəkdir.

Batmaq

Fellərin bir qismi də işin, hadisənin məkanına görə əlamətlənir, daha doğrusu, hansı məkanda, nə cür şəraitdə baş verən işi, hadisəni ifadə edir. Məhz buna görə də belə feillərin, demək olar ki, əksəriyyəti "yer", "məkan", "şərait" anlayışları ilə əlaqədar adlardan, isimlərdən düzəldilmiş olur.

Müasir azəri dilində belə feillərin bir qisminin hansı isimdən düzəldiyini müəyyənləşdirmək üçün xüsusi tədqiqat lazım gəlmir, çünki belə feillərin əsasını təşkil edən isimlər də canlı və işləkdir.

Məsələn, 'üzmək' "suyun üzü" mənasına olaraq 'üz' ismindən, 'yerləşmək' feilinin 'yer' ismindən, 'quyulamaq' feilinin 'quyu' ismindən düzəldiyi hamı üçün aydındır. Lakin dilimizdə elə feillər də var ki, bunların məkan anlayışını ifadə edən hansı isimdən düzəldilmiş olduğunu aydınlaşdırmaq üçün az-çox tədqiqat aparmaq lazımdır.