Dilçilik aləmində artıq sübut olunmuş belə bir mülahizə var ki, sayların, ümumiyyətlə miqdar anlayışının ilk formalaşmasında insanın bədən üzvlərindən bəzisi, xüsusən əl əsas olmuş və beş, on məfhumlarını ifadə edən sözlər ilkin saylar olaraq əsasən "əl" mənasını ifadə edən sözdən törəmişdir. Bunun izi bir sıra dillərdə indi də qalmaqdadır. Belə bir baxımdan bizə çox tanış olan rus dilindəki 'пять', 'десять' və fars dilindəki 'pənc', 'deh' sözlərini, çox da dərinliklərə varmadan, nəzərdən keçirə bilərik. Rus dilindəki 'пять' sözü "əl”, "əl içi", "pəncə" mənasına işlənilən 'пятерня' və "ayaq", "daban" mənasına işlənilən 'пята' sözləri ilə bağlıdır və yəqin ki, bu sözün "beş" sayını bildirən bir söz kimi işlənilməsi "əldə və ayaqda olan beş barmaq" ilə əlaqədardır. Fars dilində "beş" məfhumunu ifadə etmək üçün işlənilən 'pənc' (پنج) sözü də fars dilində və buradan alınaraq azəri dilində işlənilən 'pəncə' sözü ilə bağlıdır.
Bunlardan başqa bir sıra Hind—Avropa dillərində, bu cümlədən əfqan, urdu, hind, fars-pəhləvi dillərində "10" sayını ifadə edən sözlərin ya eynən, ya azacıq dəyişmiş halda "əl" mənasına işlənilən sözlə uyğun gəlməsi bu mülahizəni təsdiq edən faktlardandır. Məsələn, əfqan dilində 'las' həm "əl", həm də "10" mənasına işlənir. Urdu dilində "əl" mənasına 'dast', "10" mənasına 'das' sözü işlənir; pəhləvicədə (orta fars dilində) "əl" mənasına 'dasta', "10" mənasına isə 'datsa' sözü işlənilmişdir ki, müasir fars dilində "10" sayını bildirən 'deh' | 'dah' və "əl" mənasına işlənilən 'dəst' | 'dast' da buradandır. Yeri gəlmişkən bunu da qeyd edək ki, rus dilindəki 'десять' sözü ilə farscadakı 'dast' sözü eyni kökdəndir.
Nəhayət, bu mülahizəni təsdiq edici faktlar sırasında rum rəqəmlərini də qeyd etmək lazımdır.
Rum rəqəmlərini diqqətlə nəzərdən keçirdikdə aydın görünür ki, bu rəqəmlər məhz əl və barmaqlar əsasında qurulmuşdur. Məsələn, "beş" sayını bildirmək üçün işlənilən (V) rəqəmi əslində əlin yuxarı doğru beş barmaq üzrə açılmış vəziyyətini əks etdirir. Beləcə də, "10" sayını bildirən (X) rəqəmi isə barmaqları açılmış iki əlin yanaşmış-bitişik vəziyyətini əks etdirir. Beləliklə də bir əlin şəkli "5" sayını, iki bitişik əlin şəkli isə "10" sayını ifadə edən bir rəqəm-əlamət kimi qəbul olunmuşdur.
Belə faktların sayını artırmaq olar, lakin ümumiyyətlə ibtidai insanlarda say təsəvvürünün yaranması və sayları ifadə edən sözlərin formalaşması prosesində bədən üzvlərindən əlin çox mühüm rol oynadığını başa düşmək üçün fikrimizcə yuxarıda nəzərdən keçirdiyimiz faktlar kifayətləndirici və inandırıcıdır.
İndi bizi maraqlandıran əsl məsələyə qayıdaq.
Həm azəri dilində, həm də bir sıra türk dillərində işlənilən 'iyirmi', 'altmış', 'yetmiş' saylarındakı ilk hissələr, yəni 'iyir', 'alt', 'yet' ünsürləri 'iki', 'altı', 'yeddi' sayları ilə bağlı sözlərdirsə, bu sayların son hissələri, yəni '-mi', '-mış', '-miş' ünsürləri haradandır?
Bu başdan qeyd etməliyik ki, 'mış' | 'miş' eyni ünsürün ahəng qanunu əsasında iki fonetik variantda təzahürüdür. 'İyirmi' sözünün sonundakı 'mi' ünsürü də 'miş' ünsüründəndir və azəri dilində qapalı hecalılıqdan açıq hecalılığa keçmə qanunu əsasında ('kim → ki', 'ol → o', 'qapıq → qapı' sözlərində olduğu kimi) sondakı 'ş' düşmüşdür.
Deməli bu ünsürün əsası 'm' və 'ş' samitlərinin müəyyən saitlə birləşməsindən düzəlmiş bir söz olmuşdur. Belə bir sözün izini tapmaq üçün isə ümumən türk dillərində, bu cümlədən azəri dilində olan ikinci bir fonetik qanuna müraciət edək.
Məlum olduğu üzrə türk dillərində m || b əvəzlənməsi qanunu vardır. Bu qanuna görə türk dillərinin bir qismində müəyyən sözlərin tərkibindəki 'm' samiti 'b' ilə əvəzlənir: men || ben, min || bin, kimi || kibi...
Hətta əvəzlənmə bir dilin müxtəlif şivələrində də öz izini saxlayır; məs., azəri şivələrinin bir qismində bunu, buna əvəzinə munu, muna... tələffüz olunur.
Məhz belə fonetik qanunauyğunluğu nəzərə aldıqda türk dillərindən bəzilərində, məsələn, noğaycada 'yetmiş' əvəzinə 'yetpes', qazaqcada 'altmış' əvəzinə 'alpıs', 'yetmiş' əvəzinə 'jetpis' işlənilməsi bu sözün dilimizdəki 'beş' sözü ilə bağlı olduğuna işarə edən dəyərli faktlar kimi qarşıya çıxır.
Bu ünsürün həqiqətən 'beş' sözü ilə əlaqədar olduğunu dəqiqləşdirmək və təsdiq etmək üçün türk dillərində olan digər bir fonetik qanuna müraciət etmək lazım gəlir; bu qanun s — ş əvəzlənməsi (s || ş) qanunudur. Məhz bu qanuna görə türk dillərinin bir qismində müəyyən sözlərdəki 'ş' digər qismində 's' ilə əvəzlənir. Məs., azəricə: qış, quş, diş, daş, gümüş, beş..., qazaqca: kıs, kus, tis, tas, gümis, bes...
Belə xüsusiyyət türk dillərinin ilk yazılı abidələrində də nəzərə çarpır: Orxon-Yenisey abidələrində 'kisi' (kişi), 'qılınmıs' (qılımış), 'ermis' (ermiş), 'barmıs' (varmış) sözlərində bir qayda olaraq 's' işlənildiyi halda, bəzən eyni söz bir yerdə 's' ilə, başqa yerdə 'ş' ilə yazılmışdır. Məs., Gültəkin abidəsindəki 'Qamuğı biş otuz sülədimiz' cümləsində 'biş' (beş) yazıldığı halda, 'bis tümən' ifadəsində 'bis' (beş) yazılmışdır.[63]
Belə nümunələr türk dillərində qədim zamanlardan bəri öz qüvvəsini saxlamış olan bir sıra fonetik qanunların varlığını və bu qanunlar əsasında tarix boyu nə kimi dəyişmələrin olduğunu aydınlaşdıran mötəbər meyar kimi burada da bizə kömək edir. Buna görə də qətiyyətlə deyə bilərik ki, iyirmi, altmış, yetmiş saylarının son hissəsini təşkil edən 'mi', 'mış', 'miş' ünsürləri 'beş' sözünün (müəyyən fonetik variantı əsasında) şəkilçiyə çevrilməsi nəticəsində formalaşan və sözün tərkib hissəsi halında sabitləşən vahidlərdir.
Burada daha bir sual meydana çıxır:
Bəs 'beş' sözünün "əl" mənasına işlənilmiş olduğunu necə sübut etmək olar?
Bu suala cavab vermək üçün türk dilləri ilə daha qədim dövrlərdən əlaqədar, qohum olan dillərə, bu çümlədən çuvaş dilinə nəzər salmaq lazım gəlir.
Çuvaş dilində "5" sayını ifadə etmək üçün 'pillek' sözü işlənir. Bu sözü dilimizdəki 'bilək' sözü ilə qarşılaşdırdıqda aydın olur ki, müasir dilimizdə "qolun ələ yaxın hissəsini", ümumiyyətlə əl də daxil olmaqla "qolun ən aşağı hissəsini" bildirmək üçün işlənilən bu söz əslində "əl" mənasını ümumiləşmiş halda ifadə edən bir isim olmuşdur. Elə buna görə də bəzən məcazi mənada — "ələ salmaq" mənasında "biləyə dolamaq (sarımaq)" ifadəsi indi də işlənir.[64]