Türk dillərində olan fonetik qanunlardan biri də 'l || ş' qanunudur. Bu qanuna görə hətta bəzi türkoloqlar türk dillərini iki qrupa ayırırlar: I. l qrupu, II. ş qrupu. Birinci qrup əlaməti əsasən çuvaş dilində, ikinci qrup əlaməti isə digər türk dillərində öz izini saxlayır. Buna görə də digər türk dillərində bir sıra sözlərdə işlənilən 'ş' və ya 's' çuvaş dilində 'l' ilə əvəzlənir. Məs., türk dillərindəki 'qış' || 'kıs', 'daş' || 'tas', 'eşit' || 'esit', 'gümüş' || 'kümüs', 'beş' || 'bes', 'yetmiş' || 'yetmis' əvəzinə çuvaş dilində 'xel', 'çul', 'ilt', 'kemel', 'pilek', 'sitmel' işlənir.
Belə xüsusiyyət öz izini, ünsürlər halında olsa da, bir sıra türk dillərində saxlamışdır. Bu baxımdan sovet türkoloqlarından N. K. Dmitriyev türk dilində işlənilən 'delik-deşik', 'kalak-kaşik' sözlərini bir nümunə kimi göstərməkdə tamamilə haqlıdır. Qeyd etmək lazımdır ki, bu sözlər azəri dilində də eynən işlənir ('dəlmək', 'deşmək' feillərinin əsli kimi). Hətta buraya dilimizdə işlənilən 'beşik-bələk' ifadəsini də əlavə etmək lazımdır. (Bu haqda, əlavə məlumat almaq üçün N. K. Dmitriyevin məqaləsini oxumaq məsləhətdir[65]).
Buradan çıxarılacaq nəticə aydındır: öz ilkin mənasına görə "əl" anlayışını ifadə edən 'bilək' sözünün əsası 'bil' olmuş və bu da 'l || ş' qanununa görə 'bil || biş' variantında formalaşmış və nəticə etibarilə bu qohum dillərdən bəzilərində "5" sayını bildirmək üçün 'biş' | 'beş' || 'bes' sözü, bəzisində isə 'pilek' sözü sabitləşmişdir. Elə buradan da "əl" mənasına az-çox yaxın bir məna çalarlığında 'bilək' sözü dilimizdə qalmışdır.
Deməli, əslində "əl" mənasını ifadə edən 'bil' || 'biş' | 'miş' sözü həm mənaca, həm də fonetik tərkibinə görə qanuni dəyişikliyə uğramış, yəni məntiqi əsasda, dünya dillərinin bir çoxunda olduğu kimi "əl" məfhumunu ifadə edən söz həm bir əldə olan beş barmağa görə "5" məfhumunu ifadə etmək üçün, həm də əllərdə olan on barmağa görə "10" məfhumunu ifadə etmək üçün işlənilmiş. Belə mənalarda işlənilmə nəticə etibarilə fonetik dəyişikliyə də səbəb olmuş və bir söz kökündən belə müxtəlif anlayışları ifadə edən müasir azəri dilindəki 'əl', 'beş', 'bilək' sözləri yarandığı kimi, həmin sözün digər fonetik və məna variantı əsasında, yəni "10" məfhumunu ifadə edən 'miş' əsasında, türk dillərinin bir çoxunda işlənilən 'igirmi' (iki on), 'altmış' (altı on) 'yetmiş' (yeddi on) sayları formalaşmışdır.
Bu faktlar bir daha təsdiq edir ki, F. Engelsin dediyi kimi «say məfhumu naməlum bir mənbədən deyil, məhz real varlıqdan alınmışdır. İnsanlar saymağı on barmaq əsasında öyrənmişlər...»[66] Deməli, ibtidai insan üçün 'əl' ilk sayğac olmuşdur.
Yeri gəlmişkən, belə bir faktı da yada salaq ki, müasir azəri dilində, xüsusən canlı danışıqda, 'dəfə' əvəzinə 'əl' sözünün işlənilməsi də (məs., "bir dəfə", "iki dəfə", "üç dəfə" mənasına "bir əl", "iki əl", "üç əl"... ifadəsi işlənir) məhz 'əl' sözünün sanamaq vasitəsi və say məfhumunun mənbəyi olduğunu göstərən izlərdəndir.
Buradan isə belə nəticəyə gəlmək olar ki, ibtidai insanlarda say anlayışının başlanğıcı '1', '5', '10' ilə əlaqədar olmuşdur. Elə buna görə də say bildirən sözləri tədqiq edən alimlərin çoxu belə nəticəyə gəlmişlər ki, təklikləri bildirən digər saylar, yəni '2', '3', '4', '6', '7', '8', '9' saylarını bildirən sözlər ilkin sayları bildirən sözlər əsasında düzəldilmişdir. Bunu başa düşmək üçün bircə nümunə göstərməklə hələlik kifayətlənirik.
Bir qrup tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, məs., 'doqquz' sözü iki hissədən ibarətdir, bu sözün birinci hissəsi "1" mənasına işlənilən 'doq' ('tək') sözündən, ikinci hissəsi isə "10" mənasına işlənilən 'uz' ('mus' | 'mıs') sözündən formalaşmış və başlanğıcda "təksiz on", "ona bir qalmış", "ondan bir az" anlayışını ifadə edən 'doq + uz' söz birləşməsi halında işlənilərək, tədricən 'tokuz' | 'doquz' | 'doqquz' sayı şəklində sabitləşmişdir.
Əlbəttə, bu mülahizələrdə həqiqət izləri vardır, lakin bu sahədə tədqiqatın dərinləşdirilməsi lazımdır. Buna görə də təklikləri bildirən digər saylar haqqında burada bəhs açmağı hələlik lazım bilmirik.
Lakin 'əl' ilə doğrudan-doğruya bağlı olan 'əlli' sayı haqqında müxtəsər məlumat verməyi vacib bilirik.
İbtidai insanlarda 'əl' say vasitəsi və vahidi olduğuna görə "çoxluq" anlayışını ifadə etmək üçün də "əl çoxluğu" mənasına 'əlli' sözü düzəldilmişdir.
Bu söz 'əl' və 'li' hissələrindən ibarətdir. Birinci hissəni təşkil edən ünsür məlumdur — 'əl'-dir, ikinci hissəni təşkil edən ünsür, ümumən türk dillərində, bu cümlədən azəri dilində işlənilən məhsuldar bir şəkilçidir. Lakin bu şəkilçi bəzi türk dillərində ilkin fonetik tərkibinə müvafiq halda, yəni '-lik' | '-lıq'... halında işlənir. Belə qapalı heca halında azəri dilində də həmin şəkilçi müəyyən məna çalarlığında, həm də əsas mənasına daha uyğun olaraq işlənilir: məs., 'çiçəklik', 'güllük', 'otluq', 'daşlıq' sözlərində bu əsl mənasına müvafiq olaraq işlənilmişdir. Həmin şəkilçidən törəyən '-lı | -li' şəkilçisi də azacıq məna fərqi ilə müasir azəri dilində işlənir.
Burada belə bir cəhəti qeyd etməliyik ki, isimlərdən əsasən sifət düzəltmək üçün istifadə olunan '-lı', '-li' şəkilçisi 'əl-li' sayında artıq donmuş haldadır. Buna görə də 'əlli' sözünü 'əl-li' tərzində kök və şəkilçiyə ayırmaq ilk baxışda təəccüb doğura bilər. Lakin nəzərə almaq lazımdır ki, biz bu sözü tarixi törəniş mənasında iki hissəyə ayırırıq. Bu fakt isə 'əlli' sözünün '-li' şəkilçisindən daha əvvəl, lakin eyni sözdən, eyni qanun əsasında formalaşdığını göstərən ilkin izlərdən biridir.
Belə hal isə, 'qardaş', 'yoldaş' sözlərində də olmuşdur və indi dilimizdə "50" miqdarını bildirən 'əlli' sözü ilə "əli olan" mənasında işlənilən 'əlli' sözü də məhz bu qəbildəndir. Çoxluq mənasına ilk dövrlərdən işlənilmiş olan bu şəkilçinin prototipi — ilkin şəkli 'lik' və ya 'lıq' təqribən eyni fonetik tərkibdə güman ki, "çox" mənasında işlənilmiş olan müstəqil bir sözdən törəmişdir və ümumi qaydaya müvafiq olaraq söz şəkilçiyə çevrildikdə fonetik qanunlar əsasında dəyişərək qoşulduğu 'əl' sözünə uyuşmuş; beləliklə də 'əlli' sözü "çox əl", daha doğrusu "on əl" mənasını ifadə edən bir say adı kimi sabitləşmişdir.