Выбрать главу

Alban

Qafqazdakı Alban ölkəsindən xəbər verən mənbələri yoxladıqda, məlum olur ki, bu adla tanınan ölkədə bir və ya iki tayfa (qəbilə) deyil, bir çox tayfa yaşamışdır.

Buna görə də 'Alban' adını tək bir tayfanın adı kimi qəbul edib, həmin tayfanı da bu və ya digər xalqın yeganə əcdadı saymaq doğru olmaz. Çünki 'Alban' adı da 'skif', 'türk' adları kimi bir sıra müxtəlif adlı, bəzən hətta müxtəlif dilli tayfaların hamısını birləşdirən ümumi bir ad olmuşdur.

Əvvəllər ancaq tayfalar birləşməsini və bu tayfaların birləşmə məkanlarını bildirən, sonralar isə bəzən bu birləşmədən təşəkkül tapmış bir xalqın adı kimi işlənən ümumi adlar, ya müəyyən tayfalar birləşməsinin daxilindəki bir tayfanın adından ('Midiya' adı kimi), ya tayfalar birləşməsindəki tayfalardan bir-ikisinin adının çarpazlaşmasından (məs., 'Massaget' adı kimi), ya bu tayfanın yerləşdiyi yerin adından və ya coğrafi mövqeyindən (məs., 'primorilər', 'dağıstanlılar' və b. k.) alınmış olur.

'Alban' adı da belə ümumi adlardandır. Bu ad bir və ya bir neçə tayfanın adından deyil, məhz bir-birinə yaxın tayfaların yerləşdikləri coğrafi mövqe ilə əlaqədar olaraq düzəldilmiş coğrafi-təsviri bir addır.

'Alban' sözü 'al-ban' olmaq üzrə iki sözdən düzəldilmişdir. Bu sözün birinci hissəsi 'al' qədim dillərdən bəzilərində, bu cümlədən Ural-Altay, Xald-Urart və bir sıra Qafqaz dillərində "yüksək", "yuxarı", "şimal", daha əvvəllər isə "yüksək yer", "dağ" mənalarına işlənmiş bir sözdür. Buna görə də Xald yazılarındakı 'Al suşin-i' ifadəsini ak. İ. İ. Meşşaninov "yuxarı göy", yaxud "yuxarı, səmavi" mənasına tərcümə etmişdir[13].

Vartaşendakı udinlər indi də "yuxarı" mənasına 'al-a' sözünü işlədirlər.

Bəzi nümunələrə əsaslanaraq belə güman etmək olar ki, 'al' sözü daha əvvəllər tam örtülü heca şəklində müəyyən bir samitlə başlanmış və bir qayda olaraq sondakı sonor 'l' sonor 'r' səsi ilə də əvəzlənmiş; beləliklə də bu sözün üçüncü fonetik variantı əmələ gəlmişdir. Buna görə də albanlardan bəhs edən ilk mənbələrdə bəzən 'alban', bəzən 'qarqar' (bir sıra erməni mənbələrində), bəzən 'hereti' (bəzi gürcü mənbələrində), 'holoyen' (XIV əsr tarixçisi Xetumidə) və s. b. k. adlar çəkilmiş; bəzən bu adlar hətta doğrudan-doğruya 'alban' əvəzinə işlənilmişdir. Bu hal aydın surətdə göstərir ki, bu sözlərin ilk hissəsini təşkil edən 'qar | her | hol' hecaları məhz 'al' sözünün müxtəlif qohum tayfa dillərinə məxsus fonetik qanunauyğun qarşılığıdır.

Deməli 'alban' sözünün birinci hissəsini təşkil edən 'al', 'qarqar' sözündə 'qar', 'hereti' sözündə 'her', 'holoyen' sözündə 'hol' hissəsi "yuxarı", "hündür yer" mənasına işlənən bir sözün müxtəlif qohum tayfa dillərinə məxsus fonetik variantıdır və bunların hamısı həmmənadır.

Həmin 'alban' sözünün ikinci hissəsi 'ban' da albanlarla qədim zamanlardan az-çox əlaqədar olan tayfa və ya xalqların dilində öz əslini, əsas mənasını saxlayan müstəqil bir sözlə bağlıdır. Bunu aydın müşahidə etmək üçün aşağıdakı sözləri tutuşdurmaq kifayətdir.

Gürcücə "ölkə", "şəhər", "kənd", "meydan" mənasında olan 'ubani', 'dabani'; xaldca "ölkə" mənasına işlənən 'elbani'; elamca "şəhər", "saray" mənasına işlənən 'human', 'urman'; ermənicə "ev", "yurd" mənalarına işlənən 'ban', 'van' və sairə kimi sözlər fikrimizi əsaslandıran ən yaxşı dəlillərdir.

Buradan anlaşılır ki, 'al-ban' sözü "yuxarı ölkə", "şimali əyalət", daha doğrusu "dağyeri", yəni "dağıstan" mənasına olaraq Albaninin cənubunda və bir o qədər də dağlıq olmayan yerdə yaşayan qonşu tayfalar — xaldilər, midiyalılar, elamlar və daha başqa tayfalar tərəfindən özlərindən şimalda və nisbətən dağlıq yerdə yaşayan bir çox tayfaların sakin olduqları ölkəyə verilmiş bir ümumi coğrafi addır. Elə buna görə də III Sardurun sadaladığı ölkələr sırasında 'Albani' adı 'kuha' sözü ilə bir tərkibdə işlədilmişdir. Fikrimizcə 'kuha' sözü qədim fars dilində "dağ" mənasında işlənən 'kaufa' ( → kufa → kuha → kuh) sözündəndir. Buna görə də bu söz ya "yuxarı ölkə" mənasına işlənən ifadənin təyini kimi qəbul edilib, ya da "dağlıq" məzmununu ifadə etmək məqsədi ilə "dağ" məzmununa "çoxluq" mənasını vermək üçün eyni mənalı iki sözu ("uzundraz", "yığcam" ifadələri kimi) müavazi işlətmişlər və öz dillərinə uyğun olaraq "Dağlar ölkəsi", "Dağıstan" mənasına daha mürəkkəb bir ad düzəltmişlər. Məşhur sovet dilçisi N. Y. Marrın albanları Dağıstan tayfaları kimi başa düşməsi də, görunur, bu sözün lüğəvi mənasını nəzərə almasından irəli gəlmişdir. Yəqin ki, 'Kuha Albani' yaxud 'Albani' adı bir müddət əslinə uyğun mənada işlənmiş, lakin sonralar bu yer adı, eyni zamanda həmin ölkədə yaşayan müxtəlif tayfalar üçün də ümumi ad kimi anlaşılmışdır. Bu, doğrudan da belə olmalı idi, çünki miladdan əvvəl VII əsrdə Qafqazın şərq-şimalında o qədər müxtəlif dilli tayfalar olmuş ki, bunları bir tayfa adı ilə ümumi halda adlandırmaq mümkün deyil idi. Bunları ancaq coğrafi mövqelərini ifadə edən ümumi təsviri adla adlandırmaq olardı. Buna görə də "yuxarı" və yaxud "dağ" mənasına 'al' sözünü və "yer", "ölkə", "şəhər" mənasına ''ban' sözünü işlədən xaldilər özlərindən şimalda və daha çox dağlar arasında olan bu yeri 'Alban' (yəni "yuxarı əyalət" yaxud "Dağıstan") adlandırmışlar. Bu yerdə yaşayanları bildirmək üçün isə "çoxluq", yaxud "tayfa və mənsubiyyət" mənasını verən 'i' şəkilçisini bitişdirərək 'Albani' sözünü yaratmışlar. Bu ad sonralar təkcə coğrafi-təsviri bir ad deyil, həm də buradakı tayfalar ittifaqını, hətta bu ittifaqın yaratmış olduğu dövləti bildirən bir termin kimi daha geniş dairədə işlənilmiş və bu ifadənin sonundakı şəkilçi də tədricən ixtisara düşmüşdür.

Beləliklə məlum olur ki, 'Alban' sözü əsasən tayfa adı deyil və bu adda heç bir tək tayfa və ya xalq da olmamışdır; əslində albanlardan məlumat verən bir sıra mənbələrdə göstərildiyi kimi, 'Albani'-də məlum hüdudlu, müxtəlif dilli 26 tayfa[14] yaşamış və bu tayfalar sonralar daha möhkəm bir ittifaq yaradaraq bu ərazidə bir dövlət də qurmuşlar.

Anlaşılmazlıq olmasın deyə, belə bir cəhəti də aydınlaşdırmağı lazım bilirik ki, 'Dağıstan' sözü bizim indi işlətdiyimiz mənada təkcə 'Dağıstan' adlanan respublikanın adını bildirən bir söz kimi deyil, ümumiyyətlə həm indiki Dağıstanı, həm də indiki Azərbaycan Respublikasının şimal hissəsini də əhatə edən bir ərazi adı kimi işlənmişdir. Məhz buna görə də keçən əsrə qədər bir çox azəri şeyx, fazil, şair və alimləri "Dağıstani" ləqəbi ilə də tanınmışlar.

Bəzən hətta bu və ya digər bir şəxsin anadan olduğu yer haqqında məlumat verən bir sıra kitablarda Azərbaycanın xüsusən şimal hissəsində olan şəhər, qəsəbə və kəndləri haqqında, bir qayda olaraq, belə yazılmış: "Dağıstanın ..... şəhəri", "Dağıstanın ..... qəsəbəsi" və s.