Выбрать главу

Məs., «Əli ibn İbrahim Dağıstani təriq-nəqşbəndi füzəlasından bir zat olub (Dağıstan)-ın (Bərgüşad) qəsəbəsindəndir».[15]

Bu faktlardan tamamilə aydın olur ki, 'Dağıstan' sözü hər zaman eyni coğrafi sahənin adı olmamışdır. Buna görə də 'Alban' sözünün "Dağıstan" mənasına yaranmış söz olduğunu söylədikdə, buradan heç də belə bir nəticə çıxarılmasın ki, 'Alban' adlanan yer indiki Azərbaycan SSR-ə daxil olmayan bir ərazini, daha doğrusu indiki mənada Dağıstanı bildirən bir yer adı olmuşdur. Əlbəttə, belə deyil; Albani indiki Dağıstanın cənuba doğru az bir hissəsini və indiki Azərbaycan Respublikasının ortalarından şimala doğru, təxminən Kürdən şimala doğru böyük bir sahəni əhatə edən ərazinin adı kimi yaranmış və uzun müddət belə də anlaşılmışdır.

Məhz buna görə də 'Alban' sözünün izini bu və ya digər şəkildə mühafizə edən yer adları da elə Azərbaycanın şimal rayonlarındadır. Məs., Quba rayonunda Alpan adlı kənd vardır; Bərdə yaxınlığında Alpaut adlı kənd vardır.

Yeri gəlmişkən, qeyd etməliyik ki, hazırda Quba rayonunda Alpan adlı kəndin olmasını əsas tutaraq 'Albani' istilahını 'Alpani' şəklində adlandırmağı doğru hesab edib, yunan və latın tarixçiləri tərəfindən guya təhrif olunub işlədilən 'Albani' şəklindən vaz keçməyi məsləhət bilən bəzi şəxslər nəzərə almalıdırlar ki, bu söz yunan və latınlara məxsus deyil və həmin adı yaradan qədim Qafqaz tayfaları öz mixi yazılarında bu sözü  şəklində yazmışlar ki, bunu ancaq 'al-bani' oxumaq olar; əgər  ('ba') əvəzinə  ('pa') yazılmış olsaydı, o zaman 'alpani' oxunardı. Çox ehtimal ki, 'Alpan' şəkli sadəcə bir sövti dəyişmədir.

Ağvan

Müasir dillərdə işlənilən bir sıra coğrafi adları nəzərdən keçirdikdə, xüsusən iki fakt diqqəti cəlb edir. Birincisi budur ki, bir sıra coğrafi adlar dünya dillərinin hamısında və ya əksəriyyətində əsasən bir cür işlənir; məs., Asiya, Avropa, Moskva... Bela adlarda azacıq fonetik fərqlərin olması, əlbəttə, sözlərin tamamilə başqalaşdırılması demək deyildir; məs., Asiya-Aziya, Avropa-Yevropa, Bakı-Baku... fonetik çalarlıqlı eyni sözlərdir.

İkinci fakt budur ki, bir sıra coğrafi adlar hər bir xalqın öz dilinə tərcümə edilərək işlənir; məs., azəricə — "Qara dəniz", rusca — "Черное море", fransızca — "La mer Noire" deyilir ki, bunların mənası birdir. Eləcə də azəricə "Uzaq Şərq" adlanan yer rusca — "Дальний Восток", fransızca — "L'Extrême-Orient" adlanır ki, bunlar da eyni məfhumun tərcüməsidir.

Belə hallar indi deyil, keçmişdə də olmuşdur və bunlardan bir qismi müasir dillərdə danışanlar üçün lüğəvi mənası naməlum adlardır. Buna görə də eyni mənanın tərcüməsi nəticəsində müxtəlif dillər əsasında düzəldilmiş adlar tamam müxtəlif mənalı sözlər kimi tanınır.

Belə sözlərdən biri də 'Ağvan'-dır. Bu söz əsasən erməni dilində yazılmış ilk mənbələrdə 'Alban' adı mənasına işlənmişdir. Bu sözü işlədənlərdən biri də erməni tarixçisi M. Xorenatsi "Ermənistan tarixi" adlı kitabında hətta bu sözün 'ağu-an-q' kimi hissələrdən düzəldiyini qeyd etmiş və aşağıdakı izahatı vermişdir. «... bu ölkə Sisaqın yumşaq, mülayim, müti təbiətinə görə 'ağvan' adlanmışdır, çünki onun öz ləqəbi Ağu (Աqnv) idi»[16].

'Ağu' sözünün mənası isə bu kitabın mütərcimi N. O. Eminin təfsirindən məlum olduğu üzrə "xoş", "mülayim" deməkdir[17].

Bu mülahizənin elmi əsassızlığını elə bununla izah etmək olar ki, bu ölkənin adı hələ Midiya padşahı Astiyaqın nəvələrindən olan Sisaqın Ağvaniyaya (Albaniyaya) vali olmasından bir neçə əsr əvvəl[18], yəni eramızdan əvvəl VII əsrdə III Sardurun zəfərnaməsində 'Albani'  şəklində yazılmışdır[19].

Coğrafi adların bəzən bu və ya digər xalqın dilinə uyğun fonetik çalarlıqda, bəzən tərcümə edilərək işlənilməsi baxımından yanaşdıqda 'ağvan' sözünün necə formalaşması sirri də aydın olur.

Bu cəhətdən sözün ikinci hecasından başlamaq daha əlverişlidir.

'Ağvan' sözünün ikinci hecası 'van' Qafqazda bir sıra yer-şəhər adlarında indi də işlənir: Şirvan, Naxçıvan, Yerivan...

İndi türk və Qafqaz dilləri ilə məşğul olan alimlərin, demək olar ki, hamısı bir sıra yer adlarındakı 'van', 'ban' və 'man' morfemlərini "məkan", "yer" mənasında işlənilmiş qədim bir sözün fonetik variantları kimi tanıyırlar. Buna görə də 'Ağvan' sözünün ikinci hissəsi 'Alban' sözündəki 'ban' morfeminin başqa bir və ya bir neçə dilə məxsus fonetik variantıdır.

Bəs bu sözun ilk hecasını təşkil edən 'ağ' nədir? Diqqətlə yoxlama nəticəsində aydın olmuşdur ki, 'ağ' sözü 'Alban' adının birinci hissəsini təşkil edən 'al' sözünün ləfzi tərcüməsidir.

Türk dillərinin, bu cümlədən azəri dilinin yazılı mənbələrindən belə məlum olur ki, 'ağ' sözü "yüksəl", "qalx", "ucal" mənalarını bildirən bir feil köküdür və müxtəlif şəkilçilər qəbul edərək işlənilmişdir.

XI əsrin məşhur dilçisi Mahmud Kaşğari "Türk dilləri divanı" adlı kitabının birinci cildində 'ağ' sözündən düzələn ağıtqan, ağıttı sözlərinin mənasını aydınlaşdırmaq üçün aşağıdakı cümlələri misal vermişdir:

1. «Bu geyik ol itiğ dağqa ağıtqan», 2. «Ol anı dağqa ağıttı» (yəni: «Bu geyik o iti dağa çıxarar», «O, onu dağa çıxartdı»).

XIV əsrin filoloqlarından İbn Mühənna farsca, türkcə, moğolca lüğətində 'ağdı' sözünün "ucaldı", "yuxarı qalxdı" (صعدورقا), "ağınmaq" sozünün isə "yuxarı qalxmaq" (الصعود) olduğunu qeyd etmişdir.

Bu sözə biz klassik şairlərimizin əsərlərində də rast gəlirik: məs., «Kürsii rəhmanə ağdın getdin ərş-allahı gör» (Nəsimi).

Bu misradakı 'ağdın getdin' ifadəsi "qalxdın getdin", daha doğrusu "göyə çıxdın" mənasına işlənilmişdir.

Bu da maraqlı bir faktdır ki, ərəbcə الصعود sözünün mənasını izah edən bir sıra türk lüğətçiləri də həmin kəlmənin "yuxarı ağmaq" mənasına olduğunu məhz "ağmaq" sözü ilə aydınlaşdırmağı zəruri saymışlar.[20]

Beləliklə aydın olur ki, 'ağ' sözü də 'Alban' sözünün ilk hissəsini təşkil edən 'al' sözü kimi "yuxarı" mənasına xüsusən türk dillərində qədimdən işlənilən bir söz olmuş. Bunu da qeyd etmək lazımdır ki, 'ağ' sözü bəzi tədqiqatçıların bildirdiklərinə görə gürcü və erməni dillərində də öz izini saxlamaqdadır. Buna görə də qətiyyətlə demək olar ki, 'Alban' sözündəki 'al' sözü "yuxarı" mənasına bir söz kimi tərcümə olunaraq 'ağ' sözü ilə əvəzlənmiş və beləliklə də 'Alban' əvəzinə eyni mənada 'Ağvan' sözü yaradılmışdır.

'Ağvan' sözü də xüsusən erməni mənbələrində cəm şəkilçisi '-q' qəbul edərək həmin ərazidə yaşayanları bildirən etnonimik bir söz kimi işlənilmişdir. Şəki şəhərində bir məhəllə adı kimi indi də işlənilən 'Ağvanlar məhəlləsi' ifadəsindən belə bir nəticəyə gəlmək olur ki, bu söz azərilər arasında da cəm şəkilçisi ilə etnonimik məzmunda — tayfa adı kimi işlənilmişdir.