Выбрать главу

Qaspi (Kaspi)

Azərilərin etnik tərkibində ən qədim zamanlardan iştirak etmiş olan tayfalardan biri də Qaspi tayfasıdır və 'qaspi' adı bu tayfaya sonradan verilmişdir.

Qədim dillər üzərində aparılmış tədqiqatdan belə məlum olur ki, bu sözün sonuncu hecası 'pi' Bistun qayalarındakı mixi yazıların ikinci qolunun dilindən — Elam dilindən göründüyü kimi, cəm bildirən şəkilçidir. Bu yazılarda həmin şəkilçi 'p', 'ap', 'pe', 'pi' şəkillərində tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənilmiş və belə sözlər həmin şəkilçi ilə birlikdə "el", "tayfa", "qəbilə", "yurd", "ölkə" mənalarını da ifadə etmişdir. Məs., 'Assurap' — "Assuriya", 'harabayap' — "Ərəbistan", 'Madape' — "Midiya", 'Suğdaspe' — "Suğdiya", 'Saqqape' — "saq eli", yaxud "skiflər" və s.

Sözün bu şəkildə tərkib hissələrindən ibarət olduğunu nəzərə aldıqda belə bir nəticəyə gəlmək olur ki, 'Qaspi' (yaxud 'Kaspi') tayfasının əsil adı 'Qas | Kas'-dır və ilk dövlərdə, yəqin ki, "qaslar", "qas eli" anlayışını ifadə etmək üçün 'pi' şəkilçisi ilə 'qaspi' sözü düzəldilmişdir.

Bir çox mənbələrdən göründüyü kimi bu tayfanın əsil məskəni Xəzər dənizinin qərb hövzəsidir. Lakin bir sıra alimlər zənn edirlər ki, Qaspi tayfasına mənsub bir çox ailə, oba şərqə, cənuba və qərbə köçüb getmişlər və bu yerlərdə onların izləri də qalmışdır. Bunu da qeyd etmək lazımdır ki, bu tayfanın adı bir sıra sövti dəyişmələrə uğrayaraq 'qaş', 'kiş', 'quş', yaxud 'kişşi', 'quşşi' şəkillərində də işlənilmişdir. Lakin bizi daha çox maraqlandıran budur ki, bu tayfa Qafqazın ən qədim yerli tayfalarından olmuş və buna görə bunların adı Qafqazda, bu cümlədən Azərbaycanda xüsusən bir sıra yer adlarında qalmışdır. Məhz belə izlərdən birisi də bir sıra Avropa dillərində və rus dilində Xəzər dənizinin adı kimi işlənilən 'Qaspi' | 'Kaspi' sözüdür.

Xəzər

Belə bir cəhəti də qeyd etməliyik ki, Qaslar sonralar başqa tayfalarla qaynayıb-qarışmışlar; bəzi alimlərin deməsinə görə xüsusən sonralar onların çoxu müxtəlif tayfaların birləşməsindən ibarət olan skiflərin tərkibinə daxil olmuşlar, yaxud «Quşan dövlətinin tərkibinə saqlar (skiflər) bir tərkib hissəsi kimi daxil olmuşlar və müəyyən dövrdən sonra "bir sıra yeni skif" kütlələrinin gəlişi ilə bunlar yeni ad almışlar, yəni 'Xəzər' adı ilə adlanmışlar»[21].

Əslinə baxılsa, VII əsrin sonlarında məlum olan 'Xəzər' adı ilə 'Qaspi' adı arasında məzmun etibarilə və dil vahidlərinin nisbət dəyərinə görə heç bir fərq yoxdur, çünki hər iki sözün birinci hissəsi tayfanın adını 'qas | xaz' şəklində bildirdiyi kimi, hər iki sözün ikinci hissəsi də cəm mənası bildirən 'pi', 'ar' şəkilçilərindən[22] ibarətdir.

Bu adların hər ikisini də eyni əsldən və eyni məzmunlu olduğunu, eyni dənizin həm 'Kaspi' həm də 'Xəzər' adlanması ilə də izah etmək olar.

Nəhayət, yəhudi yazılarının bəzilərində Xəzər elində 'Qasdim'  adlı tayfanın olduğu xəbər verilir ki, bu da ümumi surətdə 'Xəzər' adlanan skiflərin arasında yenə öz xüsusiyyətini saxlayan 'qas' tayfasının xüsusi adından başqa bir şey deyildir; bu adla, yəqin ki, skiflərə qarışan qas tayfası fərqləndirilmişdir.

Bir sıra tədqiqatçılar həm xəzərlərin, həm də qaspilərin dilindən bəhs edərkən bunların türk dillərinə oxşar bir dildə danışdıqlarını da söyləyirlər.

Bəs bu alimlərin belə oxşarlıqları görmələri və qeyd etmələri nə ilə izah oluna bilər?

Həqiqətən belədir: qaspilər də, xəzərlər də əsasən bir tayfadır. Bundan əlavə, 'qas' tayfasının müəyyən hissəsi skif tayfaları ittifaqına daxil olandan sonra skiflər, yaxud onların müəyyən hissəsi eyni zamanda 'Xəzər' adlanmışlar və skif tayfalar birliyinə məhz bu tayfaların qarışmaları nəinki xəzərlərin, həm də skiflərin, deməli saqların, türkdilliliyi haqqındakı mülahizənin doğmasına səbəb olmuşdur.

Buna görə də demək olar ki, xəzərlər əvvəlki qaspi tayfasından müəyyən dərəcədə fərqlənmişlər: belə ki, xəzərlər skiflərə qarışan və eyni zamanda onları öz təsirlərinə salaraq, skiflərə də öz adlarını verən 'qas' | 'xaz' tayfasının sonrakı nəslidir.

Qafqaz

Törənişinə görə 'qas' tayfa adı ilə əlaqədar olan sözlərdən biri də 'Qafqaz' ismidir.

'Qafqaz' sözü latınca yazılmış ilk mənbələrdə 'kavkasos' şəklində yazılmış və bu sözün törənişinə işarə edilməmişdir. Lakin qədim yunan tarixçilərindən Eratosfen 'Qafqaz' adı əvəzinə sadəcə 'Qaspios' (Kaspios) sözünü işlətmişdir. Buna görə də 'Qafqaz' sözünün ikinci hissəsinin 'qas' tayfa adı ilə bağlı olması haqqında doğru nəticəyə gəlmək üçün məhz buradan başlamaq daha əlverişlidir.

Bu sözün törənişindən bəhs edərkən son zamanlar belə ötəri bir fikir söylənilmiş: guya bu sözün birinci hissəsi slavyan dillərində olan 'ковать' ("döymək") sözü ilə bağlı imiş və bu sözün tayfa adını bildirən 'qas' | 'kas' sözü ilə birləşməsindən törəmiş olan 'Qafqaz' sözü "qasların metal döyən dağ ölkəsi" mənasını bildirən bir mürəkkəb söz kimi yaradılmışdır[23].

Bu mülahizədəki həqiqət bundan ibarətdir ki, burada da 'Qafqaz' sözü 'qas' tayfa adı ilə əlaqələndirilir. Lakin bu sözün birinci hissəsinin slavyanca 'ковать' sözü ilə əlaqələndirilməsi inandırıcı deyil və bu mülahizə sahibləri səhv edirlər. Səhv etdikləri özlərinin izahatında da aydın nəzərə çarpır. Çünki onlar 'qaf' sözündə 'ковать' mənası olduğunu söylədikləri halda, 'Qafqaz' sözündən "qasların metal döyən dağ ölkəsi" mənasını çıxarırlar. Burada belə bir sual verən hər kəs haqlı sayılmalıdır: əgər doğrudan da qas tayfasının adı 'Qafqaz' sözünün ikinci hissəsi ilə, "metal döyən" mənası bu sözün birinci hissəsi 'qaf' ilə əlaqədar isə, "dağ ölkəsi" mənası haradan alınır?

Belə görünür ki, 'Qafqaz' sözü əsas iki sözdən mürəkkəbdir və iki əsas anlayışı ifadə edir: "tayfa" və "məkan". Burada üçüncü bir söz ünsürü olmadığı kimi üçüncü bir anlayış da yoxdur.

'Qafqaz' sözünün "ağ qarlı" mənasına gələn bir ifadədən törədiyini iddia edənlər də olmuşdur[24]. Əslində bu mülahizə yafəs nəzəriyyəsinin nəticəsində söylənilmişdir və irəlidə nümayiş etdirəcəyimiz dəlillər bunun uydurma olduğunu göstərir.

'Qafqaz' ismi A. Bakıxanovun qeyd etdiyi kimi, tayfa adı olan 'qas' sözü ilə əfsanəvi bir dağ adı kimi şərq mənbələrində çox məşhur olan 'qaf' sözünün birləşməsi[25] nəticəsində gələn mürəkkəb bir sözdür. Əslində əfsanəvi bir dağ adı kimi işlənilən 'qaf' sözü "dağ" mənasına qədim farscada işlənilən 'qaufa'  (yeni farscada 'kuh' كوه) sözündən başqa bir şey deyildir. Buna görə də bəzi erməni tarixçiləri 'Qafqaz' əvəzinə 'qapkoh' yazmışlar ki,[26] bu da bəzi şərq mənbələrində də işlənilən 'Kuh-qaf' (كوه قاف) birləşməsinin başqa şəklidir; bu ifadə isə azəricədə 'Qaf dağı' tərzində işlənilmişdir.