Qardaş
Türk dillərində yazılmış ilk mənbələrdə 'qardaş' sözünün müxtəlif variantlarına rast gəlirik ki, bunların ən çox işlənilmiş növləri aşağıdakılardır: 'qağdaş', 'qadaş', 'qarındaş', 'qardaş'. Təqribən V—VI əsrlərdən türkdilli yazılı mənbələrdə bu sözün işlənilmiş olması onu göstərir ki, bu söz daha əvvəllər formalaşmışdır. Çox təəssüf ki, əvvəlki dövrlərdəki türk dillərini əks etdirən yazılı mənbələr hələlik əldə edilməmişdir. Buna görə də daha əvvəlki dövrlərdə bu sözün necə işlənilmiş olması bizə məlum deyil. Bu sözün şivələrdəki variantlarını da nəzərdən keçirdikdə, təqribən eyni mənzərə ilə qarşılaşırıq, yəni şivələrdə də həmin söz 'qədəş', 'qaqaş', 'qərdəş', 'qardaş' şəkillərində işlənir.
Bu sözün necə formalaşdığını aydınlaşdırmaq üçün təkcə belə variantların nəzərə alınması kifayət deyildir. Bununçün həmin sözün ilkin mənasının da nəzərə alınması zəruridir.
Müasir azəri dilində 'qardaş' sözü əsasən "bir anadan olan oğlanlar" məfhumunu ifadə edən bir sözdür.
Qeyd etmək lazımdır ki, bu söz "çox yaxın, qohum, dost olan şəxs" mənasına da işlənir, lakin belə məna ilkin deyil və əsasən sonralar məcazilik istiqamətində törəmiş mənalardandır.
İlk mənbələrdən belə məlum olur ki, 'qarındaş | qardaş' sözü təkcə "bir anadan olan oğlanlar" mənasında deyil, həm də "bir anadan olan qızlar" mənasına, daha doğrusu "cinsi fərq nəzərə alınmadan ümumən bir ananın övladları" mənasına işlənilmişdir. Bunu Dədə Qorqud dastanlarından aldığımız aşağıdakı cümlələrdə daha konkret halda müşahidə etmək olar:
1. «Bənim yeddi qız qarındaşım sorar olsam, sağmı, arğış?!»
2. «Beyrək baqdı, gördü kim, kiçi qız qarındaşı pinardan su almağa gəlür».
Burada belə bir cəhəti qeyd etmək lazımdır ki, ilk mənbələrdə 'qız qarındaş', ya 'qız qardaş' ifadələri işləndiyi halda, 'oğlan qarındaş' ifadəsinin işləndiyini göstərən heç bir mənbə hələlik bizə məlum deyildir.
Belə bir ifadənin işlənilməmiş olması bəlkə də 'oğlan' sözünün də ilk dövrlərdə ümumən "övlad" mənasına formalaşan bir söz olması ilə əlaqədardır. [Bəlkə də 'oğlan' sözü 'doğulan' sözündəndir ki, "övlad"' mənasına tam uyğundur.]
Bunu biz qədim türk dili abidələrindən aldığımız aşağıdakı cümlədə aydınca müşahidə edə bilərik: «Üzə kök təcri asra yağız yir qılıntuqda ekin ara kisi oğlı qılınmıs» (yəni: üstdə göy səma, aşağıda quru torpaq yarandıqda, ikisinin arasında insan övladı yaranmış[27]).
Bu cümlədəki 'kisi oğlı' ifadəsində 'kisi' (yəni "kişi") sözü ümumən "insan" mənasına, 'oğlı' sözü isə ümumən "övladı" mənasına işlənilmişdir. Hazırda isə bu sözlərdən birincisi — 'kisi' || 'kişi' sözü — insanların bir cinsini, yəni "erkək adam" mənasını ifadə edən söz kimi, ikincisi — 'oğul' sözü isə, övladların bir cinsini, yəni "erkək övlad" mənasını ifadə edən söz kimi işlənir. Buradan belə bir nəticəyə gəlmək olur ki, 'qarındaş' | 'qardaş' sözünün mənasında da belə bir dəyişiklik baş verrmişdir. Çox güman ki, ümumxalq azəri dilinin ilk formalaşma dövründə 'qardaş' sözü belə məhdud bir məna kəsbetmə ərəfəsində olduğundan və hələ 'bacı' sözü o qədər də yayılıb sabitləşmədiyindən, ilk mərhələdə 'oğlan qarındaş' ifadəsini yox, məhz 'qız qarındaş' ifadəsini işlətmək zəruri olmuşdur.
Buna görə də 'qardaş' sözünün törənişini aydınlaşdırarkən onun ilkin mənasını nəzərə almaq zəruridir. Doğrudan da 'qardaş' sözünün ilkin mənası ilə ilk mənbələrdə rastlaşdığımız yazılı variantlarından birini, daha doğrusu 'qarındaş' (قرنداش) şəklində yazılmış variantını tutuşdurduqda, bu sözün necə, hansı sözlərdən və hansı mənada törədiyini göstərən izlər nəzərə çarpır. Buna görə də müasir dildə işlənilən bəzi sözlər kimi 'qarındaş' sözünü də kök və şəkilçi halında iki hissəyə ayıra bilərik: 'qarın-daş'.
Müasir dildə "yolda birlikdə gedən" mənasına 'yoldaş', "məsləkcə bir olan" mənasına 'məsləkdaş', "sirri bir olanlar" mənasına 'sirdaş' kimi sözlərin də mənasını nəzərə aldıqda, belə nəticəyə gəlmək olur ki, 'qarındaş' sözü, daha doğrusu "bir qarından doğulanlar", "bir ananın övladları" mənasını ifadə etmək üçün müəyyən sözlər birləşməsindən formalaşmış bir kəlmədir. Buradan isə belə bir nəticə çıxarmaq olar ki, bu cür sözlərin formalaşması üçün istifadə olunan və müasir dildə artıq sözdüzəldici bir şəkilçi kimi tanınan 'daş' ünsürü "şəxslərin, ən azı iki şəxsin müəyyən bir sahədə şərik, ortaq, dost, əlbir, həmrəy olması" məfhumunu ifadə edici bir vahid kimi kökə bitişib yeni söz yaradır. Elə buna görə də 'daş' şəkilçisinin fonetik tərkibcə və qismən də mənaca oxşarlığı nəzərə alınaraq, hətta orta əsrlərdə farsca 'taş' sözündən olduğunu düşünmüşlər və belə sözlərdə 'daş' əvəzinə bəzən 'taş' (məsələn: 'qarıntaş' قرنتاش) yazılmasını da bu mülahizə ilə əlaqələndirməyə çalışmışlar. Əlbəttə, belə mülahizənin heç bir tarixi əsası yoxdur, çünki bu sözə Orxon-Yenisey abidələrində də rast gəlirik və o zaman şimal-şərqdə olan türkdilli xalqların dillərinə heç bir fars sözü keçə bilməzdi. Buna görə də güman etmək olar ki, türk dillərində işlənilən 'daş | taş' ünsürü orta əsrlərdə fars dilinə keçmiş və orada da həmin mənada bir köməkçi söz-şəkilçi kimi işlənilmişdir.
Bu şəkilçinin məzmununu diqqətlə izlədikdə aydın olur ki, əslində burada iki vahidin birləşməsi vardır: 'da' — 'ş'. Birinci ünsür məkan anlayışını ifadə edən bir şəkilçidir, daha doğrusu yerlik hal şəkilçisidir, ikinci ünsür isə ümumiyyətlə türk dillərində çox qədim zamanlardan "şəriklik, dostluq, yoldaşlıq" məfhumunu ifadə edən 'eş' sözünün əsas ünsürüdür. Buna görə də belə nəticə çıxarmaq olar ki, 'qardaş' sözü 'qarındaş' sözündən, bu isə 'qarın + da + eş', yəni "qarında ortaq, şərik olan şəxs" mənasına işlənilmiş ilkin ifadədən törəmiş bir sözdür. Hətta indi bu sözü hissələrə parçalamaq mümkün deyil və bu söz sadə sözlərdən sayılır; 'qarın' sözündən qalan 'qar' hissəsi və '-da' şəkilçisi ilə 'eş' sözünün birləşməsindən formalaşan 'daş' şəkilçisi bu sözün canlı, mənalı tərkib hissələri sayılmır. Buna görə də eyni əsasda formalaşmış 'daş' şəkilçisindən istifadə edərək 'yoldaş', 'vətəndaş', 'əməkdaş' sözlərini düzəldib işlədə bilsək də, belə sözləri düzəltmə sözlər kimi parçalaya bilsək də, 'qardaş' sözünü kök və şəkilçi kimi hissələrə ayıra bilmirik.
Deməli müasir azəri dilində işlənilən 'qardaş' sözü yerlik halında olan 'qarın-da' kəlməsi ilə "ortaq", "şərik" mənasını ifadə edən 'eş' kəlməsinin tərkibindən düzəlmiş və buna görə də, ilk dövrlər ümumi halda 'oğul qardaş', 'qız qardaş' ifadələrində olduğu kimi, bir anadan doğulanlar mənasına işlənilmişdir. Sonralar isə ancaq "bir anadan olan oğlanlar" mənasına 'qardaş' sözü, "bir anadan olan qızlar" mənasına isə 'bacı' sözü sabitləşmişdir.
(Товарищ). Yeri gəlmişkən, belə bir faktı da qeyd edək ki, 'eş' sözü təkcə 'daş' şəkilçisinin formalaşması üçün deyil, bir sıra başqa sözlərin də formalaşmasında istifadə olunmuşdur. Belə baxımdan müasir rus dilində çox geniş dairədə işlənilən 'товарищ' sözünün törənişini yada salmaq kifayətdir.