Выбрать главу

Rus dilində işlənilən 'товарищ' sözünün birinci hissəsi, yəni 'tovar' sözü qədimdən türk dillərində "mal”, "malikanə”, "əşya", hətta "qara mal" mənasına işlənilən 'tavar' | 'davar' sözündəndir; ikinci hissəsi, yəni 'iş' ünsürü türk dillərində qədimdən işlənilən 'eş' sözündəndir. Beləliklə aydın olur ki, bu sözlərin birləşməsi ilə "mal ortağı" mənasına işlənilmiş 'tovar + eş' ifadəsi tədricən müasir mənada rus dilindəki 'товарищ' sözü kimi formalaşmışdır[28].

(Oynaş). Müasir azəri dilində artıq mənfi bir mənada işlənilən 'oynaş' sözü də əslində "oyun yoldaşı" mənasına 'oyun' və 'eş' sözlərinin tərkibindən düzəldilmiş bir kəlmədir.

Bacanaq

Müasir azəri dilində qohumluq bildirmək üçün işlənilən sözlərdən biri də 'bacanaq' terminidir. Bu sözün mənası ilə birinci hissəsi arasında müəyyən yaxınlıq vardır. Belə ki, 'bacanaq' sözü "bacıların ərlərinin biri-birinə qohumluq münasibətini bildirən" termindir; yəni həmin kişilər bir-birini bacanaq kimi tanıyır, belə qohumluq isə onların arvadlarının bacı olmaları ilə əlaqədardır. Buna görə də heç bir çətinlik çəkmədən demək olar ki, 'bacanaq' sözünün birinci hissəsi 'bacı'-dır və bu sözün sonundakı 'ı' səsi dəyişikliyə uğramışdır. Bu dəyişikliyin mahiyyətini aydınlaşdırmaq üçün həmin sözün ikinci hissəsinin, yəni 'naq' yaxud 'anaq' ünsürünün hansı sözdən olduğunu tanımalıyıq.

(İnaq). Türk dillərində yazılmış mənbələri, bu dillərə dair lüğətləri diqqətlə nəzərdən keçirdikdə 'naq' ünsürünün izini də tapa bilirik. Belə zəngin mənbələrdən birisi də V. V. Radlovun "Türk ləhcələri sözlüyü təcrübəsi" adlanan çoxcildli lüğətidir. Bu lüğətdə cığatay dilində (yəni qədim özbək yazılı dilində) işlənilmiş olan 'inaq' sözünün mənaları haqqında verilmiş aşağıdakı məlumat diqqəti cəlb edir: "dost”, "yoldaş", "mötəbər şəxs", "məsləhətçi"[29].

Doğrudan da bu sözün həm quruluşunu, həm də mənalarını 'bacanaq' sözündə ifadə olunan məna ilə və bu sözün son hissəsindəki 'naq' ilə tutuşdurduqda qətiyyətlə belə bir nəticəyə gəlmək olur ki, 'bacanaq' sözünün ikinci hissəsini təşkil edən ünsür 'inaq' sözüdür və sonu 'ı' saiti ilə bitən 'bacı' sözünə 'ı' və ya 'i' saiti ilə başlanan 'inaq' | 'ınaq' sözü bitişdirildiyi üçün bu saitlərdən biri ixtisara düşmüş, qalan sait osmanlı türk dilində əslinə uyğun halda saxlanılmış (bax: Radlovun lüğəti, IV cild, 1523-cü səhifə, 'bacınaq'), azəri dilində isə ahəng qanununa tam uyğunlaşdırılaraq 'bacanaq' şəklində sabitləşdirilmişdir.

Deməli 'bacanaq' sözü ilk dövrlərdən "bacı dostu", "bacı yoldaşı", "bacılar vasitəsi ilə qohum" mənalarından birinə uyğun bir anlayışı ifadə etmək üçün ’bacı' və 'inaq' sözlərinin tərkibindən düzəldilmiş bir termindir.

Burada belə bir cəhəti də yada salmalıyıq ki, müasir azəri dilində işlənilən 'inanmaq' feili-məsdəri ilə və 'inam' ismi ilə 'inaq' sözü, çox güman ki, eyni kökdəndir; buna görə də 'inaq' sözü "mötəbər, inanılan şəxs" mənasına işlənilmişdir. Məhz belə bir mənada Dədə Qorqud dastanlarında "Qazan bəyin inağı" ifadəsində 'inaq' sözü işlənilmişdir. Bu söz orta əsrlərdə cığatay dilində, monqol dilində və ümumiyyətlə Orta Asiyada "vəzir", "bəy", "rəis" və b.  k. inzibati-hərbi titullar kimi də işlənilmişdir[30].

Hoqqa

Müasir azəri dilində həm fonetik tərkibinə görə, həm də məna çalarlığına görə diqqəti cəlb edən sözlərdən biri də 'hoqqa'-dır.

Bu söz məqamından asılı olaraq "qayda", "qanun", "üsul", "oyun", hətta bəzən də "kələk" mənasında işlənir.

Mənaların doğuluşu və qohumluğu nöqteyi-nəzərindən yanaşdıqda, burada heç bir təəccüblü şey olmadığı aydınlaşır. Çünki insanların məişəti ilə əlaqədar olaraq əmələ gələn bir sıra hadisələr, hərəkətlər, məişət qaydaları qəbilə, tayfa daxilində bəzən dini ayin şəklini alır, bir müddət keçəndən sonra bu ayin bir oyuna və ya tayfa arasında bir adətə, ya da ənənəyə çevrilmiş olur. Buna görə də bu hadisələri bildirən sözlərin mənasında da belə inkişaf özünü göstərir (qanun → ayin → oyun). Belə məna inkişafını 'hoqqa' sözündə deyil, fars dilində işlənən 'baz' (باز) sözündə də aydın surətdə müşahidə etmək mümkündür.

(Hoqqabaz). Burada 'baz' sözünü nəzərdən keçirməyi bir də ona görə lazım bildik ki, bəziləri 'hoqqa' sözünü farsca zənn edir və öz iddialarını sübut etmək üçün 'hoqqabaz' (حقه باز) sözünü misal gətirirlər. Halbuki, bu adamlar ən kiçik bir cib lüğətini açıb baxsalar görərlər ki, 'baz' (باز), 'bazi' (بازى) "oyun" deməkdir. Deməli fars dilində eyni mənaya həm 'baz', həm də 'hoqqa' sözü işlənilir. İndiki dillərdə belə hallar ola bilər, lakin əvvəldə belə olmammş; bu sözlərdən biri bir tayfanın, digəri isə başqa tayfanın olmuşdur. Məhz 'hoqqa' sözü də fars dilinin öz sözü deyil, onun qonşuluğunda yaşamış olan Elam tayfasın dilində əsasən "qanun" mənasına işlənilmiş 'huqqu' sözünün müasir şəklidir. Bu söz Elam dilində olan mixi yazılarda "ayin", "qanun" mənalarında dəfələrlə işlənilmişdir. Məs., 'batur huqqu' ifadəsi "qanun üzrə" mənasında, 'haduq huqqu' ifadəsi isə "ayin kitabı" və yaxud "qanun kitabı" mənasına işlənilmişdir. Buradan tamamilə aydın olur ki, bu söz fars dilindən deyil, Elam dilindən dilimizə keçmiş bir sözdür və fars dilindən asılı olmadan müxtəlif məna çalarlığında indi də işlənir. Bəzən belə ola bilər ki, indiki bir dildə bir çox sinonim sözlər işlənilsin, lakin bu sinonimlərin bəzisi həmin xalqın təşəkkülündə iştirak edən bir qəbilənin, bir tayfanın dilinə mənsub olduğu kimi, bəzisi də tamamilə başqa bir xalqın dilinə mənsub olur. Hər iki halda əslən müxtəlif dillərə mənsub və eyni mənaya malik olmaqla bir dildə işlənən belə sözlər, hər dilin daxilində çox vaxt mənaca dəyişməli, azacıq da olsa fərqli mənalarda işlədilməli olur. Bəzən belə cinas sözlər birləşir və əvvəlki mənaya yaxın olan yeni bir məna bildirən mürəkkəb bir söz əmələ gətirir. Bela qovuşuq (hibrid) sözlər dilimizdə az deyildir. Eyni mənaya malik olan 'yığ' və ərəbcə 'cəm' (جمع) sözlərinin qovuşmasından 'yığcam' sözünün; 'uzun' sözü ilə farsca 'draz' (دراز) sözünün qovuşmasından 'uzundraz' sözünün düzəldiyini kim inkar edə bilər?

Məhz belə bir qovuşma nəticəsində farscada 'hoqqabaz' sözü törədiyi kimi, azəri dilində də 'oyunbaz' sözü yaranmışdır. Fikrimizcə 'oyunbaz' nə isə, 'hoqqabaz' da odur; birincisi, yəni 'oyunbaz' sözü türk dillərinin çoxunda işlənilən 'oyun' sözü ilə eyni mənaya yeni fars dilində işlənən 'baz' sözünün qovuşmasından, ikincisi, yəni 'hoqqabaz' Elam sözü 'hoqqa' ilə eyni mənaya işlənən farsi 'baz' sözünün qovuşmasından əmələ gəlmişdir.

Manat

Müasir azəri dilində geniş dairədə işlənilən və qədim azərilərlə, daha doğrusu midiyalılarla əlaqədar izi saxlayan sözlərdən biri da 'manat'-dır. Bu söz indi həm şərq dillərində, həm də qərb dillərində müxtəlif fonetik variantlarda işlənir. Bu isə məhz bu sözün çox qədim zamandan yayılmış olduğuna dəlalət edir. Axtarış nəticəsində məlum olmuşdur ki, 'monat' sözü Bistun qayalarında yazılmış mixi yazıların ikinci qolunda, yəni Elam dilindəki yazılarda "vergi”, "xərac" mənasını ifadə edən bir ictimai termin kimi işlənilmişdir. Bunu aşağıdakı cümlədə daha konkret halda görə bilirik: