Aparıcı müsəlman ölkələrinin Fələstin məsələsi, Kəşmir problemi, Dağlıq Qarabağ münaqişəsi, son Qətər, Myanma və İraqdakı kürd böhranları ilə bağlı göstərdikləri dəstək islam həmrəyliyinə dair müsbət nümunə kimi göstərilə bilər. Lakin bu məsələlərin heç biri hələ də öz həllini tapmayıb. Bunun əsas səbəblərindən biri, ən başlıcası isə real islam həmrəyliyi modelinin tapılmamasındadır. İslam ölkələri real birliyə nail ola bilmir, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərarları deklarativ xarakter daşıyır. İslam ölkələri isə öz aralarındakı ziddiyyətlərdən xilas ola bilmirlər. Çox vaxt bu ziddiyyətlər heç bir ciddi əsasa söykənmir, daha çox dünyanı idarə etmək istəyən beynəlxalq güc mərkəzləri tərəfindən süni şəkildə yaradılır. Müsəlman dövlətləri isə bu ziddiyyətlərin girovuna çevrilirlər. Bu gün üçün aktual olan Suriya məsələsini misal gətirə bilərik. Aparıcı müsəlman ölkələri prosesin əvvəlində əks qütblərdə dayandılar. Əslində lap əvvəldən mövqelərini uzlaşdıra bilərdilər. Bu uzlaşdırma prosesi, təəssüf çox gec başladı, amma artıq öz müsbət nəticələrini verməkdədir. İraqda kürd separatçılarının qondarma “müstəqillik” oyunlarının qarşısını almaq üçün də islam həmrəyliyi həlledici rol oynayır.
Biz başa düşürük ki, dünyanı sərt şəkildə xristian və müsəlman düşərgələrinə bölmək olmaz. Bu, dünyanın özünü fəlakətə apara bilər. Biz bunu istəmirik, amma Qərb ideoloqları bu bölgünü artıq aparıb, liberalizm (oxu: xristianizm) və islam arasında ziddiyyətləri əsas mübarizə meydanı elan edib, “islam terrorizmi”nə qarşı mübarizə adı altında yeni səlib yürüşünə başlayıblar. Bu Qərb ideoloqları və siyasətçilərinin çox böyük yanlışlığıdır və yaxşı bir nəticəyə gətirib çıxarmayacaqdır. Biz bu qarşıdurmanın tərəfdarı deyilik, amma bu yürüşün qarşısında dayana bilmək üçün islam dünyasının güc mərkəzinə çevrilməsi vacibdir. Güc mərkəzinin formalaşması üçün isə bir və ya bir neçə lider ölkənin qəbul olunması vacib şərtdir. Hər bir ölkə bir və ya bir neçə ölkənin ətrafında birləşməyi ümumi maraqlar naminə özünə borc bilməlidir. Lider ölkə üçün əsas şərt siyasi, hərbi, iqtisadi güc və bir də müstəqil siyasət aparmaq göstəricisi olmalıdır. Xristian dünyası ABŞ, Almaniya və Rusiyanın bu liderliyini xoş, naxoş qəbul edir. Yerdə qalan dünya da onlara baxıb bu liderlərlə hesablaşmaq zorunda qalır. İslam dünyasında liderliyə Türkiyə, İran, Pakistan, İndoneziyanın parametrləri uyğun gəlir. Azərbaycan və Qazaxıstan da islam güc mərkəzinin yaranmasına ciddi töhfə verə bilərlər.
İslam dünyası özünün güc mərkəzinin formalaşmasına doğru getməli və paralel olaraq bu günkü vəziyyətində də bir çox problemlərin həllində öz iradəsini ortaya qoymalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı islam ölkələrinin ciddi və konkret dəstəyinə ehtiyac vardır. Bu günə qədər aparılan vasitəçilik missiyası heç bir nəticə vermədi. Çünki bu vasitəçilik xristian dövlətləri tərəfindən həyata keçirilib. Bu cür vasitəçilik missiyası bundan sonra da nəticə verməyəcək. Xristian dövlətləri münaqişənin ədalətli həllinə deyil, Ermənistanın istəklərinə uyğun “həlli”nə çaılışırlar. Bu, bir reallıqdır. Bu vəziyyətdən yeganə çıxış yolu müsəlman ölkələrinin real və konkret dəstəyi ola bilər. Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq, on ilə yaxındır ki, bu istiqamətdə təbliğat aparırıq. Türkiyə, Pakistan, Əfqanıstan, İndoneziya, Özbəkistan münaqişənin əvvəlindən işğalçı Ermənistana qarşı sərt mövqe tutublar. İran, Səudiyyə Ərəbistanı, Qazaxıstan müəyyən çərçivələr daxilində münaqişənin ədalətli həllinə çalışıblar. Digər müsəlman ölkələri də vaxtaşırı dəstəklərini verirlər. Lakin bunlar hələ ki öz effektiv nəticəsini verməyib. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hesab edirik ki, əvvəla, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xüsusi toplantısını keçirməli, işğalçı Ermənistana qarşı diplomatik, iqtisadi, mədəni və digər sahələri ehtiva edən sanksiyalara dair qətnamə qəbul etməlidir. Hər bir müsəlman ölkəsi bu qətnamənin tələblərinə birmənalı şəkildə əməl etməlidir. İkincisi, hər bir müsəlman ölkəsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycana siyasi və hərbi dəstək verməyə hazır olduğunu bildirməli və mövqeyindən geri çəkilməməlidir. Üçüncüsü, hər bir müsəlman ölkəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər geniş şəkildə təbliğ olunmalı, müsbət ictimai rəy yaradılmalıdır. Biz Qərb ölkələrinin ədalətli mövqe tutacağına, Rusiyanın insafa gələcəyinə inanmırıq. Biz öz gücümüzə torpaqlarımızı işğaldan azad edə bilərik. Lakin Qərbin və Rusiyanın himayə etdiyi Ermənistana qarşı dəstəyə ehtiyacımız vardır. Bu dəstək isə yalnız islam ölkələrindən gələ bilər və inanırıq ki, bu dəstək hökmən gələcək.
Asya Əhmədova
Gözü yolda qalan kəndim
Mən uşaq olanda bizim bir kəndimiz vardı...
Uca dağları, gur şəlalələri olmasada,təpəsinə çıxanda ta Arazın o tayınacan ayaqların altında qalan dovşangüllü, dağçiçəyili, laləli, barbarislı hündür dərələri, süpürgəli, yovşanlı, çobanyatığılıalçaq təpələri, Kumqayası, Sarıtəpəsi, Yazidüzü, qırağ arxı, dəyirman arxı, qobusu, şirəsi, bol sulu Həkərsi və birdə kəndimizin olmazsa olmazı Günbəzi vardı. O hündür dərələrin ən hündür yerində bir sürüşkən daş vardı. Ən bahalı atraksionlar belə onu əvəz edə bilməzdi. Uşaq ayağı ilə nəfəsimiz kəsilə-kəsilə o daşın yanına qalxanda sevincdən uçardıq. Oynayıb, əylənib yorulanda dərənin dibindəki dərin çaylaqlardan qumlu saqqız yığa-yığa dönərdik evə...
O alçaq təpələrin alçaq yerində bir Xınadaşı vardı- lap Qaval daşı boyda. O daşın üstündə oturub əllərimizə xına yaxa-yaxa, evcik oynaya-oynaya böyüyərdik. Eləki, biraz böyüdük qırağ arxda palaz yuyar, kollardan böyürtkən dərər, Həkərinin şirin sulsrında acı qıcı yığardıq...
Mən uşaq olanda bizim bir evimiz vardı...
Günbəzdən biraz yuxarıda, çay daşlarından tikilmiş, üzü gündoğana, geniş həyətli, al-əlvan çiçəkli, bağ-bostanlı evimiz. Eyvanına gün döyərdi səhər açılanda. Hələ yazbaşı, meh əsəndə iydə çiçəyinin ətri qızılgül ətrinə qarışar, butnumuzu dalayardı.
Mən uşaq olanda bizim bir bağımız vardı...
Gul qoxulu, iydə ətirli bağımız. Heyvalı, narlı, ərikli, şaftalılı, fındıqlı bağımız. Gilənar ağacları ilə dövrələnmiş, tut ağaclarıyla sıralanmış bağımız. Çox sevərdim tutu. Yetişəndən savılanacan düşməzdim başından. “Tut ağacım, tut ağacım, de köksünə neçə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm”. Bir də gilas ağacı – Krım gilas deyərdik ona. Mən o ağacı çox sevərdim. Bəlkədə inandırıcı deyil, bir vaxtlar camaat ev-eşiyi üçün ağlayanda mən o ağac üçün ağlamışdım... Bağımızda ağac çox idi, hər şey vardı, alçadan başqa. Alça Dədəmgildəydi.
Mən uşaq olanda Dədəmgil vardı...
Hər gün Dədəmgilə gedərdik. Çox uzaq deyildi Günbəzin düz yanında, yolun qırağında. İkimərtəbəli evin eyvanından əl atıb alma dərər, iki diş vurub bir-birimizə atardıq. Elə alçanıda dədəmgildə yeyərdik. Çiçəyi töküləndən yetişənəcən ağacdan əl çəkməzdik. Cibimizə duz doldurub oturardıq ağacın başında, dişlərimiz qamaşanacan aşağı düşməzdik. Arada nənəmin səsi gələrdi “Ay bala qoyun yetişsin sonra yeyərsiz, onsuzda hamısını siz yeyirsiz... ” biz də gülə-gülə cavab verirdik ki, “Ay nənə özün deyirsənki, hamısını biz yeyirik, səninçün nə fərqi”. Beləcə yazda alça, yayda alma, payızda nar yeməkdən doymazdıq.
Dədəmgilin bağlı-bağatlı həyətində bir guşə də vardı. Çiçəklərlə əhatələnmiş, nanə döşəməli, qızılgül ətirli bir bağça və bu bağçanın ortasında bir su quyusu. Suyu bumbuz. Qaçmaqdan, oynamaqdan yorulanda ağzımızı “şlanka” dirəyib dişlərimiz üşüyənəcən içərdik.
Məhlə uşaqları yığışıb ortada qaldı, yeddi şüşə, beşdaş və daha nə oyunlar oynayardıq... Nə günlər idi... Yox elə bilməyin ki, biz günlərimizi yeməklə, oynamaqla keçirərdik. Dərs də oxuyurduq, ev işlərinə də kömək edirdik - quzu otarırdiq, toyuqlara dən verirdik, tütün əkirdik, tütün yığırdıq, su daşıyırdiq, həyət süpürürdük və daha nələr, nələr. Hər şeyə də vaxt çatırdı. Bir də axı mən uşaq olanda günlər uzun idi.
Amma, mən uşaq olanda bu kəndi heç bəyənməzdim. Meşəsı, dağı, şəlaləsi yoxdu, işləri çoxdu deyərdim kəndimizin. Tez böyüyüb şəhərə getmək istəyərdim.
...Və bir gün fələyin çərxi döndü, böyüklü-kiçikli hamımız şəhərli olduq... O mahnıdakı kimi, “Öz qoynuna aldı bizi, bu buruqlar şəhəri”. Üzümüzdə təbəssüm dondu, ağzımızın dadı qaçdı... Daha uşaq deyildik, bir gündə böyümüşdük sanki. Uşaqlığımız xatirələrimizə qarışıb kənddə qalmışdı. Daha oyun oynamırdıq, indi oyunu həyat bizə oynayırdı. Kəndləri şəhərlər, evləri yataqxanalar, həyətləri küçələr əvəz edirdi. “Sən ey uşaqlıq, sən bizdən uzaq düşdün artıq, de səni yellər apardı, ya soyuq əllər apardı”. İndi həyat başqa idi. Indi kənd uşağı sözünü “opşijitel uşağı”, “qaşqın uşağı”sözü əvəz edirdi. İndi yataqxanalarda böyüyürdü uşaqlar. “Görmədik biz gül dəstəsi, görmədik biz oyuncaq”- bax bu isə əsl qaşqın uşağının həyatı idi. İndi nağıllar “biri vardı, beşi yox” deyə başlayırdı.
... Əslində hər şey çoxdan başlamışdı. Lakin, 1993-cü ilin avqustunda vəziyyət daha da ciddiləşdi. Amma təəssüfki, o vaxtlar mən kənddə deyildim. Ali məktəbə qəbul imtahanı üçün mayın sonlarında Bakiya gəlmiş, lakin imtahanların vaxtı uzadıldığı üçün geri dönə bilməmişdim. Şəhərə üz tutanda hardan biləydimki, birdə heçvaxt bu kəndə dönə bilməyəcəm. Və hardan biləydim ki, vaxt gələcək doğma kəndimə 25 illik həsrətimi ovutmaq üçün yaxınlarımın göz yaşları ilə anlatdıqları kəndin son günlərindən bəhs edən ağrılı-acılı heykayələri yazmaqla təsəlli tapacağam.