Zeynəddin Şabanov
GENOSİD BƏŞƏRİ CİNAYƏT KİMİ
İnkişaf edən cəmiyyətdə heç də həmişə tərəqqipərvər hadisə və proseslər baş vermir. Çox təəssüf ki, insanlar daşıdıqları nəcib keyfiyyətlərdən uzaqlaşaraq cəmiyyətə sarsıdıcı zərbələr vururlar. Şəhərlər, kəndlər dağıdılır, mədəniyyət abidələri məhv edilir, ölkələr viran qalır, insanlar öldürülür. Bütün bunların təməlində maraqlar, mənafelər, ayrı-seçkilik, dözümsüzlük durur. Ən dəhşətlisi və faciəlisi isə xalqların, insan qruplarının kütləvi şəkildə məhv edilməsidir ki, bunu genosid adlandırırlar.
Genosidə münasibət birmənalı olmamış, mənbələrdə müxtəlif yanaşmaların şahidi oluruq. 1944-cü ilə qədər “soyqırım” anlayışı ictimaiyyətə bəlli olmamışdır. Bu xüsusi termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə ABŞ-ın Müdafiə Nazirliyində müşavir vəzifəsində çalışan yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin Vaşinqtonda nəşr etdiyi “İşğal olunmuş Avropada faşist idarəetməsi” kitabında yəhudilərin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində genos – «nəsil, kök, soy» sözü ilə latın dilindən caedo – «öldürürəm» sözlərinin birləşməsindən «genosid» (soyqırımı) terminini təklif etdi.O yazır: “Kütləvi qətl hər hansı bir fenomen üçün adekvat ola bilərmi? Biz hesab edirik ki, xeyr. Əgər o, cinayətin motivi ilə uyğunlaşmırsa, xüsusən də motiv irqi, milli və ya dini zəmindən irəli gəlirsə, bu, adekvat hesab oluna bilməz. Bir millətin, habelə onun mədəni simasının məhvinə yönələn hərəkətlər indiyə qədər xüsusiləşdirilərək adlandırılmışdır. Əgər qeyd edilən hərəkətlər bioloji məhvlə uyğunlaşmırsa, adekvat görünmür. Digər mənada bu anlayış, əsasən, vətəndaşlıqdan məhrum etməni xarakterizə etmək, onu ifadə etmək üçün istifadə olunur. Bir çox müəlliflər ümumi anlayışdan istifadə etmək əvəzinə, irqlərin və millətlərin məhv edilməsini onların yalnız bəzi funksional cəhəti ilə uyğunlaşan anlayışlarla adlandırmağa üstünlük verirlər”. (Raphael Lemkin. Genocide. American Scholar, Volume 15, no. 2, April 1946, p. 227-230). Hüquqi konsepsiya olaraq “soyqırımı” termini təklif edən Lemkin onu belə əsaslandırırdı ki, soyqırımı – müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsidir (Nizami Səfərov, Adil Vəliyev. Azərbaycan xalqına qarşı aparılan soyqırım cinayətinə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi zamanın hökmüdür. Xalq qəzeti, 2017).
Ümumiyyətlə, genosid etnik, dini, irqi, milli qrupun dövlət yaxud başqa qrup tərəfindən tam yaxud qismən məhv edilməsidir. Belə ki, tədqiqatçıların fikrincə, qruplara müxtəlif üsullarla zərbələr vurula bilər. Bu fərqlərə görə, insanların qətlinə yönəlmiş siyasətləri genosid, demosid, ekosid, ekonosid, politisid, gendersid, onnosid və s. adlandırırlar. Bir qrupun məhv edilməsi genosid adlanırsa, bir xalqın məhvi demosid, insanların yaşam tərzini ağırlaşdırmaqla, iqtisadiyyatına zərbə vurmaqla onları məhvə sürükləmək ekonosid, suyu, havanı, torpağı çirkləndirməklə yavaş-yavaş məhv etmək ekosid, ideoloji və siyasi maraqlara görə görə deportasiyalar, repressiyalar politisid, qadınların strelizə edilməsi, doğumların qarşısının alınması, uşaqların bir cinsdən digərinə keçirilməsi gendersid adlandırılır. Onnosid isə bütünlükdə cəmiyyətin məhvinə yönəlmiş hərəkətlərdir. Bu barədə həm Qərb mənbələrində, həm də Azərbaycan mənbələrində (Natiq Abdullayev, Şahin Rüstəmov, Rəna Mirzəzadə) maraqlı fikirlər öz ifadəsini tapmışdır. Təəssüf ki, müasirləşən yeniləşən, humanistləşən dünyada hələ də genosid, terror aktları törədilməkdədir. XX əsrin əvvəllərində Azərbaycan ərazisində Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Naxçıvanda, əsrin sonunda Xocalıda, Ağdabanda, beynəlxalq aləmdə, keçmiş Yuqoslaviyada, ərəb dünyasında, Myanmada müsəlmanlara qarşı həyata keçirilən genosid aktlarına mədəni və sivil cəmiyyətlər tərəfindən hələ də lazımi qiymət verilməyib.
"Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya (SCQACK)1948-ci ilin 9 dekabrında BMT Baş Assambleyasında qəbul olunmuş və 1951-ci il 12 yanvarda (Qətnamə 260(III)) qüvvəyə minmişdir. 20 ölkə üzv olduqdan sonra Konvensiya qüvvəyə minmiş və 1951-ci il 12 yanvarda beynəlxalq hüquqi qüvvəsi aldı. Buna baxmayaraq, həmin dövrdə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən yalnız 2-si razılaşmaya (Fransa və Çin Respublikası (Tayvan)) tərəfdar olduğundan 40 il Konvensiya tam gücü ilə fəaliyyət göstərə bilməmişdir. SCQACK Sovet İttifaqı tərəfindən 1954-cü ildə, Birləşmiş Krallıq tərəfindən 1970-ci ildə, Çin Xalq Respublikası tərəfindən 1983-cü ildə (1971-ci ildə Tayvan Çin Respublikasını BMT TŞ-də əvəz etmişdir) və Birləşmiş Ştatlar tərəfindən 1988-ci ildə ratifikasiya edilmişdir. Buna görə də soyqırım cinayəti üzrə beynəlxalq hüquq yalnız 1990-cı illərdə işə düşmüşdür (R.Mirzəzadə. Soyqırım və genosid cinayətinə beynəlxalq hüquqi və siyasi baxış).
N. Rozanski qeyd edir ki, SCQACK siyasi qrupların məhvini nəzərdə tutmur, çünki bu məsələ vaxtilə Stalinin təzyiqi ilə mətndən çıxarılmışdır. Lakin 1946-cı il 11 dekabr tarixli Birləşmiş Millətlər Baş Assambleyasında yekdilliklə qəbul edilən "irqi, dini, siyasi və digər qrupların qismən və ya tamamilə məhv edilməsi" ni qadağan edən 96 saylı Qətnaməsi BMT-nin orijinal qərarı siyasi razılıq olan SCQACK-nın qərarından daha legitimdir.
Azərbaycan Respublikasının Milli Məclisi 1996-cı il mayın 31-də "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya qoşulmaq haqqında qanun qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 və 104-cü maddələri soyqırımı və ona təhrik etməni qadağan edir.
ABŞ alimi Adam Cons özünün "Genosid: ətraflı giriş" kitabında izah edir ki, tarix boyu insanlar başqa qrupları, xalqları yad, özgə kimi görüblər. Buna görə də onlara qarşı ikrah hissi oyanıb. A.Cons kitabda genosid haqqında ətraflı biliklər ortaya qoyur. Frenk Çok və Kurt Conasson isə "Genosidin tarixi və sosiologiyası" əsərində genosidin səbəbləri və tarixdə baş vermiş genosid aktlarını təhlil etmişlər, fərqli baxışlar sərgiləmişlər. Onlar genosidin səbəbini maraq və mənafelərdə axtarırlar.
Devid Stannard özünün "Amerika holokostu" əsərində yazır ki, 1490-cı ildən Xristofor Kolumb Amerikaya ayaq basandan Qərb yarımkürəsinin yerli əhalisi birbaşa səbəb kimi əsasən xəstəliklərə görə azalaraq 100 milyondan 1,8 milyona düşmüşdür. Yalnız Braziliyada yerli əhali kolumbaqədərki dövrdə olan 3 milyon nəfərdən 300 min nəfərədək azalmışdır. Onun fikrincə, Amerikanın yerli əhalisinin məhvi avropalılar və onların varisləri tərəfindən "soyqırım zənciri"ndə dünya tarixinin ən kütləvi soyqırım aktıdır(wikipedia.org/wiki).
R.C.Rammel də 1997-ci ildə çap olunmuş "Demosid statistikaları: 1900-cü ildən bəri genosid və kütləvi qətllər" kitabında bir sıra ölkələrdə həyata keçirilən genosid aktları haqqında məlumat verir. Onun yazdığına görə, 1870-ci ildə Argentina hökuməti minlərlə insanın qətlinə səbəb olan soyqırım həyata keçirmişdir. Həmin kitabda bildirilir ki, Avstraliyada 19-cu əsrin əvvəllərində indiki Tasmaniya adasında Britaniya kolonistləri ilə Tasmaniya yerliləri arasında Qara Müharibə olmuşdur. Xəstəliklər və digər faktlarla birlikdə konflikt Tasmaniyanın yerli əhalisinə dağıdıcı təsir etmiş və Tasmaniyanın aborigen əhalisi tamamilə qırılmışdır (Leo Kuper. Genocide. Its Political Use in the Twentieth Century. New Haven, Yale University Press, 1981).
Dünyada özünü mədəni millət kimi tanıdan fransızların da “əli az qana batmayıb”. Belə ki, Francada dəhşətli dini və məzhəb ayrı-seçkiliyi əsasında həyata keçirilən “Varfolomey gecəsi"nin qurbanlarının sayı barədə də müxtəlif fikirlər vardır. Bu dəhşətli hadisə 1572-ci il avqustun 24-ü gecə baş versə də bir həftə davam etmişdir. Belə hesab edilir ki, paytaxt Parisdə təqribən üç min, bütün Fransada isə 50 min arasında protestant qətl edilmişdir. Taleyin istehzasına bax ki, həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma Papası bu faciəni alqışlamış, atəşfəşanlıq keçirilmiş və medal təsis edilməsini əmr etmişdir. Yalnız 425 il keçdikdən sonra, yəni 1997-ci ildə Roma Papası rəsmi şəkildə Varfolomey qətliamını qınamışdır.
1986-cı ildə Reynald Seşer "Fransız genosidi: Vandeya" adlı kitabında dövründə antiklerikal Fransa hökuməti əleyhinə daha çox katolik üsyanı kimi tanınan zamanı (1793-1796) Fransa respublika hökumətinin fəaliyyətini ilk müasir soyqırım adlandırmışdı.
Kaliforniya Universitetindən Timoti Taket qeyd edir ki, Vandeya, tərəflərin hər ikisinin – faktiki üsyançıların özlərinin təşəbbüsü ilə törədilmiş sonsuz dəhşətlərlə dolu faciəvi vətəndaş müharibəsi idi. Pyer Şoun isə bunu "ideoloji soyqırım" adlandırmışdır. Soyqırım öyrənilməsi sahəsində ixtisaslaşmış tarixçi Mark Leven Vandeyanı "müasir soyqırımların arxetipi" hesab edir. Digər alimlərdən Frenk Çok, Kurt Conasson, R.C.Rammel, Jan Tulard və Entoni Ceyms Vandeyadakı bu kütləvi qırğını soyqırım hesab edirlər.
Fransız tədqiqatçısı Stefan Kurtua 1795-ci il hadisələrini Vandeya əhalisinə qarşı demosid adlandırıdı. Seşer isə -ci ildə çap olunmuş "Yəhudilər və vandeyalılar: bir genosiddən digərinə" nəşrində royalist vandeyalıların taleyini nasist Almaniyasındakı yəhudilərin taleyi ilə müqayisə etmişdir. Fransanın 1954-1962-ci illərdə Əlcəzairdə həyata keçirdiyi qətliamda isə ölənlərin sayının 1 milyondan çox olduğunu qaeyd edirlər. 1904-07-ci illərdə Cənub-Qərbi Afrikada Herero və Namaqua (indiki Namibiya) soyqırımı dövlət tərəfindən təşkil olunmuş ilk soyqırım idi. Herero həmçinin 20-ci əsrdə soyqırıma məruz qalan ilk etnik qrup olub. Alman generalı Lotar fon Trotanın başçılıq etdiyi ordu hissələri bütün Herero əhalisinin 80%-i, Nama əhalisinin isə 50%-i öldürmüşdür. Ümumilikdə 10.000 nama ilə birlikdə 24 mindən 100 minədək herero həlak olmuşdur(wikipedia.org/wiki).