Выбрать главу

 Kəlməyi-şəhadətdəki bu son sözlər ən vacib sözlər idi, çünki şiələri sünni məzhəb mənsublarından ayıran da bu sözlər idi. Molla bizə söyləyirdi ki, əgər sünni qardaşlar doğru yoldan ayrılmış olsalar da, yenə cənab-i Allahın sünnilərə qarşı mərhəmətini onların üzərindən çəkməmişdir. Mollamız çox geniş fikirli adam idi.

 Tarix müəllimimiz isə son dərəcə dar düşüncəli bir adam idi. Mən imtahan biletini götürdüm. Biletdəki, sualı oxudum, kefim pozuldu. Sual isə belə idi: “Mədətovun Gəncədə qələbəsi”. Bu sual mənə düşmüş olduğu üçün müəllimin keyfi pozulmuşdu. Gəncə yaxınlığındakı döyüşdə ruslar, Bakıda knyaz Sisianişvilinin başını kəsən Hüseynqulu xana kömək eyləmiş olan babam görkəmli cəngavər İbrahim xan Şirvanşirə hücum edərək onu xaincəsinə öldürmüşlərdi.

 - Şirvanşir, siz hüququnuzdan istifadə edib, istəsəniz imtahan biletini dəyişə bilərsiniz” - deyə tarix məllimi dilləndi.

 Müəllimin sözləri yumşaq səslənirdi. Mən üzərlərinə tarixə aid suallar yazılıb bükülmüş kiçicik imtahan biletləri ilə dolu olan kasaya şübhə ilə baxdım. Hər bir tələbə götürdüyü imtahan biletini ancaq bir dəfə dəyişmək hüququna malik idi. Belə halda tələbə ən yüksək qiymət almaq imkanından məhrum olurdu. Mən də imtahan biletini dəyişdirərək talehimlə oynamaq istəmirdim. Heç olmasa babamın Gəncə yaxınlığındakı döyüşdə necə həlak olduğundan xəbərim var idi. Halbuki qabağımdakı kasada Prussiya hökmdarı Fridrix Vilhelmə və ya Amerika vətəndaş müharibəsinin səbəblərinə dair müəmmalı suallar var idi. Bu sualların cavablarından kim baş çıxarda bilərdi?

 İmtahan biletimin dəyişdirməyəcəyimi bir işarə ilə müəllimə bildirib: “Çox sağ olun, mən öz imtahan biletimə cavab verəcəyəm” dedim.

 Ondan sonra isə, bacardığım qədər nəzakət çərçivəsindən çıxmayaraq, rusları Azərbaycandan qovmaq üçün İran şahzadəsi Abbas Mirzənin qırx minlik ordu ilə Təbrizdən yola düşməsindən, milliyətcə erməni olan Çar generalı Valerian Mədətovun beş minlik ordu ilə Gəncədə necə qarşılandığından, toplardan iranlılara atəş açmağı əmr etməsindən, həyatlarında top səsi eşitməmiş İranlıları necə top atəşinə tutduqlarından şahzadə Abbas Mirzənin də atdan yıxılıb sürünə-sürünə gedib bir xəndəkdə sığındığından, İran ordusunun pərən-pərən olmasından və İbrahim xan Şirvanşirin bir dəstə cəngavərlə çayı keçmək istəyərkən əsir alınıb güllələndiyindən danışdım. Sözümə yekun vurub dedim ki, “Bu qələbə qoşunların cəsarətindən çox, Mədətovun toplarının texniki üstünlüyü sayəsində əldə edildi. Rusların qələbəsi nəticəsində Türkmənçay sülh müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən iranlılar ruslara xərac verməli oldular və xərac-üzündən də beş vilayət xarabalığa çevrildi”.

 İşlətdiyim son cümlələr məni “yaxşı” qiymətindən məhrum etdi. Çünki “yaxşı” qiymətini almaq üçün gərək deyəydimki, “Qələbə rusların göstərdikləri böyük cəsarət sayəsində qazanıldı: bu cəsarətlə Ruslar özlərindən sayca səkkiz dəfə və daha çox olan İran ordusunu qaçmağa məcbur etdilər. Qələbənin nəticəsində isə Türkmənçay sülh müqaviləsi bağlandı və müqavilə sayəsində İran qərb mədəniyyəti və qərb bazarları ilə təmas qurmaq fürsətini ələ keçirə bildi.

 Veriləcək qiymət məni heç maraqlandırmırdı. Çünki ulu babamın şərəfindən söz düşəndə mənim üçün “yaxşı” və “kafi” qiymətləri arasında heç bir fərq yox idi.

 Bununla imtahanlar qurtardı. Gimnaziya müdiri böyük iftixar hissi ilə bizə imtahanlardan müvəffəqiyyətlə keçib məzun olduğumuzu bildirdi. Bu sözləri eşidən kimi biz hamımız azadlığa çıxmış məhbuslar kimi böyük sevinclə pilləkənlərlə aşağı endik. Günəşin şüaları gözümüzü qamaşdırırdı. Sarı səhra qumunun incə dənələri küçə asfaltının üstünü bürümüşdü. Səkkiz il ərzində bizim keşiyimizi çəkən küçəmizdəki polis nəfəri yanaşıb gimnaziyanı bitirmək münasibətilə bizi təbrik etdi. Biz də təşəkkürümüzü bildirib hər birimiz ona əlli qəpik pul verdik. Biz bir dəstə quldur dəstəsi kimi bağıra-bağıra şəhərə dağılışdıq.

 Mən tələsə-tələsə evə gəldim. Evdəkilər məni iranlılar üzərində qələbə çalmış makedoniyalı İsgəndər kimi qarşıladılar. Xidmətçilər mənə qorxa-qorxa baxırdılar. Atam mənim üzümdən gözümdən öpdü və “Məndən üç şeydən birini diləyə bilərsən” - dedi... əmim isə dedi ki, belə ağıllı bir gəncin irəliyə getməsi üçün onun Tehrana getməsi lazımdır. İlk həyəcan dalğası sovuşandan sonra xəlvətcə telefona yanaşdım. İki həftə idi ki, Nino ilə danışmamışdım. Telefon aparatının dəstəyini götürüb, aparatın disqini saat əqrəbi istiqamətində fırlatdım və “33 – 81” nömrəni yığmağı istəyirəm deyə bağırdım. Ninonun səsi eşidildi: “Əli, imtahanı verdinmi?”.