Kişi deyir:
- Oğlum, bu yazını pozmaq olmaz. Yazıya pozu
yoxdu.
Oğlan quyudan çıxır. Gedir həmin naxırçının evinə.
Onlarda gecələyir. Səhər tezdən yuxudan qalxır. Uşağın
anası çölə çıxanda tez bələyi açır, çağanın bir barmağını
qırır. Özünü də xançalnan yaralayıb qaçır.
Naxırçının arvadı evə gələndə görür uşaq qan
içindədi, bələkdən qan axır. Bilir ki, bu iş qonağın əməlidi.
Bundan uşağa heç nə olmur. Yekələnib ərlik qız olur.
Ay ötür, il dolanır, bir gün oğlanın yolu yenə həmin
kəndə düşür. Bulağın başından keçəndə görür bir qız
səhəngini doldurur. Qıza baxanda bir könüldən min könülə
vurulur buna. Qızdan su istəyir. Qız da gətirib su verir.
Oğlan suyu içir. Qızın qabına bir üzük qoyub verir. Elçi
göndərir. Toy eləyib qızı alır. Oğlan görür ki, bu qız heç
əlini açmır. Qızdan bunun səbəbini xəbər alır. Qız da
məcbur olub bu sirri açır:
- Allahdan gizlin deyil, səndən nə gizlətməli. Mən
uşaq olanda evimizə bir qonaq gəlir. Gecə evimizdə qalır,
səhər durub gedəndə mənim barmağımı qırır. Mən də
utandığımdan əlimi açmıram.
Oğlan heç nə demir. Başa düşür ki, qız həmin qızdı.
Bircə bunu deyir ki, doğrudan da yazıya pozu yoxdu.
MƏLEYKƏ VƏ ÇOBAN
Bir çoban varıydı. Aldığı qız məleykəydi. Çobanın da
nə xəbəri. Bir gün çobanın anası ölüm yastığına düşür.
103
Məleykə görür arvad öləcək, tez balatını götürür qoyur
çölə. Özü də hoppanıb çıxır yükün belinə. Qarı canını
tapşırır. Qarının cənazəsini aparanda məleykə bərkdən
gülür. Görür bu arvadın tabutundan bir tay çarıq, bir dənə
də qırıq süpürgə asılıb.
Çobanın məleykəyə acığı tutur. Əlində çomaq
yüyürür qızın üstünə. Deyir:
- Bu üç sirri açmasan, səni öldürəcəm. De görüm,
anam öləndə niyə yükə hoppandın? Niyə balatını çıxartdın
çölə? Niyə güldün?
Məleykə deyir:
- Gəl bu sirri soruşma. Açsam, peşman olarsan.
Çoban qırsaqqız olub yapışır: deməlisən, vəssalam.
Məleykənin əlacı kəsilir.
Deyir:
- Çoban, indi ki belə oldu, üzünü o yana çevir, deyim.
Anan öləndə onu mal kimi boğazlamışdılar. Ev qana
batmamış balatını götürdüm. Bunu məndən başqa görən
yox idi. Bu bir. İkincisi, yükə çıxmağım odu ki, ev tamam
qan idi. Üçüncü sirr budur ki, anan o boyda yaş yansamışdı,
heç kəsə bir yaxşılıq eləməmişdi. Bircə adama bir tay
çarıqnan, bir qırıq süpürgə vermişdi. Bunu görəndə özümü
saxlayammadım, güldüm. Üç sirri açdım, bir də məni
görməzsən.
Çoban dala dönəndə gördü məleykə nə gəzir? Qeybə
çəkilib. Bir başına döydü, bir dizinə.
DƏVƏ KİNİ
Bir kişinin bir dəvəsi var idi. Bu kişi bir gün gedir
dəvəynən odun gətirməyə. Yolda kişinin bərk acığı tutur.
Başlayır dəvəni döyməyə. Dəvə kişini öldürmək istəyir.
Kişi qorxusundan qaçır. Girir tülkü yuvasına. Tülkü
104
yuvasında bir ilan yatıbmış. Dəvə başını tülkü yuvasına
soxur ki, kişini çıxartsın. İlan dəvənin dodağından tutur.
Dəvə başını ilan yuvasından çıxaranda ilan onun ağzında
gəlir. Dəvə yıxılıb ölür. Zəhərlənmiş dəvə şişir, şişir… olur
dam boyda. Axırda partlayır. Qanından bir damcı atılır
kişinin gözünə. Kişinin gözü kor olur.
HƏZRƏTİ SÜLEYMANIN ÜZÜYÜ
Həzrəti Süleyman bir yaxşı oğul olur. Bu quşların
padşahı olur. Günlərin birində atlanıb yolnan gedirmiş.
Görür yolun üstündə bir gözəl oturub, baxanın ağlını
əlindən alır. Həzrəti Süleyman deyir:
- Ay qız, niyə burda oturursan?
Qız deyir:
- Oturmuşam də.
Həzrəti Süleyman deyir:
- Gəlsən səni özümnən aparım.
Qız razılıq vermir:
- Yox, gedə bilmərəm. Sən quşların padşahısan.
Gedib quşların sümüyündən bir otaq tikdir. Məni də apar
içinə.
Həzrəti Süleyman razılaşır. Qızdan ayrılanda qız
ondan bir nişanə istəyir. Həzrəti Süleyman barmağındakı
üzüyü çıxarıb verir qıza. Atına minib gedir.
Həzrəti Süleyman gedib bütün quşlara əmr edir ki, bir
yerə toplaşsınlar. Quşların hamısı gəlir bunun hüzuruna.
Bircə hop-hopdan başqa. Həzrəti Süleyman alabaxtanı ona
minnətçi göndərir. Alabaxta deyir:
- Ay, hop-hop, gəl gedək. Hərəmiz bir nağıl söyləyək.
İndi payızdı. Nağıl qurtaranatan yaz olar. Hərət Süleyman
da onatan bir ağıla dolar. Bizi qırdırmaz.
105
Quşlar yığılır başbaşa. Oturub hərəsi bir nağıl danışır.
Yaz açılır. Durub gəlirlər Həzrət Süleymanın yanına. Hop-
hop deyir:
- Ay ağa, quşun sümüyündən otaq olarmı? Sən gəl bir
belə quşun qanına vayis olma.
Həzrəti Süleymanın acığı tutur. Atına minib düşür
yola. Qızın yanına gedir ki, üzüyünü alsın. Gedib görür ki,
üzük verdiyi yerdə bir çirkin qız oturub. Həzrəti Süleyman
deyir:
- Ay qız, sən kimsən, nəçisən, burada oturmusan?
Qız deyir:
- Mən səni gözləyirəm. Sən mənə üzük verib
gedibsən.
Həzrəti Süleman inanmır. Deyir:
- Sən o qız deyilsən.
Qız deyir ki, həmin qızam. Həzrət Süleyman deyir:
- Ta mən səni istəmirəm, qaytar mənim üzüyümü!
Qız deyir:
- Get gir o daxmaya. İçəridə balaca bir sandıq var.
Üzüyün sandığın içindədir. Tap apar.
Həzrəti Süleyman girir daxmaya. Sandığı açır. Görür
çoxlu üzük var. Üzüklərin hamısına Həzrəti Süleyman
yazılıb. Deyir:
- Ay qız, gəl mənim üzüyümü tap ver.
Qız gülür:
- Ay sağ olmuş, buradan sənin kimi neçə-neçə
Süleymanlar keçib gedib, birini götür apar.
Həzrəti Süleyman görür ki, bu qız Şeytandır. Üzüyün
də qoyub gedir.
106
YERNƏN GÖY
Bir arvad dağda yuxa salırmış. Bu yuxa salan vaxtı
görür uşaq özünü bulayıb. Tez əlindəki yuxanın birini
götürür, uşağı təmizləsin. O zamanlar Yernən Göy bitişik
imiş. Allah insanın hər əməlini görürmüş. Tez göydən bir
yaylıq endirir arvada. Arvad baxır yaylığa. Görür çox
gözəldi. Qatlayıb qoyur cibinə. Yenə yuxaya əl atır. Bu
dəfə ikinci yaylıq düşür yerə. Arvad görür bu o birisindən
də gözəldi. Buna da heyfi gəlir. Yuxanı bir də götürür. Bir
də baxır üçüncü yaylıq endi. Bu yaylıq lap gözəliydi. Arvad
bunu da qıymır. Alır yuxanın birini əlinə başlayır uşağı
silməyə.
Allaha ağır gedir arvadın bu hərəkəti. Tufan qopur.
Yer-Göy lərzəyə gəlir, xarhaxar bir-birindən ayrılır.