münəccimə isnad verdi. Atasından rüsxət istədi. Şah dedi:
- Oğlum, o sən deyən yer düz yeddi illik yoldur. Ya
nəsib, ya qismət, o vaxta qalam, qalmayam. Gəl bu daşı
ətəyindən tök.
Padşah çox dedi, oğlu az eşitdi. İki ayağını bir
başmağa dirədi. Padşahın əlacı kəsildi. Şahzadə
münəccimi də götürüb yolun ağını əlinə aldı. Ulduz getdi,
bunlar getdilər. Gethaget, gethaget, çatdılar ağ fərənin
olduğu yerə. Qapını döydülər. Qoca qapını açdı. Qonaqlar
girdi içəri. Ağ fərə yenə girdi fallığına yumurtdadı. Baba
yumurtdanı qarıya verib dedi:
- Ay arvad, bunu yağa sal, bir yaxşı qayğanaq bişir.
Elə ki, həm özümüz doyaq, həm də qonaqlar.
Qarı yumurtanı götürüb oxudu:
- Ağ toyuğum,
215
Ağca toyuğum,
Yumurtdayan,
Ağ toyuğum!
Bəs mən necə edim,
Neçə pay edim,
Bu bircə yumurtanı?
«Bərəkət, bərəkət» deyib, başladı işə. Qarı buxarını
qaladı. Başladı qayğanaq bişirməyə. Bir də gördü ki, ayə,
qayğanaq o qədər artıb, o qədər artıb ki, lap qazannan bir
olub. Qonağa da çatdı, ev yiyəsinə də. Hələ bir pay da
artıq qaldı. Allaha şükür oxuyub, süfrəni yığdılar. Hərə bir
tərəfə çəkilib, başladılar dincəlməyə. Sizə kimdən deyim,
münəccimdən. Münəccim gördü ki, ağ fərə küllükdə
küllənir. Axşam düşdü. Münəccim başladı fərəyə göz-
qulaq olmağa. Gördü bu həmin göydə gördüyü fərədi.
Fərə münəccimdən duyuq düşmüşdü deyə, gözünün biri
münəccimdəydi. Vurnuxa-vurnuxa qalmışdı. Münəccim
də gördü fərə duyuq düşüb, özünü vudu yuxuluğa. Fərə
tez qapıdan çıxdı, girdi kolluğa. Münəccim də bunu
qarabaqara izləyirdi. Gördü ağ fərə girdi kolluğa, kolluqda
cildini dəyişdi. Oldu bir gözəl qız. Qayıtdı evə. Başladı
nənəynən-babaya qulluq eləməyə. Qız çölə çıxanda
münəccim qocadan soruşdu:
- Gündüz gördüyümüz o ağ fərəni hardan almısan?
Bəs niyə bircə dənədi?
Kişi dedi:
- Allahdan gizlin deyil, sizdən nə gizlin. Mən həmin
fərəni bircə tuluq suya dəyişmişəm. Allah bərəkət versin,
gündə bir yumurta verir. Yeyib dolanırıq.
Gün çıxanda bu qız yenə toyuq olmalıydı.
Münəccim axşamdan şahzadəyə tapşırdı:
- Get gir kolluğa. Səhər açılmamış toyuq cildini
götür. Sabah açılır. Gün günorta olur. Qız kolluğa girəndə
görür cild nə gəzir? Qalır lüt-ana üryan. Qulac saçlarıynan
216
bədənini örtür. Utandığından kolluqdan çıxammır. Birdən
görür şahzadə kolluqda, əlində də toyuq cildi. Qız buna
yalvarır, yaxarır, nə xeyri?! Şahzadə cildi vermir ki,
vermir. Deyir:
- Öz sirrini açmasan, cildi verən deyiləm.
Qız deyir:
- Bir şərtnən açaram. Gərək mənim dediklərimə
əməl eliyəsən.
Şahzadə söz verdi ki, hər nə desən eləyərəm. Təki
sən toyuq cildini geyməyəsən.
Qız gözünün yaşını abi-leysan kimi tökdü. Bir ah
çəkib dedi:
- Ey oğlan, bil və agah ol. Mən Dərbənd şahının
qızıyam. Atamın gözünün ağı-qarası mən idim. Taxt-tac
da mənim olmalıydı. Əmim arvadının gözü götürmədi.
Məni tilsimə saldı, toyuq elədi. Sonra da məni bir tacirə
satdı. Tacir də məni gətirib bax bu qoca kişiyə satdı. Özü
də suyu qiymətinə. Bir tuluq suya.
Şahzadənin qıza ürəyi yandı. Dedi:
- Xanım, əlimdən gələni eləməyə hazıram. Təki sən
bir də toyuq cildinə girməyəsən.
Qız tilsimi qırmaq yolunu bilirdi. Dedi:
- Gərək yeddi il keçə. Yeddi ildən sonra yeddi dağ
aşmalısan. Yeddi bulaq başına çatmalısan. Yeddi bulaq
başında yeddi ağac əkməlisən. Həmin ağaclar yeddi ildən
sonra bar gətirməlidir. Yeddi ağacdan yeddi meyvə
dərməlisən, gətirməlisən. Mən də onu yeddi gün
yeməliyəm. Bax onda mən bu tilsimdən azad olub, insan
cildinə düşərəm. İnsan cildinə düşəndən sonra məni öz
atamın məmləkətinə qaytarmalısan.
Şahzadə dedi:
- Bu yolda öldü var, döndü yoxdur. Sən də mənə söz
ver ki, əhdə vəfa edəcəksən.
Qız dedi:
217
- Mənim cildimi ver. Qanadımdan bir lələk götür.
Havax həmin lələyə baxsan, məni görəcəksən. Onu hər
zaman qoynunda saxla.
Şahzadə cildi verdi. Sonra barmağındakı üzüyü
çıxartdı, qızın barmağına taxdı. Qız bu üzüyü taxandan
sonra oğlan dedi:
- Mən indi səni öz sarayıma aparmaq istəyirəm.
Qız razılıq vermədi. Dedi:
- Məni tilsimdən qurtarmamış hara aparırsan?
Qız tez cildi əyninə taxdı. Dönüb oldu ağ fərə.
Başladı küllükdə eşələnməyə.
Bu burda eşələnməkdə olsun, eşit münəccimdən.
Münəccim qıraqdan göz qoyurdu. Gördü şahzadə qayıtdı
komaya. Qayıdanda münəccim işarə verdi ki, getməliyk.
Qocalarla halal-hümbət elədilər. Atdandılar. Gəlhagəl,
gəlhagəl, gəlib çıxdılar öz məmləkətlərinə. Başlarına
gələn hal-qəziyyəni açıb şaha söylədilər. Şah başladı
oğluna yalvar-yaxar eləməyə.
- Ay oğul, bu sevdadan əl çək. Saç-saqqalımın ağ
vaxtıdı, bu gün-sabahlığam. Nə çoxdu qız. Birini al,
qurtarsın getsin. Oğlan yenə də iki ayağını bir başmağa
dirədi:
- Olmaz. O qızı almalıyam, vəssalam.
Padşah heç nə demədi. Vəziri çağırdı:
- Vəzir, nə tədbir? Oğlum əldən gedir.
Vəzir tədbir tökdü:
- Padşah sağ olsun, hər gün yatanda oğlunun yanına
bir kəniz göndər. Qoy gülsün, oynasın, eyni açılsın. O qızı
yaddan çıxartsın.
Padşah əmr elədi. Hər gün bir gözəl kəniz oğlanın
otağına gedib çaldı, oynadı. Şahzadənin kefi açılmadı ki,
açılmadı. Axırda bir kənizi öyrədib şahzadənin otağına
göndərdilər. Bu əvvəlki kənizlərdən çox gözəliydi, həmi
də çoxbilmiş. Şahzadənin başını qatdı. Qatanda sinəsində
218
gizlətdiyi toyuq lələyini gördü. Lələyi istədi. Şahzadə
vermədi. Kəniz lap qırsaqqız oldu.
Şahzadə dedi:
- Mən o lələkdən ayrıla bilmərəm. Ona baxanda
sevdiyim qızı görürəm.
Gözəl kəniz şahzadənin başını qatıb, lələyi götürür.
Aparıb gizlədir. Şahzadə nə qədər lələyi axtarırsa, tapa
bilmir. Girin-girin olur. Bir az keçir, qızı yaddan çıxardır.
Ay ötür, il dolanır. Şah oğlunu məcbur edir ki,
evlənsin. Şahzadə razılaşır, toy başlanır.
İndi eşit ağ fərədən. Ağ fərəyə agah olur ki,
şahzadənin toyudur. Yenə toyuq cildində şah sarayına
gəlir. Fərə görür ki, aş qazanları asılıb. Bir vur-çattasın
var, gəl görəsən. Birdən toy atlıları gəldi. Gələndə fərə
atların qabağına keçdi. Atlar hürkdü. Gəlin atdan bayaqdı
yıxıldı. Bü ilmi ölübsən, bildirmi? Gəlinin başı daşa
dəyib, parça-parça oldu. Gəlin öldü. Bir qıyxırıx düşdü,
gəl görəsən. Dedilər: