Выбрать главу

Kişi başlayır yerini əkməyə.

Axşam düşür, hava qaralır. Kişi xurcunu çiyninə

atıb gəlir evinə, evə çatanda arvad bərk sevinir. Deyir

yəqin kişi ov ovlayıb.

Soruşur:

- A kişi, nədi o xurcundakı?

Kişi deyir:

- Heç, arvad… Bir qazan qaynar su qoy, çiməcəm,

özün də xurcuna əl vurma.

Arvad gedir su qoysun. Bu, suyu isidənə kimi kişi

tez bir çökürlü ağac kəsib gətirir.

Arvada deyir:

223

- Arvad, sən o parçı al əlinə. Sən tök, mən vurum!

Arvad şaqqaşaq qaynayan suyu xurcunun üstünə

əndərir. Əndərdikcə də kişi zopaynan xurcunu vurur. Di

vur ki, vurasan. Nə yemisən, turşulu aş. Vurduqca da

deyir:

- Nə itim kimi zingildəyirsən? Nə pişiyim kimi

miyoldayırsan?

Bunlar bir də baxıllar ki, xurcundan qan süzülür.

Kişi xurcunun ağzını açır. Qızıl alqana bulaşmış tülkünü

açıb-buraxır. Deyir:

- Di get, gördüyünü söylə!

Tülkü sıpıxmış götürülür, nə götürülür. Özünü verir

meşəyə. Heyvanlar bunun başına yığılır. Soruşurlar:

- A tülkü, bu nə gün-dirrikdi? Kim səni bu kökə

qoyub?

Tülkü yana-yana deyir:

- İnsan oğlu bütün heyvanlara ağzına gələni dedi.

Dedi ki, sizin kökünüzü kəsəcəm.

Heyvanlar hamsı inanır. Dedilər:

- Biz hamımız birləşib onu tikə-tikə eləyərik. De

görək haradadı dediyin adam?

Tülkü deyir:

- Bax o tək qarağac var ha… hər gün onun dibində

yer əkir.

Səhər açılır. Heyvanlar hamısı sözü bir yerə qoyub

kişinin yanına gəlir. Kişi uzaqdan bunları görür. Dırmaşır

qarağacın başına. Heyvanlar tökülüşür. Görürlər kişi

ağacın başında. O deyir sən çıx, bu deyir sən çıx. Çıxan

olmur. Axırda düşürlər tülkünün üstünə:

- Düşmən səninkidi, özün çıx!

Tülkü ha hoppanır, sürüşüb düşür. Ha hoppanır,

sürüşüb düşür. Axırı ayı pəncəsinə alıb tülkünü qaldırır.

Bunun dalınnan da o biri heyvanlar düzülür dal-dala.

Dırmaşırlır ağaca. Tülkü çatır kişinin düz yanına. Soruşur:

224

- Hə, halındı, dəmin?..

Kişi özünü itirir. Əli yerdən-göydən üzülür.

Qışqırır:

- Arvad, sən tök, mən vurum!

Tülkü elə bilir başına qaynar su tökürlər. İndicə

döyəcəklər. Tez özünu atır yerə. O birilər də bunun

dalınca. Hamısı özünü yerə çırpır. Oradaca leş-leşə

verirlər. Kişi ağacdan düşür. Heyvanları bir-bir soyur.

Xəzini də aparıb bazarda satır. Kasıblığın daşını atır.

ZURNA

Biri varmış, biri yoxmuş bir padşah varmış. Bu

padşahın da gözünün ağı-qarası bir qızı varıymış. Çox

yerdən elçi gəlir, amma padşah öz qızını heç kimə vermək

istəmir ki, istəmir.

Günlərin bir günü bir kasıb kişinin oğlu padşahın

qızına vurulur. Gecə-gündüz bu qızın fikri ilə

yaşayır,ondan ötrü az qala dəli –divanə olur. Oğlan qızın

dərdindən xəstələnib yorğan-döşəyə düşür. Çox təbib

gəlir, bir əlac eləyə bilmir. Axırı bir gün oğlan dərdini

anasına açır. Anası da bu məsələni öz ərinə ərz eləyir.

Bunu eşidəndə kişinin halı birtəhər olur. Öz-özünə

fikirləşir ki, balam, bu gədə dəli olub, nədir? Biz hara,

padşah hara? Harda görünüb ki, padşah öz qızını bir

kasıbın oğluna versin?

Nəysə, kişi çox götür-qoy eləyir. Görür oğlu

gözünün qabağındaca günü-gündən şam kimi əriyib

üzülür. Oğlunun dərdi onu içəridən yeyir. Axırı əlacı

kəsilir, padşahın qapısına elçiliyə getməli olur. Kişi

padşahı görən kimi əli-ayağı köməşir, nitqi tutulur, rəng

verib, rəng alır. Nəyə gəldiyini unudur.

Padşah soruşur:

225

- Kişi, nəyə gəlibsən?

Kişinin dili topuq çalır:

- Padşah sağ olsun, oğluma toy eləmək istəyirəm,

sən zurna çala bilərsənmi?

Padşah bu sözü eşidib əvvəlcə qaş-qabağını

turşudur, sonra kişinin dəli olduğunu zənn edib şaqqanaq

çəkir. Padşah nə illah eləyirsə, gülüşünü saxlaya bilmir.

Bir də özünə gələndə görür ki, bu sözü deyən adam

yoxdu. Kasıb kişi qorxub qaçmışdı. Padşahın «Zurna çala

bilərsənmi?» sözündən xoşu gəlir, ona görə də tez əmr

edir ki, bu sözü iri hərflə sarayın ən çox gözə çarpan

yerinə yazsınlar. Əmr yerinə yetirilir.

Ertəsi gün padşah yuxudan oyanır. Üzünü

qırxdırmaq istəyir. Bir azdan dəllək padşahın yanında

hazır olur. Amma bu gün nədənsə padşahın dəlləkdən heç

gözü su içmir. Padşah dəlləkdən soruşur:

- Noolub, kişi, yoxsa naxoşlamısan? Rəngin niyə

qaçıb?

Dəllək cavab verir:

- Padşah sağ olsun, bir az soyuqlamışam.

Dəllək bunu deyib başlayır padşahın üzünü

qırxmağa. Birdən padşahın gözü divara yazdırdığı sözə

sataşır: «Oğluma toy eləmək istəyirəm, sən zurna çala

bilərsənmi?» Padşah uğunub gedir. Dəlləyi uçunma tutur.

Özünü saxlaya bilməyib dizi üstə padşahın ayaqları altına

yıxılır, hönkür-hönkür ağlayır:

- Padşah sağ olsun, bilirəm… bilirəm ki, sən bu

məsələdən xəbərdarsan… Vallah, məndə günah yoxdur.

Mənə yazığın gəlsin. Mən sənin başını kəsmək istəmirəm.

Məni onlar məcbur eləyir.

Padşah elə bil yuxudan ayılır. Təəccüblə soruşur:

- Noolub, a kişi, sən nə danışırsan? De görüm nə baş

kəsmək, nə sui-qəsd? Bu nə deməkdir?

Dəllək məsələni padşaha ərz eləyir:

226

- Padşah sağ olsun, sənin vəzirin mənə hədə-qorxu

gəldi. Dedi ki, bu gün padşahın üzünü qırxanda onun

başını kəsməsən, özünü ölmüş bil.

Padşah cəld ayağa qalxır. Zalım vəziri yanına

çağırtdırır. Vəzir dəlləyin zarımasındın məslənin nə yerdə

olduğunu başa düşür. Həmin gün padşah vəzirin boynunu

vurdurur. Sonra isə divara yazdırdığı sözün sahibinini

tapıb onu saraya gətirməyi əmr edir. Çox keçmir ki, kasıb

kişi padşahın hüzuruna gətirilir. Padşah bundan soruşur:

- Kişi, mən sənə yaxşılıq eləmək istəyirəm. De

görüm o vaxt mənim hüzuruma nədən ötrü gəlmişdin?

Qorxma, sözünü açıq de.

Kasıb kişi əvvəlcə qorxur. Sonra padşahın sözünün

doğruluğuna inanıb ürəklənir:

- Padşah sağ olsun, o vaxt mən sənin yanına başqa

məqsədlə gəlmişdim. Amma çaşdım, sözümü sənə açıq

deyə bilmədim. Bu dəfə sənə sözün doğrusunu deyəcəm.

İstəyirsən boynumu vurdur, istəyirsən də məni vəhşi

itlərinə yem elə, özün bilərsən. Mən sözün doğrusunu

deyəcəm.

Kasıb kişi padşahı məsələdən agah elədi. Padşah

heç nə demədi. Öz qızını kasıb kişinin oğluna verdi.