240
Burada onlar bir–birini tanıyır, görüşürlər. Qız başına
gələn əhvalatı Əhmədə söyləyir. Sonra şah Əhmədə bir
dükan bağışlayır. Dükan da, tərəzi də, balta da qızıl olur.
Şah Abbas yenə qulu hüzuruna çağırtdırır. Quldan
soruşur:
- İndi de görək comərd kimdi?
Qul da cavabında qayıdır:
- Şah sağ olsun, Əhməd səndən çox comərddi.
Şah deyir:
- Niyə?
Qul deyir:
- Çünki o qız Əhmədin qisməti idi, Əhmədin də
oldu.
Şah Abbas qula deyir:
- Düz deyirsən, mən olsaydım, heç vaxt öz nişanlımı
Əhmədə verməzdim. Doğrudan da Əhməd Comərd
Qəssabdı.
Şah qula çoxlu ənam verib, onu azad etdi.
YAZIYA POZU YOXDU
Bir gün Şah oğlu Şah Abbas Vəzir Allahverdi xanla
öz ölkəsini gəzməyə çıxmışdı. Şah rəiyyətinin nə təhər
dolandığını bilmək istəyirdi. Vəzirnən belə sözləşirlər ki,
gecələməyə hansı kəndə getsələr, birinci qabaqlarına
çıxan adamın evində qonaq qalsınlar. Nə isə, çox
gəzdikdən sonra bir də baxırlar ki, şər qarışır.
Şərtləşdikləri kimi ilk dəfə qabaqlarına çıxan bir kişinin
evində axşamlayırlar. Şahnan Vəzir Allahverdi xan
görürlər ki, bu kişi yaman kasıb adamdı, evdə dişə dəyəsi
heç nə yoxdu. Bir tərəfdən də ev yiyəsinin arvadı
hamilədi. Özü də ağrı çəkir. Ev yiyəsi yazıq xəcalətindən
bilmir neyləsin. Ev də daracaq. Belə bir yerdə qalmağı
241
Şah Abbas özünə ar bilir. Xəlvətcə vəzirə işarə eləyir ki,
gəl gedək başqa yerdə gecələyək. Vəzir Allahverdi xan
deyir:
- Qibleyi-aləm sağ olsun, sözümüz sözdü, elə burda
da qalmalıyıq.
Gecədən xeyli keçir, yatmaq vaxtı çatır. Ev dar
olduğundan şahnan vəzirə qapının ağzında yer salırlar.
Hamı yatır, amma qonaqların yuxusu ərşə çəkilir. Şahnan
vəzir nə görmüşdü belə narahat yerdə yatmağı? Gecənin
bir əyyamında arvad bari-həmlini yerə qoyur. Aradan bir
az keçməmiş Şah oğlu Şah Abbasnan Vəzir Allahverdi
xan görürlər ki, budu ha bunların üstündən bir adam
addayıb çölə çıxdı. Şah Abbas öz-özünə bərk
təəccüblənir, üzünü vəzirə tutub soruşur:
- Vəzir, məni bu sirdən agah elə, görüm, gecənin bu
vaxtı bizim üsütümüzdən yarıb keçən kim idi?
Vəzir bir xeyli fikirləşdikdən sonra cavab verir:
- Şah sağ olsun, bu adam yazı yazandı.
Şah oğlu Şah Abbas bir də soruşur:
- Vəzir, tez ol, de görüm, bu yazı yazan nə yazdı?
Vəzir deyir:
- Qibleyi-aləm sağ olsun, yazı yazan sənin qızını
bax bu indicə anadan olan oğlan uşağına yazdı.
Şah qəzəblənib deyir:
- Bu nə sözdü vəzir?! Mənim qızım hara, bura
hara? Mən belə yerə qızmı verərəm? İndi sənin gözünün
qabağında o yazını pozaram, sən də baxarsan.
Gecə keçir, səhər açılır. Sabah hamınızın üzünüzə
xeyirliklə açılsın. Şah oğlu Şah Abbas yuxudan duranda
üzünü ev yiyəsinə tutub deyir:
- Qardaş, Allahdan gizlin deyil, səndən nə gizlədim,
mən neçə illərdi övlad üzünə həsrətəm. Bir uşaq üzündən
düşmüşəm düzlərə, evə – eşiyə də yığışa bilmirəm.
Görürəm uşağın çoxdu, özünün də ehtiyac başından aşır.
242
Gəl sən bu axşam anadan olan uşağı mənə sat. Uşağı
tərəzinin bir gözünə qoyaq, qızılı da bir gözünə. Sənə o
uşaq ağırlığında qızıl verim.
Ev yiyəsi deyir ki, qoy bir arvad-uşaqla
məsləhətləşim, görüm onlar nə deyirlər. Kişi gəlib
əhvalatı arvadına söyləyir. Deyir ki, ay arvad, bir uşaq
nədi ki, gəl qızılnan dəyişək, kasıbçılığın da daşını ataq.
Ta nolacaq, Allah kasıblığın üzünü qara eləsin, arvad da
uşağı verməyə razı olur. Şah oğlu Şah Abbas uşaq
ağırlığında qızılı verib uşağı alır. Uşağın qundağını qoyur
vəzirin qucağına. Bir xeyli getdikdən sonra Şah Abbas
vəzirə deyir:
- Vəzir, sən deyirdin ki, yazıya pozu yoxdu. İndi
mən bu uşağı elə bir hündür qayadan atacam ki, heç tikəsi
də tapılmasın.
Şah oğlu Şah Abbasla vəzir Allahverdi xan gəzə-
gəzə gəlib bir hündür qayanın başına çıxdılar. Şah uşağı
vəzirin qucağından alıb qayanın başından uçurumun
dibinə atır. Cəbrayıl Əleyhissalam uşağı göydəcə tutur,
qoymur yerə düşməyə. Uşağı aparıb yavaşca qayanın
dibinə qoyur. Allahdan olan kimi bu qayalığın ətəyində də
bir ceyranın balası ölmüşdü. Ceyranın naləsi dağı-daşı
lərzəyə gətirirdi. Ceyran yorulub əldən düşəndə qayanın
dibində yatmaq istəyir. Yaxınlaşanda görür ki, qayanın
dibində bir uşaq var. Ceyran uşağın lap böyründəcə
uzanıb yatır. Neçə gündü ac olan uşaq başlayır ceyranı
əmməyə. Bundan sonra ceyran mehrini salır bu uşağa.
Hər gün gedib çəmənlikdə otlayır, sonra gəlib uşağı
əmizdirir. Günlər, aylar keçir, ceyran uşağı öz balası kimi
bəsləyir.
Günlərin bir günündə Şah Abbasın uşağı satın aldığı
məmləkətdən bir ovçu ova çıxır. Nə qədər gəzib
dolanırsa, güzarına bir dənə də olsun ov düşmür.
Yornuqluq ovçunu əldən salır. Ovçu bir hündür təpənin
243
başında oturur ki, bir az yorğunluğu çıxsın. Birdən
ovçunun gözü oturduğu qayanın dibində otlayan ceyrana
sataşır. Ovçu bu ceyranı neçə dəfə nişan alırsa, hər dəfə
gülləsi hədər gedir. Ovçu çox sərrast atırmış. Ona görə də
gülləsinin hədəfə dəymədiyinə məhəttəl qalır. Öz-özünə
deyir ki, indi ki belə oldu, mən bütün vaxtımı bu ceyrana
sərf edəcəyəm, görüm bunun təbiətində nə tilsim var, bu
hara gedir, harda yatır? Ovçu axşama kimi gözləyir, görür
ceyran otladı, doydu, üst tərəfdəki qayanın altından çıxan
bulaqdan su içib yavaş-yavaş dağın ətəyi tərəfə gəldi.
Ceyran dağın ətəyindəki qayanın dibində yatmağa
başlayır. Bu yenicə yatmışdı ki, bələkdə olan bir uşaq
başlayır ceyranı əmməyə. Ovçu bu işə lap məəttəl qalır ki,
bu uşaq bu biyabanlıqda nə gəzir? Ceyran bu uşagı hardan
tapıb? Ovçu bir az gözləyir, uşaq əmib doyandan sonra
ceyranı güdür, sonra uşağı qucağına alıb, qayıdır kəndə.
Kənddə nə qədər körpə uşaqlı analar var idisə, ovçu uşağı
onların hamısının yanına aparır, nə illah eləyirlərsə, uşaq
heç bir qadının döşünü götürmür. Birdən ovçunun yadına
düşür ki, bizim kəndin yuxarı başında yaşayan bir arvadın
da uşağı olmuşdu, aparım görüm bəlkə onun döşünü aldı.
Sən demə həmin arvad da uşağın öz anası imiş. Uşaq
anasının döşünün iysini alan kimi başlayır əmməyə. Gün
o gün olur ki, uşaq yekələnir, on altı yaşa çatır. Bu uşaq