Dolma da gəldi. Yedilər, doydular, yıxılıb yatdılar.
Ev sahibi qonağın sağsağanına yaman
vurulmuşdu. Səhər açılan kimi başladı qonağa yalvarmağa
ki, sən Allah, bu quşu neçəyə istəyirsən mənə sat. Qoy o,
hər gün bu qanmaz qızının işdəklərini mənə desin.
Qonaq dedi:
- Yox, qardaş, mən bu quşu sata bilmərəm. Elə mən
də bunu evdə saxlayıram ki, arvadımın əməllərini xəbər
versin.
248
Çox yalvar-yaxardan sonra qonaq sağsağanı bir
eşşəyin qiymətinə ev sahibinə satır. Bu tərəfdən də
arvadın kürkünə birə düşür ki, ey dili-qafil, evim yıxıldı,
bütün sirlərimi bu quş açacaq. Gərək bir yol tapıb bu quşu
öldürəm. Amma öldürsəm, kişi işi başa düşəcək. Bəs mən
necə eləyim?
Ev yiyəsi qonağa pul verib işə yollandı. Qonaq da
çıxmaq istəyəndə, bir az ləngiyir, duyur ki, arvadın ona
sözü var. Kişi evdən uzaqlaşan kimi arvad başladı:
- Səni evimə buraxdığım günə daş yağaydı, ay
qonaq. Bu nə iş idi mənim başıma gətirdin? İndi mən necə
eləyim ki, bu quş tezliklə, həm də öz əcəli ilə ölsün?
Qonaq dedi:
-Xanım, onun bircə əlacı var. Amma demərəm.
Kişi arvadı da bir xeyli yalvartdıqdan sonra bir
eşşəyin pulunu alıb dedi:
- Xanım, quşu öldürməyin bircə yolu var. O da onu
ac və susuz saxlamaqdı.
Arvad buna inandı. Qonaq cıxıb getdi. Aradan bir
neçə gün keçdi. Sağsağan ac və susuz yaşayırdı.
Bir gün arvadın oynacı gizlicə arvadın yanına
gəldi. Arvada bir neçə xoş söz dedi. Sonra da təklif etdi
ki, soyunub çarpayıya uzansınlar. Arvad əynini
soyunmağa başladı. Bunu görən ac sağsağan atılıb arvadın
ətli dizindən yapışdı. Arvad ağrıya dözməyib hay-küy
salmağa başladı. Arvadla oynacı nə illah elədilərsə,
sağsağanı kənara itələyə bilmədilər. Sağsağan iti
caynaqları ilə oynacın sir-sifətini qana qərq elədi. Arvadın
cır səsi bütün kəndə yayıldı. Elə bu vaxt arvadın əri ilə
kəndin camahatı içəri girdi. Kişi bu biabırçılığa dözməyib
arvadı da, oynacı da öldürdü. Sağsağana «əhsən» dedi və
ona çoxlu yem, su verdi.
Bunlar burda qalmaqda olsun. Sizə kimdən
deyim, kimdən xəbər verim, sağsağanı satandan.
249
Sağsağan satan fikirləşdi ki, yaxşı, mən eşşəyin pulunu
ikiqat çıxartdım. Bəs o yazıq quşun aqibəti necə oldu
görəsən? Mən o yazığı nə üçün özgə evində dustaq
elədim? Gedim görüm onun əhvalı necədir.
Kişi bu fikirlə qonaq qaldığı evə gəldi. Gördü ki, ev
yiyəsi tək-tənha oturub sağsağanı əzizləyə-əzizləyə
yemləyir. Xoş-beşdən sonra qonaq soruşdu ki, qardaş,
quş sənə necə xidmət edir?
Ev yiyəsi dedi:
- Qardaş, halal olsun sənin quşuna! O, mənə nəinki
çoxlu xəbər verdi, hətta mənim namusumu çəkdi.
Qonaq dedi:
- Qardaş, o ki belə igidlik eləyib, gəl biz də onu
azad edək.
Ev yiyəsi razılaşdı. Qapını açdılar. Sağsağan uçub
getdi.
DEYİNGƏN FATMA
Biri varmış, biri yoxmuş çox deyingən, hayı-küyü
kəsməyən bir Fatma varmış. Fatmanın deyingənliyi ailədə
hamını cana gətiribmiş. Onun əlindən bezar olan əri bir
gün onu aparıb quyuya salır ki, bəlkə bir az ağıllana,
deyinməyin daşını ata. İki-üç gün keçir. Ər dözmür.
Fatmanı quyudan çıxartmaq istəyir. Quyuya yaxınlaşıb
oraya bir kəndir sallayır. Birdən görür ki, quyunun bir
tərəfində böyük bir ilan var. İlan kişini görəndə adam
kimi dil açıb yalvarmağa başlayır:
- Nə olar, məni bu quyudan çıxart. Səni dünya
malına qəni edərəm. Amanın bir günüdür, yoxsa bu arvad
mənim beynimi tamam dəng edəcək. Gör üç gündə məni
nə kökə salıb?
250
Kişinin ilana yazığı gəlir. Kəndiri sallayıb onu
quyudan çıxarır. İlan kişiyə deyir:
- Mən gedib padşahın aman-zaman, gözünün ağı-
qarası olan bircə qızının boynuna dolanacağam. Nə qədər
ovsunçu gəlsə də açılmayacağam. Sən gələrsən,
dodaqlarını yavaşca tərpədərsən, onda açılıb gedərəm.
Padşah da sənə nə istəsən verər. Ancaq səninlə bir şərtim
var: üç dəfədən artıq mənim dalımca gəlsən, səni
çalacağam.
İlan dediyi kimi də edir. Gedib padşahın qızının
boynuna dolanır. Nə qədər ovsunçu gəlirsə də ilan açılmır
ki, açılmır. Xəbər Fatmanın ərinə çatan kimi tez özünü
saraya yetirir. Qızın yanına gəlir. Dərhal ilanı tanıyır.
Padşaha deyir:
- Padşah sağ olsun, mən sənin qızını bu bəladan
xilas eləyə bilərəm.
Padşah kişinin əl-ayağına döşənir. Kişi soruşur:
- Mənə nə qədər ənam verərsən?
Padşah deyir:
- Sənə özün ağırlıqda qızıl verərəm.
Kişi razılaşır. Başlayır dodaqlarını tərpətməyə. İlan
bir göz qırpımında qızın boynundan açılıb gedir. Kişi ilanı
üç padşah qızının boynundan açıb varlanır.
Bir gün kişinin yanına gəlib başlayırlar ki, bəs
deməzsənmi filan padşahın da qızının boynuna ilan
dolanıb. Gedək, onu xilas elə. İlanın dediyi şərt kişinin
yadına düşür. Ona görə də getmək istəmir. Yalvarıb-
yaxarırlar. Kişi yumşalır, getməyə məcbur olur. Saraya
çatanda baxıb görür ki, bəli, yenə də həmin ilandı. Kişi
qorxudan ayaq üstə quruyub qalır. Nə qədər istəyir ki,
dodaqlarını tərpətsin, taqəti çatmır. Birdən kişi ucadan
bağırır:
- İlan, Fatma gəlir! Fatma gəlir! Mən getdim, sən
özün bilərsən, – deyib qaçmağa başlayır.
251
İlan «Fatma» sözünü eşidən kimi qızın boynundan
açılıb daldalanmağa yer axtarır.
KƏNDXUDA VƏ BİÇİNÇİ OĞLU
Murtuz adlı bir kəndxuda varıymış. Ona el arasında
kəndxuda deyərlərmiş. Camaatın qənimi imiş, illah da
əkinçilərin. Məhsulun ondan birini onlara verərmiş,
qalanını isə özü mənimsəyərmiş. Bu zalım kəndxudanı
heç kimin görməyə gözü yoxuymuş.
Bir dəfə də məhsul yığılanda kəndxuda biçinçiləri
başının üstünü kəsdiribmiş. Ağsaqqallar gizlin-gizlin
pıçıldaşırlar ki, necə edək kəndxuda rədd olub getsin.
Biçinçi Muradın oğlu onların sözlərinə qulaq asırmış.
İstəyir ki, ağsaqqalların sözünə qoşulsun. Atasının sözü
yadına düşür: «Qaşıq çömçədən böyük olmaz». Fikirləşir
ki, onlar məndən böyükdürlər, inciyərlər. Amma
ağsaqqallardan birinin dediyi: «Necə edək ki, kəndxuda
buradan rədd olub getsin», - sözü onu rahat buraxmır ki,
buraxmır. Axırı söhbətə qarışası olur:
- Onun əlacı məndə. Mən elə bir fənd işlədərəm ki,
kəndxuda buradan gedər.
Bunu eşidən Həsən adlı bir kişi deyir: