- Eh, ay oğul, onun əlacı bircə «dayan doldurum»
tüfəngindədir. Ona da ürək lazımdır.
Muradın oğlu bir də deyir:
- Yox, Həsən dayı, mən elə eləyərəm ki, kəndxuda
lap papağını qoyub qaçar.
Həsən kişi maraqla soruşur:
- Axı necə eləyərsən, ay oğul?
Muradın oğlu deyir:
252
- Hər bir işin də öz üsulu var. Allah qoysa bir-iki
günə görərsiniz.
Muradın oğlu elə həmin andan tədbir görməyə
başladı. Tay-tuşlarını başına yığıb üç çanax qurbağa
tutdurdu. Axşam qurbağaları kəndxudanın hovuzuna
buraxdı. Bəli, yay ola, qurbağa gölü ola. Qurultudan qulaq
tutulurdu. Kəndxuda nə illah elədisə, səs-küydən yata
bilmədi. Yerində ha o yan-bu yana çevrildisə, gözünə
yuxu getmədi ki, getmədi. Durub hovuza daş atdı, hay-
küy saldı, yenə də xeyri olmadı.
Səhəri dirigözlü açan kəndxuda durub o başdan
kənddən qaçdı. Camaat bundan istifadə edib xeyli məhsul
götürdü. Amma qurbağaların qurultusu kəndi başına
götürmüşdü. Həsən kişi Muradın oğlunu görüb dedi:
- Ay oğul, çox sağ ol, o mərdüməzarı başımızdan
rədd elədin. Amma bizim özümüzü də xataya saldın.
Qurbağaların səsi bizi lap təngə gətirib.
Muradın oğlu gülüb dedi:
- Onun da çarəsi var, Həsən dayı. Siz bir yağlı plov
bişirtdirin, gəlib onların hamısını qovaram.
Həsən kişini fikir götürdü:
- Ayə, görəsən, bu o qurbağaları necə qovacaq?
Nətəri eləyəcək?
Ertəsi gün kənddə qurbağa səsi eşidilmirdi. Hamı
təəccüb edirdi. Sən demə, biçinçi oğlu uzun bir çatını
qulac-qulac edib hovuza atıbmış. Çatını ilan hesab edən
qurbağalar ağızlarına su alıb gizlənmişdilər. Ağsaqqallar
bunu görüb Muradın oğluna «əhsən» dedilər.
BELƏ DƏ QALMAZ
253
Bir tacir uzaq səfərə çıxır. Yolda bir kişinin evində
gecələməli olur. Ev yiyəsi yaman kasıb imiş. Qonaq çıxıb
gedəndə ev yiyəsi deyir:
- Belə də qalmaz.
Ay ötür, il dolanır. Günlərin bir günü tacir öz
yolunu həmin kişinin evindən salır. Tacir görür ki, kişi
varlanıb. Bir neçə gündən sonra tacir getməli olur. Ev
yiyəsi yenə də deyir:
- Belə də qalmaz.
Tacir kişinin sözünə lap məətəl qalır. Öz-özünə
düşünür: «Necə yəni belə də qalmaz. Yaxşı, kasıb idin,
varlandın. Bəs özgə nə olmalıdır?»
Tacir kişinin sözünü unuda bilmir. Aradan bir
müddət keçəndən sonra yenə də həmin kişinin evinə
qonaq gedir. Ona deyirlər ki, kişi yoxdur, rəhmətə gedib.
Tacir onun qəbrini ziyarət eləməyə gedir. Görür ki,
rəhmətlik həmişə dediyi sözü başdaşına da yazdırıb:
«Belə də qalmaz». Tacir öz-özünə deyir: «Yaxşı, kasıb
idin, varlandın. Varlı idin, öldün. Bəs öləndən sonra nə
olasıdır ki?». Fikirli-fikirli dayanıb baxır. Qəfildən ildırım
çaxır, göy guruldayır, leysan tökülür. Bir boran qopur, gəl
görəsən. Sel-su dünyanı ağzına alıb aparır. Tacir görür ki,
sel o rəhmətliyin də qəbrini yuyub apardı. Öz-özünə
deyir:
- Allah sənə rəhmət eləsin! Düz deyirsənmiş, belə
də qalmaz.
BİR GƏNCƏLİ VƏ İKİ İRANLI
Keçmiş zamanlarda bir gəncəli qazanc dalınca
başqa bir ölkəyə yola düşür. Bir səhrada iki iranlı ilə
rastlaşır. Bir-birindən hal-əhval tutandan sonra belə
məlum olur ki, iranlılar da qazanc dalınca gedirlər. Hə,
onlar bir müddət beləcə deyə-gülə yol gedirlər. Yolda
254
bərk acırlar. Deyirlər ki, bəs neyləyək, nə yeyək?
Aclığımızı nəynən öldürək? Çox fikirləşirlər, çox götür-
qoy eləyirlər. Görürlər ki, balam, yeməyə heç nələri
yoxdu, acqarnına yol yerimək də çətin işdi. Qabaqda bir
ümid yeri, bir işıq gələn, tüstü çıxan yer yoxdu. İranlının
biri deyir:
- Hə, qardaş, məndə bir az qovut, bir az da qənd var.
O biri iranlı isə deyir:
- Məndə bir az su var.
Gəncəlidə heç nə yoxuydu. Amma özünü o yerə
qomayıb dedi:
- Hə, qardaşlar, bizə ta nə lazımdı ki? Qəndimiz var,
qovudumuz var, gəlin halva düzəldib yeyək.
İranlılar gəncəli yoldaşlarının bu təklifini çox
bəyəndilər. Sonra fikirləşdilər ki, bəs halvanı kim
düzəltsin. Gəncəli dedi:
- Vallah mənim əlimdən belə iş gələn deyil. Bəlkə
siz özünüz…
İranlılar halva qayırmağı öz boyunlarına götürdülər.
Bir azdan halva hazır oldu. Amma baxıb görürlər ki, halva
azdı. Bu halvanı üç adamın arasında bölsələr, heç kimə bir
şey düşməyəcək. Gəncəli işi belə görüb tez dillənir:
- Hə, qardaşlar, düzü, mən hələ çox acmamışam.
Həm də ki, elə uşaqlıqdan mənim halvaynan aram yoxdu.
Amma neyləyim, ta əlac yoxdu. İndi gəlin belə eləyək: bu
halvanı bir adam yesə yaxşıdı. Heç olmasa bir adam tox
olsa, o birilərin də qolundan çəkib aparar. Allah kərimdi,
o birilərinin də ruzusunu Allah özü yetirər.
İranlılar gəncəlinin bu təklifi ilə də razılaşırlar. Çox
düşünüb-daşınırlar ki, bəs neyləyək, nətəri eləyək, halvanı
kimə verək?
Gəncəli dedi:
255
- Mənim rəhmətlik atam deyərdi ki, İran halvası çox
tamlı olur. Amma sözün düzü, mənim halvaynan heç
aram yoxdu. Hər halda bir adam yesə yaxşıdı.
İranlının biri deyir:
- Can qardaş, gəlin belə şərt kəsək. Halvanı qoyaq
dursun bir tərəfdə. Gəlin bu gecə yıxılıb yataq. Səhər
obaşdan durub yuxumuzu bir-birimizə söyləyək. Görək
kim daha yaxşı yuxu görür. Kimin yuxusu yaxşı olsa,
halvanı da qoy elə o yesin.
Üçü də bu şərtlə razılaşırlar. Halvanı qoyurlar tir
tərəfə, üstünə də bir yekə papaq qoyurlar ki, gecə qurd-
quş gəlib yeməsin. Kəlləni atıb yatırlar. İranlılar bərk
yorulduqlarından o saat yuxuya gedirlər. Gəncəli isə yata
bilmir, iranlıların yuxuya getməyini gözləyir. Onlar
yuxuya gedən kimi kirmişcə durub halvanı yeyir, papağı
da ağzıüstə çevirir, bığlarına da tumar verib, kəlləni atıb
yatır.
Səhər iranlılar yuxudan lap tez oyanırlar. Baxıb
görürlər ki, gəncəli yoldaşları yaman şirin-şirin yatır.
Oyatmağa da qıymırlar. İkisi də məzlum-məzlum oturub
gəncəlinin yuxudan durmasını gözləyirlər. Gün günorta
olur. İranlılar baxıb görürlər ki, gəncəli heç oyanana
oxşamır. Bir-iki dəfə öksürürlər ki, görsünlər heç
gəncəliyə təsir eləyirmi? Görürlər ki, yox, mümkün
olmur. Acından da ölürlər. Axırı məcbur olub gəncəli
yoldaşlarını «can qardaş, oyan, gün yaxır», - deyə-deyə
oyadırlar. Gəncəli gözüyumulu bir o üzü üstə, bir bu üzü
üstə çevrilir. Xırıltılı səslə deyir: