Выбрать главу

olmasın. Hamı yığıldı: buna nə ad qoyaq. Molla, axund,

ağsaqqal, qarasaqqal hamısı dedi vallah elə ad uydura

bilmərik. Bir yaxşı qarı çağıraq.

Çağırdılar. Qarılar gəldi. Qarı var iman-Quran, qarı

var hərcayı, qarı var pərcayı. Qarının birisi dedi: «Adını

qoyuram Sicimqulu, ömru sicim kimi uzun olsun». Qızlar

qarını kötəklədilər, getdi. Qarının biri dedi: «Adını

Örkənqulu qoyuram, ömrü örkən kimi uzun olsun». Bunu

da o biri qarının dalınca yolladılar.

İman-Quran qarı irəli durub əlində Yusifi-təsbeh

deyir:

- Mən bu qızın adını qoyuram Pərizad xanım.

Hamı bəyəndi. Qarıya çoxlu xələt verdilər. Qarı bir

şələ götürdü. Qalanı mollalara qaldı. Yemək-içmək

həddən aşdı.

Məhəmməd bəziryanın bir oğlu oldu, bir qızı.

Məhəmməd bəziryan da qızının adını Səlbi xanım qoydu.

Oğlunun adını Nəcəf xan.

272

Uşaqlar iki yaşdan on beş yaşa çatdı. Əhməd

bəziryan gördü qızı yetirib, vaxtıdır. Özü də düşkünlüyüb,

qocalıb.

Məhəmməd bəziryan uşaqlar böyüyəndə Allah

rəhmətinə getdi. Günlərin bir günündə Nəcəf xan yetirdi.

Anasına dedi.

- Ana, dəvə qumundan yeyən kimi atamın malını

yeyirəm. Bəlkə qurtardı, deginən. Atamın sənətini

iştətməliyəm. Atam bu mal-dövlətin hansı sənətiynən

qazanıb?

Anası dedi:

- Oğul, bəziryan idi atan.

Nəcəf xan başına İsfahandan otuz doqquz yoldaş

yığır. Bir də özü olur qırx. Yoldaşlarına deyir:

- Gəlin tacirliyə gedək.

Yoldaşlarının heç birinin pulu olmur. Nəcəf xan

bunların hamısının əvəzinə pul qoyur. Mal yığıb

İsfahandan İstambula yola düşürlər.

Sizə kimdən xəbər verim, Əhməd bəziryandan.

Əhməd bəziryan görür qız böyüyür. On beş-on altı yaşına

çatıb. Yadına dərvişin sözləri düşür. Deyir İstambulu

gəzim, bəlkə İsfahandan bir adam tapa bildim. Gəzdi, tapa

bilmədi. Bir belə fikri-qərara gəldi ki, ayə çıxım şəhərdən

kənara. Əhməd bəziryan belə elədi, o yola, bu yola

yüyürdü. Gözünə dəyən olmadı. Günorta gördü budur ha

bəziryan karvanı gəlir. Gəldi yol qırağında oturdu.

Karvan bunun yanına çatdı. Gördülər bir qoca yol

qırağında oturub. Salam verdilər. Əhməd bəziryan sual

elədi.

- Oğul bu hara karvanıdır?

Dedilər:

- İsfahan.

İsfahan sözünü eşidəndə Əhməd bəziryan ürəkləndi,

soruşdu:

273

- Oğul, bir adam desəm tanıyarsınızmı? İsfahanda

Məhəmməd bəziryan var idi. Bəlkə onun adamı ola

içinizdə?

Dedilər:

- Əmi, budu oğlu.

Əhməd bəziryan oğlanı bağrına basdı, o üzündən,

bu üzündən öpdü. Düzsuz qoyun duz yalayan kimi yaladı.

Dedi:

- Bala, vallah gəldiyinizi bilsəydim, atınıza ot

biçərdim. Gedək bu gündən hamınız mənim

qonağımsınız.

Cavanlar çox sevindilər. Əhməd bəziryan dedi bəlkə

qızın oğlana könlü olmadı. Yaxşısı budu göstərim.

Pərizad xanımın evi bir az aralı idi. Əhməd bəziryan

qəsdən karvanı evin qabağından apardı.

Pərizad xanım külafirəngidən baxırdı. Gördü vallahi

bir oğlan gəlir, yemə-içmə xəttü-xalına, gül camalına

tamaşa elə. Pərizad xanım ürəyində Allaha yalvardı: «Ey

Xudaya, mənim yazımı yazmayıbsansa, bu oğlana yaz».

Pərizad xanım bir könüldən min könülə oğlana vuruldu.

Əhməd bəziryan qonaqları gətirir evinə. Xoş-beş, on

beş, süfrə açılır. Yemək-içməkdən sonra, istirahət

eləyirlər. Nəcəf xan yoldaşları ilə bir otaqda qalırdı. Gecə

hamı yatandan sonra başlayır haqq-hesab çəkməyə.

İndi görək Pərizad xanım neylədi? Pərizad xanımın

otuz doqquz qarabaşı varıydı. Əmr elədi qarabaşlara:

- Yeddi rəngdən özünüzə zinət verib ayağımı

qoyduğum yerə getməlisiniz!

Qızlar əmrə hazır oldular. Pərizad xanım geyindi-

kecindi. Nəcəf xanın otağına yaxın getdilər. Nəcəf xan

oyaq idi. Gördü otağın bir tərəfi az qalır uça. Bir küncə

qısıldı. Onlar bir tərəfə yüyürəndə qapı bir tayı açıldı.

Pərizad xanım çiynini bir də vuranda qapı uçub töküldü.

274

Qızlar içəri girdilər. Pərizad xanım qapının çərçivəsinin

bir yanını götürüb sinəsinə basdı:

Başına döndüyüm xan əmim oğlu,

Gəl gedək, gəl gedək qal bizim xanda.

Lalə tək bağrımı eyləmə dağlı,

Alma bizim xanda, nar bizim xanda.

Nəcəf xan baxdı Pərizad xanım bunu özünə dos-

doğma əmioğlu çıxdı. Bu da çərçivənin o biri yanını

söküb basdı sineyi-sandığına görək nə dedi:

Başına döndüyüm xan əmim qızı,

Gəl gedək, gəl gedək qal İsfahanda.

Lalə tək bağrımı eyləmə dağlı,

Alma İsfahanda, nar İsfahanda.

Qarabaşların böyüyü Abdulla xanın qızı Ağ qarabaş

baxdı ki, Pərizad xanım Nəcəf xanın ayağına yıxılacaq.

Dedi:

- Gedib atana deyəcəyəm.

Ağ qarabaş belə deyəndə Pərizad xanım aldı görək

nə dedi.

Pərizad xanım:

Ağamın əlindən içmişəm camı,

Mən kimi gözəldən alginan kamı,

Gəzdim İsfahanı, Urumu, Şamı,

Heç oğlan görmədim yar sən nişanda.

Nəcəf:

Ağzın dürdü, dişin inci sədəfi,

İndi bildim ürəyində muradı.

Gəzdim İsfahanı, Urumu, Şamı

Gəl gedək mətləbin al İsfahanda.

275

Pərizad xanım:

Eşqin xəncərini minib çaparsan,

Bənna olub sınıq könlün yaparsan.

Gedər olsan mən Pərizadı aparsan

İndi ki, qalmadın yar bizim Xanda.

Nəcəf :

Şamama bəslərlər torpaq içində,

Qızılgül bəslərlər yarpaq içində.

Aynabəndli büllur otaq içində,

Qol-boyun olaydıq, yar, İsfahanda.

Bunlar sözünü tamama yetirdi. Düşməninizin ömrü

tamama yetsin. Pərizad xanım evə qayıdıb, Nəcəf xan

istirahət etməkdə olsun. Al xəbəri Pərizaddan.

Pərizad xanım evə qayıtdı, nə qayıtdı. İlan vuran

yatdı, Pərizad xanım yatmadı. Dəli qoyun duzdağı

hərlənən kimi elə hərlənir, otaq yerindən oynayır. Bu səsə

Əhməd bəzirgan oyanır. Belə hesab eləyir ki, qonaqların

atları açılıb bir-birini qırıb. Arvadı oyadır ki, görək bu nə

səsdir? Arvad gördü ki, atlar-zad açılmayıb. Gurultu

Pərizad xanımın otağından gəlir. Qız vaxt eləyir özünü

aynadan atsın. Anası özünü yetirib soruşur:

- Qızım, sən ki, gün-günortaya qədər yatardın. Bu

nə səs-küydü, yoxsa dəli olmusan?

Pərizad xanım bu sözün cavabında dedi:

- Ana, mən dəli-zad olmamışam. Bax, deyirəm:

atam məni versə də o bəziryana gedəcəm, verməsə də.

Arvad gəlib bunu Əhməd bəziryana xəbər verdi.

Əhməd bəziryan dedi:

- Get deginən onu elə günü sabah Nəcəf xana

verəcəm. Heç fikir eləməsin.