Выбрать главу

Həsrətinlə yandım pünhan,

Keçdim boran, tufan gəldim.

Xatun:

Xatun deyər xaqanım sən,

Yerim, göyüm, cahanım sən,

Amanım sən, gümanım sən,

Küllü mahalım, xoş gəldin.

Azaflı:

Azaflı sən gülə qurban,

Döndü bağrım külə, qurban.

Gileylənmə elə qurban

Tovuz, Gəncə, Muğan gəldim.

Söz tamama yetdi.Qızlar da, Azaflının dostu Əli də:

«Allaha çox şükür ki, hər iki aşiq görüşə bildi»,- deyə

sevindilər. Nədənsə Xatun yenə kədərli görünürdü. Azaflı

öz-özünə dedi: «Sevinməkdənsə nə üçün kədərlidir?».

Odur ki, sazı sinəsinə basıb, dübarə görək nə dedi:

370

Dolma bulud kimi, a mehribanım,

Bir danış, sözunun fədası gəldim.

Döndərmə üzünü, şahım, sultanım,

Olmağa gözünün fədası gəldim.

Sevda həsrətindən yorğun olmuşam,

Möhnətdən bulanıb, durğun olmuşam,

Söylə, o dillərə vurğun olmuşam,

O günəş üzünün fədası gəldim.

Azaflıyam, qəmdən alasan məni,

Can deyib canına cala sən məni.

Qəlbinin oduyla qala sən məni,

Qoy yanım, gözünün fədası gəldim.

Bu dəfə Xatunun baxışlarından sevinc, şadlıq duyan

Azaflı dübarə beşlik gəraylı ilə görək nə dedi:

Gəlmişəm mehman,

Can sənə qurban.

Çəkmişəm hicran,

Sənin eşqindən.

Gəzdim dərində,

Dağlar sərində.

Qəmlər qəhrində,

Sənin eşqindən.

Yanmışam oda,

Gəl yetiş dada.

Gəzdim dünyada

Sənin eşqindən.

Dərmədim güllər,

Vermədim dillər,

371

Dolandım ellər,

Sənin eşqindən,

Azaflı təbin,

Titrəyir ləbim.

Alışdı qəlbim

Sənin eşqindən.

Söz tamam oldu, Xatun qonaqları evlərinə dəvət etdi.

Onlar deyə-gülə evə gəldilər. Ata-ana qonaqları çox

səmimi, hörmətlə qarşıladılar. Xatunun anası Kəlbəcərdən

Azaflı ilə qızının bir-birini sevdiklərini bilirdi. O haqda da

ərinə xeyli söhbət etmişdi. Ona görə Xatuna nə qədər elçi

gəlsə də qızının fikrini bilib gələnlərə yox demişdi.

İxtiyarı Xatunun özünə vermişdilər. Ata-ana bu gələn

qonaqların şərəfinə məclis düzəltdi. Yeyib-içəndən sonra

Əli dostuna dedi:

- Aşıq Azaflı, qızlar bir sifariş verib, deyirlər bugünkü

gün nə günüdür? Aşıq qardaş sazla desin.

Azaflı sazı köynəkdən çıxarıb, fikri Xatunda ola-ola

görək nə dedi:

Sevdamın dünyası, ey qibləgahım,

Mehriban görüşüm, mehrac günümdür.

Yetişdin dadıma, ey mehri mahım,

Səndən ayrı günüm tarac günümdür.

Həmdəmim olmasın xəyal görüşün,

Ürəyimdə minbir sual görüşün,

Əbədi mənimlə vüsal görüşün,

İntizar qəlbimə əlac günümdür.

Sən cansan Azaflıya sən indən belə,

Duram qulluğunda mən indən belə,

372

Keçsin günlərimiz şən indən belə,

Yarın yara sevinc, sirr aç günüdür.

Aşıq Azaflıdan bir də xahiş etdilər ki, həqiqətlə

bağlı bir söz desin. Azaflı: «Baş üstə» -deyib sazı sinəsinə

basdı:

İnsanlığın hər qanunu gözəli,

Həqiqətdir, həqiqətdir, həqiqət.

Düz dostluğun etibarı, təməli

Sədaqətdir, sədaqətdir, sədaqət.

İlham olur çaylar kimi çağlayan,

İstəməyə dərd-qəm çəkib ağlayan,

Qəlbi qəlbə, gözü gözə bağlayan

Məhəbbətdir, məhəbbətdir, məhəbbət.

Mötəbərdir, elə verən çörəyi,

Əsil odur, şəfa xeyrin gərəyi.

Yaxşılığın, ibadətin ürəyi

Səxavətdir, səxavətdir, səxavət.

Xoşdur canı haqq yolunda üzdüyüm,

Ucalmasın əməlindən bezdirim.

Azaflıyam, dünya üçün gəzdiyim

Ədalətdir, ədalətdir, ədalət.

Söz tamam oldu. Qonaqlar Azaflıya minnətdarlığını

bildirib, çox sağ ol deyib, görüşüb getdilər.

Azaflı ilə Xatun isə çıxdılar bağa gəzməyə. Onlar

gəlib bağın sakit bir guşəsində əyləşdilər. Gülün-çiçəyin

ətri, bülbüllərin səsi bütün bağı bürümüşdü. O gecə elə

füsunkar, elə gözəl idi ki, dilnən demək çətindi. Azaflı ilə

Xatunun sevinci, şadlığı yerə-göyə sığmırdı. Danışdıqca

sözləri, söhbətləri tükənmirdi.

373

Azaflı dedi:

- Əzizim Xatun, sənə dediyim kimi mən sabah

mahala yola düşürəm. Gedib necə olur-olsun anamı da bu

işdən razı salacam. Elimizin adəti ilə atanın qapısına

gələcəm. Sən bunu bil ki, mənim həyatım yalnız və yalnız

səninlə xoşbəxt olacaq. Qoy taleh bizə yar olsun.

Xatun dedi:

- Qoy tale bizi bir daha ayrılıqla sınağa çəkməsin.

Əzizim, indi mən bu sənli anların sevincində elə itib-

batmışam ki… Bu özü xoşbəxtlik deyilmi ?

Xatun bu hal ilə görək nə dedi:

Xoşbəxtlərin xoşbəxtiyəm,

Mənim yarım, mənim yarım.

Aldın məni qəm-möhnətdən,

Mənim yarım, mənim yarım.

Mətanətin enməz oldu,

Sədaqətin dönməz oldu,

Məhəbbətin sönməz oldu,

Mənim yarım, mənim yarım.

Ayrılığın nə yamandı,

Sənsiz könlüm bir virandı.

Xatun deyər bir cahandı

Mənim yarım, mənim yarım.

Söz tamam olanda Azaflı gülə-gülə Xatunun

əllərindən tutub dedi:

- Xatunum, mehribanım, sənsən mənim ömrümün

mənası, könlümün dünyası. Qulaq as, gör nə deyirəm.

Aldı yeddi qafiyə muxəmməslə görək nə dedi:

Mehribanım, din-imanım,

Canım, qanım, qurban olum.

374

Şahım, xanım, xanimanım,

Fikrim, anım, qurban olum.

Can cahanım, asimanım,

Şöhrət-şanım, qurban olum.

Həm loğmanım, həm dərmanım,

Şəfakanım, qurban olum.

Sənət eşqim, məhəbbətim,

Qibləm, Kəbəm, ziyarətim,

Yaz-baharım, təravətim,

Min aləmim, təbiətim,

Saf diləyim, sədaqətim,

Ömrə, günə dəyanətim,

Arzum, sevgim, mehr, ülfətim,

Sübhüm, danım, qurban olum.

Camalındır nur ziyalı,

Qaşlarındır ay hilalı,

Yanaqların dan boyalı,

Güldən gözəl gül camalın.

Hər kamaldan var kamalın,

Təb dəryası, zər amalı,

Bir baxışın min can alır,

Söz qananım, qurban olum.

Telin dəyər yüzlərinə,

Fəda olum gözlərinə,

Şirin-şirn sözlərinə.

Yandım aman gözlərinə

Nur çilənib üzlərinə,

Necə dözüm dözlərinə

Düşdüm sevda düzlərinə

Dürr məkanım, qurban olum.

Gələ-gələ Azaflını,

Gətir dilə Azaflını,

375

Gülə-gülə Azaflını,

Gövhər-lələ Azaflını,

Dünya bilə Azaflını,

Saxla elə Azaflını,

Xatun Banum, qurban olum.

Səhərlər üzünüzə xeyirliklə açılsın. Səhər oldu.

Azaflı, Xatun və onun ata-anası ilə görüşüb, böyük ümid

və arzularla Əli dostu ilə yola düşdü.

Yolda Azaflı Əliyə dedi:

- Mənim fikrim qətidir. Necə olur-olsun, anamı bu

işdən razı salmalıyam.

Əli dedi:

- Bu barədə ananla danışacağam. Darıxma, dostum,

sənin bu işini yoluna salmayınca Qarabağa getməyəcəm.

Onlar bu məqsədlə, bu arzu ilə gəlib Şəmşəddin

mahalına çatdılar. Azaflı kənardan gördü ki, həyətlərində