AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMIYASI
GƏNCƏ REGIONAL ELMI MƏRKƏZ
GƏNCƏ FOLKLORU
ANTOLOGIYASI
II
KITAB
ƏSGƏROĞLU – 2008
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional
Elmi Mərkəzin Elmi Şurasının qərarı ilə çap olunur.
Toplayanı və tərtib edəni: f.e.n. RUZİYƏ QULİYEVA
AYNUR MİRİŞLİ
Redaktor: AMEA-nın müxbir üzvü, prof. F.Y.ƏLİYEV
Rəyçi: f.e.d., prof. MƏHƏRRƏM QASIMLI
Kitabın işıq üzü görməsinə maddi və mənəvi dayaq
olduğuna görə Gəncə şəhəri Nizami Bələdiyyəsinə və
bələdiyyə sədri FAİQ ƏHMƏDOVA dərin minnətdarlığımızı
bildiririk.
Gəncə folkloru antologiyası, II kitab.
Gəncə, «Əsgəroğlu» nəşriyyatı - 2008
AMEA Gəncə Regional Elmi Mərkəzin nəşr etdirdiyi
«Gəncə folkloru antologiyası» silsiləsindən olan bu yeni
cilddə Gəncəbasara aid mərasimlər, nağıllar, dastanlar,
aşıqlar və el şairlərinin yaradıcılığından əlvan və təkrarsız
söz inciləri toplanmışdır.
Qrif: İJBN 5 – 8066 – 1638 - 4
1401000000
655 (07) – 2004
2
QUDA-QUDA
Qız evində toydan qabaq Quda-quda oyunu keçirilir. Hər
iki tərəfdən qız-gəlinlər yığışır. Oğlan tərəf deyir, qız evi cavab
verir.
Oğlan tərəf:
A quda-quda,
Can quda,
Gözləri mərcan quda,
Gəl alışaq,
Gəl verişək,
Təknə-qabaq quruşaq.
Qız tərəf:
A quda-quda,
Can quda,
Gözləri mərcan quda,
Alışmışıq,
Verişmirik,
Təknə-tabaq quruşmuruq.
Oğlan evi:
Ağca biləyim quda,
Nədir diləyin, quda,
Oğlan bazara gedir,
3
Nədir diləyin quda?
Qız evi:
Hamam, hovuz, anacan,
Suyu soyuq, anacan,
Qızın hamama gedir,
Tumanı yox, anacan.
BAŞMAQ ÇIRPMA
Quda-quda oyunundan sonra Başmaq çırpma oyunu olur.
Oyun belədir: İki qız yerdə qabaq-qənşər oturur, ayaqlarını
uzadır. Ayağın pəncələri bir-birinə söykənir. Nişanlı qızlar
oturanların ayaqları üstündən bir-bir hoppanır. Hoppanan qız
nişanlısının adını deməlidir. İşdi deməsə, başmağın tayını
harasına gəldi çırparlar.
HALAY OYUNU
Qız evində Halay oyunu keçirilir. Qızlar halay qurub
dövrə vururlar. Arxada bir qız deyir:
Haxışta cərgə-cərgə,
Gəl gedək əmimgilə,
Əmimgil də olmasa,
Allahdan ölüm dilə.
Başqa bir qız dairəyə girib deyir:
Qara atı yağladım,
Çilləkənə bağladım.
Gözlədim yar gəlmədi,
4
Hönkür-hönkür ağladım.
Üçüncü qız dairəyə girib deyir:
Uzun damdan dam olmaz,
Dibinə kölgə salmaz.
A qarayanız xas oğlan,
Daha sən deyən olmaz.
Dördüncü qız girib oxuyur:
Sandıq üstə gəzərəm,
Sandığa gül bəzərəm.
Ağır elin qızıyam,
Qəriblikdə gəzərəm.
Beşinci qız dairəyə girib deyir:
Aftafa gum-gum eylər,
Basdıqca gum-gum eylər.
Yar yarına qovuşsa,
Bayramın o gün eylər.
BƏY TƏRIFI
Toyun ən şirin yeri Bəy tərifidir. Toyun sonuna yaxın
mağarın ortasında ayrıca masa qoyur, üstünə qırmızı örtük
salır, vaz bəzəyirlər. Bəyin özü, sağdışı və solduşu əyləşir, aşıq
bəyi tərifləməyə başlayır. Aşığın yanında məclis əhlini yaxşı
tanıyan bir nəfər dayanır, toydakıların adlarını bir-bir çəkir.
Onlar da gəlib nəmər qoyur, bəyin qoluna, boynuna qırmızı
kələğayı bağlayırlar. Bəy tərifi başlayır:
Xonçana düzdürdük noğulnan badam,
Toyunu elədik, ürəkdən şadam,
5
Sağ olsun başına yığılan adam,
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun,
Ay borc olsun!
Göydə bir ulduz var adı Talıbdı,
Bəyin anasında nəmər qalıbdı,
Bəyin bacısında nəmər qalıbdı,
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun,
Ay borc olsun!
Qızılgül qönçəsi, nərgiz butası,
Bizə xələt versin bəyin atası,
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun,
Ay borc olsun!
Dəryada qərq oldu Nuhun gəmisi,
Bizə xələt versin, bəyin əmisi.
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun,
Ay borc olsun!
VERDIK BIR DANA
Gəlini ata evindən çıxarıb aparanda oğlan adamı qız
adamına acıq verər:
Verdik bir dana,
Aldıq bir sona.
Ay qız adamı,
Qal yana-yana.
6
ƏLLAMƏNIN NAĞILI
Biri varıydı, biri yoxuydu. Keçmiş zamanlarda bir
qocayla bir qarı varıydı. Bunların övladları yoxuydu. Bu dərd
azmış kimi yoxsulluq da yapışmışdı yaxalarından. Deyirəm
Allah düşmənimi də çörəknən imtahan eləməsin. Kişi gecə-
gündüz işləsə də ocaxlarında bin-bərəkət olmazdı. Beləcə bir
qarın ac, bir qarın tox dolanardılar.
Kasıbçılığın üzü qara olsun. Bunnarın yatmağa yorğan-
döşəyi də yoxuydu. Elə bir həsiriydilər, bir Məmmədnəsir.
Kişinin dədə-babadan qalma köhnə bir kilimi varıydı. Onu da
gündüzləri altlarına salıb yemək yeyər, gecələri isə üstlərinə
yorğan eliyib yatardılar.
Beləcə qocayla qarı yaşamaqlarında olsunlar. Sizə
kimdən xəbər verim? Nədən xəbər verim? Bir qoca dərvişdən.
Günlərin bir günü bu dərviş baba oxuya-oxuya gəlib çıxır
qocaların qapısına. Cünün cünorta çağı olur. Qapını dərvişin
üzünə arvad açır. Elə açdığına da peşman olur. Görür ki,
qabağında bir baba dərviş durub. Arvad qalır mat-mətəl. Bir
xeyli götür-qoy eliyir. Öz-özünə fikirləşir ki, dərvişi əliboş
qaytarmazlar. Beyqafıl yadına kilim düşür. Deyirəm Allah
hamının ürəyinə görə versin! Arvad kirmişcə kilimi qatdıyıb
7
verir dərvişə. Dərviş də kilimi vurur qoltuğuna. Cibindən bir
alma çıxardıb arvada deyir:
- Ay bacı, Allah sənnən razı olsun! Götür bu almanı. Bu
alma sən bilən almalardan döyül. Bu alma muraza yetirən
almalardandır. Bax, kişi evə gələn kimi almanı tən bölərsiz.
Yarısını sən yeyərsən, yarısını da verərsən kişiyə. Vədə tamam
olanda dünyaya bir oğlan gətirəssən. Nəbadə uşağa ayrı ad