deyirəm. Günlərin bir günü idi. Bərk yatmışdım. Bir də gördüm
ki, gözəl bir bağdayam. Bağ nə bağ… Gül gülü çağırır, bülbül
də bülbülü. Ta iki göz lazımdır tamaşasına dursun. Başım da
gözəl bir qızın dizindədir. Ağlım başımdan çıxır. Huşumu
itirirəm. Özümə gələndə nə görsəm yaxşıdır. Görürəm ki, süfrə
sərilib, qırağında da gözəllər əyləşib. Onnardan biri bizə
yaxınnaşır. Əlindəki badəni verir mənə. Ta mən də o saat
badəni başıma çəkib içirəm. Genə ağlım başımdan çıxır.
Gözümü elə vaxt açıram ki, nə bağ var, nə də gözəl. Özüm də
otağımdayam. İndi qardaş, o gündən gecəm, gündüzüm yoxdu.
37
Dünya adlanan o gözəlin həsrətindən yanıram. Bil, agah ol ki,
Dünya xanımı mənə buta veriblər. Mən gərək Dünya xanımı
tapam.
Məhəmməd bir xeyli fikrə gedir. Axır ki, qərara gəlir.
Deyir ən yaxşısı məsələni atama danışmaqdır.
Atasının hüzuruna gedib olub-keçənnəri söylüyür.
Padşahın qan beyninə vurur. Deyir:
- Qardaşın heç bilirmi o qız kimin qızıdır. O qız cinnər
padşahının qızıdır. Mənim qoşunumun cinnər padşahına gücü
çatmaz. Get ona denən ki, ölkəmdə kimin qızını istiyir elə bu
saat alım. Təki bu söydadan əl çəksin. Məhəmməd atasının
sözlərini Böyükbəyə yetirir. Böyükbəy cin atına minir. Başlıyır
Məhəmmədə qışqırmağa:
- Adam verdiyi sözü tutar. Bə deyirdin maa kömək
eliyəssən. Utanmırsan, əlin ətəyindən uzun gəlibsən yanıma.
Məhəmməd yaman pərt olur. Özünü toplayıb deyir:
- Qardaş, dünyanın axırı deyil ha. Özüm gedib o qızı
tapacam. Yerin altında da, üstündə də olsa sənə gətirəcəm.
Uzun sözün qısası. Qardaşlar belə qərara gəlirlər ki, hər
ikisi Dünya xanımı tapmağa getsin. Başlıyıllar fikirlərini
padşaha söyləməyə. Padşah görür, yox, bu xına o xınadan
döyül. Çarəsiz qalıb razılıq verir. Övladlarının alnını öpüb uğur
diləyir.
Beləcə Məhəmmədlə Böyükbəy yolu alırlar əllərinə.
Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi
yol gedib gəlib yetişirlər uca bir dağın ətəyinə. Görürlər ki, bir
kişi kürəyini dağa söykəyib durub. Məhəmməd kişidən soruşur:
- Xeyir ola. Soruşmaq ayıb olmasın, burda niyə durufsan
belə?
Kişi cavab verir ki, mənə Dağsaxlayan deyirlər.
Məhəmməd yaman söyünür. Öz-özünə deyir, nə yaxşı oldu.
Dağsaxlayan bizə lazım olar. Elə bunu da özümüznən aparaq.
Amma Dağsaxlayanı yola gətirmək lazımdır. Buna görə də
hiylə işlədib deyir:
38
- Dağsaxlayan qardaş, heç insafdan döyül sən ömürlük
burda qalasan. Gəl bizə qoşul. Bir gör dünyada nə var, nə yox.
Bu söz Dağsaxlayanın ağlına batır. Başlıyır kürəyini
dağdan çəkməyə. Elə bu vaxt bir gurultu qopur ki, gəl görəsən,
O yekəlikdə dağ yerlə yeksan olur. Məhəmməd öz-özünə deyir,
nə yaxşı oldu. Yolumuz da kəsələşdi.
Nə başınızı ağrıdım, hər üçü yolu alırlar əllərinə.
Gethaget, gethaget gəlib yetişirlər bir meşəyə. Görürlər ki, bir
kişi yekə bir ağacı gökündən qoparır. Aparıb kənarda təzədən
basdırır. Məhəmmədgilin matı-qutu quruyur. Deyillər görəsən
bu niyə belə eliyir. Məhəmməd tez dillənir:
- Qardaş, xeyir ola, nə işnən məşğulsan? De görüm niyə
ağacı çıxarıb təzədən basdırırsan?
Kişi cavab verir ki, mənə Meşəseyrəldən deyirlər. Mən
meşəni seyrəldirəm. Məhəmməd öz-özünə fikirləşir ki, bu da
bizə gərək olar. Genə hiylə işlədib deyir:
- Meşəseyrəldən qardaş, sənin işin-peşən elə bütün günü
meşə seyrəltməkdir. Gəl sən də bizə qoşul. Birlikdə gedək.
Görərsən dünyada nə var, nə yox.
Bu fikir Meşəseyrəldənin ağlına yamanca batır. Deyir, nə
yaxşı oldu. Elə gəzmək istəyirdim ki.
Beləcə Məhəmməd Böyükbəylə Dağsaxlayanı,
Meşəseyrəldəni götürüb yolu alır əlinə. Gethaget, axır gəlib
çatırlar bir talaya. Görürlər ki, talada yaman çox adam var.
Birtəhər adamları aralayıb yaxınlaşırlar. Sən demə burda
pəhlivan varıymış. Bu pəhlivan sol əliylə bir kəlin, sağ əliylə
ayrı bir kəlin buynuzundan tutub dartır. Sonra da çəkib onları
bir-birinə çırpır. Məhəmməd mat qalır. Birtəhər adamların
dağılmasını gözlüyür. Elə ki, camaat dağılır, Məhəmməd tez
pəhlivana yaxınlaşıb deyir:
- Ay pəhlivan qardaş, bayaqdan seyr eliyirəm. Sənin
gücünə söz ola bilməz. Deyirəm heç rəva döyül ki, sən ömrün
boyu kəllərlə gücünü göstərəsən. Ağlını başına topla. Sən də
gəl bizə qoşul. Bir gör dünyada nələr olur.
39
Pəhlivan o saat razı olur. Beləcə yola düzəlirlər. Az
gedirlər. Üz gedirlər. Dərə-təpə düz gedib bir çəmənliyə
yetişirlər. Məhəmməd baxıb görür, bura əcəb gözəl yerdir.
Deyir hələlik burda binə quraq. Sonrası Allah kərimdir. Nə
başınızı ağrıdım. Onnar koma qurub başlıyırlar burda
yaşamağa. Günlərin bir günü Məhəmməd yoldaşlarını yanına
çağırıb deyir:
- Allaha şükürlər olsun ki, ov ovlayıb, quş quşlayıb
günümüzü keçiririk. Amma gəlin belə bir şərt kəsək.
Növbəynən komada qalaq. Görək başımıza nə gəlir.
Uzun sözün qısası, püşk atırlar. Gəlib Dağsaxlayana çıxır.
Dağsaxlayan yoldaşlarını yola salıb başlıyır biş-düş eləməyə.
Odun doğrayıb bir qazan yemək bişirir. Elə ki, yemək hazır
olur, deyir qoy gözümün acısını da alım. Kəlləsini qoyub elə
təzəcə yuxuya getmək istiyir ki, bir də görür yaman gurultu
qopub. Elə gözlərini açdığını bilir. Qarşısında dayanan bir dev
ona nətər şillə çəkirsə, Dağsaxlayanın huşu başından çıxır.
Sonra dev qazanı silib-süpürüb gedir. Dağsaxlayan özünə
gələndə görür şər qarışıb. Tez cumub qazana baxır. Görür
yemək nə gəzir. Üstəlik qazan da ağzı üstə çevrilib.
Dağsaxlayanın matı-qutu quruyur. Beyqafıl yadına dev düşəsi
olur. Başlıyır götür-qoy eləməyə. Öz-özünə deyir qoy özümü
xəstəliyə vurum. Beləcə ayıbıma da kor olaram. Nə başınızı
ağrıdım. Dağsaxlayan bir dəsmal tapıb başını çəkir. Başlıyır
Məhəmmədgili gözləməyə.
Heç nədən xəbərsiz Məhəmməd yoldaşlarıyla ovdan
qayıdır. Komaya girəndə görür ki, Dağsaxlayan yaman ah-uf
eliyir. Məhəmməd soruşur:
- Qardaş, nolub elə? Nə yaman ah-uf eliyirsən. Olmuya
azarlıyıbsan?
Dağsaxlıyan canı ağrıyannar kimi cavab verir ki, başım
yaman ağrıyır. Ta yemək-zad da bişirməmişəm.
40
Məhəmməd bir söz demir. Kirmişcə təzə ovdan yemək
hazırlıyır. Hamısı oturub iştahla yeməkdən yeyir, Allaha şükr