yolu alırlar əllərinə. Qoy bunnar getməkdə olsun. Sizə kimdən
xəbər verim, Məhəmməddən. Məhəmmədin kəndiri qırılır.
Qalır quyunun dibində. Barmağını dişliyib Dünya xanımın
sözlərini xatırlayır. Öz-özünə deyir, durmaqdan bir şey çıxmaz.
Qoy quyunun dibini gəzim, bəlkə bir yol tapdım. Bu fikirnən
Məhəmməd elə bir az yol getmişdi ki, qabağına ağ saçlı, ağ
saqqallı bir dərviş çıxır.
Məhəmmədin lap matı-qutu quruyur. Donub yerində
qalır. Dərviş yaxınlaşıb deyir:
- Oğul, mən səni yaxşı tanıyıram. Sənin xilaskarınam. Bir
dəfə sel gəldi. Atanla ananı sel apardı. Amma Xudavəndi-aləm
47
səni qorudu. Mən də səni aparıb meşədəki palıdın oyuğuna
qoydum. Orda qarının keçisini əmib sağ qaldın. Səni çoban
tapdı. O da aparıb verdi qarıya. Qarı çox qocaydı. Götur-qoy
eliyib səni padşaha verdi. Ayağın sayalıydı. Sən gələn günü
padşahın oğlu dünyaya gəldi. Padşah meylini sənə saldı. Bütün
əyan-əşrəfinə əmr elədi ki, onun iki oğlu dünyaya gəlib. O gün
bu gündür, Böyükbəylə səni ayırmır. Hər ikinizi çox istəyir.
İndi də yazıq ananın ağlamaqdan gözləri tutulub.
Bunu deyib dərviş Məhəmmədə bir məlhəm uzadır.
Deyir, ananın gözlərini bu məlhəm açacaq. Sonra dərviş
neyləyirsə, qeybdən bir ağ at peyda olur. Bu at adi atlara heç
bənzəmir. Atın iki qənədi olur. Məhəmmədin ta deyiləsi sözü
də qalmır. Bir dərvişə, bir ata baxıb durur. Hannan-hana
dillənir:
- Baba dərviş, bilirəm ki, bu at məni quyudan çıxardacaq.
Bəs mən səni bir də görə biləcəyəmmi?
Dərviş Məhəmmədə qulaq asıb deyir:
- Məhəmməd, oğul, sən nə vaxt dara düşsən mən özüm
səni tapacam.
Bunu deyib dərviş qeyb olur. Məhəmməd elə ancaq:
«Allah səndən razı olsun» - deyə bilir. Sonra sıçrayır atın
belinə. At bir göz qırpımında Məhəmmədi quyudan çıxarıb
qeyb olur.
İndi sizə kimdən xəbər verək Böyükbəydən. Elə ki,
Məhəmməd quyudan çıxır, başlıyır Böyükbəyi səsləməyə.
Görür səs-səmir gəlmir. Qanrılanda Böyükbəyin əl-ayağının
sarıqlı olduğunu görür. Özünü nətər qardaşının üstünə atırsa,
Böyükbəy səksənib ayılır. Məhəmmədi görüb yaman sevinir.
Məhəmməd o saat qardaşının əl-ayağını açır. Birlikdə düşürlər
satqınların dalına. Gethaget, gethaget axır gəlib yetişirlər
onnara. Məhəmməd qılıncını qından çıxardır. Nətər zərbnən
vurursa, Dağsaxlayanın, Meşəseyrəldənin, bir də
Kəldöyüşdürənin başı qarpız kimi dığırlanır. Sonra üzünü
qızlara tutub deyir:
48
- İndi deyin görüm yurdunuz-yuvanız haradır? Aparım
sizi evinizə qoyum.
Sən demə bu qızlardan üçü bacıymış. Elə hər üçü
uzaqdan görünən bir kəndi göstərib deyir ki, bax odur bizim
yurdumuz.
Uzun sözün qısası, Məhəmməd qızları aparıb öylərinə
qoyur. Ta qızların dədəsinnən anası bir şadyanalıq eliyir ki, gəl
görəsən. Qalır Dünya xanımla tək bircə gözəl. Bu gözəlin də
adı Gülcamal olur. Məhəmməd üzünü Gülcamala tutub deyir:
- Gözəl, bəs sənin kimin, kimsənən yoxdu?
Gülcamal dillənir:
- Məhəmməd, nə kimim var, nə kimsənəm. Yetim qızam.
Gedəcək yerim də yoxdu. İzn versəydin elə ömrümü sənin
yanında başa vurardım. Qulun olardım.
Məhəmməd bir xeyli fikrə gedir. Elə əvvəldən Gülcamala
quşu qonmuşdu. Nətər deyərlər, bir könüldən min könülə aşiq
olmuşdu. Ta qızın sözün eşidib az qalır qanadlanıb uçsun.
Birtəhər özünü ələ alıb cavab verir:
- Gülcamal xanım, mənim qulum olmaq lazım döyül. Qul
Tanrının olmalıdır. Gəl sən elə mənim xanımım ol. Ömrümüzü
birlikdə yaşayaq.
Gülcamal sevindiyindən az qalır huşunu itirsin.
Beləcə dördü də şad-xürrəm düzəlirlər yola. Bir xeyli yol
qət eliyib bir çinarın altında dincəlirlər. Bunnar yatır.
Məhəmmədinsə gözünə yuxu getmir ki, getmir. Bir də görür
çinara iki göyərçin qonub. Bu göyərçinlər adam kimi dil
bilirlər. Biri o birinə deyir:
- Bacılı, ay bacılı, bu kimdir elə?
O birisi dillənir:
- Can bacı, bu həmin o meşədən tapılan oğlandır. Adı da
Məhəmməddir. Qardaşının yolunda yaman zülm çəkib. Amma
bunun görəcəkli günləri hələ qabaqdadır.
O biri bacı genə dillənir:
49
- Bacılı, sən məndən böyüksən. Olub-keçənnəri də
məndən yaxşı bilirsən. De görək Məhəmmədin innən sonrakı
zülmü nədir elə?
Böyük bacı sözə başlıyıb deyir:
- Məhəmədgil saraya çatan kimi padşah yaman
söyünəcək. Dərvişin Məhəmmədə verdiyi məlhəm onun
anasının gözlərini sağaldacaq. Padşah şadyanalıq eləyib tez
Böyükbəylə Dünya xanıma toy çaldıracaq. Amma toy günü
çırağın başından bir qara kölgə düşəcək. Bu kölgə dığırlanıb,
dığırlanıb böyüyəcək. Axırda bir dev olacaq. Gəlib Böyükbəylə
Dünya xanımı öldürəcək.
Kiçik bacı qorxa-qorxa soruşur:
- Bacılı, bə bunun bir çarəsi yoxdur?
Böyük bacı dillənir:
- Allah heç nəyi çarəsiz yaratmıyıb. Əlbət ki, bunun da
çarəsi var. Gərək Məhəmməd bəynən gəlindən qabaq otağa
girə. Devi görən kimi onu öldürə. Özü də gərək bunu kiməsə
söyləməyə. Yoxsa o saat daşa dönəcək.
Məhəmməd göyərçinlərə qulaq verib dinmir. Göyərçinlər
də uçub gedirlər. Məhəmməd qardaşınnan qızları oyadır.
Birlikdə yola başlıyırlar. Gethaget, gethaget axır gəlib yetişirlər
saraya. Padşaha xəbər aparırlar ki, gözün aydın, bəs oğlanların
gəlib, yanlarında da bir cüt dünya gözəli var. Ta padşahın
sevincinin həddi-hüdudu olmur. Məhəmmədlə Böyükbəy
padşaha təzim eliyib dururlar. Padşah oğlanlarını bağrına basıb
doyunca öpür. Elə bu vaxt Məhəmmədin gözü anasına sataşır.
Yüyürüb onu qucaqlayır, o üzündən, bu üzündən öpür. Sonra
dərvişin verdiyi məlhəmi gözlərinə sürtür. Ananın gözləri
açılır. Balalarının hər ikisini öpüb qucaqlayır, xeyir-dua verir.
Bayaqdan seyr edən padşahın lap matı-qutu quruyur. Əmr
eliyir ki, toya hazırlıq görülsün. Məhəmməd bir xeyli götür-qoy
eləyir. Axır ki, atasının hüzuruna getməyi qərara alır. Gəlib
təzim eləyir, deyir:
50
- Atayi-mehriban, izn versəydin mən hələ toy
çaldırmazdım.
Padşahın gözləri böyüyür. Birtəhər özünü toplayıb deyir:
- Oğul, mən elə bilirdim könlun Gülcamaldadır. Elə ona
görə də istəyirdim ki, oğullarımın hər ikisi sevdiklərinə
qovuşsun. Hər ikinizə bir gündə toy çaldıraq.
Məhəmməd genə təzim eləyib deyir:
- Ateyi-mehriban, könlüm Gülcamaldadır. Amma