deyirəm qoy Böyükbəylə Dünya xanımın toyu çalınsın. Qırx
gün qırx gecə keçsin, sonra mənimlə Gülcamalın toy-düyününə
yığışın.
Padşah qalır mat-mətəl. Nə illah eliyirsə, Məhəmmədi
fikrindən döndərə bilmir ki, bilmir. Çarəsiz qalıb qırx gün, qırx
gecə Böyükbəylə Dünya xanıma toy çaldırır. Elə ki, məqam
yetişir. Məhəmməd gedib qardaşının otağında gizlənir.
Böyükbəylə Dünya xanım yuxuya gedən kimi çıraqdan bir
kölgə düşür. Bu kölgə dığırlanıb böyüyür. Devə çevrilir.
Məhəmməd tez sıçrayıb qılıncıyla devi ikiyə bölür. Səs-küyə
Böyükbəylə Dünya xanım oyanır. Böyükbəy qardaşının üstünə
şığıyıb bağırır:
- Namussuz, qeyrətsiz, özün də mənə qardaş deyirsən.
Gözünü arvadıma dikibsən. Dünya xanımı mənə gətiribsən,
yoxsa özünə?
Məhəmməd kəlmə də kəsmir. Çevrilib baxır, görür devin
ölüsü yoxdur. Lap mat qalır. Öz-özünə fikirləşir, ta mənə heç
kəs inanası döyül.
Nə başınızı ağrıdım. Böyükbəy olub-keçənləri gedib
atasına danışır. Padşah bərk qəzəblənir. Əmr eləyir,
Məhəmmədi hüzuruna gətirsinlər. Padşah Məhəmmədə bağırıb
deyir:
- Sən nə ədəbsiziymişsən. Ocağımda oğul yox, ilan
bəsləmişəm. Tez ol, de görüm bu qələti niyə eləyibsən?
Məhəmməd atasına təzim edib deyir:
51
- Şah sağ olsun. Mənnən heç nə soruşmayın. Desəm
peşman olassız.
Padşah əl çəkmir. Məhəmmədə deyir ki, söyləməsən
başını bədənindən ayıracam.
Məhəmməd çarəsiz qalıb olub-keçənləri danışmağa
başlayır. Sözünü qurtaran kimi elə atasının gözünün
qabağındaca daşa dönür. Padşah bir başına vurur, bir dizinə.
Böyükbəy ağlıyıb-sızlayır. Heç kim özünə gələmmir.
Böyükbəy qardaşına olan son borcunu yerinə yetirmək istəyir.
Daşa dönmüş Məhəmmədi aparıb bağa qoyur. Elə hönkür-
hönkür ağlayanda ağ geyimli, ağ saqqallı bir dərviş gözünə
görünür. Böyükbəy diksinir. Dərviş onnan soruşur:
-Oğul, sən qardaşını çoxmu istəyirsən?
Böyükbəy dillənir:
- Baba dərviş, onu canımdan çox istəyirəm. Məhəmmədi
geri qaytarmaqçün canımı da verərəm.
Dərviş sözə başlıyır nə başlıyır:
- Məhəmmədin öldürdüyü dev çarpayının altındadır. Devi
ora mən qoymuşam. Sənin qardaşlığın yoxlamağın əsl vaxtıdır.
Vədə tamam olan kimi bir oğlun dünyaya gələcək. Gözləyərsən
uşaq bir yaşına keçər. Onun başını bir ləyəndə kəsərsən. Sonra
oğlunun qanıyla daş olmuş Məhəmmədi yuyarsan.
Böyükbəyi yaman dərd aparır. Bir yanda qardaşı
Məhəmmədi, o biri yanda da oğlunu düşünür. Axır ki, bir
qərara gəlib dərvişə deyir:
- Baba dərviş, elə bir səhv eləmişəm ki, Allah da
bağışlamaz. Qoy oğlum Məhəmmədə fəda olsun. Bircə
Məhəmmədi salamat görmək qismətim olsun.
Bu sözlər dərvişə xoş gəlir. Bir göz qırpımında qeyb olur.
Nə başınızı ağrıdım. Beləcə vaxt ötür, vədə tamam olur.
Böyükbəyin bir oğlu dünyaya gəlir. Hamı sevinib şadyanalıq
edir. Böyükbəydən savayı. Uşaq bir yaşına çatanda Böyükbəy
onu götürüb bağa gedir. Bir o yana, bir bu yana baxır. Sonra
bıçağı götürüb çağanın başını kəsir. Qanıyla daşı yuyur.
52
Məhəmməd çönüb əvvəlki kimi olur. Böyükbəyi görüb yaman
söyünür. İki qardaş bir-birini qucaqlayıb dərdləşirlər.
Məhəmməd Böyükbəyin oğlunu bilib bikef olur. Öz-özünə
deyir, bu uşağın qanıyla diriləcəydimsə, kaş ömürlük daş
qalardım. Bu vaxt qulağına qeybdən bir səs gəlir:
- Məhəmməd, hər şeyin bir hikməti var.
Məhəmməd başını qaldırıb həmin ağ saqqallı, ağ saçlı, ağ
geyimli dərvişi görür. Dərviş deyir:
- Allah-Təala Böyükbəyi oğluyla sınağa çəkdi. Böyükbəy
də səhvini düzəltməkçün öz balasını gözünü qırpmadan qurban
vermiş oldu. O körpəni diriltmək sənin əlindədir. Çünki sən
onun qanıyla daşdan qurtulmusan. İndi get körpənin başını
bədəninə qoy. Barmağını da kəsib sürt boğazına. Qorxma, uşaq
asqırıb ayılacaq.
Bunu deyib dərviş qeyb olur. Məhəmməd tez yüyürüb
çağanın başını bədəninə bərkidir. Barmağını çərtib qanını
boğazına çəkir. Çağa olur anadangəlmə. Asqırıb oyanır.
Məhəmməd çağanı da götürüb gəlir saraya. Padşah
Məhəmmədi görüb söyünür. Ondan bağışlanmasını istəyir.
Anası başlıyır Məhəmmədi duz kimi yalamağa. Hamı
şadyanalıq eləyir. Padşah Məhəmmədlə Gülcamala qırx gün
qırx gecə toy çaldırır. Toy elə toy olur ki, səsi-sorağı hər yana
yayılır. Hamı yeyir, içir muradına çatır. Siz də yeyin, için,
muradınıza çatın.
53
NƏRDƏNƏXATIN
Biri varıydı, biri yoxuydu, bir arvad varıydı. Bu
arvadın da yeddi oğlu varıydı. Arvadın özü də, yeddi oğlu da
qız həsrətindəydi. Qız deyəndə bunların dodağı yeddi yerdən
paralanırdı. Oğlanlar hər gün ova gedərdi. Ova gedəndə
analarına tapşırırdılar, bacımız olsa bizə xəbər ver.
Anaları da deyərdi:
- Əgər bacınız olsa, qapıdan ələk asacam, qardaşınız
olsa tüfəng.
Bunlar ova getməkdə olsunlar, sizə kimdən deyim
arvaddan. Bir gün oğlanları ova gedəndən sonra arvad yatdı,
bir qızı oldu. Qız elə gözəl idi, elə gözəl idi, deyərdin on dörd
gecəlik aydı, durub. Arvad çox sevindi. Tez durub qapıdan ələk
asdı ki, oğlanları qayıdanda ələyi görüb şad olsunlar.
Bunun bir paxıl qonşusu da varıydı. Tez ələyi götürüb,
yerindən tüfəng asdı. Axşam düşdü. Oğlanlar evə döndü.
Dönəndə baxdılar qapıdan tüfəng asılıb. Kor-peşman dala
qayıtdılar. Getdilər uzaq, uzaq bir ölkəyə.
Bunlar getməkdə olsun, indi görək anaları necə oldu.
Arvad gördü oğlanları qayıtmadı. Dalağı sancdı. Tez qapıya
baxdı. Baxanda gördü nə … Ələyin yerinə tüfəng asılıb. Tez
barmağını dişlədi, qayıtdı evə. Bildi ki, qonşunun işidi.
Aylar, illər ötdü. Arvad qızın adını Nərdənəxatın
qoymuşdu. Nərdənəxatın gözəl-göyçək bir qız olmuşdu. Bunun
bir danası da varıydı. Dananın adını Sarıqız qoymuşdu.
Nərdənəxatın meylini Sarıqıza salmışdı. Hara getsə, özüynən
aparırdı. And içəndə Sarıqızın adına and içərdi. Bir gün
Nərdənəxatın qızlarla oynayırdı. Birdən bir pis iy gəldi. O dedi:
- Qardaşımın canı mən eləmədim.
Bu dedi:
-Qardaşımın canı mən eləmədim.
54
Nərdənəxatın da Sarıqızın canına and içdi. Bu belə and
içəndə qızlar gülüşdü. Dedilər:
-Yeddi qardaşın bacısı da bir qotur danının canına and