qoyasız ha. Onun adı Əllamə olmalıdır.
Dərviş bunu deyib qeyb olur. Arvadın lap matı-qutu
quruyur. Ha o tərəf-bu tərəfə baxırsa, dərvişi görənmir ki,
görənmir. Çarəsiz qalıb keçir içəri. Almanı gizlədib başlayır
kişini gözləməyə.
Sizə kimnən xəbər verim? Güc-bəlaynan cütünü sürən
qocadan. Elə ki şər qarışır, kişi yorğunnuqdan canı çıxmış
halda gəlib çıxır öyünə. Ta ağzına bir tikə qoymağa da halı
olmur. Öz-özünə deyir, elə kəlləni atıb yatmaq hamısınnan
yaxşıdır. Gözünnən ha gəzir, kilimi tapmır. Deyir yəqin arvad
harasa qoyub. Tez arvadını səsləyir:
- Arvad, ay arvad. Deyirəm zəhrimara qalmış qocalıq öz
sözünü deyir ha. Yuxum gəlir. Yatmaq istəyirəm. Kilimi də
tapmıram ki, üstümə örtüm. Dur bir sən də bax. Gör tapa
bilirsənmi?
Deyirəm Allah heç kəsi daramanda qoymasın. Arvad
yaman qorxuya düşür. Elə istiyir nəysə desin. Dili-ağzı
quruyur. Hannan-hana özünə gəlib dillənir:
- Kişi, ay kişi. Bilirsən kilimimiz yaman kirlənmişdi.
Üstündə də əl qalınlığında toz varıydı. Bilmirsən ki, varımız da
o kilimdir, yoxumuz da. Kirlimi saxlıyardım?
Kişi cin atına minir. Gözünü yumub ağzını açır:
- Belə yuyubsan, qələt eliyibsən. Gətir elə yaş-yaş sal
üstümə. O kilim mənim dədəmnən qalıb, sənin yox. Bir
gənəşəydin. Görəydin mən qoyurammı yumağa.
Arvad yaman pərt olur. Ömründə heç kişini belə
görməmişdi. Birtəhər özünə gəlib, dərviş əhvalatını söyləyir.
8
Kişi olub-keçənnəri dinliyib bir xeyli fikrə gedir. Övladsızlıq
dərdi onu yaman yandırmışdı. Yoxsulluq bu dərdin yanında
toya getməliydi. Arvad görür ki, kişidən səs-səmir çıxmır. Bir
kəlmə də kəsmir. Gedib dərviş verən almanı gətirir. Kişi
almanı əlinə götürüb başlayır tamaşa eləməyə. Öz-özünə
fikirləşir ki, ömrümdə heç belə alma görməmişəm.
Nə başınızı ağrıdım. Arvad almanı dərviş deyən kimi tən
ortadan bölür. Almadan bir ətir yayılır ki, az qalır adamı bihuş
eləsin. Beləcə hər ikisi almanı yeyib şükr edirlər.
Deyirəm Allah hamını arzusuna çatdırsın! Vaxt keçir.
Vədə tamam olur. Arvad dünyaya bir uşaq gətirir. Onnar
Allaha şükr eliyillər. Çağanın adını da dərviş deyən kimi
Əllamə qoyurlar.
Bu Əllamə bir ruzulu olur ki, gəl görəsən. Ta dünyaya
gələnnən qocaların öyünnən bin-bərəkət əskik olmur. Hələ bu
harasıdır. Əllamə heç başqa uşaqlara bənzəmir. Elə tez yekəlir
ki, adam lap mat qalır. Beləcə üç ayını tamamlamış olur.
Günnərin bir günü arvad əppək bişirmək istiyir. Çağanı
gətirir həyətə qoyur ki, gözü üstündə olsun. Bisimillah eləyib
başlayır əppək yapmağa. Başı əppəklərə nətər qarışırsa, çağa
yadınnan çıxır. Bir də ayılır ki, Əllamənin səsi aləmi başına
götürüb. Arvad tez özünü yetirib başlayır çağanı kiritməyə.
İndi də əppəklər yadınnan çıxası olur. Elə ki Əllamə sakitləşir,
arvadın gözü təndirə sataşır. Yadına əppəklər düşür. Özünü
yetirib təndirə boylanır. Görür əppək nə gəzir, hamısı kösövə
dönüb. Öz-özünə deyir ki, eyb etməz. Kündələr yenə də var.
Onnarı bişirərəm. Ac qalmarıq. Elə bu vaxt arvad gülmək səsi
eşidir. Qanrılıb səsə boylananda lap matı-qutu quruyur. Nə
görsə yaxşıdır? Sən demə şaqqanaq çəkib gülən Əllaməymiş.
Arvad özünü nətər itirirsə, başlıyır qaçmağa. Ta ki, Əllamənin
səsi genə aləmi başına götürəndə durur:
- Ana, ay ana! Hara qaçırsan? Adam da öz uşağından
qorxub qaçar? Tez elə. Gəl yerdə qalan kündələrdən əppək
9
bişir. Sonra da onnarı qoy bələyimə. Mən də dədəmə aparım.
Yazıq indi acından ölür.
Arvadın dili elə ağzındaca quruyur. İstiyir nəysə desin,
deyənmir ki, deyənmir. Hannan-hana özünə gəlir. Kirmişcə
başlayır əppəkləri bişirməyə. Elə ki, əppəklər hazır olur, arvad
onlardan boxça düzəldib bağlayır Əllamənin bələyinə. İşini
bitirən kimi Əllamə deyir ki, gözlərini yum. Arvad sorğu-
sualsız gözlərini yumur. Bir də o vaxt açır ki, Əllamədən əsər-
əlamət yoxdur. O tərəf bu tərəfə boylanıb oğlunu görənmir ki,
görənmir. Çarəsiz qalıb: «Allah, özün balamı qoru!» - deyir.
Arvad burda qalmaqda olsun. Sizə kimdən xəbər verim,
Əllamədən. Əllamə bir göz qırpımında peyda olur əkin yerində.
Başlayır dədəsini səsləməyə:
- Dədə, ay dədə. Mən gəlmişəm ey…
Heç nədən xəbərsiz kişi ha o yan-bu yana baxırsa gözünə
bir inni-cinni dəymir ki, dəymir. Fikirləşir ki, ta əməlli-başlı
qocalıb. Yəqin onu qara basır. Elə istiyir əlini xışa uzatsın,
görür yox, bu səs nə əməldirsə genə qulağını deşir:
- Ay dədə, sənə demirəmmi mənəm. Niyə yanıma
gəlmirsən? Yolu tapanmırsansa elə getdiyin cızla da geri qayıt.
Bax məni onda görəssən.
Kişi: «Lənət sənə kor şeytan!» - deyib elə gəldiyi cızla da
qayıdası olur. Cızın başına çatanda Əllaməni görüb qorxuya
düşür. Hannan-hana özünə gəlib yavaşca deyir:
- Görəsən arvad hanı ki, bu çağa təkcənə ləkdədir.
Əllamə də bu sözü gözlüyürmüş kimi dil boğaza qoymur:
- Dədə, mən özüm gəlmişəm. Anama dedim, o da
bələyimə əppəkləri bağladı. Mən də gətirdim ki, ac
qalmayasan. Di dur süfrə aç. Əppəkdən ye.
Kişinin ta deyiləsi sözü olmur. Elə bircə «Allahın nəzəri
üstünnən əskik olmasın!» - deyə bilir. Sonra da kirmişcə
başlıyır Əllamənin dediyini eləməyə. Süfrə açır. Əppəkləri
qoyur. Axırda da bardaş qurub oturur. Bismillah eliyib əlini
əppəyə uzatmaq istəyəndə Əllamə qoymur:
10
- Dədə, ay dədə, o dağı görürsənmi?
Kişi oğlunun göstərdiyi dağa baxıb ah çəkir:
- Eh, ay oğul. Niyə görmürəm. Lap yaxşı görürəm.
Cavanlıqda o dağı neçə dəfə qalxıb-enmişəm. Heç uf da
deməmişəm. Niyə soruşursan elə?
Əllamə dillənir:
- Dədə, əppəkləri belə yavan yemək heç insafdan döyül.
Bilirəm yaman yorulubsan. Amma ərinib eləmə. Dur ayağa, get
o dağa. Elə yamaca çathaçatda görəssən ki, qabaqdan bir atlı
gəlir. Həmin atlı göy libasda olacaq. Onu görən kimi yoldan
eliyərsən. Atlı qazının yanına getmək istiyir. Yuxu
yozdurmağa. Cibində beş yüz dinarı var. Atın tərkində də təzə
kəsilmiş cəmdək aparır. Onnarı qazıya vermək istiyir. Elə ki,
atlını yolunnan elədin, ona deyərsən, oğlum yuxunu yozacaq.
Ta niyə əziyyət çəkib bir də qazının yanına gedirsən. Gördün
ki, atlı sənnən getməyə razılaşır, tez şərtini söylərsən. Deyərsən
ki, oğlum pulun yarısını, bir də cəmdəyi istiyir. Atlı şərtlə
razılaşanda gələrsiz yanıma.