GƏLDI
Məhəbbətin övlağına,
Bu gün bir tamaşa gəldi.
Gözüm gördü, könlüm sevdi,
Yaraşığı xoşa gəldi.
Bəlalar çəksə də başım,
Yarı tərk eyləməz huşum,
Havalandı könül quşum,
Quba kəhlik daşa gəldi.
136
Cavan Həmid ah eyləmə,
Sığın vəfalı həmdəmə,
Hər yetənə sir söyləmə,
Bəlkə məqsəd başa gəldi.
GÖRDÜM
Kamil bağban oldum, lala yetirdim,
Qəmnən bağladığım vəfanı gördüm.
Xara qismət oldu cəhdi-zəhmətim,
Gülşən tək belə beyvəfanı gördüm.
Günəş gənc xəstəyə laylalar deyir,
Səhralar titrəyir, dağlar baş əyir.
Bulutlar çaxnaşır, göylər titrəyir,
İldırım alovlu tufanı gördüm.
Anlamaz qohuma qul olsan özün,
Verə bilməz sadiq dostun əvəzin,
Can qoyub yolunda qədirbilməzin,
Əfsanə çəkdiyim cəfanı gördüm.
Mən cavan Həmidəm, doğru yolum var.
Sədaqətli dosta xoş xəyalım var,
Ömürdəki ayrılıq var, ölüm var,
Bu yerdə həyatı nə fani gördüm.
OLACAQDIR
Dedim könül, hərcayiyə uğrama,
Ucundan günlərin zar olacaqdır.
Nə namərdə sirr ver, nə bəlasın çək,
Bir gün öz canına nar olacaqdır.
137
İstəsən çəkəsən dünya ləzzətin,
Hamıya mehriban ver məhəbbətin,
Eşitmə sözünü, xain-xoryatın,
Yaman söz gəzdirən xar olacaqdır.
Cavan Həmid, hər işlərə ol bələd,
Dostun qarşısında çəkmə xəcalət,
Nahaqqa həqiqət, hamıya hörmət,
Şöhrətin mahala car olacaqdır.
AYƏ GÖZƏL QIZ
Qüdrət qələmindən nişanın budur,
Yazılıb alnına, ayə, gözəl qız.
Diş mirvari, dodaq qönçə, yanaq ləl,
Bənzərsən… on günlük ayə, gözəl qız.
Nurdan xəlq eyləyib yaradan səni,
Şübhü parçalaya, yara dan səni,
Uzaq ol dərd, fikir yaradan səni,
Yaşa doxsan yüz min ayə gözəl qız.
Cavan Həmid aşiq olub, bax buna,
Göz cavahir, sinə güzgü, bax buna.
Şamu-səhər pərvanəyəm bax, buna,
Üzür taqətimi, ayə, gözəl qız.
138
ŞIXLI KAR ÇOBAN
Çoban Süleyman oğlu Cəbrayılov 1916-cı ildə Qazağın II
Şıxlı kəndində anadan olmuşdur. Məşhur ədəbi simalarımız
Mehdi Hüseyn, Osman Sarıvəlli və Səməd Vurğunla birgə
oxumuşdur. Ç.Cəbrayılov xalq şairi O.Sarıvəllinin əmisi
oğludur.
Şıxlı Kar Çobanın 300-dən artıq şeirləri, el ədəbiyyatı
nümunələri vardır. Müharibədə eşitmə qabiliyyətini itirdiyinə
görə «Kar» təxəllüsünü seçmişdir.
Ustad şair 1990-cı ildə dünyasını dəyişmiş və öz
kəndində dəfn olunmuşdur.
DƏRDIN ALIM
Bilirsənmi bu dünyada,
Nələr gəzər, dərdin alım.
Bu torpağı soğulcan da,
Dələr ğəzər, dərdin alım.
Baxmadı cavan yaşıma,
Zəhər qatdı tez aşıma,
Fani dünya qar başıma,
Ələr gəzər, dərdin alım.
Hər bir ana balasını,
Sağmal inək danasını,
Körpə quzu anasını,
Mələr gəzər, dərdin alım.
Nə deyim gözəl Mələyə,
Deyir ki, düşdüm kələyə,
Körpə uşağın bələyə,
Bələr gəzər, dərdin alım.
139
Sərraf olan ötməz yanı,
Bil mənəm gövhər məkanı,
Söz axtaran kar Çobanı,
Gələr gəzər, dərdin alım.
ELINDƏDIR
(O. Sarıvəlliyə)
Xoş görüşdük, qoca şair,
İndi əlim əlindədir,
Yazdıqların çoxlu şeir,
Uşaqların dilindədir.
Tamam oldu səksən yaşın,
Ağarıbdır qara başın,
Getdi əldən yar-yoldaşın,
Dərdi qara telindədir.
Səyalını tez göndərdin,
Dərdlərinə sinə gərdin,
Qurban ilə Səməd dərdin,
O bükülmüş belindədir.
Yar-yoldaşın çıxdı «qəlif»,
Bağrıyın başını dəlif,
Sayalın da çoxdan gəlif,
Budur, burda elindədir.
Çoban heyrandı bir işə,
Övladlara verdi peşə.
Nəzər diqqətin həmişə,
Solmaz kimi gülündədir.
140
ALIBDI
Görürsənmi, ay loğmanım,
Dağ başını qar alıbdı.
Dərd əlindən qara bağrım,
Yanıb-yanıb qaralıbdı.
Dedim oyan təbim, oyan,
Dərdimi eyləyim bəyan,
Tülək tərlan uçdu hayan,
Bax ovunu sar alıbdı.
Ayım-günüm çatdı getdi,
Oyaq bəxtim yatdı getdi,
Məni yarım atdı getdi,
Qalan canmı yar alıbdı.
Dərdim oldu elə bəyan,
Heç kəs olmaz mana hiyan,
Qoca canım möhkəm dayan,
Gözlərim də tor alıbdı.
Ay Kar Çoban, aç gözünü,
Toxtatgınən tez özünü,
Söyləynən son sözünü,
Vaxtın yaman daralıbdı.
QOYUBDU
Dünyanın himini quran bənnalar,
Birinci daşını naşı qoyubdu.
Arsıza hər zaman gülməyi verib,
Mərdlərin gözünə yaşı qoyubdu.
141
Hanı, mənəm-mənəm deyənlər hanı?
Bu dünyada sən bir Allahı tanı.
Gör nələr yaradıb qadir Sübhani,
Gözlərin üstündə qaşı qoyubdu.
Elin varın yeyib çox da söyünmə,
Pulum çoxdu deyib çox da öyünmə,
Elə et ki sən axırda döyünmə,
Yeməyinə zəhərli aşı qoyubdu.
Yeməkxanalarda olmazsan yalqız,
Dolanar dövrəndə xırdaca baldız,
Sənin bədəninə bir yekə qarpız,
Mənim bədənimə başı qoyubdu.
Pis sözünlə sinəmə çəkirsən dağı,
De açılarmı Çobanın qaşı-qabağı?
Gözü yolda qalıb yoxdu sorağı,
Davada iki qardaşı qoyubdu.
CIĞALI TƏCNIS
Mənim diləyimdi, ay gözəl yarım,
Gəl gəzək dünyanı, dolanaq sənnən.
Əzizinəm mən sənnən,
Bir gəzmədim mən sənnən.
Mənim heç aram olmaz,
Qorxusundan əsənnən.
Yazıq canım əl çəkməyir hey sənnən,
Hara getsən gedir o yana sənnən.
Dolandım dünyanı necə sənə mən,
Nə deyim, ay gözəl, indi sənə mən.
Qız, aşşiqəm sənə mən,
Vurulmuşam sənə mən.
142
Vədə versən gözlərəm,
Bil ki, necə sənə mən.
Qabaqcadan xəbər verrəm sənə mən,
Yaman inciyibdir oy ana sənnən.
Gəl zər atax, gəl yoldaşım gəl sən ol,
Yatar könlüm indi zərim gəlsə nol.
Gəl həmdəmim gəl sən ol,
Yalvarıram gəl sən ol.
Başqasını neynirəm,
Gözəl yarım gəl sən ol.
Bu sevdanın səbəbkarı gəl sən ol,
Yatan könlüm bəlkə oyana sənnən.
Siz də qalın kar Çobanın qeydinə,
Pirim yaxşı yazdı, aldı qeydinə.
Əzizinəm qeydinə,
Kimlər qalar qeydinə.
Bilmirəm ki, nə yazdın,
Sən aldığın qeydinə.
Bəlkə yarın qaldı sənin qeydinə,
Alışıb-oddana o yana sənnən.
QAYMAQLI CƏLİL
Cəlil Mahmud oğlu Məmmədov 1918-ci ildə Qazağın
Qaymaqlı kəndində anadan olmuşdur. Kənd təsərrüfatı
sahəsində təcrübəli mütəxəssis kimi çalışmış C. Məmmədov
bədii yaradıcılıqla da məşğul olmuşdur.
Sazlı-sözlü el ədəbiyyatmıza öz töhfələrini bəxş etmiş
şair 1982-ci ildə dünyasını dəyişmişdir.
143
QABAĞINDA