SƏS VERİRİK
Haray salıb ormanlara
Hər cəhətə səs veririk,
Talan çəkib xırmanlara,
Bərəkətə səs veririk.
Ac gələni doydurmağa,
Dərimizi soydurmağa,
Eli viran qoydurmağa,
Xəyanətə səs veririk.
Keçən günü ana-ana,
Dinimizi dana-dana,
Cəhənnəmdə yana-yana,
Biz cənnətə səs veririk.
Yazı yazır qolladırıq,
Quyu qazır salladırıq,
Qardaş olsun - alladırıq,
Sədaqətə səs veririk.
Sarı yağnan yağlayırıq,
Sarımsaqnan dağlayırıq,
Gülə-gülə ağlayırıq,
Bu vəhdətə səs veririk.
Nə olubdu bu millətə,
Gündə düşür bir zillətə,
Nə insafa, nə mürvətə,
Nə qeyrətə səs veririk.
215
Alakollu İdris haqdan,
Bəla enib neçə vaxdan,
Adil Şahı salıb taxtdan,
Səltənətə səs veririk.
ƏL ÇALIRIQ
Ürəyimdə milyon dərd var,
Bilə-bilə əl çalırıq,
Bir – birimizə hər kələyi,
Gələ-gələ əl çalırıq.
Tullamışıq namus – arı,
Görən kimdir günahkarı.
Özgələrə dövlət-varı,
Bölə-bölə əl çalırıq.
Bir duyan yox ağrımızı,
Minən basır yağrımızı,
Yalan sözlər bağrımızı,
Dələ-dələ əl çalırıq.
Araz keçir aramızdan,
Qanlar süzür yaramızdan,
Dahiləri sıramızdan,
Silə-silə əl çalırıq.
Şillə dəyir üzümüzə,
Barmaq girir gözümüzə,
Urra deyib özümüzə,
Gülə-gülə əl çalırıq.
Kiminkidir keçən naxır,
216
Kimlər yeyir, kimlər baxır,
Ağzımızdan nəfəs çıxır,
Ölə-ölə əl çalırıq.
Var-yoxları xaşdamışdıq,
Gönnərimizi aşdamışıq,
Kişiliyi boşdamışıq,
Elə -belə əl çalırıq.
İdris deyər elimizdə,
«Davay-davay» dilimizdə,
Şər mətahı belimizdə,
Şələ-şələ əl çalırıq.
DÜNYANDA
Gərdişin gülməli işdəkləri var,
Mən ki, baş açmadım haşa dünyada.
Kiminin talehi gülür üzünə,
Kiminin ki, dəyir daşa dünyada.
Kiminin qəlbini fələk dağlayır,
Kimisinə məlhəm qoyub bağlayır,
Beşi gülür, yüzü baxıb ağlayır,
Xeyir-şər yaranıb qoşa dünyada.
İndi moddu haqqa boyun əyilmir,
Heç kəsin günahı üzə deyilmir,
Beş manatlıq papaq alıb geyilmir,
On qapaz dəyir başa dünyada.
Bir misaldı el saxlayar aşığı,
Düşsə könüllərə haqqın işığı,
Dayın gərək, pulun gərək açığı,
217
Kimdi baxan ağıl, huşa dünyada.
Alakollu İdris həyata baxıb,
Od ilə oynayıb, sel ilə axıb,
Kişilik ceyranın belinə çıxıb,
Oğulsan tap, dolan, yaşa dünyada.
TƏCNİS
Sanki baxtım bahar yuxusu yatır,
Oyanmır gecikir ay ana dandı,
Fürsət yoxsulunun düş butağında,
Kəsəcək ağacın ayə nadandı.
Tarçılar tarına salar sim sarı,
Yaralıyam yaram çəkib sim sarı,
Əsil olan gəzər tapar simsarı,
Naxələf zatını, ay ana, dandı.
Alakollu İdris sevməz nəs öyləd,
Nanəcibi sən nə dindir, nə söyləd,
Yaxşının yurdunda qalsa nəs öyləd,
Atanın nə haqqı ay anadandı.
CIĞALI TƏCNIS
Ağ kağız üstündə süzür qələmim,
Şirin sətirləri ay düzə-düzə.
Aşıq deyər ay düzə,
Ahu çıxar ay düzə,
Yandı haqqın çırası,
Şölə saldı ay düzə.
Kotan nə bilir ki, kağan nə çəkir,
Çıxanda səhraya ay düzə-düzə.
218
Xənnas əməlində müdəm al çalar,
Vicdan əzabından rəngim al çalar.
Aşıq deyər al çalar,
Bağda bitər alçalar.
İnsan olan dünyada,
Ucalar, gah alçalar.
Hamı bir olarsa qiymət alçalar,
Fikir ver əyriyə ay düzə-düzə.
Idris, mətləbini versin İlahi,
Xoryada tezliklə ver sin ilahi.
Aşıq deyər ilahi,
Yetiş dada, ilahi.
Dost ucundan çəkmişəm,
Ay-gün nədir ilahi.
Hamıya qəlbincə versin ilahi,
Gərək sınıx könül ay düzə-düzə.
MƏCİD ABBASOV
Abbasov Məcid Polad oğlu 1936-cı ildə Daşkəsən
rayonunun Qabaqtəpə kəndində doğulmuşdur. Yazdığı gəraylı,
qoşma və təcnislər aşıqlar tərəfindən sevilə-sevilə oxunur.
MƏNİM
Dar günümdə yada salan,
Var şahlar şahım mənim.
Dara düşsəm kömək durar,
Olar pənahım mənim.
Həm adildi, həm qadirdi,
219
Hər iş ona agahdı,
Qulluğunda var günahım,
Çoxdu günahım mənim.
Hüzurunda günahkaram,
Çoxdu səhvim, bağışla.
Çalışdım yaxşı ad alım,
Yoxdu nəfim, bağışla.
Qəlbi təmiz pak insanam,
Aldatmaz nəfsim məni,
Həm adilsən, həm qadirsən,
Ey qibləgahım mənim.
Sahibsizə sahib duran
Özün yetiş dadıma,
Hər an səni könlüm istər,
Gəl yetir muradıma,
Səbəbkarsan səbəb səndən,
Qoyma yanım oduma,
Yerə-göyə qərar qoyan,
Sən ol pənahım mənim.
MƏNİM
Hər insana qismət verən, özün yetir qismətim,
Pünhan sirri aşkar görən, sən alçaltma ismətim.
Dara düşsəm köməyim ol, əyilməsin qamətim,
Qoy silinsin ürəyimdən, amanım, ahım mənim.
Şahi-Mərdan, yetiş dada, imdadıma gəl yetiş,
Mən fəqiri salma oda, fəryadıma gəl yetiş.
Ağam Əli, köməyim ol, qoyma gedim bada mən,
Nitqtm, sidqim, kömək dilər, göstər irahım mənim.
220
Hər dəyqənin bir hökmü var, hər saatın bir anı,
Aldanma gəc xəyalına, oda salma cahanı.
Yaradanım yaradanda fərq qoymayıb insanı,
Üstümüzdə bərqərardı Bərilahım mənim.
Dinim İslam, Kəbə qibləm, bağlıyam hər an sənə,
Ey ümidgah, eylə agah, inansın insan sənə,
Yerə-göyə qərar qoyan, heyrandı cahan sənə,
Məcidəm, səhvim bağışla, sirri ilahım mənim.
ADIL QAYMAQLI
Adil Nəsib oğlu Əliyev 1936-cı ildə Qazağın Qaymaqlı
kəndində anadan olmuşdur. Ali təhsilli həkim kimi Daşkəsən,
Tovuz və Bakıda işləmişdir. Sənəti ilə birlikdə bədii
yaradıcılıqla da məşğul olmuşdur. Həkim şair Adil Qaymaqlı
1984-cü ildə vəfat etmişdir.
AĞARMA SAÇIM, AĞARMA
Qoy, küsməsin qardaşlarım,
Gözlərim tək, qoşa varım,
A dar gündə mərd vüqarım,
Ağarma saçım, ağarma.
Bacılarım salmasın köç,
Yanaqları solmasın heç,
Günahımdan sən özün keç,
Ağarma saçım, ağarma.
221
Özün tapşır nazlı yara,
Qoy, salmasın başa qara,
Ölüm hara, de mən hara?
Ağarma saçım, ağarma.
Balalarım mənə baxır,
Canımı yandırıb yaxır,
Gözlərimdən leysan axır,
Ağarma saçım, ağarma.
Bax, yenicə atıbdır boy,
Yaralarım verməyib hoy,
Qoy eyləyim Elçinə toy,
Ağarma saçım, ağarma.
Etibarım gəlib coşa,
Yeni keçib on beş yaşa,
Qoy, onunla gəzim qoşa,
Ağarma saçım, ağarma.
Çəkdirəndə mənə cəfa,
Eylə dərdə özün şəfa,
Qoy, küsməsin qızım Vəfa,
Ağarma saçım, ağarma.
Qayalara dəyib oxum,
Çıxıb əldən varım, yoxum,