kim bilmir. Beləcə qazı möhlətin düz otuz doqquz gününü başa
vurmuş olur. Onun yerdən-göydən əli üzülür. Suda boğulan
saman çöründən yapışar deyirlər. Qazı da nökərləri yanına
çağırıb deyir:
-Allaha and olsun, əyər dərdimə əlac tapmasaz, mənnən
qabaq gəbərəssiz. Tez olun, bir çarə qılın.
Nökərlər qorxularınnan cınqırlarını çıxarmırlar. Dağı
arana, aranı da dağa daşıyırlar. Axırda yadlarına Əllamə düşür.
Olub-keçənnəri qazıya danışıllar. Qazı yaman sevinir. Öz-
özünə deyir ki, bunu ancaq Əllamə bilər.
Qazı ta vaxt itirmiyib yolu alır əlinə. Gethaget, gethaget
axır gəlib çıxır Əllamənin öyünə. Qapını nətər döyürsə, az qalır
qapı yerinnən oynasın. Bunu görən kişi nökəri çağırıb deyir:
- Ay bala, dur o qapını aç. Gör kimdi elə? Qapını qırır.
Nökər yazıq elə yavaşca qapını araladığını görür. Qazı
özünü içəri nətər dürtürsə, bir göz qırpımında peyda olur
kişinin qabağında. Salamməleyk eliyib Əllaməni soruşur. Kişi
qazıya bir xeyli baxır. Öz-özünə deyir, görəsən mən bunu
harda görmüşəm elə? Amma yadına salammır ki, salammır.
Nökəri çağırıb Əllamənin dalınca göndərir. Əllamə gözünə
döndüyüm də küləfrəngidə oturub olub-keçənnəri seyr eliyirdi.
Qazının gəldiyini də bilirdi. Nökər çağıranda kirmişcə düşür
aşağı.
18
Elə ki, qazı Əllaməni görür. Bir dil açır gəl görəsən. Taa
heç ağlına da gəlmir ki, onu çağaykən öldürtmək istiyib:
- Ay oğul, a bala, ölüm qabağında. Elə bil gerçəkdən
ölmüşəm. Yerdən qaldıranım yoxdur. Səni and verirəm o yeri-
göyü xəlq eliyənə! İmdadıma yet! Başıma elə bir iş gəlib ki,
Allah heç düşmənimə də göstərməsin. A başına dönüm, bir
mənə de görüm dəryada balıq nəyə gülə bilər? Bax bunu
öyrənib padşaha deməsəm, başımı bədənimdən ayıracaq.
Elə ki, qazı sözünü xətm eliyir. Başlıyır Əllamədən cavab
gözləməyə. Əllamə də genə özünü tülkülüyə qoyur. Bir xeyli
dinmir. Ta qazının az qalır bağrı çatdasın. Təzədən yalvar-
yapış eləmək istiyir ki, Əllamə dillənir:
- Qazı ağa, sən bu boyda şəhərin qazısısan. Bunu
bilməyənnən sonra mən hardan bilməliyəm.
Qazı bu dəfə də yalvarıb döşənir Əllamənin ayağına:
- Ay oğul, başına dönüm, bir ayağım burda, biri də
gordadır. Bilirəm sən yerin altını da bilirsən, üstünü də. Elə bu
zəhrimar balığın nəyə güldüyünü də təkcə sən bilərsən. Yoxsa
dərimə saman təpəllər.
Qazı bunu deyib öz-özünə fikirləşir. Nə yaxşı oldu
Əllamə məni tanımadı. Tanısaydı anadan əmdiyimi burnumdan
gətirərdi.
Əllamə də qazının ürəyini oxuyub dinmir. Öz-özünə
deyir: Hələ bu harasıdır. Gör sənin başına nə oyun gətirəcəm.
Uzun sözün qısası, Əllamə razılaşır. Qazıya qoşulub gəlib
çıxır saraya. Padşaha xəbər aparırlar ki, bəs qazı gəlib, yanında
da biri. Padşah əmr eliyir, onnarı hüzuruna çağırtdırır. Hər ikisi
gəlir, şaha təzim eləyib dayanırlar. Padşah soruşur:
- Hə, qazı, sualıma cavab tapa bildinmi?
Qazı ikiqat olub deyir:
- Padşah sağ olsun, özüm tapmasam da, bunu bilən birini
hüzurunuza gətirmişəm. O yerin altını da bilir, üstünü də.
Padşah Əllamədən soruşur:
- De görüm, dəryadakı balıq nəyə gülüb?
19
Əllamə cavab verir:
- Padşah sağ olsun, qazıya qırx gün möhlət verdin. Mən
də möhlət istiyirəm. Bu suala cavab tapmaq üçün gərək gəzəm,
dolanam.
Padşah razılaşır. Əllaməyə də qırx gün möhlət verir.
Əllamə genə deyir:
- Qibleyi-aləm sağ olsun, bir şərtim də var. Gərək mən at
yerinə qazını minib gedəm.
Padşah qalır mat-mətəl ki, bu nətər şərtdir. İlxıda bu
qədər at ola-ola qazını minmək heç insafdan döyül.
Əllamə görür ki, şah yaman fikrə gedib, tez dillənir:
- Qibleyi-aləm, mən ömrümdə at minməmişəm. Atdan
yaman qorxuram. Amma qazını minib getsəm, balığın nəyə
güldüyünü öyrənə bilərəm.
Padşah axır ki, razılaşır. Qazı Əllaməni mindirir belinə.
Başlıyır getməyə. Nə başınızı ağrıdım, elə ki, qırx gün tamam
olur, gəlib çıxıllar saraya. Padşahın hüzuruna gedib təzim
eliyirlər. Padşah Əllamədən soruşur:
- De görüm, balığın nəyə güldüyünü tapa bildinmi?
Əllamə cavab verir:
- Qibleyi-aləm, gərək əvvəlcə qazının boynunu
vurdurasan. Yoxsa mən nə desəm, o öz adına çıxacaq.
Padşahın səbr kasası yaman daşmışdı. Lap bütün şəhərin
də boynunu vurdurardı. Təki balığın nəyə güldüyünü bilsin.
Tez əmr eliyir ki, qazının boynunu vursunlar.
Elə ki, qazının başını bədənindən ayırırlar, Əllamə
dillənir:
- Padşah sağ olsun, sən dərya kənarıyla gedəndə göyə bir
balıq hoppanır. Fikirləşirsən ki, görəsən bu balıq erkəkdi,
yoxsa dişi. Elə həmin vaxt da balıq gülür.
Padşahın ağzı açıq qalır. Hannan-hana özünə gəlib deyir:
- Hə, elədir. Bax elə sən deyən kimi fikirləşəndə balıq
gülür. O gün bu gündü az qala dəli olam.
Əllamə genə sözünə davam eliyir.
20
- Qibleyi-aləm, balığın gülməsinin sirri bundadır: balıq
demək istəyir ki, sən qırx ildir padşahlıq eliyirsən, amma qırx
qızın içində bir bığıburma oğlanı görmürsən. Hələ bir mənim
dişi, ya erkəkliyimlə maraqlanırsan.
Padşahın elə bil təpəsinnən yaloy qalxır. Hirsli-hikkəli
bağırır:
- Tez mənə de görüm, o namussuzu tanıya bilərsənmi?
Əllamə də cavab verir ki, niyə tanımıram.
Padşahın əmri ilə qırx incəbel gözəl gəlib keçir
Əllamənin qabağınnan. Otuz doqquzu keçib qurtarır, elə ki,
qırxıncı gəlir, Əllamə tez onun üzünnən ürbəndi götürür. Nə
görsələr yaxşıdı? Baxıllar ki, qabaqlarında bir bığburma oğlan
durub, gəl görəsən.
Padşah əmr eliyir, tez oğlanın boynunu vururlar. Sonra
padşah Əllaməni hüzuruna çağırır:
- Oğul, dünya gözəli bir qızım var. Onu verirəm sənə. Bu
günnən sonra taxtımda sən oturmalısan. Mən də olaram vəzir.
Beləcə ölkəni ədalətlə dolandırarıq.
Padşah qırx gün, qırx gecə toy çaldırıb qızını verir
Əllaməyə. Əllamə oturur padşahlıq taxtında. Başlıyır ədalətlə
ölkəni idarə etməyə. Beləcə şad-xürrəm ömür sürürlər.
21
HƏZRAN BÜLBÜL
Biri varıydı, biri yoxuydu, bizim əyyamdan çox-çox
qabaq Əhər adında bir şəhər varıydı. Bu şəhərin də ədalətli bir
şahı varıydı. Şahın varı-dövləti başından aşırdı. Övlad sarıdan
da baxtı gətirmişdi. Üç gözəl-göyçək, ay parçası kimi oğlu
varıydı. Oğlanlar yavaş-yavaş böyüyürdülər. Ay ötdü, il
dolandı, uşaqlar yetkinlik yaşına çatdılar.