NAĞILLAR ALƏMİ VƏ HƏYAT HƏQİQƏTLƏRİ
Azərbaycan ədəbiyyatı böyük Nizamiyə qədər mürəkkəb və şərəfli bir yol keçmişdir. Bir tərəfdən Qətran Təbrizi, Əbül-Üla Gəncəvi, Qivami Gəncəvi, Şihabəddin Söhrəverdi, Məhsəti Gəncəvi, Eynəlquzat Həmədani, Xaqani Şirvani kimi adlarla, digər tərəfdən "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm bir abidə ilə təmsil olunan söz sənətinin ən layiqli varisi olaraq meydana çıxan Nizami Gəncəvi özünəqədərki mədəniyyəti əlçatmaz zirvəyə qaldırmışdır.
O zamana qədər Firdovsi, Fəxri Gürgani, Ömər Xəyyam, Yusif Xas Hacib, Sənai Qəznəvi, Xaqani Şirvani kimi böyük humanistlər yazıb yaratsalar da, Nizami öz əsərləri ilə poeziyanı o vaxtadək görünməmiş bir yüksəkliyə çatdıraraq ona yeni istiqamət vermişdir. Nizami poeziyası fikir və düşüncə baxımından zəngin bir ümmandır. Mayası elm və ürfan, qayəsi insana və dünyaya məhəbbət olan bu poeziyada insan yerlərin və göylərin sirlərini öyrənməyə, dərk etməyə, həyatını öyrəndiklərinə uyğun qurmağa çalışan fəal bir şəxsiyyətdir.
Öz yaradıcılığı ilə şerə yeni ruh verib, onu sarayların məngənəsindən qurtararaq, ümumxalq sərvətinə çevirmiş dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin sonralar "Xəmsə" adlandırılan beş poemasından dördüncüsü "Yeddi gözəl" poemasıdır. Orijinalda adlanan poema "Həft peykər", məzmunu nəzərə alınaraq məcazi mənada "Yeddi gözəl" adı ilə tərcümə edilir. Nizami poemanı 1197-ci il iyul ayının 31-də bitirmiş və onu Marağa hakimi Əlaəddin Körpə Arslana (1174-1208) ithaf etmişdir. Poemanın mövzusu Sasani hökmdarı olan V Bəhramın həyatı ilə bağlıdır. Ancaq şair onun həyatını əks etdirmək adı altında və onun vasitəsilə öz dövrü haqqında kəskin tənqidi fikirlər, romantik düşüncələr dolu bir əsər yaratmışdır. "Yeddi gözəl" həyat və insan, tarix və müasir dövr, padşah və cəmiyyət və s. mövzular ətrafında dahi sənətkarın zəngin, rəngarəng düşüncə, baxış və qənaətləri xəzinəsidir.
Əsərin mövzüsu Sasani hökmdarı V Bəhramın həyatı ilə bağlı olsa da, şair Nizami Bəhramın həyatını, fəaliyyətini nəzmə çəkmək, onun başına gələnləri büsbütün əks etdirmək istəməmişdir. Nizaminin məqsədi, Bəhram haqqındakı əfsanə və rəvayətləri, tarixi mənbələrdə onun barəsində yazılanları toplayıb nəzmə çəkmək olmamışdır. Böyük şairin istəyi Sasani hökmdarının simasında yeni insan idealını əks etdirmək, zaman və insan anlayışı ətrafındakı dərin düşüncələrini ifadə etmək olmuş, fikirlərinin dəlilli-sübutlu olması üçün mənbələrə biganə qalmamışdır. Məsələyə nə qədər ciddi yanaşdığını, uzun müddət mövzu ilə bağlı nə qədər axtarışlar apardığını şair aydın dillə dəqiq şəkildə özü də qeyd edir, istifadə etdiyi mənbələrdən bəzilərinin adlarını çəkir:
Bu kiçik parça Nizaminin poema yazılmağa başlayana qədər necə dərin araşdırmalar apardığını, necə gərgin zəhmət dolu yaradıcılıq prosesi keçdiyini aydın əks etdiriir. Şairin hər əsəri başlarkən işə necə məsuliyyətlə yanaşdığını aydın təsəvvür etmək baxımından qiymətli olan bu parçada Buxari və Təbəri kimi çox mühüm mənbələr xatırlanır. Halbuki Nizami "Siyasətnamə", "Qabusnamə", "Min bir gecə" və başqa əsərlərdən də çox ciddi şəkildə faydalanmışdır. Nizaminin mövzu mənbələrindən biri də, heç şübhəsiz ki, Firdovsinin "Şahnamə"si olmuşdur. Lakin Nizami sələfini təkrar etmək, ondan nə isə götürmək, nədəsə ona bənzəmək, onun Bəhram haqqında yazdıqlarına oxşar bir şey yaratmaq istəməmişdir. Mahiyyət etibarilə seçilən, fərqli bir əsər meydana gətirən şair özünün Firdovsidən fərqli, yeni keyfiyyətli sənətkar olduğunu nəzərə çarpdırmaq üçün işlədiyi bəzi epizodların yeni poetik həllini vermişdir. Bu baxımdan Fitnə epizodu Azadənin təkrarı yox, Firdovsinin yaradıcılıq prinsipləri ilə mübahisədir. Süjetin qurulması, hadisələrin vahid xətt üzrə birləşdirilməsi baxımından həmin əsərlər arasında oxşarlıq tapmaq çətindir. Nizami sələfinin işlədiyi mövzularda, akademik Məmməd Arifin dediyi kimi, "həmişə deyilməmiş sözlər, tamamlanmamış fikirlər, hələ tamamilə deşilməmiş gövhərlər" tapır. Şair Firdovsiyə, onun əsərinə münasibətini müqəddimədə izah edərək yazır:
Nizami daha çox Firdovsinin qələmindən kənarda qalanlara diqqət yetirmiş, yeni tipli bir əsər yaratmışdır. Böyük şair şahların uzun-uzadı tarixini, onların hər birindən bir əsər yazmağın mümkün olduğunu təsadüfi xatırlatmır. Nizaminin poeması həmin hökmdarlardan məhz birinə həsr edilmişdir. Şairə görə Bəhram haqqında Firdovsinin yazdıqları "yarı deşilməmiş gövhər"dir. Bu gövhəri deşmək, işlənmiş mövzunun vasitəsilə deyilməsi mümkün olan yeni fikirləri irəli sürmək çətin və məsuliyyətli bir iş idi. Belə çətin və məsul işə girişən sənətkar çox işləməli olmuş, lakin özünün istədiyi yeni tipli poemasını yarada bilmişdir.
"Yeddi gözəl" poeması ədalətli hökmdar surəti yaratmaq, şairin ideal şah arzusunu ifadə etmək üçün yaradılmış əsər deyil, insana yeni - İntibah dövrünün münasibətini əks etdirən bir poemadır. İnsan necədir və necə olmalıdır fikrini geniş planda əks etdirmək Nizaminin daha çox bu əsərdə əsas poetik qayəsi olmuşdur.
Müxtəlif insan surətlərini rəngarəng hadisələr axarında təbii və inandırıcı şəkildə göstərməklə Nizami istədiyinə nail olmuş, insana yeni münasibət ifadə etmişdir. Böyük söz ustası keçmişə, bu günə və sabaha humanist İntibah ziyalısının gözü ilə baxa bilmişdir.
Şair əsas hadisələrə keçməzdən əvvəl poemanın müqəddiməsində onun insana yeni şəkildə yanaşdığını göstərən bütöv bir konsepsiya irəli sürür. Əgər müqəddimədə insan necədir və necə olmalıdır sualı lirik şəkildə, düşüncələr, çağırışlar və ittihamlar tərzində ifadə olunursa, əsas hissədə bunlar ayrı-ayrı insan surətləri və həyati hadisələr vasitəsilə təsdiq edilir.
Nizami lap əvvəldən insanın özünü dərk etməsi tələbini irəli sürür. İntibah dövrünün "təbiətin və insanın kəşfi" kimi qiymətləndirildiyini nəzərə alsaq, Nizaminin bu mülahizəsi bizə daha aydın olar. İnsanın özünü dərk etməsi onun həyatda və cəmiyyətdə yerini bilməsi, xeyirlə şəri ayırd etməsi, mürəkkəb və ziddiyyətli hadisələr axarında düzgün yol seçməyi bacarması deməkdir. Nizami insanı özünü dərk etmək baxımından iki yerə ayırır, dərk edənləri əbədi yaşayanlar, dərk etməyənləri bir qapıdan girib digərindən çıxanlar adlandırır. Bu baxımdan şair silsilə fikirlər irəli sürərək yazır: