Выбрать главу
Kim ki, öz-özünü düşmüşdür başa, Ona ölüm yoxdur, o ölməz haşa. Nəqşini bilməyən fanidir, fani, Baqi say bu nəqşi bilən insanı. Tanısan özünü, keçsən cahandan, Yenə bu dünyada yaşayacaqsan. Özündən hər kim ki deyil xəbərdar, Bir qapıdan girər, birindən çıxar. Qapı tüstüsüzdür, pəncərə tozsuz, Günəşə bir baxan tapılmaz əfsus.

Nizami əsrini günəş mərtəbəsində olan insanı dərk etmək qabiliyyətində olmadığına görə məzəmmət edir. Şairin insana yeni münasibəti baxımından insanın özünü dərk etməsi fikri xüsusi əhəmiyyətə malikdir. Bütün qalan fikirlər məhz bu müddəanın ətrafında hərlənır və onunla bağlanır. "Yeddi gözəl" əsərinin süjetindəki bir sıra mühüm hadisələr də bununla izah olunur. Neman özünü dərk etdikdə şahlıqdan əl çəkib yoxa çıxır. Özünü dərk etməyən Bəhram uzun müddət yeddi gözəl adlı eyş-işrət aləmində yaşayır, özünü dərk etdikdə isə yeddi gözəldən, yeddi günbəzli qəsrdən əl çəkir.

Nizami Bəhramı əsər boyu özünüdərketmə prosesində əks etdirmişdir. Müqəddimədə Nizami mövcud gerçəkliyə qarşı çıxır, insanın qarşısına İntibah baxımından mühüm ictimai vəzifələr qoyur. "Sözün tərifi və hikmət haqqında", "Oğlum Məhəmmədə nəsihət" adlı bəhslərdə şairin yeni insan idealı ifadə olunmuşdur. Poemanın əsl müqəddiməsi də həmin bəhslərdir. Həmin bəhslərdə özünü dərk edənlər və dərk etməyənlər qarşılaşdırılır, hər iki tərəfin əməlləri xatırlanır, ikincilər insan kimi inkar edilirlər. Özünü dərk edə bilməyənlər var-dövlət arxasınca qaçır, işi tədbirlə, ağılla görmür, həyatın mənasını yeyib yatmaqda görür, özünə bəzək-düzək vurur, başqalarında eyib axtarır.

İnsan yem dalınca qaçmasın gərək, Quşdan ayıq olsun, zirəkdən-zirək... Çalış insanların işinə yara, Geysin əməlindən dünya zərxara...

Nizami özünü dərk etmiş insanın əsas məziyyətini yem dalınca qaçmaqda yox, zirəklikdə, xalqın işinə yaramaqda, əməlləri ilə dünyanı zərxaraya bürüməkdə görür. İnsana belə münasibət İntibahın ən yüksək nöqtəyə çatdığını sübut edir. Humanizm nə Nizamidən əvvəl, nə də sonralar insana belə bir münasibət zirvəsinə yetməmişdir. Nizami istəyir ki, insan dünya ilə cığallıq etməsin.

Çalış dünya ilə cığallıq etmə, Əjdaha ağzında çadıra getmə.

Nizaminin insandan tələbi böyükdür. Dünyanın hiylələrinə, hücumlarına qarşı şiri-nər kimi vuruşaraq özünü heç olmaqdan, udulmaqdan qoruması üçün bu insanın birinci növbədə özü özünü dərk etməsi lazımdır. İnsan həyatda ancaq açıq düşmənlə yox, həm də gizlin, zahirdə ona gülüb özünü dost göstərən, cilddən-cildə düşənlərlə qarşılaşır. Nizami əsrinin adamlarını zamanın əxlaqına, baxışlarına, meyllərinə qarşı döyüşə çağırır, insanın vəzifəsini də bunda görür:

Qalx əzək başını bu fitnənin biz, Məhv eyləyək tamam, bu vəzifəmiz. Bəs deyil baş əydin pula, qızıla, Saldın dörd düyünə, yeddi qıfıla? Yel qızıldan ötrü, yaxşı nəzər sal, Gör necə eylədi laləni pamal.

Var-dövlətə aludəlik, qızıl toplmaq ehtirası zamanın ən böyük bəlası, insanda insanlığı öldürən bir keyfiyyət kimi rədd olunur. Şair bu fitnə-fəsadın başını əzməyi insanın əsas vəzifəsi sayır. Bu isə özünü dərketmənin nəticəsində ola bilərdi. Nizami feodal orta əsrinin əsas şər mənbəyini doğru müəyyənləşdirir. İnsanın vəzifəsini isə həmin şər qüvvənin doğurduğu, əsaslandığı ideologiyaya qarşı vuruşmaqda, onu büsbütün əzməkdə görür. Bu, əlbəttə, asketizm, tərki-dünyalıq deyil, dünyanı və dünyada insanın yerini, mövqeyini dərk etməyin nəticəsidir. Bir cəmiyyətdə ki var-dövlət insanı və insanlığı öldürür, heçə çevirir, o yerdə Nizami var-dövlətin düşmənidir.

Nizami, günəş adlandırdığı insanın adına ləkə gətirən əsas şər mənbəyi kimi var-dövləti rədd edir. Lakin bu o demək deyil ki, Nizami var-dövlətin, firavan, şən, gen-bol yaşamağın əleyhinədir. Nizaminin var-dövlət, xüsusən qızıl əleyhinə yönəlmiş fikirlərini bu şəkildə qəbul eləmək onu anlamamaq, təhrif etmək deməkdir. İntibah dövrünün ən böyük humanistlərindən biri kimi Nizami hər şeyi insanla, insanlıqla ölçür, insanda insanlığa xələl gətirən hər şeyi rədd edir. İnsana, insanlığa xidmət edən hər şey Nizami üçün əzizdir, doğmadır. Nizaminin yüksək İntibah şairi kimi qənaəti budur ki, insan yemək, yatmaq, eyş-işrət dalınca qaçmaq üçün yaranmamışdır. Bu, insanın özünü inkarıdır. İnsan hər şeydən əvvəl xalqın, dünyanın gözəlləşməsinə çalışmalıdır. İnsan öz insanlıq borcunu bəşərə, insanlığa xidmət etməkdə görməlidir. Bu, feodal fərdiyyətçiliyinin və insana baxışının inkarıdır.

Nizaminin yaşadığı dövr böyük elmi kəşflər, ağıl və idrak dövrü idi. Orta əsrlərin dini ehkamına, mövhumatına İntibah ağlı-kamalı qarşı qoyurdu. Nizami də İntibahın ən böyük nümayəndələrindən biri kimi ağıl məsələsinə xüsusi diqqət yetirir, insanın özünü dərk etməsində onun rolunu, ağlın insana arxa olduğunu yazır. Ağıllı adamı mələk adlandırır, ağıllı insanda yerlə göyün birləşdiyi fikrini irəli sürür.

İnsana arxadır onun kamalı, Ağıldır hər kəsin dövləti, malı. Kim ki yetişmədi ağıldan bara, Oxşar insan sifət əjdahalara. Zirək adam, insan mələkdir, mələk. Zirəklik gözəldir, əcəbdir, gerçək.

Nizami Allah vergisi olan ağıldan yox, insanın səyi nəticəsində əldə edilən bilik və ağıldan danışır. İnsan cəhd sayəsində mələyə çevrilir, öyrənməklə daşdan gövhər çıxardır deyən şair bizə mövhumatçı, tərki-dünya görünmür. Onun fikirlərində həyata, insanlığa, elmə çağıran güclü bir hayqırış vardır.

Hər kim öyrənməyi bilməyirsə ar, Sudan dürr, daşdan da gövhər çıxardar. Ancaq öyrənməyi ar bilən insan Məhrumdur dünyada bilik almaqdan. Çox iti zehinlər yatan oldular, Axırda saxsı qab satan oldular, Təlimə həvəskar çox korazehin İqlimlər qazisi olmadı? Deyin. Təlimdir düzəldən itləri sap tək, Olmazmı cəhd etsə bir insan mələk?

İnsanın ancaq səy göstərib öyrənmək, cəhd nəticəsində dəyişə bildiyini, vəhşilikdən qurtarıb mələyə çevrildiyini, yerdən göyə yüksəldiyini şair inamla qeyd edir. Nizami ətalətə, tənbəlliyə, tərki-dünyalığa düşmən kimi cəhdi, səyi əsas götürür. Cəhd olmasa, iti zehin yatır, çalışan, səy göstərən insan isə hörmət, izzət sahibi olur, ona görə ki, səy insanı ucaldır, dəyişdirir, ən qiymətli sərvətə çevirir. Nizami orta əsrin sərt həyatı, qorxunc qanunları qarşısında insandan daha çox ayıq-sayıqlıq tələb edir.