Выбрать главу

Nizami dövrünün hökmdarları üçün adi hal olan bu hal onu yenə çətin vəziyyətdə qoyur. Çin xaqanı yenidən ölkəni müharibə ilə təhdid edir. Xəzinə boş, ölkə dağılıb, əhali şaha düşmən kimi baxır. Bəhram nə edəcəyini bilmir. Xalq nümayəndəsi olan çobanla söhbətləri onu qəflət yuxusundan ayıldır. Bundan sonra o məhbusları dindirir. Zərbənin haradan dəydiyi ona aydın olur. Rastü-Rövşən edam olunur. Şah yeddi günbəzli qəsrdən əl çəkir. Ölkəni indi həqiqi mənada iki şir arasından xilas edir, bununla vədlərinə və ideala uyğun şah olduğunu sonuncu dəfə təsdiq eləyir.

Bəhram Gurun sonrakı həyatını təsvir etməyi şair lazım bilmir, çünki əks etdirmək istədiklərini əks etdirmiş, demək istədiklərini demişdir. Ona görə də Bəhram Gur növbəti dəfə gur ovuna gedərkən mağarada qeyb olur. Nizami Bəhram Gurun simasında insan və şah necə olmalıdır sualına cavab verməklə insanın özünü axtarışı və təsdiqini açıb göstərmişdir.

"Yeddi gözəl" poeması məzmun və forma baxımından ecazkar bir əsərdir. Poema ifadə etdiyi fikirlərin, boyaların əlvanlığı baxımından da diqqəti cəlb etməkdədir. Şairin ilk poeması kimi bu əsər də rəngarəng düşüncə və zəngin fikir xəzinəsidir.

"Yeddi gözəl" əsərinin müasir Azərbaycan dilində iki tərcüməsi vardır. Həm Məmməd Rahim, həm də Balaş Azəroğlu Nizaminin bu poemasını gözəl bir dillə tərcümə etmişlər. Orijinala yaxınlıq, şairin fikirlərini Azərbaycan dilində yüksək bədii səviyyədə ifadə edə bilməsi baxımından hər iki tərcüməni qarşılaşdırarkən, biz Məmməd Rahimin tərcüməsini yeni nəşr üçün daha münasib bildik.

Xəlil Yusifli

BAŞLANĞIC[1]

Ey bu kainatın açan gözünü, Yoxdur səndən qabaq duyan özünü, Hər bir başlanğıcın ibtidasısan, Sonların sonusan, intəhasısan. Ey uca fələyi qurub qaldıran, Ulduzlardan gözəl bir məclis quran, Səxa xəznəsini icad eyləyən, Varlığı yaradan, abad eyləyən, Hər şeysən, ruh verdin sən bu cahana, Səninlə işimiz düşər səhmana. Varsan, yoxdur sənin mislin dünyada, Özgə şey gətirməz aqillər yada. Ağıl sahibləri önündə hər an Surət bəzəməklə olursan əyan.[2] Bütün varlıqları yaşadır həyat, Həyat da səninlə açır qol-qanad. Sən ey bu varlığı yoxdan xəlq edən, Nəva bəxş eyləyən, çalan, səslədən, Adın – əvvəlidir hər bir şöhrətin, Sonudur hər işin, hər nəhayətin. Sayın əvvəlisən sən bu gedişdə, Sonların sonusan hər axır işdə. Səndən yaradılış kamala yetir, Sənə qovuşmağa, zavala yetir. Sənə yetişməyə acizdir xəyal, Qapına qonmamış nə toz, nə zaval. Doğulan sən deyil, aciz bəndədir, Heçdir özgələri, qüdrət səndədir. Xəyala yol verən, işıq saçansan, Bir işarə ilə min yol açansan. Sənə baş əymədi kim qafil oldu, Dərhal qapısına qıfıl vuruldu.[3] Sübhün çırağını yalnız sən verdin, Səhərə quş verdin, quşa dən verdin.[4] Bu qara pərdəni, ağ pərdəni sən Tapşırdın Günəşə, Aya əzəldən. Yolunu izləyən: gecə və gündüz Sarayında qoşa qulundur, sözsüz. İşləməzlər, şənin bilməsə layıq, Nə Günəş, nə də Ay yaxşı, yamanlıq. Yandırdın beyində ağıldan çıraq, Elə bir çıraq ki, günəşdən parlaq. Günəştək parlayan bu ağlın özü Görə bilməz səni, kor olar gözü. Bir yerdə ki ağıl ayaqdan düşə, Xəyal nə iş görər, çox da əlləşə,[5] Can ki, cövhərdəndir, tənimizdədir, Biz onu görmürük, o ki bizdədir. Sən ki nə cövhərsən, nə də yerin var, Xəyalmı dərk üçün səni qalxışar? Biz deyil, sən bizə yol göstərənsən, Heç yanda yox yerin, hər yanda sənsən! Biz yeddi fələkdən çüzük bu darda, Yeddi bayırdan da qaldıq kənarda.[6] Əqli-küll əmrində yol tapdı sənə, Cürəti olmadı baxa üzünə.[7] Gündüzdən qaranlıq gecələrədək Hər şey rəhmətinə möhtacdır gerçək. Sənsən dəyişdirən hər vəziyyəti, Kimsənin bu işə çatmaz qüdrəti. Sənsiz yaxşı yoxdur, olmaz yaman da, Sənsiz yaşayarmı bir şey cahanda? Ləlin atəşini, od rəngli ləli Alıb daşa verdi qüdrətin əli.[8] Bu dünya, dünyanı hərlədən fələk Hay çəkər qapında hər zaman qultək.[9] Pərdənin nəqşini hamı əks edər, Əsil iş sənindir, bunlar bəhs edər. Ulduz nə yaxşılıq, nə qan eyləyər, Onları da işin heyran eyləyər. Əgər eyləsəydi ulduz ömrü şad, Onda hər münəccim olub Keyqubad, Səadət içində sürərdi dövran, Kim var ulduzları tanıyanlardan Qiyasla xəznənə yol tapıb vara? Verdin öz əlinlə nemət onlara, O adamlara ki, beşcə ülkəri Yeddidən ayıra bilməz hünəri. İzlədim yolunu səyyarələrin, Nə ki elmlər var, gizli və dərin Oxudum, xəbərdar oldum da, vardım, Varlıqlar sirrini yer-yer axtardım. Səni tapan kimi yumdum kitabı,[10] Hamının sənədir gördüm xitabı. Sənsən, hər varlığın içində sənsən, Bütün canlılara həyat verənsən. Yetişir sayəndə çörəyə insan, Sən ucalt başımı, böyük Yaradan! Məni bir gün belə sən ac eyləmə, Özgə qapısına möhtac eyləmə. Ruzidən ödəyən sənsən xilqəti, Ancaq özün yetir mənə neməti. Ağlım şey kəsəli mən səhv etmədim, Sənin dərgahından kənar getmədim, Qapıma yolladın nemətimi sən, İstəməmiş verdin qismətimi sən. Qocalmışam sənin öz astananda, Yetiş imdadıma qorxunc zamanda. Bu sözlər xətadır, bu nədir, aman, Sən mənimsən, demək, mənimdir cahan, Sərgərdan qoymuşdur bu dünya məni, Sən xilas edənsən, qurtar bəndəni. Kimin qapısında töküm göz yaşı, Hamının sayəndə ucalır başı. Nə qədər örtülü sirlər vardır, Səndən gizli deyil, bu, aşikardır. İnsanın məqsədi məlumdur sənə, Yetir arzusunu sən də yerinə. Çatdırmasan məni bu arzuma sən, Səndən də qərəzsiz yaşayaram mən. Səndə axtardığım istək yaxşıdır, Sənə könül açıb demək yaxşıdır. Sirri desəm yada, eylər xar məni, Səninlə danışmaq ucaldar məni. Sən, ey Nizamini bəsləyən Allah, Qovma ki, qapına gətirmiş pənah. Ucaltsın başını ilahi qüdrət, Şadlıq tacı geysin ondakı himmət. İşləri nizama düşsün, var olsun, O, dərvişdirsə də, tacidar olsun.[11]
вернуться

1

Gözəl sözü ilə tərcümə edilmiş peykər məfhumu daha geniş və çoxçalarlıdır. Peykər sözünün əsl mənası cisim, bədən, can, surət, səmavi cisim deməkdir. Peykəri gözəl mənasında yalnız məcazi şəkildə işlətmək olar.

Nizami əsərin özündə heç bir yerdə onun adını "Həft peykər" ("Yeddi gözəl") qoyduğuna işarə etmir. Əlyazmalarının əksəriyyətində, daş basmalarında əsərin adı "Bəhramnamə" getmişdir. Şair başqa poemalarının adını da əsas qəhrəmənların adı ilə bağlamışdır: "Xosrov və Şirin", "Leyli və Məcnun", "İskəndərnamə". "Həft peykər" adını şair yalnız bircə yerdə – "İskəndərnamə" poemasında işlətmişdir:

Vəzin qesse çon baz-pərdaxtəm, Soye "Həft peykər" fərəs taxtəm.

Yəni, bu dastanı ("Leyli və Məcnun" nəzərdə tutulur) bitirdikdən sonra "Həft peykər" tərəfə atımı çapdım.

Bu beytdən aydınca görünür ki, şair atını yeddi gözələ tərəf deyil, səmalarda yerləşmiş yeddi səyyarəyə tərəf çapmışdır. Təsadüfi deyildir ki, Nizaminin xələfləri də peykər sözünü səyyarə, planet mənasında işlətmişlər. Böyük özbək şairi Əlişir Nəvai "Həft peykər"ə cavabən yazdığı əsərin adını "Yeddi səyyarə" qoymuşdur.

Beləliklə, əsərin əsl adı "Bəhramnamə", ləqəbi isə "Yeddi səyyarə"dir. Bununla bərabər, "Yeddi gözəl" vətəndaşlıq hüququ qazandığı üçün həmin adı saxlamağı məqsədə uyğun bildik.

вернуться

2

Sənin varlığın, görmək qabiliyyətinə malik olanların qarşısında aydındır. Həmin bəsirət sahibləri sənin surətini yaratdığın, məxluq etdiyin varlığın vasitəsi ilə görürlər, dərk edirlər.

вернуться

3

Dini rəvayətə görə, bəşər cinsinin banisi Adəm bütün mələklərdən üstün yaradılmışdır. O, dünyaya gələrkən bütün mələklər ona səcdə etmiş, lakin iblis (şeytan) bu əməldən boyun qaçırmışdır; Allah onu cəzalandıraraq tövbə qapısını, yəni əfvedilmə qapısını onun üzünə həmişəlik bağlamışdır.

вернуться

4

Səhərin quşu – Günəş, günəşin ruzisi – onun işığı. Başqa sözlə, sən gündüzə günəş bəxş edirsən, günəşə isə işıq.

вернуться

5

Yəni ağıl Allahın zatını, vücudunun sirrini dərk etmək qabiliyyətinə malik deyildir.

вернуться

6

Yeddi fələk – ilahiyyətin xarici mühitini təşkil edir, insanlar isə bu xarici mühitdən kənardadırlar.

вернуться

7

Əqli-küll – əşyanı, təbiəti və varlığı dərk etmək qüdrətinə malik olan ağıl.

Beytin mənası: əqli-küllə səni dərk etmək qabiliyyəti bəxş etmisən, o, səni arayıb axtarır, lakin sənə yetişəndə sənin əzəmətinin heybətindən gözünü aça bilmir, o, da səni dərk etməyə acizdir.

вернуться

8

Ləl qırmızı olduğu üçün odla, atəşlə müqayisə olunmuşdur. Daşların qəlbində həm ləl, həm də qığılcım yerləşdiyinə işarədir.

Beytin mənası: Sən daşın qəlbinə ləl rəngli qığılcım, atəş və atəş rəngli ləl bəxş etmisən.

вернуться

9

Bütün göylər, kainat, səyyarələr sənin dərgahının önündə səcdə etmək üçün bir-birini itələyib, özlərinə yer axtarırlar.

вернуться

10

Yəni sirrini dərk etdiyim bütün ulduzlardan və elmlərdən əl çəkdim.

вернуться

11

Onun yüksək niyyət və ülvi mənəviyyatının başına azacıq ruzi ilə kifayətlənmək tacını qoy ki, qiyamət günü insan bu dünyada gördüyü əməllərə hesabat verərkən o, öz yoxsul, dərvişanə, təvazökar keçirdiyi ömrünün hesabına padşahlıq rütbəsinə layiq görülsün.