Выбрать главу

Telefonuma mesaj gəldi: “Əzizim! Sevirəm, sevəcəyəm! Sənə bu sevgim həyatımın sonuna qədər mənimlə olacaq, son nəfəsimə qədər!”

Üz tutdum 300 m aralı saxladığım maşına tərəf. Nədənsə addımlarım çətin atılır. Elə bil, gündə 5-6 km qaçan mən deyiləm. Birdən, mən başa düşdüm yorğunluğumun səbəbini: mən qayıtdım son illərdə unutduğum yaşıma.

Ömrüm, bədənim, şüurum son 5-10 dəqiqə ərzində haradasa, 10-15 il sıçrayış edərək, gəlib qanuni öz 56 yaşımın üstündə dayandı. Yarım saat qabaq, dünən, bir il qabaq mən ilişib qalmışdım gözəl gəncliyin son mərhələsini xatırladan bir dövrdə, uzağı, 35-40 yaşlı idim, Roza ilə həmyaşıd idim. Hətta, bəzən ikimiz də, daha da arxaya qayıdırdıq, 20-25 yaşa! Daha qayıda bilməyəcəm o yaşıma. Təkrar olunmayacaq o qayıdış! Artıq, 56 yaş yenə tutdu yaxamdan, bir daha buraxan deyil.

Bunu dəqiq başa düşdüm.

Gecə qaranlığında yanan saysız hesabsız yol fənərlərinin işığı ətrafa xüsusi gözəllik versə də, görmürəm bu gözəlliyi. Yeridikcə, çevrilib arxaya baxıram, ilk dəfə parkda Pozanı axtardığım gün kimi. Ürəyim şüurumun düşünmədiyi ümüdlərlə pıçıldayır: “Bəlkə minməyib Roza təyyarəyə, bəlkə, arxamca gəlir Roza?!” Sonra başımı qaldırıb göyləri çil-çırağa döndərən ulduzlara baxıram.

Haradasa, oralarda balaca bir nöqtə var, saatda 1000 km məndən əks tərəfə hərəkət edən, Rozanı məndən uzaqlaşdıran nöqtə…