Əkrəm Əylisli
Daş yuxular
Lev Anninski lbu əsər haqqında ressenziyada yazır:
"Hər iki tərəf etiraf etməli, hər iki tərəfin adamları qəlblərindəki kin və nifrətin nədən qaynaqlandığına nəzər salmalıdırlar. Ə.Əylislinin sətrlərindən qan axan romanının əsas mövzusu budur. Bu bədbəxtliyin sonu varmı? Yerin yalnız bir əlcəsini cənnət bilərək, çaqqallar və ilanlar məskən salan dağlar arasında kimsəylə ünsiyyət saxlamadan, heç kəsə toxunmadan, bir kimsəyə qaynayıb qovuşmadan yaşamaq mümkünmü? Yox, əlbəttə, yox! Təmaslar qaçılmazdır. Ən azı yer üzündə sevgi deyilən bir qüdrət var. Elə bir qüdrət ki, hansı tərəfin haqlı, hansı tərəfin haqsız olduğunun fərqinə varmır. Ən azı qarışıq sevgilərdən doğulan insanlar var. Və nəhayət adamların bir-birindən ayrı yaşaya, bir-birindən qaçıb gizlənə bilmədiyi məhkumluq var. Bütün bunları bildiyinə görə susmağı bacarmayan, səsini içində boğmağa gücü çatmayan yazıçının həqiqəti deməkdən ayrı bir yolu varmı?
Əkrəm Əylisli ən doğru yolu tutaraq nifrəti yerində oturdub."
Əkrəm Əylisli
Daş yuxular
Urvatsız ölən həmvətənlərimin xatirəsinə
BİRİNCİ HİSSƏ
Qarderobcu qarının müəmmalı ölümü, məşhur artistin ölüm təhlükəli zarafatı və partbilet-pistolet.
Bakının böyük xəstəxanalarının birinin əzik-sınıq bölümünə indicə çatdırılan xəstənin halı ölümcül idi. Huşunu itirən xəstəni əl arabasına uzadıb xəstəxananın o biri başına qədər uzanan yarıqaranlıq koridorun tən ortasıyla ayrı bir korpusdakı əməliyyat otağına aparırdılar. Ağ xalatlı iki qadın idi, eynən onlar kimi ağ xalat geyinmiş iki kişi idi, bir də arıq, ota boylu, təmkini, ciddi üzü, xalatının təmizliyi və şaxlığı ilə digər dörd həmkarından seçilən cərrah idi ki, əl arabasının yanınca addımlayırdı.
Xəstəxana həyatı üçün adi sayılan bu mənzərəyə özəllik verən artıq bir şey vardısa, o, xəstəni klinikaya gətirən kişinin görünüş və davranışındakı faciəvi komizm idi. Əlli beş-altmış yaşında balacaboy, durduğu yerdə oynayan, əl boyda üzünün dəyirmisi şişman qarnına qətiyyən uyuşmayan bu kişi həkimlərin dörd bir yanında tullana-tullana eyni sözləri doğrayıb tökürdü:
- Doktor, başına dönüm, doktor... öldürdülər. Günün günorta çağı, belə bir adamı basıb əzdilər, həlak elədilər. Onların hamısı yerazlardı, həkim! Beş-altı nadan yeraz. Bu qaçqın köpəkuşağı insana hörmət qoymurlar, qadan alım, ay həkim. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinin üstünə barmağını tuşla ki, bu ermənidi, deməli, onun işi bitdi. O saat vəhşiyə dönüb salırlar ayaq altına, tapdalayıb başını əzirlər. Tikə-tikə parçalayırlar, denən kişi olan bir kəs irəli durmağa hünər eləyir, eləmir... Onlara deyirəm: vurmayın, bu adam erməni deyil, özümüzünküdür, xalqın oğludur, millətimizin fəxridir, vicdanlı adamdı. Kimdir qulaq asan? Heç adını da soruşmadılar, a balam, sən kimsən, nəçisən, nə səbəbə bu işə qatışırsan... Böyrümdən elə bir təpik ilişdirdilər ki, az qaldı canım çıxa. Bax, burama vurdular, doktor, sağ böyrümə. İndi də ağrısına dözə bilmirəm.
Həkim xəstəni gətirən adamın nə üyüdüb tökdüyünü o qədər də aydın başa düşmürdü. Bəlkə də heç başa düşmək istəmirdi. Hətta ola bilsin həkim, cəhrayı rəngli, dama-dama köynəyin üstündən sarı qalstuk bağlamış bu cıbırıx və məzəli kişinin dediklərini ümumiyyətlə eşitmirdi. Amma bununla belə diqqətli adam həkimin hərdənbir bığaltı gülümsəməyini də nəzərdən qaçıra bilməzdi. Bəli, o, hərdənbir açıq-aşkar bığaltı gülümsəyirdi. Ona görə yox ki, xəstəni gətirən adamın hər sözü, hər hərəkəti gülməli idi. Əslində həkimin həmin o sayaq bığaltı gülümsəməyinin yeganə səbəbi yaxasını yırtan töşmərək "xəstə yiyəsi" ilə müqayisədə əl arabasına uzadılan ağbaş kişinin arıq və kifayət qədər uzundraz olması idi. Yəqin ki, bu iki adamın görünüşündə nəzərə çarpan kəskin fiziki fərq, həkimə Don Kixotla Sanço Pança əhvalatının kədərli mənzərəsini xatırladırdı.
Onlar əməliyyat otağının qapısına çatanda ağ xalatlı kişilərdən biri sarı qalstuklu ipləmənin qarşısını kəsib onu dayandırmaq istədi.
- Burax gəlsin, - həkim dedi, - nəsə deyiləsi sözü var. Qoy ürəyini boşaltsın.
Koridorun darısqallığına baxmayaraq əməliyyat otağı hündür tavanı, iri aynaları olan geniş tikili sahəsi idi. Tən ortada üstünə yalnız mələfə çəkilən xəstənin uzandığı əl arabasına bənzər əməliyyat stolu qoyulmuşdu. Xəstəni əl arabasında gətirən iki ağ xalatlı kişi onu əməliyyat stolunun üstünə qaldırdı, dinməzcə gözləri ilə həkimdən getmək izni aldılar və sakitcə əməliyyat otağından çıxıb getdilər.