- Üzürlü sayın siz Allah, siqaretdən ötrü ciyərim yanır.
Dolktor stolun siyirməsindən balaca şüşə külqabı çıxarıb artıstın qarşısında stola qoydu.
- Ürəyin nə qədər istəyir çək. Mən iyirmi yaşımdan başlayıb qırx il sərasər çəkdim. Beş il olar tərgitmişəm. - O, yenə qrafindən araq süzdü. - Hə, deyilən sağlığa içək və daha bəsdi. Əladı, təmiz şeydi, heç vaxt ziyan eləmir. Bir qazaxlı tanışım var. Adı da qəribədir, Avtandil. Maşını nə təhər aşırmışdısa, bütün qabırğaları əzilmişdi. Onu kefin istəyən təmir elədim, kapitalnı. Odu-budu nə zaman gəlir, iki letir gətirir. - Doktor pəncərəni açdı, stəkanı qaldıdı və zoğal arağını bir dəfəyə hortuldatdı. - Deməli deyirsən hakimiyyət paylayan mükafat mənə lazım deyil, söyləyir. Görəsən gecə vaxtı Xozeyinə kim danos verib?
- Hə, aydın görünür ki, onu satıblar, doktor. Üç nəfərin arasından məhz onun adının pozulmasının ayrı nə səbəbi ola bilər? - Artist siqareti yariya qədər çəkib, külqabında söndürdü. - Nədənsə Sovet hökuməti onu lap evvəldən qaralamışdı. İnanın, dözə bilmirdi. Deyəsən 68-ci ildə olub, teatrın bir tamaşasını dövlət mükafatına veriblər, beş namizəd aldı, Saday Sadıqlı yenə də qıraqda qaldı. Özü də baş rolu bu bədbəxt oynayırdı. O zaman da dilinin bəlasına düşmüşdü. Mərkəzi Komitənin üzvlərindən birinə söyləmişdi ki, cibinizdəki partbilet deyil, pistoletdi, siz tapançanızla xalqı qorxuda saxlayırsız ki, özünüz qorxusuz və təhlükəsiz yaşayasınız!
Nuvariş hələ ona məxsus olan üçüncü qədəhi ( armudu stəkanı) boşaltmamışdı, amma bununla belə elə yüngül, elə xoşbəxt idi, istəyirdi qol açıb oynasın. Bir tərəfdən içdiyi araq öz işini görürdü, o biri tərəfdən də belə bir böyük cərrahla, Fərzani ilə üzbəsurat oturub, söhbət eləyirdi. Gün ərzində onu dara çəkən əzablar, bir az əvvəl gördüyü dəhşətli yuxu da yaddan çıxmışdı. Hətta o it oğlu Şahqacar Ərmağanovdan da bayaqkı qədər qorxusu yoxdu. Doktor Fərzani artist qonağının halının düzəlməsindən, özünə gəlib gümrahlaşmasından razı idi.
- Hə di iç - doktor dostyana əmr elədi.
- Deməli partbilet - pistolet. Yaxşı deyib, sərrast deyib. Əgər birini qorxutmaq istəmirsə partbilet qardaşımızın nəyinə gərəkdir?
Nuvariş arağı içdi və bu dəfə qərara gəldi ki, arağın üstündən şor-lavaş yesin.
- Hə, pistolet, doktor. O, bəzən elə hərəkət eləyir desəm inanmazsınız. Bir dəfə sünnət toyuna çağırıblar, Nardarana, sirf təsadüfən salamat buraxıblar onu. Axı sünnət məclisinin qaydası var, əgər sənə söz veriblərsə durub danışmalısan. O məclislərin məxsusi söhbətləri olur. Lazımdır ki, sünnətin nə qədər savab iş olduğundan, gigena və sağlamlıq məsələsində əvəzsiz rolundan, müqəddəs imamlarımızdan, Peyğəmbərin hədislərindən söhbət açasan. Axı sünnət bütün müsəlmanlar üçün müqəddəs vacibatdır, dahiyanə müdriklikdir. Məclisin qaynayan vaxtı, necə bir hörmətli qonaq qismində sözü verirlər Saday Sadıqlıya. Bu da başlayır sünnəti ələ salmağa. Sonra tamam sarsaqlayır, bu dəfə də əstafurullah, Peyğənbərə sataşır. Nə təhər olur, deyir, Peyğənbər Allahdan ağıllıdır? Əvvələn insanı Allah öz mübarək əli ilə yaradıb, o biri yandan məgər Allah kordur, insanın bədənində nəyinsə artıq olduğunu görməyə? Burdan belə nəticə hasil olur ki, Allah nə yaradıbsa düz yaradıb. Heç ola bilməz ki, o haqlı olaraq, üzü, gözü, qulağı düppədüz yerinə qoya, durub sarsaq bir əzanı yaradanda məktəbli uşaq kimi səhv buraxa. Bizim peyğənbərə kim ixtiyar verib ki, Allah görən işin qüsurunu aradan qaldırsın.
Axı Nardaranlılar ömür-billah belə şey görməyiblər. Burda elə bir mərəkə qopur ki, sünnət-münnət yaddan çıxır. Ara qarışıb, məzhəb itir. Kənd ağsaqqalları Sadayın sifətinə o nalayiq söz qalmır, deməsinlər. Həttda adətə görə məclisdə iştirak hüququ olmayan arvadlar elə hasardanca qışqırıb "Allah cəzanı versin" - deyirlər.
Elə ki sünnət bitir Nardaran cavanları bunu tinə çəkib o ki var əzişdirirlər. Bədbəxti elə hala salırlar ki, üç ay səhnəyə çıxa bilmir. Deyilənə görə hətta bütün Qafqaz müsəlmanlarının Şeyxi Allah Şükür Paşazadə şəxsən xəstəxanaya, onun yanına təşrif buyurur ki, Saday camaatın qabağına çıxıb cəmi nardaranlılardan üzr istəsin. Çünki təhqir olunan nardaranlılar onu bir anın içində o dünyalıq edərlər.
Artist bu ağlamalı-gülməli əhvalatı tam bir coşğuyla, həm də bir az bəzəyib danışdı və birdən susub həkimə göz qoydu, gördü ki, onun sifəti tamam dəyişib, qorxdu, işləri korlamayıb görəsən? Artistə elə gəldi ki, danışdıqları doktorun kefinə soğan doğrayıb. Ona görə də, tələsmədən, ehtiyatla əlavə etdi: - Nə bilim, bəlkə bunların hamısı boşboğazların çənə söhbətidir. Bəlkə məndən də betər axmağın zarafatıdır və o susdu, bərk dilxor oldu, görünür Sadayın dindar nardaranlılarla ölüm təhlükəli zarafatı insanların inamını təhqir deməkdir, elə doktor Fərzaninin də. Amma Fərid Fərzani qatı müsəlman deyildi. Oruc tutmurdu, namaz qılmırdı. Moskvada yaşasa da çalışırdı ki, imkan daxilində öz dininin və Peyğənbərinin qoyduğu qaydaları gözləsin. Əsilində Fərid Fərzaninin Moskvadan, Bakıya qəfil dönməsinin əsas səbəblərindən biri də dininə olan inamı az və ya çox dərəcədə qoruyub saxlamaqla bağlıdır. Əgər cəmi-cümlətani üç il əvvəl Moskvada indi huşsuz halda palatda yatan hansısa bir artistin Peyğənbər barədə dediklərindən agah olsaydı, Allah bilir nə hala düşərdi. Amma bu üç il ərzində Bakıda gördükləri onun dini görüşlərini, vətənə, peyğənbərinə olan münasibətini əməlli-başlı dəyişmişdi.