Doktor Fərzaninin dünyagörüşündəki dəyişikliyin əsası vardır. Bu əsas ondan ibarət idi ki, şəhərin müsəlman əhalisi ermənilərə qarşı misli görünməmiş qəddarlıq törətmişdilər, halbuki o, ermənilərin haçansa, kimə qarşısa belə qəddarcasına davrandıqlarını nə görmüş, nə də eşitmişdi.
- Şeyx də Naxçıvanlıdır? - Doktor dalğın halda soruşdu, açıq görünürdü iztirab çəkir, pərtdir. Sual artisti heyrətləndirdi.
- Yox, hardan Naxçıvanlı olub? Şeyx Lənkəranlıdır, talışdır, yaxşı adama oxşayır. - Artist bir qədər susdu, fikirini bitirmək üçün söz axtardı... - Soruşmaq ayıb olmasın, doktor, siz özünüz haralısınız? Soyadınızdan İran bilinir.
- Elədi, İranlıyam - Doktor dərindən nəfəs dərdi: - Atam nə vaxtsa ağılsızlıq eləyib, məni bura gətirib. Mənim ağılsızlığımın yanında onunku heç nədi, Moskvadan durub gəlmişəm. Orda on beş il Sklisof xəstəxanasında cərrah işləmişəm. - Sonuncu kəlmələri doktor məxsusi iftixarla dedi və yenə stəkanlara araq süzüb əlavə elədi: - Gəl içək bizim allahsızın sağlığına, arzu edək ki, bir də vəhşilərin girinə keçməsin, - və ilk dəfə doktor stakanıstakana toqquşdurdu. Artist ürəyində cərraha qarşı daha güclü ehtiram hissi keçdirdi və bu ehtiramı duyduğuna görə uşaq kimi sevindi.
- Hə, doktor, içək, arzu eləyək ki, o bir də heç vaxt vəhşilərin taptağı altına düşməsin, yaxası zalım yerazların əlinə keçməsin. Amma, doktor, işin bu yerə çatacağını arvadı çoxdan bilirdi. Bilirdi ki, nə vaxtsa ərinin başına bu müsibət gələcək. Çalışırdı əri ayağını evdən bayıra qoymasın. O da çıxmırdı. Dünən axşam ikicə saatlığa teatra gedib. Mən özüm direktorun kabinetindən zəng vurub zor-bəla boynuna qoydum gəlsin. Gəmək istəmirdi. Çünki teatrdan iyrənib. Hətta maaşını almağa gəlmir. Bir Allah bilir nəyə görə evdən çıxıb.
- Çək, rahat çək. - Doktor Fərzanı siqaret çəkməkdən yana cibini eşələyən artisti zülümdən xilax etmək qərarına gəldi. O, yarımaralı pəcərənın qabağına gəlıb onu geniş açdı. Titrəyən səslə: - İnanmıram ki, bu adam indən sonra bu şəhərdə duruş gətirsin, - dedi və dərin düşüncələrə daldı.
Artist düz başa düşmüşdü. Həqiqətən də doktor Fərzaninin halı dəyişdi. Ona görə yox ki, onu qəfil yorğunluq yaxaladı, yaxud artistin söylədiklərindən rəncidə oldu. İş bundaydı ki, artistin nağıl elədiyi sünnət əhvalatındakı dəhşətli sualı bir zamanlar arvadı ondan soruşmuşdu: "Bəlkə Allah sənin peyğənbərindən ağılsızdır?" Bu sual Fərid Fərzaninin həyatını yerlə yeksan eləmişdi. Həmin məsələyə görə Moskvada, dünyanın orta göbəyində qurduğu gözəl ailəsi dağılmışdı. Məhz o təhqiramiz, sağalmaz yara vuran kəlmələr sözün tam mənasında bu yad şəhərdə tənha, bədbəxt vəziyyətdə, ailəsiz qalmağına səbəb olmuşdu. Bəxtin nə zamansa adamın üzünə gülməsi olur: rusla evlənib, uzun illər Moskvada heç bir mənəvi sıxıntı çəkməyib. Yeganə qızının xoşbəxt atası - Fərid Fərzqani, Allahın hökmünə bax ki, oğlu doğulandan sonra heç nəyin üstündə daxili müvazinəti itirib. Körpə oğlunun sünnət məsələsi ata üçün böyük problemə çevrilib. Oğlu yekəldikcə problem də yekəlib. İş o yerə çatıb ki, o əvvəlki illərdən fərqli olaraq qatış-qutuş yuxular görməyə başlayıb.
Bir sabah oğlu on iki yaşına çatanda Fərid Fərzani arvadına qəti fikirini dedi: "Bu, qanundu, Peyğənbərin buyuruğudu. Mənim onu pozmağa ixtiyarım yoxdu". "Məgər sizin peyğənbər Allahdan ağıllıdır?" - sevimli arvadından bu cavabı eşidəndə hirsindən başını divara çırpmaq həddinə çatdı.
Bax elə həmin günün səhəri arvadı işə, qızı məktəbə gedəndən sonra oğlundan iltimas elədi ki, Peyğənbər tərəfindən müsəlmanın Allah qarşısında ilk borcu kimi qeyd edilən sünnət ayinini yerinə yetirmək üçün atasına razılıq versin. Kimin ağlına gələr ki, belə bir təcrübəli cərrahın elədiyi sadə əməliyyat sonda fəsadla nəticələnəcək? Ancaq ya qorxudan, ya tamam ayrı səbəbdən axşama yaxın oğlunun qızdırması qırxa qalxdı. İşdən qayıdan, oğlunu bu halda görən ana taqətdən düşdü, dili batdı. O, ərinə bir kəlmə demədən, uşağın qızdırmasını salmaq üçün heç bir cəhd göstərmədən hamamxanaya girib qapını arxadan kilitlədi və uzun müddət bağlı qapı arxasından gələn hönkürtü və hıçqıraq səsi kəsilmək bilmədi.