Выбрать главу

Heç demə, rus qadınlarının məhəbbəti asanlıqla nifrətə dönə bilirmiş. Baxmayaraq ki, yaralı oğlan səhər tezdən yataqdan qalxıb evin içində heç nə olmamış kimi rahatca gəzişməyə başladı, bununla belə arvadı Fərzanidən ömürlük aralandı. O, tezliklə məhkəməyə gedib boşandı, şəhərin mərkəzindəki üçotaqlını müxtəlif rayonlarda iki dənə ikiotaqlıya çevirdi. Bir neçə il ailəsiz qalan Fərid Fərzani 1986-cı ildə mənzilini bakılı rusla dəyişib Bakıya köçdü və elə ilk gündəncə bağışlanılmaz səhvə yol verdiyini anladı. İndi Fərzaninin oğlu 20 yaşındadır. O, atasının yadında nə az, nə çox, eləcə on iki yaşında qalıb. Oğlunun günahsız, çaşqın gözlərini uzun müddət unuda bilmədi, ürəyini göynətdi. Ən dəhşətlisi də bu idi ki, əvvəldən axıra çınqırını çıxarmayan oğlan əməliyyat bitən anda atasına elə nifrətlə baxdı ki, o cürə baxmağı unutmaq mümkünsüz idi. O baxmaq ayrı bir baxmaq idi və Fərzaniyə deyirdi ki, sənin bu hərəkətin ömür billah bağışlanmayacaq. Doktor günahının nə olduğun çox-çox sonralar anladı. Anladı ki, o yaşda uşağın düşüncəsinə görə heç bir fərqi yox idi ki, onun şeyinin ucundan bir tikə pülük kəsilib, yoxsa əl barmaqlarından biri, Moskva kimi bir şəhərdə böyüyüb on iki yaşa çatan oğlan atanın hansı haqla doğma balasına qarşı belə vəhşilik elədiyini sadəcə ağlına yerləşdirə bilmirdi. O səhər doktor canı-qanı qədər istədiyi əziz və sevimli oğlunun gözlərindən oxudu ki, o bu uşaq üçün tamamilə yaddır. O, bu yadlığın, oğlunun gözündə əbədi yurd salan nifrətin nə zamansa əriyib itəcəyinə inamında, əlbəttə, yanılırdı. Bu nifrətin qarşısında duruş gərirmək, onu aradan qaldırmaq atanın gücündə deyildi, oğul tərəfdən isə iynənin ucu qədər bağışlama cəhdi yox idi. Doktor Fərzaninin Bakıda yaşadığı müddət ərzində qızı iki dəfə yanına gəlmişdi. İndi də heç olmasa həftədə bir yol telefon açırdı, səhhətiylə maraqlanır, necə yaşadığını soruşurdu.

Hə, oğlu doktor Fərzaninin zəif yeriydi. Artistin söhbəti, çox güman onun ürəyinin o zəif tellərinin tərpətmiş, yarasının qaysağını qoparmış, köhnə dərdini təzələmişdi. O xasiyyətinə yad olan sirli bədbinliyə qapılmışdı və indi də görünür bütün bu üzüntülərdən xilas olmağa can atırdı.

- Hə, o anadangəlmə Don Kixotdur! - Fərzani süni bir fərəhlə dedi. - Don Kixot - bax bu rol onun boyuna biçilib. Qoy sağalıb yataqdan qalxsın bunu ona deyecəyəm. Necə bilirsən, xətrinə deyməz,

Artist heyrət içində doktora baxdı, çünki "Don Kixot"un Saday Sadıqlının ən sevimli əsəri olduğunu bilirdi.

- Deyərsiniz, niyə də yox - həyacanlanmış artist siqaret çıxarmaq üçün yenidən əlin cibinə dürtdü. - O, "Don Kixot"u yüz dəfə oxuyub. Servantes sevdiyi yazıçıdır. Bizimkilərdən ən çox Mirzə Fətəli Axundova dəyər verir. Həyatda isə pərəstiş elədiyi qayınatasıdı, doktor Abasəliyev, bir də həmkəndlisi erməni qızı Haykanuş, onun barəsində həmişə məhəbbətlə danışır. - Nuvariş Qarabağlı bütün bunları birnəfəsə üyüdüb tökəndən sonra əlini cibindən çıxarıb, bir anlıq doktora baxdı.

Doktor Fərzani "Don Kixot"u iki dəfə oxumuşdu, Mirzə Fətəli Axundov barədə nələrisə bilirdi, amma erməni Haykanuşu, şübhəsiz, yerli-dibli tanımırdı. Doktor Abasəliyevlə isə lap yaxın tanış idi. Onunla Moskvada, Lelinqradda, Praqada, Varşavada...  keçirilən tibb simpoziumlarında dəfələrlə görüşmüşdü.

- Doktor Abasəliyevin qızı harda işləyir?

- Əvvəllər Leçkomissiyada idi. Təzəlikcə Neftçilər prospektində diş klinikası açılıb, Azadə xanım orada işləyir. - Artist saata baxdı, - İndi işdə olmaz, çox güman artıq evdədir.

- Axı sən deyirdin belə günlərdə Mərdəkana, atasının yanına gedir.

- Hə, gedir...  - birdən artistin fikiri aydınlaşdı. - Deyən bu gün bazardı, hə, doktor? Məndə bayaqdan çək-çevir eləyirəm Azadə xanımı tapıb bütün bunların hamısını ona danışım. Bu əla oldu, doktor. Qoy Azadə xanım heç nədən şübhələnməsin. Allah qoysa sabah huşu üstünə gələr, Azadə xanım da ərini görəndə halı pis olmaz. Onlar biri-birilərini möhkəm sevirlər. Uşağın da əvəzinə bir-birinə mehr salıblar. - Danışa-danışa gözünün qrağıynan stola nəzər saldı. - İcazə verirsiniz buranı yığışdırım?