- Narahat olma, sənlik deyil. - Doktor yarımçıq qrafini soyuducuya qoydu.
Səndə Azadə xanımın nömrəsi var?
- İşininki yoxdur, ev telefonunu bilirəm.
- Yaz ver mənə. Yəqin doktor Abasəliyevin bağında da telefon var.
- Var, amma mən onun nömrəsini bilmirəm.
Doktor Fərzani əlini artistə uzatdı.
- Di get, gecəni necə lazımdır, dincəl. Mənim hələ innən belə xeyli işim var.
- Doktor! - Nuvariş Qarabağlı dilləndi və elə qəmli baxdı, sanki Fərzani onun sonra nə deyəcəyini sözsüz də anlamağa borcluydu.
- Palataya gedə bilmərik, - bildirdi. - Mənası yoxdur. Sən nayran olma. Hər şey qaydasındadır. Əla otaq ayırmışam, görəndə bəyənəcəksən. Televizoru, telefonu - palata deyil, xan sarayıdır. - Doktor artistin indicə verdiyi telefon nömrəsi yazılmış kağıza baxdı. - Ailəsi ilə əlaqə saxlayaram, - əlavə elədi. - Sən heç nədən narahat olma.
1989-cu ilin soyuq dekabr gecəsi idi. Nuvariş Qarabağlını evə getməyin dəhşətli qorxusu bürümüşdü. Bu qorxu içindəki köməksizlik və çıxılmazlıq duyğusundan qaynaqlanırdı. Kaş yenidən bir az əvvəl ayrıldığı xəstəxanaya qayıtmaq iqtidarında olaydı, yalvarıb-yaxaraydı, çox yox, tək bircə gecəliyinə xəstəxana çarpayısında, ən şəraitsiz palatada daldalana biləydi. Xəstəxanadan aralanandan dərhal sonra o, tənhalığı az qala fiziki ağrı qədər hiss eləyir, doktor Fərzani ilə birgə keçirdiyi gecə, daha əlinin heç zaman çatmayacağı unudulmaz təəssüratların təsiri altında yanıb yaxılırdı.
Doktor Fərzani Saday Sadıqlının yanında qalmağı əməliyyat zamanı ona assistentlik eləyən yetmiş yaşlı çoxillik iş təcrübəsinə malik Münəvvər xanıma həvalə eləmişdi. Uzun ömrünün əlli ildən çoxunu əhalinin can sağlığına həsr edən Münəvvər xanımı burada Mira xanımı kimi tanıyırdılar. Birinci Mira xanım deyirdi. O ki qaldı Fərzaniyə - öz işinin ustası olan təcrübəli tibb bacısını konkret məqamdakı ovqatına münasib tərzdə çağırırdı. Məsələn, əhvalının adi vaxtında ona eləcə Münəvvər, yaxud sestra deyirdi. Kefinin kök vaxtında isə travmatoloji cərrahiyyə bölümünün əvəzsiz əməkdaşı onun üçün Minaşa idi. Bu sayaq müraciət Münəvvər xanımı hər dəfə xoşbəxt eləyirdi.
Hər əməliyyatdan sonra kabinetinə qayıdıb iki qədəh araq içmək doktor Fərzaninin dəyişməz adəti idi. Əməliyyat var, yoxdur bunun fərqinə varmadan cərrah axşamüstləri öz kabinetinə çəkilir, müəyyən müddət xəstəxana həyatından tam təcrid olurdu. Sizə də məlum olan bu günü saymasaq həmişə tək içirdi. Elə buna görə də tibb bacısı bərk narahat olmuşdu: bir tərəfdən ona görə ki, doktor hər günkü normanı aşa bilər, digər tərəfdən də qısqanırdı, axı bu neçə il ərzində cərrah məhz bu kabinetdə sevincini də, kədərini də onunla bölüşürdü, bir yerdə dərdləşirdilər.
Onu ən çox qorxuya salan məsələlərdən biri də bu idi: doktor Fərzani xəstəni nomenklatura üçün nəzərdə tutulan palatada yerləşdirmişdi. Belə bir hal yalnız baş həkimin qərarı ilə ola bilərdi: bəlkə də heç lazımi göstəriş, razılıq olmayıb.
- Bu da mən, Minaşa! - Əyni ağ xalatlı doktor Fərzani palataya girib qocaman tibb bacısını salamladı. Bu sayaq salamlama həmişə olduğu kimi Münəvvər xanımın ürəyinə sarı yağ kimi yayıldı. Görünür, Moskvadan Maşa zəng çalıb, - belə düşünməyə qadının haqqı vardı, axı çox vədə qızının zəngindən sonra doktor Fərzaninin çiçəyi çırtlayır, kefi kökəlirdi.
- Hə, bizim artistimizin hələ də bu işıqlı dünyaya qayıtmaq fikri yoxdur? -
Doktor xəstənin nəbzini yoxlayıb soruşdu. - Onun ürəyi, Minaşa, ürəyi... bədənində sağ-islahat qalmayıb, di gəl ürəyi saat kimi işləyir.
- Eh, Fərid Qasanoviç, siz bilirsiniz, mən onun necə vaxtlarını görmüşəm?! -
- Tibb bacısı həyəcan və qəm içində dilləndi. - Vaxt var idi onu səhnədə görmək üçün camaat dəstə-dəstə axışırdı. Siz Aydını oynayanda görsəydiniz. O qədər qəşəng oynayırdı, hətta kişilər dözməyib ağlayırdılar. - Doluxsunmuş tibb bacısı göz yaşlarını zorla saxlayırdı. - Görürsünüz, sifəti nur saçır, elə-belə işıq deyil, çəkdiyi əzabların odudu, üzünə çıxıb. Oturmuşam yanında, baxmaq istəyirəm üzünə, baxa bilmirəm.
- Hə, möhkəm kişidi, - doktor razılaşdı, xəstənin yatağından aralandı, bir müddət pəncərənin qabağında dayandı. Sonra qayıdıb Münəvvər xanımın böyründəki kresloda əyləşdi.
- Ancaq, doktor, - tibb bacısı asta səslə dedi, - gərək siz baş həkimə heç olmasa nəzakət xatirinə təzə xəstəni bu palataya yerləşdirməyinizi deyəydiniz.
- Dedim bu barədə - doktor həvəssiz cavab verdi, kreslodan qalxdı, yenə pəncərəyə yaxınlaşdı.
Elə bil tibb bacısının üstündən dağ götürüldü. O, ayağa qalxıb qapıya tərəf tələsdi.
- Mən getdim kabinetinizi yığışdırmağa - dedi, qapıdan çıxarkən bir də palataya sarı boylandı, - sizə çayı bura gətirim?