Выбрать главу

İndi tibblə vidalaşan doktor Abasəliyev az qala tələbəlik illərindən müxtəlif mənbələrdən Əylisin tarixi ilə əlaqədar qarışıq məlumatlarla dərindən tanış idi. Elə bu səbəbdən də çətinlik çəkmədən diaqnoz qoydu: «Depressiv-maniyak sindiromu» - dedi, sözünün həqiqiliyinə özü də inanan kimi oldu və dərhal da sonrasını zarafata saldı: - Nədi, bəlkə Katalikosu sünnət eləməyə gedir? Qoy getsin, mane olma. Uzaq başı Vuraqırdacan gedə biləcək. - Sonra isə mövzunu tamam dəyişdi, gənclik şövqü ilə yeni əyləncəsi barədə söz açdı. - Aza, dünən axsam o vaxtlarda yaşamış erməni tacirinin gündəliklər kitabını tapmışam. Həmin erməni savadsız imiş, amma yaxşı tacir olub. Kitabı yazmaqda məqsədi də bu olub ki, ondan sora gələnlər ticarət eləməyin əsas qaydalarını bilsinlər. Aza, bu adam Əylisin dəhşət vurğunu imiş. Məəttəl qalıram, Əylis niyə erməniyə bu qədər doğmadı? Onun nəyinə lazım idi çaqqalların və ilanların yaşadığı, daşı, qayası tarlasından və suyundan milyon dəfə çox olan bu yerdə cənnət xülyasına düşmək? Məgər dünyada erməniyə yer azlığıdır? Heç bilmirəm nəyə görə Eçmiədzin bu qədər məşhurlaşıb. Bir-iki dəfə olmuşam orda. Amma indi qoca vaxtımda başa düşürəm ki, Allahın evi Əylisdir! Eçmiədzin Əylisin yanında ağzından süd iyi gələn uşaqdır. Eçmiədzin katalikosundan Sadaya müəllim çıxmaz. Qoy ora getsin, həqiqi müəllimin hüzuruna: - Abasəliyev zarafatla əlavə elədi.

- Eh, sən də, papa! Hər şeyi zarafata salırsan, - Azadə xanım bir az incik səslə dedi. - O, hər bir Bakı ermənisinin halına elə yanır, guya onları qorumaq təkcə bunun borcudur. Erməni onun üçün canından əzizdir. Guya onlar mələkdirlər, göydən uçub gəliblər, biz isə cəlladıq, onların qanını içirik. Məəttəl qalmalı işdi, təkcə o zamanın Əylis ermənilərini deyil, burdakıların da ucdantutma hamısını bizim taxtabaş qara-qışqırıqçılardan üstün tutur. Öz gözü ilə heç vaxt görməsə də Əylisdə türklərin ermənilərə qarşı törətdiyi qətliamı unuda bilmir. Papa, onun belə olmağının baiskarı sənsən.

- Elə deyil, qızım, bu məsələyə mənim heç bir qarışacağım yoxdur. O, anadangəlmə düzgün, vicdanlı, insaflı adamdır. İş onda deyil, indiki ermənilər necədir, əsas məsələ budur ki, biz necəyik. Sadayın keçmişdəki və ya indiki erməniylə nə işi. Onu düşündürən bizim millətimizdir. Sən ki bilirsən o, yağışdan sonra çıxan göbələk kimi dünyanın harasına desən səpələnmiş millətini necə sevir, elə buna görə də taxtabaş qara-qışqırıqçılardan fərqlənir. - Doktor uzun müddət susdu. Sonra hər ağrısını öz ağrısı bildiyi qızıyla isti, mehriban səslə danışmağa başladı. - Sən "Leyli və Məcnun"u oxumusan. Yadındadı, Məcnunun ata tərəfinin qoşunu qəti qələbə üçün Leylinin qohum-əqrabasının üstünə cumanda o nə oyun durquzur? Dava nəyin üstündə idi? Dava onun üstündə idi ki, valideynləri öz qızlarını ayrı qəbilədən olan dəliyə vermək istəmirdilər. Leylinin dərdindən dəli-divanə olan Məcnun neynədi, həlledici məqamda düşmən tərəfə adlayıb özününkülərə qarşı vuruşdu. Çünki ortada həqiqi sevgi vardı. Həqiqi sevgi sərhəd tanımır. Bu sayaq yalnız qadını və vətəni sevmək olar. Sevgi təmiz güzgü kimidi, qızım, orada yalnız xeyirxahlıq və mərhəmət əks olunur. Əsl sevgi həyatda qazanılmır, onu Allah əta edir. Bizim Məcnunun da dərdi bax bu idi. Yaxşı ki, qızım, belə xəstəliyin əlacı hələ tapılmayıb, - doktor Abasəliyev indiki vəziyyətdə çarəsizliyini ifadə edən qəhər dolu səslə susdu.

Elə onda da doktor Abasəliyev telefondaca qızına Əylis haqqında bir saatacan uzun nitq irad elədi. Amma o telefon söhbəti Azadə xanımı nəinki toxtatdı, əskinə daha bərk təlaşlandırdı, ona elə gəldi ki, bütün kişilər tədricən olan ağıllarını da itirirlər.

"Bu bizim Vəng kilsəsidir - eynən Eçmiədzindəkinin oxşarı". Bu sözləri bir zaman Abasəliyev Vəng kilsəsinin həyətində kürəkəninə demişdi (Vəng - kilsənin azərbaycanca adıdır. Məbəd bizim eranın I əsrində apostol Varfolomey tərəfindən tikilib. Kilsənin inşa olunduğu məhəllə Vəng adlanır). Məsələnin qəribəliyi var, artist haradan bilərdi və nə təhər olur ki, Eçmiədzinə gedən saysız-hesabsız yollardan biri Vəng kilsəsindən keçir? Kim nə deyir desin, artıq o, Vuraqırda oxşayan, əzablı pilləkənlərdən, eniş-yoxuşdan ibarət daş dünyadan addımbaaddım, bitdə-bitdə keçmişdi. Aman Allah, bu ki, Vəng kilsəsinin eynidir.

Günəşin sarımtıl, bənövşəyi şəfəqləri qollu-budaqlı ağcaqovaq, gilas ağaclarının çətirləri arasından süzülərək kilsənin daşdan yonulmuş günbəzinin tən ortasına düşür, oradan isə əks olunaraq, rəngini dəyişmədən, gurluğunu azaltmadan dağların ən uca nöqtələrinə ələnirdi.