Выбрать главу

Saday Sadıqlı bir dəfə günəşin gah yanlardan saçaraq ağac çətirləri arasından keçən, gah kilsə günbəzində, gah da dağların ən uca zirvəsində hava kimi, ruh kimi dolaşan şəfəqlərini Allahın təbəssümü, böyük yaradanın nəzərləri adlandırmışdı. Bunu Allah özü də çoxdan bilirdi. Axı başqa necə ola bilər ki, Saday Sadıqlı huşsuz halda Bakı xəstəxanalarından birində döşəli qala və həm də elə o huşsuz, can hayında ikən Əylisdə Vəng kilsəsini görə, o kilsənin günbəzində od tutub yanan gün işığını, həyəti, bağları, gilas ağaclarının qalxıb göylərə meydan oxumağını görə.

Yayın əvvəlləri idi. 1952-ci ilin iyun ayı. Pişpişə ağacları gül açmışdı. İydənin, yasəmənin, akasiyanın çiçəkləri salxım-salxım olub budaqlardan sallanırdı. Üstəlik, Əylisdə Anıx adlandırılan, əsilində Aniko kilsəsinin qarşısındakı da müxtəlif növ topa-topa əlvan gül-çiçəklər əkmişdi. Kilsənin qonşuluğunda, Allahın evini odun, ot-ələf ambarına çevirən Mirəli kişinin həyətində sarı ləçəklərini təzə-təzə açmağa başlayan günabaxanlar bu cənnət məkanın axar-baxarını bir az da artırırdı. Danışırlar , guya, bir vaxtlar yuxarıda sarımtıl-narıncı nur içində alışıb yanan günbəz qarlı dağlar qədər, dünyanın hüdudsuzluğu və gözəlliyi qədər möhtəşəm imiş. Rəssam Lüsi, Haykanuşun on üç-on dord yaşlı nəvəsi yenə də məbədin - Vəng kilsəsinin həyətində idi. O yay Lüsi ilk dəfə Yerevandan Əylisə tətilə gəlmişdi, ilk gündən başalayaraq səhərdən axşamacan kilsənin həyətindən aralanmamışdı. Eyni kilsənin rəsmini neçə dəfə çəkmək olar, İlahi? Bəlkə kilsə məsələnin gözə görünən tərəfidi? Bəlkə o səhərlər və axşam üstü yuxarıda, günbəzdə nur saçan Allah təbəssümünü görür və inanır ki, onu fırça ilə kağıza köçürmək olar? Yoxsa daha hansı səbəbə görə səhərdən axşama eyni mənzərəni çəkir, çəkir. Bəlkə də o, məbədin Ezmiədzindəkinin tam oxşarı olduğunu həmən vaxtlar bilirmiş? Sadayın bütün bunları başa düşməyi sonranın işi idi. Hələ onda Saday gələcək qayınatasının adını da bilmirdi.

Doktor Abasəliyevin uzun illərdən sonra qızı ilə birlikdə orada peyda olması Əylisin həyatında böyük hadisə sayılmışdı : 60-cı illərin əvəlləri idi, Saday inistitutda oxuyurdu. Nə zamansa Zülfünün atası Hacı Həsən İranda, İraqda, Anadoluda tacirlik eləmişdi, Əylisdə isə onun şəxsi torpağı, təsərrüftı, mal-qarası və digər mülkiyyəti vardı. Erməni-azərbaycanlı davasının başlamasından İsfahanda xəbər tutan Hacı Həsən geri dönüb topdağıtmaz əmlakından çəkidə yüngül, vəzində ağır nəyi vardısa toplayıb ömürlük Bakıya üz tutdu. Uzun illərdən sonra doktor Abasəliyev Əylisə gələndə onların müsəlman məhəlləsindəki ikimərtəbəli evi demək olar ki, dağılmışdı. Xoşbəxtlikdən istisna hal kimi birinci mərtəbədə iki otaq salamat qalmışdı. Doktor Abasəliyev həmən otaqlardan birinə əl gəzdirib qızıyla orada yaşamağa başladı, eyni zamanda həyətin başında özü üçün qabağı dəhlizili balaca bir otaq da düzüb-qoşdu. Həmkəndlilərinin aktiv köməyi bəhrə verdi, heç bir ay ötməmiş inşaat işləri başa çatdı, hətta hələ o vaxtacan əylislilərdən bir kimsəyə qismət olmayan əlçatmaz arzu da yerinə yetdi: evin damını şiferlə örtdülər. Doktor Abasəliyev yeni mənzilin tikintisi ilə bahəm istirahətindən də qalmırdı. O, hər səhər xeyli aralıdakı Vəng kilsəsində başa çatan gəzintiyə çıxırdı. Uzun ziyarət yolunun axır başında, kilsənin həyətində qaynayıb axan bulağın göz yaşı kimi təmiz suyun üz-gözünə vurdu, ovcunu qoşa açıb, doyunca içir, sonra da o saf sudan evə aparmaq üçün Bakıdan gətirdiyi termusa doldururdu. Abasəliyev soyadına Əylisdə böyük ehtiram vardı. Bu hörmət-izzəti Abasəliyev hər adımbaşı hiss edirdi və təbii ki, buna görə çox məmnun olurdu. Ona bəslənən ehtiram və hörmət kənddə keçirdiyi həmən yay günlərində də doktora ləzzət verir, canına sarı yağ kimi yayılır, Əylis camaatı ilə doğma kəndin yetirib bitirdiyi məşhur, qənimət adam arasında sıx ünsiyyət yaranırdı.

Doktor Abasəliyevin səlahiyyəti var idi ki, istədiyi evin qapısını döysün və o evin yiyəsinə lazım olan sözü desin. O, özünəməxsus tərzdə qapısını vaxtlı-vaxtında süpürüb təmizləməyən, yaxud zir-zibilini çayın qırağına tökən arvadları danlayırdı. Xəstələrin imdadına çatır, əlindən gələn yardımı əsirgəmirdi. O, cəmi bircə dəfə kilsəni şəxsi anbara çevirən Mirəli kişi ilə elə tərzdə danışdı ki, erməni Ankanın uzun müddətdən bəri apardığı davaya nöktə qoyuldu. Mirəli kişi həmən gün nəinki kilsədən əlini çəkdi, üstəlik oranı təmizlədi, gülə-gümüşə döndərib kilsənin açarını şəxsən öz əli ilə Ankaya təslim elədi.