Выбрать главу

Doktor Abasəliyevin dediyinə görə bir vaxtlar Əylisdə on iki kilsə olub. Saday Sadıqlıya həmin kilsələrdən səkkizinin yeri məlumdur. Yerdə qalanların xarabalığı hardadı, bunu heç doktor Abasəliyev də bilmir. Əslində movcud olan səkkiz kilsəni də kilsə adlandırmaq olmaz, yeri bilinir, uçuq-söküklərdi. Onlardan ən qədiminə əylislilər İstazın deyirlər. İndinin özündə heç bir əylislini inandıra bilməzsən ki, həqiqətdə İstazın deyilən bir söz yoxdu. Bunun gerçək ifadəsi Astvasadundu, söz erməni dilindədi. Allah evi deməkdi. İndi onun zirzəmiyə dirənən ikicə divarı qalıb. Nə zamansa bura ermənilərin Məkkəsi, Mədinəsi olub. Yalnız zirzəmisi salamat qalan bu «erməni Məkkəsi» kənddən xeyli aralıda, çılpaq dağların dibində, dərmana bir ağac bitməyən, bir əlcə kölgə üzünə həsrət qalan, yayın cırcırama istisində daşı, qayası təndir kimi alışıb yanan yerdə idi və indi zirzəmidə çobanlar və mal-heyvan daldalanırdı. Sanki salamat divarlar da Allahın evinin nişanəsi kimi qalmış və zaman-zaman insanlara xatırladır ki, Allahın evi bir özgə yerdə deyil elə burdadır, budur.

Digər üç məbəddən biri ( Əylisdə kimsə xatirlamır ki, onları nə zaman dağıdıblar) Ağ kilsə, o biriləri Yetim kilsə və Meydan kilsə imiş. Ümumiyyətlə salamat qalanlar Vuraqırdda - Vəngdə Daş kilsə və Dop idi - keçmişdəki möhtəşəmliyi qoruyub saxlayan abidələr baxımsız və Allahsız qalmışdılar. Kilsələrin dördünü elə tikmişdilər ki, hərəsinin arxasında bir dağ dayanırdı. Təbii ki, Əylisin müsəlman əhalisi bunun fərqinə vara bilməzdilər. Ancaq bu, belə idi və kilsənin belə tikildiyini, hər kilsənin arxasından bir dağ yüksəldiyini, belə bir ahəngdar düzülüşü, anlam üçün erməni olub tarixin əlifbasın bilməyə ehtiyac yoxdu. Hər kilsə arxasında dayanan dağın rəngindədir, sanki onu tikməmişdilər, eləcə dağdan kəsib elə o dağın qucağına qoymuşdular ki, Allah ətrafı seyr eləyəndə əziyyət çəkməsin, rahat-rahat baxa bilsin. Ayrı-ayrılıqda hər kilsə yaxasında tikildiyi dağın doğmaca balasıydı elə bil. Saday Sadıqlı doktor Abasəliyevin özündəncə həmən yay eşitmşdi ki, Vəng ermənicə « monastr» deməkdir. Saday ilk dəfə bax elə orda Vəng kilsəsinin həyətində gələcək qayınatasına rast gəldi. İlk kəlmədən söhbətləri tutdu, söhbətləşdilər, o vaxtlar bir-birinə qarşılıqlı ehtiyac hiss etdilər və xoş münasibətlər sonradan dostluğa çevrildi. Həmin yay onlar (adətən ikilikdə, hərdənbir Azadə də onlara qoşulurdu) bağ-baxçadan keçib, bulaqdan içib, kilsələrə baş çəkib doyunca gəzib dolaşdılar. Hava sərin olan vaxtlarda hətta dağın o üzünə aşıb qonşu kəndlərə gəzməyə gedirdilər. Çox vaxt axsamlar danışır, səhərlər qərarlaşdırdıqları yerdə görüşürdülər. Bəzən Abasəliyev lap ertədən qalxıb Sadaygilə gəlir, onu tələsdirirdi, « tələs, cavan oğlan, bir azdan gün qalxacaq ». O zamanlar Abasəliyev Sadaya cavan oğlan deyirdi.

O yay günlərin hər biri, Əylisdə Abasəliyevlə birgə keçən vaxtlar yalnız Əylis haqda olan maraqlı əhvalatlarla deyil, həm də havasındakı səfalı quru istisiyilə uzun illər bir bayram təəssüratı kimi Sadayın yaddaşından silinmədi. Bir də təzə-tər yaşıllığıyla, bir də neçə-neçə çeşmələrinin dadıyla və təbii ki, ən çox da adamlarının mehribanlığıyla yaddaşına həkk olundu.

Axşamlar danışdılar ki, sabah görüşüb, ikilikdə Vuraqırddan xeyli aralıda yerləşən Əylisin çoban yataqlarına baş çəksinlər. Bundan irəli də yay tətillərində Saday istəmişdi, gedib çoban yataqlarını görsün. Sadayın uşaqlıq dostu, yeddi il onunla bir sinifdə oxuyan Camal elə yedinci sinifdə məkdəbdən aralanıb qoca çobana qoşularaq kolxozun mal-qarasını, qoyun-danasını otarmağa getmişdi. O vaxtdan bu vaxta Camalın yay aylarında kəndə gəlməyə imkanı olmurdu. Təkbaşına dağlar aşıb uşaqlıq dostu ilə görüşmək Sadaya da çətin idi. Vəng kilsəsinə qədər olan yol dümdüz idi, həmin o dümdüz yolun sonunda çayın qırağına düşüb yoxuş cığıra çıxdılar. Dağlardan sızan balaca Əylis cayının suyu adi bir bulaq axarı qədər olar, ya olmazdı. Həm də onun suyu ürək yanğısını biran da söndürən bulaq suyu qədər soyuq deyildi. Amma uzun yolun istiliyi canlarını bürüyəndə elə bu çayın suyu da kara gəlirdi. Birtəhər dəhnənin yanına çatdılar. Elə orada anladılar ki, bələdçi və at, yaxud eşşək olmasa ora gedib çıxa bilməyəcəklər. Elə buna görə də çobanların açdığı dar cığırla geri dönüb günortaya yaxın Əylisin ən uca nöqtəsində qərar tutan Vəng kilsəsinə yetişdilər.

Saday kilsəyə uşaqlıqdan bələd idi. Orada saysız-hesabsız göyərçinlər məskən salmışdı. Ona görə də cammat arasında bu yerin ikinci adı « Göyərçin bazarı » idi. Onlar kilsənin həyətinə girəndə göyərçinlərdən əsər-əlamət qalmamışdı. Görünür, quşlar su və dən dalınca bağlara, tarlalara uçub getmişdilər. Elə buna görə də kilsənin qalın divarlarının arasında mövcud dünya və atmosferlə heç bir əlaqəsi olmayan sakitlik və səsizlik, insansızlıq və zamansızlıq hakim idi. Hətta kilsənin içini dolduran hava da bu dünyanın havası deyildi, yad hava idi. Düz xətlə boyunca uzanıb künbəzin dörd pəncərəsini yarıb keçən gün işığı həmişəki Əylis işığına bənzəmirdi, sanki çox uzaq və gözəgörünməz bir məkandan axıb gəlirdi. Künbəzin aşağı hissəsində axır macallarda əmələ gəlmiş, yarıqdan sızan gün işığı nəsə yad dünyanın sirli-sehirli ovqatını yaradırdı. Çayın qırağından başlayıb yuxarı, kilsəyə aparan daş pilləkənlər Sadayın uşaqlıq yuxularına çox girmişdi.