Uşaq vaxtlarında Saday çayın qırağından başlayıb yuxarıya, addım-addım kilsəyə tərəf dikələn daş pilləkənləri görmüşdü, o pilləkənlərə dayaq olan dayanan meydançanı görmüşdü. Və bununla yanaşı o yüksəklikdən geriyə, çayın qırağına yenən, möhkəm daşlardan hörülü daracıq yol da yadındaydı. Amma doktor Abasəliyevlə uğursuz səfərdən geri döndükləri gün Sadaya elə gəldi ki, ömründə heç zaman bu kilsəni, ona qalxan daş yolu, daş divarları, bu qəribə, qədim Vuraqırdda olan yeganə yolu görməyib.
Qulu elə həmin Qulu idi, dəyişməmişdi. Nə zaman ki, tutması tuturdu, dərhal evdən çıxır, səhərdən axşamacan bir hovur toxtamadan darvazanın qabağında fırlanır, ağzı köpüklənə-köpüklənə öz-özüylə danışırdı. Onu danışdıran səbəb isə guya bu idi ki, kimsə hər gün su arxına zəhər tökür və o zəhər də onun həyətinə axır. Qulu həmən "mərdimazarları" ağlı kəsən dərəcədə, beləcə zərərsizləşdirirdi. O, evinin üstünə daş atan, damına dırmaşan uşaqlara nifrin yağdırırdı. Ayrı yerlərdən gələn, qozbel arvadı və evdə qalıb qarımış naxoş qızı ilə yaxınlıq eləmək istəyən hansısa cavan oğlanları hədələyirdi.
Doktor Abasəliyev pul çıxarıb Qulunun cibinə basdı. O, susdu və təəccüblə uzun-uzadı doktor Abasəliyevə baxdı.
- Nədir, Qulu. Tanımadın məni? - doktor soruşdu. Pessimis Qulu bir qədər fikirləşdi və birdən doktorun çiyninə vurub dedi:
- Zülfü deyilsən? Böyründəki yoldaşını isə o saat tanıdım, uşaq olanda bütün günü boş-boşuna aralıqda veyillənirdi. - Bu dəfə Qulu doktorun çiynini bir az da bərk dürtmələdi - Bəri bax, Zülfü, sən hara, bura hara?
- Gəldim, baxım görüm sən öz cinlərinlə necə yola gedirsən - deyə doktor Abasəliyev cavab verdi və ehmalca Sadaya göz vurdu. Hə, Pessimis, yenə onlar sənə nə pıçıldayırlar? Gecə gəlirlər, yoxsa gündüzlər də qır-saqqız olub yaxandan əl çəkmirlər?
- Söz tapdı danışmağa, - Qulu rəncidə oldu - adını da doxtur qoyub.
- Deməli cinlərlə dostluğu pozmusan? De görüm bu il həyətdə bir şey əkə bildin?
- Əlbəttə əkmişəm, elə şey olar? - Pessimis Qulu uca səslə dilləndi və tez də söhbəti dəyişdi. - Heç denən bu alçaqlar qoyurlar ki, əkdiyimizdən bir şey ələ gələ?
- Deyirsən, cinləri yanından qovmusan, hə?
- Belə yerdə cin durmaz! Buranın adamları cindən dəhşətlidir. - Pessimis Qulu darvazanı təpiklə itələyib açdı - Budur, özün bax, əclaflar həyətə gələn suyu zəhərlədilər, nə ki ağac var quruyub.
Saday həyətə göz gəzdirdi: əsasən ərik, orda-burda gilənar, armud, fındıq, şaftalı ağaclarıydı. Gilas ağacına məmələri dizinəcən sallanan keçi bağlanmışdı. Divarın dibində əkilən zirinc kollarının dibində bir neçə toyuq və cücə eşənək atırdı. Həyətə heç nə əkilməmişdi. Heç bir ağac-zad da qurumamışdı.
Onlar Qulunun darvazasından çıxanda:
- Sən ki bilirsən, cavan oğlan, bu çoxdanın dəlisidi - Abasəliyev dedi. Onlar daş döşənmiş dar yolla üzü aşağı gedəndə yan-yörədəki evlərə nəzər sala-sala Sadaya gözlənilməz, qorxulu və qəribə əhvalat danışdı.
- Cavan oğlan, sənə bir söhbət eləmək istəyirəm, amma qorxuram mənim özümü də dəli sayasan. Həqiqətən də Əylisdə çoxlu cin var. Cin deyəndə mən ruhları nəzərdə tuturam. Heç bilirsən Qulunun evində hansı ruh yaşayır? Bir vaxt burada Minas adında çəpgöz daşyonan yaşayırdı. Çox kilsənin daşını bu nəslin ustaları yonub hazırlayıblar. Minas ömrü boyu daşla əlləşib: məzar daşı, dəyirman daşı yonub, yola döşənən daş çəkicləyib, belə-belə işlərdən çox görüb. Dəli Qulunun babası Abdulla da eynən nəvəsi kimi tənbəlin, yekəbaşın biriydi. Bazarda araba dartırdı,daha doğrusu, çaydan çayxanaya su daşıyır, qazandığı qəpik-quruşun başına elə oradaca daş salırdı. Gərək ki, belə bir hadisə baş verib: elə ki, Ədif bəy Əylisdəki erməniləri qırmaq əmri verir, bu çaqqal Abdulla qorxusuz-hürküsüz şirə dönür. Özünü salır məhləyə, balta götürüb cumur Minasın evinə. Minas həyətdə sakitcə oturub daş yonurmuş. Hiyləgər Abdulla əvvəl Minasın başını kəsir, sonra onun arvadına, yazıq tifillərinə də aman vermir. İndi, əzizim, ədalət naminə özün de, bu Qulu Minasın evində aydan-arı, sudan duru yaşaya bilərmi? Allah haqqı, yaşaya bilməz! Minasın əzablı ruhu heç vaxt ona dinclik verməz. Allah o qədər unutqan deyil ki, belə alçaqlığı bağışlasın.