Выбрать главу

- Həkim xalatının qolunu geri sivirib uca səslə tibb bacısına - Peroksid gətirin,sifətini təmizləyin, - dedi, üzünü qan bürüyən xəstəyə baxdı, kiminsə qarasına qəzəblə mırtdadı və artıq sizin də tanıdığınız "xəstə yiyəsi"ndən soruşdu - Bunu kim bu hala salıb?

- Axı mən sizə dedim, doktor, yerazlar. Ermənistandan gələn qaçqın köpək-

uşaqları. Heç veclərinə də deyil ki, sifətini darmadağın eləyiblər. Hələ bu harasıdı, vəhşilər onu yerə yıxıb qarnına-qarnına döydülər. Hə, doktor, yaxşı ki, mən vaxtında yetişdim. Allah qoymasa, səhərdən çıxmışdım ki, bir az havamı dəyişim. Xaraba qalmış Parapetə çatanda, gördüm ki, fəvvarənin o başında beş-altı alçaq bir nəfəri əzişdirir. Adamlar... adamlar bir qıraqda durub, mal kimi dinməzcə baxırlar...  - Bu yerə çatanda o, qəfil susdu. Əslində dodaqları tərpənirdi, amma demək istədiyi sözlər xirtdəyindəcə ilişib qalır, eşidilmirdi.

- Perekis qurtarıb, həkim - Tibb bacılarından hansısa (onlardan biri yaşlı, o biri tamam gənc idi) az qala pıçıltıyla, üzür diləyən səslə bildirdi.

Cərrah ümidsiz halda:

- Deyəsən, spirt olmalıdır, - dedi.

- Yox, həkim, nə vardı, hamısı dünən işlənib.

- Yaxşı, suyla yuyun. Marqansını az eləyin. - Həkim otağın küncündəki əlüzyuyanda əllərini sabunlayıb suya tutdu və sonra gəlib durdu əməliyyat stolunun qabağında. - Əynində nə var soyundurun. Bir dənə tursik qalsın.

Üzü, burnu, çənəsi, qəhvəyi köynəyinin boyunluğu, göyümtül pencəyi al qanın içində olan xəstə əməliyyat stolunda elə sakit uzanmışdı, deyirdin bəs Parapet xarabada bunu yox, əksinə onu bu hala salan o zalım düşmənləri əzişdiribilər. O, sanki dərin bir yuxuya dalmışdı, amma bununla belə ölüm-zülüm qalxıb-batan köksündən titrək, boğuq bir inilti ayrılırdı. Yatıb, amma elə bil heç yatmayıb, hələ üstəlik yuxu görür və qəribəsi o idi ki, təpədən-dırnağa qədər qana bələnmiş bu adam sanki gördüyü yuxudan ləzzət alır.

Qadın xəstənin sifətini bürüyən qanı sildi, həkim nəbzini yoxladı. Tibb bacıları onun pal-paltarını soyundurandan sonra o, diqqətlə xəstəni nəzərdən keçirib sanki özü-özünə hesabat verdi və yaxud kiməsə diqtə elədi:

- Alt dodağında iki çapıq müşahidə olunur. Çənə sümüyü salamatdı. Sağ qolunun iki yerində çıxıq var - dirsəkdə və biləkdə. Sağ əlin baş və orta barmağı çıxıb. Sol ayağın əzələsi bərk əzilib. Sağ ayağın diz qapağı sınıb. Kürək nahiyəsində döş qəfəsinin ciddi fəsadı qeyd olunur. Kəllə sümüyündə əzik yoxdur. - Həkim susdu, ürəyində söydü. - Sotpjasenie mozqa! - Nədənsə o, son kəlməni rus dilində, həm də ucadan söylədi, sonra şalvarının cibindən dəsmal çıxarıb tələsmədən alnının tərini sildi və bu dəfə də rus dilində nitqini tamamladı: - İzbienie zverskoe!

Həkimin dilindən çıxan hər kəlmə xəstəni bura gətirən adamın sifətində həyəcan, ağrı və əzab şəklində yenidən təzahür eləyirdi. O, özünü hönkürüb ağlamaqdan güclə saxlayırdı. Həkim müayinəni bitirəndə, "xəstə sahibi"nin səbri də bitdi. İncidilmiş uşaq kimi hönkürərək ağladı.

Əməliyyat stolunun yanındakı qadınlardan birinin (gənc qadının) gözləri doluxsundu. Yaşlı tibb bacısı qəhərləndi və üzüntü içində başını buladı. Hönkürən "xəstə yiyəsi"nin halı həkimin ürəyinə od qoyurdu, həkim bu qəribə adamı sakitləşdirməyə çalışırdı:

- Sizin deməyinizdən belə çıxır ki, bu bədbəxt ermənidir.

Gülməli qəhrəmanımız heyrət içində gözünü bərəltdi.

- Nə təhər ola bilər ki, siz onu tanımayasınız? Siz bilmirsiniz ki, Saday Sadıqlı kimdir? Azərbaycan teatrının fəxri, bir nömrəli aktyor! Siz doğrudanmı belə bir ustad sənətkarı tanımırsınız, doktor? Televiziyada da görməmisiniz? Yəni bircə dəfə məni də görməmisiniz televiziyada, doktor? Bəlkə də görmüsünüz, amma indi yadınıza düşmürəm. Nuvariş Qarabağlıyam mən - komik rollar ifaçısı. Məni tanımaya bilərsiniz. Buna görə incimirəm sizdən. Amma inanmıram ki, Saday Sadıqlını tanımayan olsun. Axı dünya səhnəsində heç kim Hamlet, Otella, Aydın, Kefli İsgəndəri onun qədər məharətlə oynamayıb...

- Mən sizi dərhal tanıdım - gənc tibb bacısı ürəyinin ən dərin guşəsindəki fərəh hissini gizlətmədən dilləndi.

- Səni də, onu da televizorda çox görmüşəm. - Onun yaşlı tibb bacısı nə səbəbdənsə nazlana-nazlana söhbətə qoşuldu. - Amma xəstəni tanımamaqda Fərzani doktorun günahı yoxdu. Otuz il Moskvada yaşayıb. Bakıya qayıtdığı cəmi-cümlətanı üç ildir. Doktorun Saday Sadıqlını tanımamağının gerçək səbəbini bilən kimi artist qardaşımız sakitləşdi. Sonradan onları tanıdıqlarını etiraf edən tibb bacılarının əvvəl-əvvəl özlərini bilməzliyə vurmalarını Nuvariş Qarabağlı belə yozdu ki, onlar doktora görə ehtiyyat eləyiblər. Qorxublar ki, qabaqdangəlmişlik həkimin xətrinə dəyər. Nuvariş Qarabağlıya elə gəlirdi ki, bayaqdan bəri söylədikləri həkimə çatmayıb. Ya həkim çox-çox fikirli olub, ya da Nuvariş Qarabağlı əsəb gərginliyi səbəbindən lazım olan sözləri tapıb deyə bilməyib. Ona görə də nə qədər mümkündürsə fikrini cəmləmək, Parapetdə baş verən müsibəti daha sadə və aydın şəkildə çatdırmaq qərarına gəldi: