- Arakel idi də, sən mənnən də yaxşı bilirsən. Arvadı Esxinin qayadan atılmağı elə bil dünən olub. Mən ömrümdə heylə qəsəng qadın görməmişəm. Nə təhər yanıqlı oxuyurdu, ay Allah?! Həm öz dilində, həm də müsəlmanca. Səbəbkar Allah lənət eləmiş Ədif bəy idi. Onun dəstəsi Əylisə girən kimi, bədbəxt ağlını itirdi. Yadındadır də gün işaracaq çıxırdı Xişkeşenin ortasına, qayaların başına qalxıb oxuyurdu:
- Bəs bu həyətdə Arakeli kim öldürdü? - doktor Abasəliyev inamsız-inamsız soruşdu.
- Arakeli evdə öldürmədilər axı, doktor, - Nubar arvad məəttəl-məəttəl cavab verdi. - Arakeli əkinlikdə gürzə güdaza verdi - Əbdulalı. Bilirəm nəyə işarə eləyirsən, amma bil, bu həyətdə bir damcı da qan axıdılmayıb.
Doktor dərin düşüncəyə daldı.
- Ola bilər - dedi - yəqin səhv salıram. Biz həyətə girəndə sən kiminlə danışırdın?
- Burda kim var ki, kimlə danışım? - Nubar arvadın gözləri yaşardı: - Bir əlimdir, bir yaxam, özüm-özümlə danışırdım.
- Nubar, ruhların varlığına inanırsan? - o, titrəyən səslə soruşdu.
- İnanıram, doktor, Allaha, Peyğənbərə inandığım qədər inanıram. Elə o ruhlardır bizi bu kökə salan, Zülfü, bilirəm hansı sarı simə vurursan. Yadına düşür o vaxtların Marağa iranlıları? Yadındadır, erməni qırğınından xeyli irəli həftə səkkiz, mən doqquz bizə ədviyyat, xurma , saqqız, zəncəfil, darçın gətirən həmin marağalı tacir, sonuncu kərə gələndə nə dedi? "Nə qədər gec deyil tərk eləyin buraları, - dedi-bu qədər məzarları olan yerdə insan xoş gün görə bilməz" - Nubar arvad birdən göz yaşları arasından gülümsündü, uzun və dərindən elə bir nəfəs dərdi ki, sinəsindən qopan xışıltı bir müddət kəsilmək bilmirdi: - amma, Zülfü qardaş, Əylis müsəlmanları qədim qonşularıyla Nuh Nəbiyə qədər bir yerdə yaşasaydılar da araya bu boyda düşmənçilik düşməzdi. Ədif bəyin əmirindən sonra bizimkilər zalımlığa əl atdılar. Əgər sənin atan Hacı Həsən müsibət baş verəndə burda olsaydı, bəlkə adamlar utanıb-çəkinər, erməniləri qırmazdılar. Ermənilərin mal-mülkünə çoxdan göz dikən qatillər tamah ucbatından əllərini qana batırdılar.
Doktor Abasəliyev Nubar arvadın söhbətinə elə qulaq asırdı ki, bütün bunları guya ömründə birinci dəfə eşidirdi. Halbuki, bir neçə gün öncə o özü hər seyi ən xırda detallarına qədər Sadaya söyləmişdi.
Nubar arvad Əylisin ahıl sakinlərindən idi. Eyni zamanda Əylis ermənilərinin doğranıb qətlə yetirilməyini görən orta yaşlı insanlar da az deyildi. O qətliyamı öz insanlığına və insanlara münasibətinə görə hərə bir şəkildə danışırdı. Amma şahidlərin heç biri həqiqəti gizləmək fikirində deyildi. Müxtəlif adamların dedikləri sonda eyni faktı təkrar təsdiqləyirdi. İş nə təhər olub, nə təhər başlayıb, necə sona çatıb, bu məsələdə demək olar ki, bütün adamların fikirləri üst-üstə düşürdü.
Əhvalat belə olub: Əylisin erməni əhalisinin nəinki gözləmədiyi, ümumiyyətlə ağıllarına belə gəlmədiyi halda, Ədif bəy başda olmaqla 30-40 türk atlısı bütün evlərin qapısını döyür, erməniyə də, müsəlmana da bildirir ki, bəs, barışıq olacaq, bu səbəbdən hamı yığışsın filan erməninin həyətinə. Camaat deyilən yerə yığışır, türk əsgərləri müsəlman və erməniləri ayırıb hər topanı həyətin ayrı tərəfində sıraya düzür. Qəfil hardansa əmr eşidilir: "Atəş". Dörd bir tərəfdən həyətə cuman türk əsgərləri erməniləri gülləboran eləyirlər. Çoxu yerindəcə qətlə yetirilir, yaralananların, nəfəsi üstündə olanların başını ya xəncərlə başını üzürlər, ya da birbəbir süngüdən keçirirlər. Qırdıqların elə həyətdə, bağçada xəndək qazıb üstünü torpaqlayırlar. Tövlədə, evdə gizlənən erməniləri isə elə oradaca od vurub diri-diri yandırırlar. Həmin dəhşətli gün evdən bayıra çıxmağa ürək eləməyən müsəlman arvadları sonralar xatırlayırdılar: "Bir həftə arxlardan qırmızı qan axdı". "Ədif bəy qarğa kimi qara atın üstündə oturmuşdu, "Atəş" deyib bağırdı, atını qamçılaya-qamçılaya çapıb getdi. Elə o dəqiqə də güllə yağış kimi yağdı. Elə bil göy guruldadı, havanı bomboz toz-duman bürüdü. Elə dəhşətli hay-həşir qalxdı ki, dünya yaranandan elə bir şey görülməyib. Həyətlərdə itlər hürüşməyə başladı, ağaclardan sığırçınlar çığırışıb uçdu. Perikmiş qarğalar, göyərçinlər bir göz qırpımında kənddən qeybə çəkilib dağlara sığındı. Sanki cəhənnəmin ağzı aralanmışdı. Günəş göy üzündən yerə düşüb çilik-çilik olmuşdu.