Выбрать главу

Saday Sadıqlı, indiyəcən Əylisdə baş verən qətliyam barədə sakit, dəhşətə gəlmədən danışan adam görməmişdi. Sadayın yaddaşı balaca vətənində baş verən qanlı tarixçənin bir parçasıydı.

Doktor Abasəliyevlə tanışlıqdan sonra artist, abadlığı, heyrətamiz təmizliyi, sahmanlı küçələri ilə "balaca Paris", yaxud "balaca İstanbul" adlanan Əylisin - bu yığcam coğrafi ərazinin əsil qiymətini sözün tam mənasında anladı. Yalnız bundan sonra Allaha bütün varlığı ilə inanan insanların ağılı və zəhməti sayəsində yaranan zəngin mədəniyyətin, əvəzsiz irsin mahiyyətini də anlamağa başladı.

Doktor Abasəliyev, onun öz ifadəsi ilə desək, sadəcə Əylisin "fanatı" deyil, eyni zamanda bu yerlərin tarixçisi, pisxoloqu, yeri gəlsə lap filosofu idi. Saday Sadıqlı ilk dəfə doktor Abasəliyevdən eşitmişdi ki, möhtəşəm rahib Mosop Maştos bax elə bu Əylisdə erməni əlifbası tərtib eləyib, görkəmli yazıçı Ratfi vaxtilə kənd məktəbində balalara dərs verib... "

Cavan oğlan, Əylis İlahi yerdir! - doktor Abasəliyev dəfələrlə Saday Sadıqlıya təntənəli şəkildə bəyan eləmişdi - Biz onun başına açdığımız oyunlar ucbatından qiyamət günü Allah qarşısında cavab verməli olacağıq.

Doktor Abasəliyevin dediyinə görə 1919 - cu ildə qırğınından canını qurtaran bir erməni qadın Fransada Aqulis, yəni Əylis adlı yenigül növü görüb. Tiblisidə yaşayan qadın rəssam Qayana Xaçaturyan ömrünün sərasər 9-10 ilini yalnız Əylis kilsələrinin rəsmini çəkməyə sərf eləyib. Bir sözlə, doktor Abasəliyevin dediyindən belə çıxır ki, "Əylis" Allahın min bir adından biridir. Ola bilsin, onun Əylis sevgisində erməni, yaxud müsəlmanın elə bir rolu yoxdur. Əksinə, bu inanan bir insanın böyük həqiqətə özünəməxsus və xeyirxah yanaşmasıdır. "Bu Nubar var ha , qız vaxtı çox ağıllı olub. Həmin vaxtlarda İstanbul təhsilli Mirzə Vahabın yanına gedirmiş ki, oxuyub - yazmağı öyrəsnin" - Doktor Abasəliyev bu sözləri deyəndə onlar Nubar arvadın evindən xeyli aralanmışdılar. Deyəsən, Nubar arvadın həyətindən çıxandan sonra həyacanlı idi. - Bəlkə qarının səmimiyyətindən, yaxud ayrı bir səbəbdən heyrətlənmişdi. Əgər bir qədər sonra Zöhrə arvadla görüşməsəydilər, yəqin ki, onlar evə eləcə fikri dağınıq, dilxor halda qayıdacaqdılar.

Çox güman, küçədən ötüb keçənləri görmək üçün darvazanın bir tayını açıq qoyan Zöhrə arvad artirmaya qalxan pilləkənin başında oturub buğlanan çay içirdi. Əl qapısından başlamış həmin artırmaya qalxan pilləkənə qədər hət tərəf tərtəmiz süpürülmüşdü və həyətə su səpilmişdi. Növ-növ güllər-çikəklər bitən uzunsov lək salınmışdı. Həyətin ortasında dayaz arxla çay axıb gedirdi. Belə qapı saxladığına görə sözün bütün mənalarında Zöhrə arvada sağol düşür. Məxsusi iri qablarda əkilən, sırayla artırmanın qabağına düzülmüş limon ağaclarına söz ola bilməzdi.

Dəqiq, bu dibçək limonlarının əvvəllər Haykanuşa məxsus olduğu Sadaya irəlicədən məlum idi. Qəribəsi bu idi ki, doktor Abasəliyev də Haykanuşun Limonlarını o saat tanıdı.

- Bura bax, sən niyə Haykanuşun limonlarını dartıb gətirmisən bura? - O, əl qapısından tam içəri adlamamış soruşdu.

- Nədi? Limonu görən kimi yaran təzələndi? Hələ də mənim kimi gözələ göz yumursan?

- Nə qalıb ki, sənin gözəlliyindən? Nəyin vardı tələf eləmisən çıxıb gedib, ay mənim ürəyim Zöhrə!

Açıq-aydın görünürdü ki, onlar çoxdanın ülfət bağlayıblar və aralarında zarafat var.

- Amma sən, maşallah, konfet kimisən, - dedi və artırmadan üç köhnə kətili gətirib arxın qırağında limon dibçəklərinin yanına qoydu. Keçin əyləşin. Bu saat sizə əla çay verəcəm, indeyski. Bu istidə hardan belə? - Zöhrə arvad əlindəki iki stəkanı kətilinin birinin üstünə qoyub, elə ağacdanca qopardığı limonu doğraya-doğraya soruşdu:

- Nə əcəb arvadını gətirməmisən?

- İstəmədi. - Doktor Abasəliyev stakana süzdüyü çayın qoxusunu ləzzətlə sinəsinə çəkdi. - Bir balaca ürəyi qaydasında deyil, Zöhrə. Uzaq yola çıxmağa ehtiyat eləyir.

- Qızın necədi? Deyirlər diş həkimi olacaq? Olsun, olsun. Allah qorusun onu. Sənin kimi doktorun mənə nə xeyiri? Bəlkə qızına deyəsən ağzıma diş sala - Zöhrə arvad dişsiz, batıq ağzını sığallayıb dedi.

Doktor Abasəliyevin əhvalı yavaş-yavaş düzəlirdi. Soruşdu:

- Bəs yazıq Xankişinin başına harda daş saldın? O dünyaya göndərmisən deyəsən?

- Xankişini görüm yazıq ilan vursun, Zülfü! Köpək oğlu mənnən yaşadı ki? Üç il sığalladı, gecə-gündüz kefini çəkdi. Sonra da oğru pişik kimi sivişib çıxdı aradan. Görün nə deyirdi: mənə qısır arvad lazım deyil. Çaqqal oğlu məndən aralanandan sonra, iki kərə evləndi - hanı, züryəti olmadı. Axırı başa düşdü ki, təqsir məndə deyil, özü törədə bilmir. - Zöhrə arvad yumşaqca doktor Abasəliyevin çiyninə toxundu. -Tifağın dağılmasın, neyləyək, sən də məni saymadın, gedib şəhərli qızı tapdın.